Ekspert: “Ümid edirəm ki, yaxın günlərdə bu məsələyə müəyyən aydınlıq gətiriləcək”
“Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, lakin Moskvanın göndərdiyi Vardanyan kimi adamlarla yox, o, çox aydın gündəmlə göndərilib”. Bunu Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Yeri gəlmişkən, bu proses başlayıb”, – dövlət başçısı bildirib.
“Əgər bayaq qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə və bu prosesi dayandırmağa cəhdlər olmasaydı, hesab edirəm ki, proses daha dinamik ola bilərdi. Amma bunun nə Paşinyan və nə də onun hökuməti ilə heç bir əlaqəsi yoxdur. Dediyim kimi, Azərbaycan, Avropa İttifaqı, ABŞ və Rusiya arasında, yəni Azərbaycanın fikrincə, bu işə kömək edə biləcək dövlətlər və qurumlar arasında konsensus olmalıdır”, – İlham Əliyev vurğulayıb.
Burada ortaya bir neçə sual çıxır. Əliyevin adını çəkdiyi Vardanyanın bu aydın gündəmi nədir? Prezident nə demək istəyir? O, daha sonra qeyd edir ki, Qarabağda yaşayan ermənilərlə artıq dialoq başlayıb və kənardan müdaxilə olmasaydı (Rusiyaya açıq eyham vurur) bu proses daha dinamik ola bilərdi. Maraqlıdır, Azərbaycan rəhbərliyi Qarabağda kimlərlə, hansı qüvvələrlə ünsiyyətdədir? Bu qüvvələri kimi təmsil edir? Axı hazırda orada Rusiya hərbçilərindən başqa, hakimiyyət ancaq “DQR” separatçılarının əlindədir.
Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bu barədə Press Klubla fikirlərini bölüşüb:
– Düşünürəm ki, Vardanyanla bağlı Əliyev kifayət qədər aydın danışıb. Eyhamla olsa da, konkret ünvana işarə etməsə də, Rusiyadan danışır. Çünki Ruben Vardanyan Rusiyanın layihəsidir.
Əliyev Avropa İttifaqının nümayəndəsinə aydın şəkildə demək istəyir ki, o, prinsipcə, “2+1” formatına, yəni Azərbaycan və Ermənistanın tərəflərin vasitəçiliyi ilə danışıqları davam etdirməsinə hazırdır. Düzdür, o, burada Rusiyanın da adını çəkir. Amma bilirik ki, danışıqlar prosesi paralel gedir – həm Brüsselin vasitəçiliyi ilə, həm də Moskvanın vasitəçiliyi ilə. Amma bununla yanaşı, tərəflər – Ermənistan və Azərbaycan dəfələrlə bəyan etdikləri kimi, Brüssel prosesinin davam etdirilməsinə sadiqdirlər. Yəni, Əliyev Qərbin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu bildirir, eyni zamanda Qarabağ və Ermənistanla heç bir əlaqəsi olmayan Ruben Vardanyanın Qarabağ erməniləri adından danışmağa haqqının olmadığına diqqət çəkir.
Amma Əliyev Qarabağ erməniləri ilə dialoq prosesinin artıq başlandığını deyəndə nəyi nəzərdə tutduğu tam aydın deyil. Bu danışıqlara kim rəhbərlik edir? Onlar hansı formatdadırlar? Hansı şərtlərdə? Hansı coğrafiyada?
İstisna etmirəm ki, həqiqətən də Azərbaycan rəhbərliyinin nümayəndələri ilə Qarabağ erməniləri arasında müəyyən təmaslar var, amma məsələ qaranlıq olaraq qalır. Əgər belə təmaslar varsa, hansı səviyyədədir? Bu danışıqlarda iştirak edənlər özlərini qondarma “DQR”in təmsilçisi elan edirlərmi? Çünki Bakı bu qurumun mövcudluğuna ümumiyyətlə qəbul etmir və çətin ki, onun nümayəndələri ilə danışıqlar aparsın. Amma digər tərəfdən, Qarabağın erməni icmasının Rusiya hərbçilərinin və xüsusi xidmət orqanlarının tam nəzarəti altında olduğu nəzərə alınsa, bunun nə dərəcədə mümkün olduğunu təxmin etmək olar. Onda kimlə danışıq aparmaq mümkündür?
Düşünürəm ki, İ.Əliyevin açıqlamasının bu hissəsi yaxın günlərdə həm Azərbaycan, həm də Ermənistan mətbuatında gündəm olmasa da, mühüm müzakirə mövzularından biri olacaq. Çünki həqiqətən də heç nə aydın deyil. İcmanın qeyri-rəsmi liderləri, dini dairələrin nümayəndələri varmı, yoxsa başqa kimsə mövcuddur? Bu insanlar nə qədər güclüdürlər? Qarabağdakı vəziyyətə nə dərəcədə nəzarət edirlər? Çünki bu gün Qarabağın erməni icmasının yaşadığı o hissədə Rusiya sülhməramlı kontingentinin razılığı və ya onların iştirakı olmadan çətin ki kimsə vəziyyətə nəzarət edə bilsin. Ola bilsin ki, Qarabağda doğulan, amma oradan kənarda – Rusiyada və Qərbdə yaşayan kimlərsə var. Ancaq bu, sadəcə bir ehtimaldır. Düşünürəm ki, yaxın günlərdə bu məsələyə müəyyən aydınlıq gətiriləcək. Mən buna çox ümid edirəm.
Rauf Orucov