Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranla nə baş verir, nə etməli?


Azərbaycanın öz torpaqlarını azad etməsi İranın planlarını pozdu

İranla Azərbaycan arasında artan gərginlik xeyli suallar və bununla bərabər, risklər yaradır. Azərbaycan hakimiyyəti uzun illər özündən əvvəlki qısamüddətli iqtidarı qonşularla, xüsusilə İran və Rusiya ilə düzgün siyasət aparmamaqda qınayıb. Zaman-zaman bundan indiki rəqiblərinin də əleyhinə təbliğat vasitəsi kimi istifadə etməyə çalışıb. Bununla belə, hazırkı vəziyyətə nəzər salsaq, görərik ki, indi hər iki ölkə ilə münasibətlər tarixində ən gərgin dövrü yaşayırıq. Rusiya ilə məsələ bir çox kontekstdə mübahisəyə açıq qalsa da İranla bağlı daha çox eyni dini mənşədən olan toplumların münasibətlərini süni gərginləşdirmək ittihamı uzun zamandır keçmişə doğru uzanırdı. Beləliklə, əsas sual budur: nə dəyişdi ki, biz nəinki 90-cı illərin soyuq müharibə dövrünə qayıtdıq, hətta bir az da irəli gedib, açıq ittihamlarda bulunduq, sərhədlərdə qarşılıqlı hərbi təlimlər keçib, güc nümayiş etdirdik? 

“Xarici terrorçu” ittihamı

44 günlük müharibə başlar-başlamaz Azərbaycanın cənub sərhədlərində əldə etdiyi hərbi uğurlar və Xudafərin körpüsünün işğaldan azad edilməsi İranda birinci narahatlıq yaratdı. İranın dini lideri bildirdi ki, Azərbaycan İranın Şimal (özünün cənub) sərhədlərinə xaricdən radikal islamçı terrorçuları yerləşdirib və ya bunlardan müharibədə istifadə edir. Azərbaycan cəmiyyətinin bu açıqlamaya reaksiyası çox sərt olsa da dövlət başçısının xarici əlaqələr üzrə köməkçisi İran televiziyalarından birinə müsahibə verərək, İranı ittiham edənləri Ermənistana işləməkdə ittiham etdi. Bundan az sonra İlham Əliyev özü İranı qınadı. Çünki İran sözlə dayanmaq fikrində deyildi və Azərbaycan Cənub istiqamətində torpaqlarını azad etdikcə rəsmi Tehran sərhədlərə zirehli texnika və qoşun yeritməyə başladı. 30 il ərzində dünya tərəfindən tanınmayan işğalçılarla sərhəddə heç bir xidmət təşkil etməyən İranın bu addımı Azərbaycanla nəzəri qardaşlıq kontekstində başadüşülən olmasa da, iki ölkənin tarixi münasibətləri kontekstində başadüşülən idi. 

Nədir bu kontekst? 

İran Azərbaycan Respublikasının yaranmasını, təbii ki, istəmirdi. Hətta ölkənin “Azərbaycan” adlanmasını belə istəmirdi. Çünki bunu özünün daxili problemlərinin qızışması üçün tətikləyici amil sayırdı. Buna mane ola bilmədikdə isə İranın əsas işi Azərbaycanın zəif, parçalanmış, iddiasız və İrandan daha qaranlıq bir ölkə olmasına çalışmaq idi. Uzun illər bu istiqamətdə çalışdılar və müəyyən nəticələrə də nail oldular. Çox təəssüf ki, Azərbaycan hökuməti bu lal ekspansiyanın genişlənməsinə göz yummaqla İranı ölkənin içində xeyli irəli buraxdı. AXC hökuməti dövründə isə Qarabağda əldə edilmiş uğurlar, siyasi azadlıqlar İranı narahat edirdi. Tehranda narahat idilər ki, Bakı Təbriz üçün cəlbedici nümunə ola bilər. Təbii ki, uzun illər davam edən Heydər Əliyev və İlham Əliyev hakimiyyəti özündən əvvəlkiləri “qonşularla düz davranmamaqda” ittiham etdikləri kimi, İran da AXC hakimiyyətini islama, şiəliyə və bu kontekstdə İrana və qonşulara düz davranmamaqda ittiham edir, özünün ölkədə yaratdığı şəbəkələr vasitəsilə bu fikri genişləndirirdi. 

Nə dəyişdi? 

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın öz torpaqlarını azad etməyə başlaması İranın bütün planlarını pozdu. Tehran yenidən uğurlu Azərbaycanı özü üçün təhlükə görməyə başladı. Azərbaycan hökuməti bu dəfə məcbur qalıb, ritorikasını vəziyyətə uyğunlaşdırmağa başladı. Belə göründü ki, İlham Əliyev İrana qarşı Qərb ölkələrinin və İsrailin münasibətindən yararlanmaq istəyir. Amma burada hələ ki, hansısa anti-İran koalisiyasından və ya Qərb ölkələrinin Azərbaycanı bu məsələdə müttəfiq kimi görməsindən söhbət getmir. Bunun iki mühüm səbəbi var. Birincisi, obyektiv səbəbdir. Qərbdə başa düşürlər ki, Azərbaycan belə bir yükün altına girərsə, bu, infrastruktur və təhlükəsizlik baxımından ciddi problemə çevrilə bilər. Ona görə də Azərbaycan İranla ixtiyari hərbi qarşıdurmadan maksimum kənarda qalmalıdır. Əlbəttə, hər hansı müdaxilədən özünü müdafiə etməyə də daimi hazır olmaqla. Amma ikinci səbəb Qərb dairələri üçün daha önəmlidir ki, Azərbaycan hökuməti ilə bu məsələdə müttəfiqliyə isti yanaşmasınlar. Rusiya-Ukrayna məsələsi də göstərdi ki, Azərbaycan hökuməti imperialist diktatorların tamam güclənib, bölgədə hegemon olmasını istəmədiyi kimi, məğlub olub, sıradan çıxmalarını da istəmir. Təbii ki, bunun səbəbi ölkədəki siyasi sistemi qorumaq marağıdır. Buna görə də Azərbaycan bu məsələdə qısamüddətli, amma sona kimi etibar edilməyən tərəfdaş sayıla bilər. Biz bu tezisin təsdiqi üçün Azərbaycanın BMT Baş Assambleyasında İrana, Rusiyaya və İsrailə münasibətdə keçirilən səsvermələrdə iştirak tərzlərinə baxa bilərik. 

Nəhayət, nə etməli? 


Əlbəttə, biz on milyonlarla Güney azərbaycanlılarının əvəzinə onlara dövlət qura və ya onların kiminlə yaşayacağına qərar verə bilmərik. Ancaq onların İran hökumətindən tələb etdikləri fundamental hüquq və azadlıqları əldə etmələri üçün onlara əlimizdən gələn dəstəyi verməliyik. Necə ki, bütün Azərbaycan cəmiyyəti Rusiya imperiyasına qarşı Ukraynalıların azadlıq və demokratiyanı qorumaq savaşına dəstək verir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10