“Nezavisimaya qazeta”: “Ankara türkdilli ölkələrdə mümkün böhranlara operativ reaksiya verə bilən struktur yaradır”; Turan Ordusu barədə ekspertlərdən pozitiv proqnozlar
Ötən həftə İsparta şəhərində Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin Təlim Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimləri Rusiya mediasında ciddi müzakirə mövzusuna çevrilib. Rusiyanın “Nezavisimaya qazeta” saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına istinad edərək yazır ki, Ankara türkdilli ölkələrdə mümkün böhranlara operativ reaksiya verə bilən struktur yaradır. Bildirilir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə yanaşı TDT-də müşahidəçi statusu almış Şimali Kipr Türk Respublikasının hərbçiləri də təlimlərdə iştirak ediblər. Bu, təşkilatın dövlət başçılarının Səmərqənddə keçirilən sammitindən sonra ilk təlimdir. “Nezavisimaya qazeta” ardınca yazır ki, Türkiyədə TDT dövlətlərindəki böhranlara operativ reaksiya verə bilən hərbi strukturun - Birgə Türk Qüvvələrinin yaradılması ilə bağlı müzakirələr başlayıb.
Türkiyənin təqaüddə olan generalı və Türkiyənin Azərbaycandakı keçmiş attaşesi Yücel Karauz “Türkiyənin səsi” radiosuna müsahibəsində TDK çərçivəsində “birgə silahlı qüvvələr” yaradılmasını təklif edib. Karauz hesab edir ki, Qazaxıstanda baş verən yanvar hadisələri “başqa qardaş respublikalarda da baş verə bilər”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) vitse-prezidenti Nazim Kafersoy da analoji təşəbbüslə çıxış edib. O qeyd edib ki, TDT “böhran zamanı tez reaksiya verə bilən siyasi və ya təhlükəsizlik strukturu” yaratmağı tezləşdirməlidir.
Etno-Siyasi Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinskinin sözlərinə görə, Böyük Turan Ordusunun yaradılmasının konturları üzə çıxıb. “Birgə təlimlər digər orduların, zabitlərin texnologiyaları ilə tanışlıqdır və bu, yalnız bir şeyi deyir: Türkiyə gələcəyini bu ordularla əməkdaşlıqda görür”, - Kobrinski “Nezavisimaya qazeta”ya deyib. Onun fikrincə, NATO-nun “sürünən ekspansiyası” var. “Silah tədarükü nədir? Bu, ordunun müəyyən bir standarta keçməsidir. Bu, NATO standartlarının təkcə Mərkəzi Asiya ölkələrinə deyil, KTMT ölkələrinə daxil olmasıdır. NATO müharibə ilə bağlı deyil, 90% iqtisadiyyatla bağlıdır. Beləliklə, Rusiyanın müttəfiqləri addım-addım NATO standartlarına keçirlər”, - ekspert daha sonra bildirib. Həmçinin iddia edib ki, bu ideyanın arxasında Türkiyə dayanmır, Ərdoğan, sadəcə, “Qərbin regionda əsas adamıdır”. “Ərdoğana Mərkəzi Asiyanı idarə etmək mandatı verilib. Ərdoğan gedəcək, amma strategiya qalacaq”, - Kobrinski vurğulayıb.
Türk dövlətlərinin bir araya gəlməsi, nüfuzlu və qlobal məkanda rezonans doğuran təşkilatın çətiri altında birləşməsi, ardınca ən vacib addımların, o cümlədən hərbi birliyin - şərti olaraq Turan Ordusunun - yaradılması istiqamətində ciddi addımların atılması şübhəsiz ki, antitürk birlikləri, paytaxtları və qüvvələri qıcıqlandırır, ciddi şəkildə narahat edir. Bu mənada şimal qonşumuzdakı narahatlıq da təəccüb doğurmur. Ancaq bu da var ki, Qərb çevrələrində Türkiyəyə qarşı düşmən münasibət hökm sürür, elə qardaş ölkənin Avropa Birliyinə üzv olmasının əngəllənməsi, terrorçu təşkilatlara hər cür dəstəyin verilməsi acı gerçəklikdir. Bəs bu münasibətlər Türk Dövlətləri Təşkilatlarının, həmçinin Turan Ordusunun perspektivinə nə dərəcədə təsir edə bilər?
Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir Cəfərov “Çətin sual"da - YouTube
Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimlərinin belə geniş əks-səda, rezonans doğuracağı əvvəldən bəlli idi: “Necə deyərlər, hələ qarşıdakı dönəmlərdə o qədər qısqanc xarakterli, şayiə dolu yazılara, "dahi təhlillərə" və olmazın uydurmalara rast gələcəyik. Ələlxüsus da Rusiya mediasının bu mövzunu az qala bir nömrəli müzakirələrdən birinə çevirməsi bir başqa aləmdir. Bu ölkənin ən nüfuzlu nəşrlərindən biri sayılan, hakimiyyətə yaxın dairələrdən qidalanan “Nezavisimaya qazeta”da gedən geniş yazı da redaksiyanın deyil, rəsmi Moskvanın yuxarıda haqqında bəhs etdiyimiz məsələyə qəribə və yerində olmayan bir münasibəti sayıla bilər". Ü.Cəfərov digər məqama da diqqət çəkdi: “Sirr deyil ki, rəsmi Ankaranın son dövrlər regionda və dünyada artan nüfuzu bir çox dairələrdə böyük təşviş və narazılıq yaradıb. Xüsusən qardaş Türkiyənin türkdilli ölkələrdə sözün hər mənasında artan təsiri çoxlarında aşırı qısqanclıq yaradıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə yanaşı TDT-də müşahidəçi statusu almış Şimali Kipr Türk Respublikasının hərbçiləri də bir arada təlimlərdə iştirak etməsi çoxlarına baş ağrısına çevrilən bir məsələyə dönüb. "Nezavisimaya qazeta"nın qeyd etdiyi kimi, yeni yaradılmaqda olan hərbi birliyin ən ümdə vəzifəsi həqiqətən də “Birgə Türk Qüvvələri”nin yaradılması ideyasının tərkib hissəsidir. Bunu heç kim inkar da etmir. Yaxın perspektivdə “Böyük Turan Ordusu”nun yaradılmasının konturları artıq görünməkdədir. Regionda və dünyanın ayrı-ayrı yerlərində baş verən hadisələr belə bir güc amilinin tez bir zamanda yaradılmasını zəruri edir. İrəvanda keçirilən KTMT sammitində də məhz bu təşkilatda son vaxtlar yaranan fikir ayrılıqları, daxili ziddiyyətlər onu deməyə əsas verir ki, Türk Dövlətlərinin Ordusu çoxlarından öz nizam-intizamına, döyüş qabiliyyətinə görə kökündən fərqlənəcək. Hətta ola bilsin ki, indi NATO üzvü olan dövlətlərdən hansısa gələcəkdə bu təşkilatda müşahidəçi qismində təmsil olunmaq üçün müraciətlər də etsinlər. Bunu yaxın illər sübut edəcək".
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov şübhə etmir ki, Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafı artıq Rusiyanı narahat etməyə başlayıb: “Şuranın təşkilata çevrilməsi yeni hədəfləri də müəyyənləşdirib. Bu da təsadüfi deyil. Çünki təşkilata üzv olan dövlətlərin geosiyası arealından mühüm karbohidrogen və nəqliyyat əlaqələri keçir. Bu layihələrin təhlükəsizliyinin qorunması mühüm amildir”. İ.Hüseynov xatırlatdı ki, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının son sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu fakta diqqət çəkmişdi: “Əsas sosial-iqtisadi baza üzərində qurulan təşkilatın hərbi və təhlükəsizlik komponentinin əlavə olunması təşkilatı universal platformaya çevirə bilər. Digər tərəfdən, bu ilin əvvəlində Qazaxıstanda baş verən hadisələrdən heç bir dövlət sığortalanmayıb. Bu baxımdan, müdafiə qabiliyyətinin artırılması, müasir silahlara əlçatanlığın təmin edilməsi, müxtəlif təlim və seminarlar ancaq regionun təhlükəsizlik arxitekturasının gücləndirilməsi naminədir”.
Azad Vətən Partiyasının sədri Akif Nağı isə qeyd etdi ki, artıq Türk dünyasının çevik hərbi qüvvələrinin yaranması prosesi başlayıb: “Buna həm ciddi ehtiyac var, həm də artıq daxili problemlərimizə, eyni zamanda kənar müdaxilələrə son qoyulmasının vaxtıdır. Nə üçün hansısa iç məsələmiz və ya sərhəd problemimizlə bağlı kimlərinsə köməyinə möhtac qalmalıyıq? Türk dünyası öz problemlərini özü həll etməlidir”. Eyni zamanda A.Nağı hesab edir ki, bu məsələni həddindən artıq şişirdib başqalarını qıcıqlandırmağa da ehtiyac yoxdur: “Sakit şəkildə işimizi görüb, nəticəyə nail olmalıyıq. İlk növbədə Türk dünyasının daxilində bu ideyanın tam dəstəklənməsinə nail olmalı, sonra isə xaricdən müdaxilə imkanlarını zərərsizləşdirməliyik. Dövlətlərin bu məsələyə maraqları və ehtiyatlanmaları da başadüşüləndir, özləri üçün təhlükə mənbəyi kimi baxırlar. Amma nə etsələr də, qarşısını ala bilməyəcəklər”.
Bəs Turan Ordusu türk dövlətlərinin bir neçəsinin yer aldığı KTMT-ni parçalaya bilərmi? Yaxud gələcəkdə alternativ hərbi birliyə görə NATO-dan Türkiyəyə basqılar mümkünmü? Həm də nəzəri cəhətdən Rusiya ilə ABŞ-ın bu məsələdə mövqeyi üst-üstə düşə bilər... Bütün bunlarla bağlı da ekspertlərimizin maraqlı yanaşmaları var.
Polkovnik Üzeyir Cəfərovun fikrincə, Turan Ordusu demək olar ki, KTMT-ni artıq yavaş-yavaş zəiflədir: “Bu proses get-gedə daha da dərinləşəcək. KTMT-nin onsuz da perspektivi yoxdur və sonuncu Tacikistan-Qırğızıstan toqquşmaları da, Ermənistanın bu təşkilatla bağlı davamlı addımları da onu deməyə əsas verir ki, KTMT yaxın bir neçə ilə tam fəaliyyətsiz bir duruma düşəcək. Qardaş Türkiyəyə artıq basqılar başlayıb. Bu, təkcə Turan Ordusu məsələsi ilə bağlı deyil, digər daha geniş dünya miqyaslı siyasi-iqtisadi və hərbi davranışlarla bağlı olan nüanslardır”. Turan Ordusuna qarşı Pentaqon və Moskvanın eyni mövqedən çıxış edə biləcəyi ehtimalına gəldikdə, hərbi ekspert düşünmür ki, Ukrayna savaşı fonunda Rusiya ABŞ-la hər hansı bir məsələdə bir arada olsun: “Nəzəri baxımdan mümkündür, amma praktiki baxımdan bu, mümkünsüzdür”.
Politoloq İ.Hüseynovun sözlərinə görə, Turan Ordusu bir qədər utopik səslənsə də, bu ordunun qurulması artıq xəyal kimi görünmür: “Nəzərə almaq lazımdır ki, Türkiyə çox mühüm geosiyasi faktora çevrilib və TDT-nin hərtərəfli inkişafında maraqlıdır. Digər tərəfdən, TDT-də Qazaxıstan və Qırğızıstan kimi dövlətlər, həm də "Rusiya NATO-su" adlandırılan KTMT-nin tərkibindədir. Gün keçdikcə bu dövlətlərin milli oyanışı və gec bir təzyiq olmadan hərbi-siyasi inteqrasiya prosesləri güclənir. Gələcəkdə Qazaxıstan və Qırğızıstanın Turan Ordusunun ayrılmaz tərkib hissəsinə çevrilməsi potensialı çox güclüdür. Bu baxımdan, Türkiyə böyük bir missiyanın altına girir və uğur qazanmaq ehtimalı da böyükdür". Ekspertin sözlərinə görə, burada Türkiyə NATO-dan da siyasi və hərbi dəstək ala bilər: “Çünki hazırda NATO və Rusiya müharibə şəraitindədir”.
Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”
A.Nağı da hesab edir ki, KTMT artıq dağılmağa məhkumdur:
“Turan Ordusu bu prosesi sürətləndirəcək. NATO-nun maraqları isə təmin olunur. Turan Ordusu Rusiyanın təsir imkanlarının zəifləməsi deməkdir. Ona görə də Qərb prosesə mane olmayacaq”.
E.PAŞASOY,
“Yeni Müsavat”