Ədibin yaradıcılığı və şəxsiyyəti haqqında söylənilən qiymətli fikirlərdən seçmələr
Böyük mübarizə və fikir adamı olan, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, mətbuatı və ictimai fikir tarixində mühüm yer tutan, görkəmli publisist, naşir, ictimai-siyasi xadim Əhmədbəy Ağaoğlu yaradıcılığı, həyatı, dünyagörüşü uzun illər sovet dövründə tədqiqatdan kənarlaşdırılıb. Yalnız 1980-cı illərin sonlarına doğru Azərbaycanda baş verən siyasi proseslər mühacirət mövzusuna marağın artmasına səbəb olsa da, geniş şəkildə müstəqilliyimizin yenidən (1991) bərpasından sonra Azərbaycan mühacirəti mövzusunun tədqiqinə və təbliğinə daha geniş yer verildi. Nəticədə həm mühacirət ədəbiyyatının, həm də mətbuatının hərtərəfli, obyektiv öyrənilməsi böyük marağa səbəb oldu. Odur ki, siyasi müstəqilliyimizin bərpasının ilk illərindən ədəbiyyatşünaslığımızda Azərbaycan mühacirət ədəbiyyatının, o cümlədən mühacirət nəsrinin araşdırılması işinə başlanıldı.
Görkəmli alimlərimiz Əziz Mirəhmədov, Şamil Qurbanov, Nikbur Cabbarlı, Vaqif Sultanlı, Abid Tahirli, Xaləddin İbrahimli, Nəsiman Yaqublu və başqaları bu sahədə maraqlı, sanballı əsərlər ortaya qoydular. Mühacirşünas alim Şahbaz Musayev qeyd edir ki, “tanınmış mühacirşünas alim Nikbur Cabbarlının “Azərbaycan mühacirət irsi” əsəri bu sahədə ilk monoqrafik tədqiqat kimi diqqəti cəlb edir”. Alimin əsər haqqında söylədiyi fikirləri Ş.Hüseynov “Əhmədbəy Ağaoğlunun intellektual həyatı və biz” sərlövhəli məqaləsində belə təsdiqləyir ki, “Azərbaycan mühacirət nəsri” monoqrafiyası mövzu ilə bağlı çoxillik araşdırmaların ilkin nəticəsi olub, sözügedən yöndə ilk sistemli araşdırmadır.
Əsərlə tanışlıq hər iki alimin fikrini bir daha sübut edir və çox gərgin zəhmətlə başa gələn bu əsərdə Azərbaycan mühacirət ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan M.Ə.Rəsulzadənin, M.B.Məhəmmədzadənin, Ə.Ağaoğlunun, N.Şexzamanlının və başqalarının mühacirət dövründə yazdığı nəsr əsərləri müxtəlif aspektdən araşdırılmış, Azərbaycan nəsrinin bənzərsiz örnəkləri kimi qiymətləndirilmişdir.
Bu əsərlərə diqqət yetirərkən müşahidə edirik ki, mühacirət nəsrinin bütün nümunələri yalnız müqəddəs Azərbaycan davası ilə məhdudlaşmır. Məsələn, Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində önəmli yer tutan, Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi olan, Türk-İslam dünyasının parlaq simalarından sayılan Əhməd Ağaoğlunun nəsr əsərlərində problem ümumtürk konteksində qoyulmuşdur. Çünki Ə.Ağoğluda türklük böyükdür.
Zəngin və dəyərli irsə malik olan müəllifin yaradıcılığında bədii-fəlsəfi əsərlər xüsusi yer tutur və həmin əsərlərdə onu düşündürən, narahat edən ən aktual problemlərə, məsələlərə xüsusi önəm verilir. Xüsusən də mühacirət illərində qələmə aldığı və ilk dəfə 1930-cu ildə İstanbulda çap etdirdiyi “Sərbəst insanlar ölkəsində” əsəri bədii-fəlsəfi irsinin və mühacirət nəsrinin ən kamil nümunəsidir.
Görkəmli ədəbiyyatşünas alım, AMEA-nın müxbir üzvü Ə.Mirəhmədov “Azərbaycan mütəfəkkirinin milli intibah arzuları” adlandırdığı məqaləsində məhz bu əsəri “Ə.Ağoğlunun nəsr yaradıcılığında dəyərli örnəklərdən biri” kimi təqdim edir. Ə.Ağaoğlu xəyal dünyasını əhatə etdiyi bu əsərində “özgürlüyün siyasi və hüquqi bazası yarandıqdan sonra əsas vəzifənin - yurddaşlarına özgürlük qazandırmaq hərəkatını xalqa aşılamaq olduğunu ifadə edir”.
“Sərbəst insanlar ölkəsində” əsəri vətəndaş cəmiyyəti quruculuğunda, inkişaf yolunda demokratiyanın, azadlığın, dünyəvi, hüquqi dövlət idealının tərənnümü əsas yer tutur. Demokratiya, demokratik dövlət və bu dövlətdə insanları səciyyələndirən xüsusiyyətlər haqqında fikirlərini sadə, aydın, anlaşıqlı şəkildə ifadə etmək üçün ədib əsərində hekayət üslubunu seçib. İstibdaddan qurtulmuş bir fərdin, azad, sərbəst, qanunlarla idarə edilən bir ölkəyə düşməsi, bu ölkənin yaşam tərzi ilə tanış olması və bunlara necə alışmasını qeyri-adi istedada, tükənməz enerjiyə malik olan fikir adamı Ə.Ağaoğlu məhz sözün qüdrəti ilə əks etdirə bilmişdir. Müəllif sərbəst insanlar ölkəsini təsvir etməklə oxucusunu belə bir ölkədə yaşamaq üçün onu əvvəl belə ölkəni qurmağa sövq edir. Əslində müəllif burada sərbəst ölkənin, onun sərbəst vətəndaşının ideal nümunəsini göstərməklə yanaşı, arzuladığı ideal cəmiyyəti, xəyallarının ölkəsini oxucusuna təqdim etmişdir.
Mühacirətşünas alim Nikbur Cabbarlı yazır ki, “Azərbaycan mühacirət ədəbiyyatının demokratik dövlət quruluşu uğrunda mübarizəsində biri digəri ilə sıx bağlı olan iki istiqamət aydın nəzərə çarpır: birincisi, totalitar rejimlərin, diktaturanın, müstəmləkəçiliyin ifşası yolu ilə demokratik dəyərlərin, milli istiqlalın təsdiqi; ikincisi isə açıq cəmiyyətə dair baxışların bədii sözün gücü ilə bilavasitə təbliği”.
Ə.Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsəri qeyd etdiyimiz istiqamətlərdən ikincisinə aid dəyərli örnəkdir.
Hər zaman gördüklərini, bildiklərini, yaşadıqlarını, arzuladıqlarını çəkinmədən əsərlərində, çıxışlarında qeyd edən, türk toplumu qarşısında böyük xidmətləri olan, həyatı boyunca yorulmadan və usanmadan türk-müsəlman xalqlarını düşdükləri dərin böhranın məngənəsindən qurtarmağa çalışan Ə.Ağaoğlunun yalnız “Sərbəst insanlar ölkəsində” əsəri deyil, bütövlükdə həyatı, yaradıcılığı bu gün də nümunədir, aktualdır və heç zaman da mahiyyətini itirməyəçək. Ədəbiyyatşünas alim Vilayət Quliyevin təbrincə desək, “onun qiymət və əhəmiyyətini qətiyyən itirməyən fikirləri bu gün öz taleyi, gələcəyi uğrunda qeyri-bərabər mübarizəyə qalxmış türk dünyasının mənəvi silahına çevriləcək”.
Odur ki, uzun illər sovet dönəmində ədibin zəngin irsi xalqdan gizlədilmiş və yaxud da sovet ideologiyası, metodologiyası “qayda-qanun”larına uyğun tədqiq edilərək, haqsız olaraq tənqidlərə, təhqirlərə məruz qalmışdır. Yuxarıda qeyd etdiyim kimi, yalnız 1980-cı illərin sonlarından başlayaraq müntəzəm şəkildə tədqiqata cəlb edilən Ə.Ağaoğlu irsi haqqında obyektiv, dəyərli fikirlər söylənilməyə başlanıldı.
O qiymətli və dəyərli fikirlərdən bir neçəsi də ədəbiyyatşünas, mətbuatşünas alim Vilayət Quliyevə məxsusdur. V.Quliyevin 1997-ci ildə işıq üzü görən “Ağaoğlular” əsəri yalnız Azərbaycanın nəhəng şəxsiyyətlərindən biri olan Əhmədbəy Ağaoğlunun həyatına, yaradıcılığına, dünyagörüşünə deyil, bütövlükdə Ağaoğlular ailəsinə həsr edilib. Müəllif bu əsərinə ədibin qızı, ilk türk qadın hüquqşünası, Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi” və oğlu Səməd Ağaoğlunun “Atamın dostları” xatirələrini də daxil edib. Bu xatirələr Ağaoğlular nəslinin həyat və mübarizəsinə, eyni zamanda, Azərbaycan tarixinin qeyri-obyektiv təqdim olunmuş bir sıra səhifələrinin üzərinə işıq salır.
Məhz buna görə də V.Quliyev yazır: “Bu ailə Türkiyənin həm ədəbi, həm də siyasi tarixinə artıq öz möhrünü vurmuşdur. Ona görə də kitabda yalnız Əhməd Ağaoğlunun deyil, Ağaoğlular ailəsini müasir Azərbaycan oxucularına təqdim etməyi daha üstün tutdum”.
Müəllifin mükəmməl şəkildə yazılan bu əsəri haqqında dövrün görkəmli alimləri çox dəyərli və maraqlı fikirlər söyləmiş, rəylər bildirmişlər. Müəllif əsərində “Kimdir Əhmədbəy Ağaoğlu?” sualına o qədər dolğun, dəqiq, maraqlı cavab verir ki, Əhmədbəyin kimliyi, böyüklüyü, insanlığı, vətənpərvərliyi, millətpərəstliyi tamamilə açıqlanır. Türk yazarı Şükufə Hihalın təbrincə desək, “O, insanlığın az rastlaşdığı zənginliklərdəndir”. O, zənginlərdən ki, “Əhmədbəy türk dünyasının, xüsusən də Azərbaycan türklərinin minnətdar olduğu insandır!”.
Dünyanın harasında olursa-olsun, türklüyə xidməti ən müqəddəs vəzifə sayan Əhmədbəy bütün varlığ ilə Böyük Türk Dünyasına bağlı bir şəxsiyyət idi.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist