Ermənistan mətbuatı bu günlərdə Qarabağın “dövlət naziri” Ruben Vardanyanın tezliklə istefaya gedəcəyi ilə bağlı xəbərlər yayıb. Vardanyan özü bu xəbərləri təkzib edərək, postunu tərk etmək fikrində olmadığını və sona qədər mübarizə aparacağını bildirib.
Erməni mənbələri bazar günü axşam saatlarında “Təhlükəsizlik Şurası”nın iclasının keçirildiyini və orada “qarşı duran tərəflərin” razılığa gəldiyini bildiriblər.
Turan xəbər verir ki, bunun fonunda separatçı rəhbərliyin nəzarətində olan informasiya resursları Qarabağda növbədənkənar “parlament” və “prezident” seçkilərinin keçirilə biləcəyi barədə məlumat yayıb. Məsələn, yanvarın 14-də “parlamentin spikeri” Artur Tovmasyan prezident seçkiləri baş tutacağı təqdirdə seçkilərdə iştirak edəcəyini bəyan edib. Bu bəyanatı Qarabağ ermənilərinin bütün səlahiyyətləri Ruben Vardanyanın simasında xaricdən göndərilən şəxsə vermək istəməməsi kimi qiymətləndirmək olar.
Baş verənlər separatçıların düşərgəsində Ruben Vardanyan fiquru ilə birbaşa əlaqəli olan ciddi ziddiyyətlərdən xəbər verir. İrəvanın mövqeyinin də bu ziddiyyətlərə təsir etdiyi şübhəsizdir.
Belə ki, baş nazir Nikol Paşinyan ötən həftə hökumətin iclasındakı çıxışında bəyan edib ki, Qarabağ “hakimiyyəti” Bakı ilə birbaşa danışıqlar aparmalıdır. Beləliklə, İrəvan açıq şəkildə bildirdi ki, əgər qarabağlılar İrəvanın mövqeyini qəbul etməsələr, bunun nəticələrinə görə məsuliyyət onların üzərinə düşür.
Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan daha qətiyyətli bəyanat verib. O, jurnalistlərlə söhbətində qəti şəkildə bildirib ki, “Stepanakert özü Bakı ilə danışıqlar aparmalıdır” və Yerevan bunu etməyəcək.
Bütün bu bəyanatlar Qarabağın hazırkı “prezidenti” Arayik Arutyunyanın “Bakıdan pul alaraq” Ruben Vardanyanı uzaqlaşdırmağa can atması ilə bağlı kompromatların dərci ilə müşayiət olundu.
Bu arada, Arayik Arutyunyan yanvarın 16-da “Qarabağın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri” Aşot Akopjanyanı işdən çıxarıb. Onu cəmi bir həftə əvvəl “Qarabağın Təhlükəsizlik Şurası”na rəhbər təyin edilən Ararat Melkumyan əvəzləyib. Boş qalan “vəzifəni” isə Samvel Şahramanyan tutub.
Maraqlıdır, bütün bu hadisələr və yerdəyişmələr radikal əhval-ruhiyyəli Vardanyanın son nəticədə arxa plana keçəcəyi və ya Qarabağı ümumiyyətlə tərk edəcəyi, Qarabağdakı erməni icması ilə Bakı arasında isə dialoqun bərpa ediləcəyi ilə bağlı şayiələrlə necə bağlıdır?
Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu baş verənlərlə bağlı fikirlərini Press Klubla bölüşüb:
– Hazırda separatçıların düşərgəsində baş verən hadisələri izləyirəm. Orada müxtəlif qruplar var. Onlardan biri İrəvanla bağlıdır. Mövqelərini qoruyub saxlamağa çalışan qruplaşma da var. Və elə bir qrup var ki, hamıdan üstün olmaq, təşəbbüsü ələ keçirmək və müvafiq olaraq bütün resursları, ilk növbədə, inzibati resursları öz əlində cəmləşdirmək istəyir.
Sözsüz ki, bütün bu qeyri-legitim qanunsuz hökumət sonda Moskvanın planı ilə formalaşacaq. Və hesab edirəm ki, bu məsələ ilə bağlı Moskva ilə İrəvan arasında da mübarizə gedir. Sonuncu Qarabağın dağlıq hissəsində öz təsirini saxlamağa, Moskva isə İrəvanı oradan sıxışdırmağa çalışır. Düşünürəm ki, bütün bunlar onların erməni icmasına təsir etmək uğrunda mübarizəsi kontekstində nəzərdən keçirilməlidir. Və burada İrəvanın müqaviməti yüz faizlik görünür. Çünki Kreml Qarabağ ermənilərini maliyyələşdirmək imkanında deyil. Əslində, əlbəttə, maliyyələşdirə bilər. Lakin bu, kobud müdaxilə, Azərbaycana qarşı düşmənçilik aktı olardı. Və bu, təbii ki, Bakı ilə ikitərəfli münasibətlərdə yeni gərginliyə gətirib çıxarardı.
Ona görə də Ermənistan rəhbərliyi ilə mübarizə gedir. Moskva Qarabağdakı vəziyyəti tam nəzarətə götürməyə çalışır. Ortadan götürülməli olan qrup isə – Arayik Arutyunyanın komandasını nəzərdə tuturam – İrəvan tərəfindən dəstəklənir. Arayikin guya Bakıdan pul alması ilə bağlı ittiham diqqəti yayındırmaq üçün edilib. Həqiqətən də, Qarabağdakı bir çox qüvvələrin İrəvana qarşı çox mənfi münasibət var. Müvafiq olaraq, bu yolla guya ki Arutyunyanı qaralamağa can atan Ermənistan hakimiyyəti faktiki olaraq onun reytinqini yüksəltməyə çalışır.
Vardanyanın aqibəti necə olacaq? Düşünürəm ki, Moskva bu layihəni elə-belə başlamayıb. Çünki Vardanyan təkcə separatçılar üçün liderliyə planlaşdırılmayıb. Yox, mən əvvəl də demişəm, indi də birmənalı olaraq bildirirəm ki, Moskvanın Vardanyanla bağlı uzaqgörən planları var. Hesab edirəm ki, onu Ermənistan rəhbərliyinə hazırlayırlar. Necə ki, vaxtilə Koçaryanla, sonra Sarqsyanla belə olub.
Uğurlu olacaqmı, bilmirəm. Region fiziki cəhətdən Rusiya xüsusi xidmət orqanlarının və hərbçilərinin nəzarətindədir və bəlkə də sonda Qarabağda Vardanyanla bağlı planı həyata keçirə biləcəklər. Amma mən düşünmürəm ki, İrəvan bundan sonra sakitləşsin. Çünki bu, Paşinyanın hakimiyyətdə olması üçün təhlükənin yaxınlaşması anlamına gələcək.
Prinsipcə, bu, Azərbaycan üçün əlverişli vəziyyətdir. Bakı bu istiqamətdə çox peşəkar işləsə, daxili münaqişəyə təsir göstərməyə cəhd edə bilər.
Düşünürəm ki, Moskva bir tərəfdən başa düşür ki, Qarabağda hər şey Vardanyanın nəzarətinə keçərsə, bu, onsuz da münasibətləri, yumşaq desək, tam dostluq xarakteri daşımayan İrəvanla münaqişəyə səbəb olacaq. Digər tərəfdən, bu, Kremlə bütün regionda öz planlarını həyata keçirmək üçün lazımdır – bu, daha ciddi və həcmli plandır.
Mənə elə gəlir ki, sonda hansısa kompromis əldə olunacaq. Amma buna Qarabağ daxilindəki qruplar arasında deyil, daha çox İrəvanla Moskva arasında nail olunacaq. Çünki Qarabağdakılar heç nəyə qərar vermirlər – hər şeyə sahibləri qərar verir. Əgər kompromis əldə olunmasa və münaqişə davam edərsə, Bakı buna ancaq sevinə bilər.
Rauf Orucov