Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sülh prosesinə daha bir zərbə: Ermənistan və Aİ Praqa razılaşmasını niyə pozur?


Politoloq: “İrəvanın addımları sülh müqaviləsinin tezliklə imzalanacağına inamı azaldır”

Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Ermənistan mediasında yayılan məlumata görə, missiyanın azı iki illik müddətə göndərilməsi nəzərdə tutulub. Qeyd olunur ki, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrup kimi budəfəki missiya da Ermənistan ərazisində yerləşəcək. Müşahidəçilərin sayı rəsmi olaraq açıqlanmasa da, missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı vurğulanır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı sözügedən məsələyə toxunarkən iradlar bildirmişdi. Ölkə başçısı vurğulamışdı ki, Praqa görüşündə Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi çox geniş müzakirə edilib: “Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır”.

Əliyev qeyd edib ki, missiyanın uzadılması ilə bağlı bakının izahat tələb etdiyini vurğulayıb: “Biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın? Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Əgər siz bizi burada iki ay keçmədən belə xırda məsələdə, - yəni əslində, o qədər də ciddi məsələ deyil, - aldadırsınız. Ondan sonra nə etdilər? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər”.

“Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan. Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq”, - Prezident bildirmişdi.

Ölkə başçısının bu barədə açıqlamasından görünür ki, Bakı missiyanın uzunmüddətli qalmasında maraqlı deyil və bu, sülh danışıqlarına zərbə vuracaq məqamdır. Söhbət Avropa İttifaqının təşəbbüslərindən gedir ki, bu, Bakının Aİ çətiri altında danışıqlara etimadını azaldır.

Ermənistana Aİ-nin daha geniş tərkibli missiyasının uzunmüddətli gətirilməsi məsələsi ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq 

- Prezident İlham Əliyev bunun o qədər də ciddi məsələı olmadığını bildirdi, amma əlavə etdi ki, razılıq qarşı tərəfdən pozulursa, o zaman etimad zədələnir. Ermənistan ATƏT missiyasının da gətirilməsini təklif etmişdi. Təbii ki, Bakı bununla razılaşmadı. Məlum məsələdir ki, Ermənistan rəhbərliyi bu missiyaları ölkəsinə yığmaqla Azərbaycana təzyiq göstərmək istəyir. Xatırlayırsınızsa, açıqlamalarında Ermənistan rəsmiləri açıq şəkildə bildirirlər ki, Aİ missiyasının əsas məqsədi Azərbaycanın guya Ermənistana olan “təcavüzünü” dayandırmaq, bu “faktı” təsdiqləməkdir. Onlar hətta Azərbaycanın bu yöndə atılacaq “növbəti addımlarının” qarşısını almaq üçün bu missiyalara müraciət etdiklərini bildirirlər. Yəni ki, məqsəd bəllidir. Azərbaycan da buna ona görə qarşıdır ki, bu missiyalar Ermənistanın əlində vasitəyə çevrilə bilər. Çox güman ki, çevriləcək də. Daha geniş heyətlə və uzun müddətə gətirilməkdə məqsəd budur.

- Bunun ziyanı Azərbaycan üçün ziyanı nə oldu?

- Demək olmaz ki, əlahiddə ziyanı oldu. Yenə deyirəm, məqsəd Azərbaycana təzyiqə hesablanıb. İstədilər ki, Aİ-nin vasitəçiliyi ilə aparılan Brüssel sülh danışıqlarında Azərbaycan təklənsin. Ermənistan hesab edirdi ki, Aİ vasitəsilə Azərbaycana təzyiqlər göstərə biləcək. Lakin bu baş tutmadı. İndi faktiki olaraq Brüssel formatı arxa plana keçib. Hələ bəlli deyil ki, o formata yenidən qayıdılacaqmı. Ermənistanın oyunlarına Bakı imkan vermədi.

- ATƏT missiyası ilə bağlı təklifləri də Azərbaycana təzyiq niyyətindən qaynaqlanır?

- Ermənistanın bu yolla ATƏT-in Minsk Qrupunu dirçəltmək istəyir. Vaxtilə Minsk Qrupu vasitəsilə münaqişə dondurulmuşdu. 44 günlük müharibədə Azərbaycan Ordusu qalib gəldi,  nəticədə münaqişə bitdi, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Artıq sülhün imzalanması gündəmdədir. Ermənistan tərəfi isə sülhdə maraqlı deyil, hazırki vəziyyəti qeyri-müəyyən halda saxlamaq, dondurmaq üçün ATƏT-dən kömək umur. Çünki ATƏT-in funksionallığı burada daha çox görünür. O baxımdan ki, həm Ermənistan, həm də Azərbaycan ATƏT-in üzvləridir. Düşünürlər ki, ATƏT missiyasının fəaliyyəti Azərbaycana təsir edə bilər. Amma bunların hamısı siyasi oyunlardır və nəticə verməyəcək. Nə Ermənistan öz məqsədlərinə nail ola bilər, nə də ATƏT burada hər hansı bir rol oynaya bilər.

Ermənistanın müşahidə missiyası üçün üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yox, Aİ-yə, ATƏT-ə üz tutmasının da səbəbləri var. Ermənistan anlayır ki, KTMT-nin əli ilə Azərbaycana təzyiq göstərə bilməyəcək. Çünki KTMT üzvləri Ermənistana açıq şəkildə başa salıblar ki, hansısa anti-Azərbaycan kampaniyasında iştirak etməyəcəklər, daha çox neytral mövqedə dayanacaqlar. Neytrallıq isə Ermənistana lazım deyil. Ermənistana vasitə lazımdır.

- Aİ niyə razılaşmanı pozmaqda, müşahidəçilərin sayını artırmaqda maraqlıdır?

- Görünən odur ki, Aİ-yə bu məsələdə Fransanın təsirləri çoxdur. Qeyd etdiyim kimi, Ermənistan tərəfi bu missiyadan alət kimi istifadə etmək istəyir. Bunun üçün İrəvan Parislə danışıqlara gedib. Məlumdur ki, ötən ilin oktyabrında Praqada keçirilən sammitdə Fransa da iştirak etdi və missiyanın gəlişi ilə bağlı ətraflı fikir mübadiləsi oldu. Azərbaycan tərəfi iki ay müddətində müşahidə missiyasının Ermənistan ərazisində fəaliyyət göstərməsinə razılıq verdi. Bu müddət bitəndən sonra heç kim bu məsələni Azərbaycanla müzakirə etməyib. Ona görə də bu, birtərəfli qaydada atılan addımdır və regionda baş verən proseslərin normallaşmasına gətirib çıxarmır. Ermənistan da, Fransa da bunun fərqindədir. Fransa sadəcə bu yolla regionda varlığının olmasına çalışır.  

Ermənistana 200 nəfərlik müşahidə missiyasının göndərilməsi həm də bu ölkədə Rusiyanın təsirini bir qədər də zəiflətməyə hesablanıb. Bütün hallarda ermənilər postmünaqişə dövründə baş verən proseslərdən istifadə edirlər. Bu da məsələyə həssaslıq gətirir. Azərbaycana qarşı müşahidə missiyasından istifadə olunması yolverilməzdir.

- Belə vəziyyətdə sülhdən danışmaq mümkündürmü?

- Əlbəttə mümkün deyil. Praqa görüşündən sonra danışıqların intensivləşəcəyinə, nələrəsə nail olacağına inanmaq olardı. Amma bunun əksini müşahidə edirik. Ermənistan regiona yeni missiya gətirir, bu missiyaların əli ilə Azərbaycana təzyiq göstərilməsinə çalışırsa, sülhün əldə olunacağına inam qalmır.

Yaxud da, Ermənistan İrandan, Hindistandan hücum silahları alır. Çox güman ki, bu silahları müdafiə olunmaq üçün yox, hücumda istifadə etmək üçün alırlar. Əgər bunlar ciddi olaraq müharibəyə hazırlaşırlarsa, düşünmək olmaz ki, sülh müqaviləsini yaxın vaxtlarda imzalayacaqlar. O başqa məsələdir ki, indiki halda Ermənistanın Azərbaycanla müharibə aparmağa heç bir imkanı və gücü yoxdur. Amma dediyim kimi, İrəvanın addımları sülh müqaviləsinin tezliklə imzalanacağına inamı azaldır.

Müəllif: Anar Bayramoğlu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10