Yaxud, bu günün yaxşı icra başçısı kimdir - xeyriyyəçilik edənmi, “partizanlıq” edənmi, hamını xoş dindirənmi...?
Hələ sovet dövründə, rayonların rəhbərinin “raykomun 1-ci katibi” olan vaxtlar, bir çoxlarına elə gəlirdi ki, hansı rayona yeni 1-ci katib, indiki “dillə” desək, icra başçısı təyin olunanda, sanki orada “sovet hökuməti” yenidən qurulurdu.
70 il belə getdi. 30 ildən də artıqdır ki, müstəqil olduq, Raykomun 1-ci katiblərinin funksiyası icra başçılarına keçdi, amma, yenə də bir çoxları həmin düşüncə ilə yaşayır.
Elə “sağımıza”, “solumuza” baxsaq, vəzifələri eyni olsa da, hər rayonda icra başçısının öz “üslubunu”görürük. Məsələn, Quba rayonunda icra başçısı 200 nəfərdən artıq şəxsin pensiya kartının mənimsəməsi haqda məlumat yayılır. Ortada xeyli dəlil, sübut. Amma hamı bu xəbəri çox adi qarşılayır.
Yaxud, Saatlı rayonuna təyin olunmuş masallılı gənc icra başçısı Elmir Bağırovun 2 ildir ki, həmin rayonda heç kimlə təmənnalı iş görmədiyi, rüşvət almadığı, bazarlığa ailəsi ilə özü getdiyi, heç bir saxtakarlıq etmədiyi barədə yazı çap etmişdik. Yenə də çoxu bunu adi qarşıladı.
Bu gün bölgəmizdə Taleh Qaraşov (Lənkəran) kimi 20 ildən artıq icra başçılıq stajı olan, az qala bəzən özünü qanunlardan üstün tutan, yazılanlara inansaq, istədiyi qanuna zidd addımlar atan birisi də var. Onun da əməllərinə adi baxırıq, Lerikə təyinat alan, qısa müddətdə az qala "bəd əməllərin muzeyinə" çevrilmiş bir rayonda əksəriyyətin sevimlisinə çevrilmiş gənc kadr Əkbər Bəxtiyar oğlu Abbasov kimi təmiz kadr da.
Kənardan baxana adama elə gələr ki, bunlar ayrı-ayrı ölkələrdə icra başçısı işləyir.
(Onu da nəzərə alaq ki, regional idarələr yaranandan, icra başçılarının səlahiyyəti xeyıi azalıb)
İndi isə Masallıya nəzər salaq
Masallının hazırkı icra başçısı Araz Əhmədov 30 il öncə bizim bölgədə, eləcə də Masallıda çalışan bir şəxs kimi rayonu yaxşı tanıyır və rayondakılar da ona yaxşı bələddir.
Hələ ki, kimsə Araz müəllimin kimdənsə rüşvət aldığı və ya təmənna umduğu barədə heç bir tutarlı məlumata malik deyilik.
Araz müəllimin hər hansı “qaranlıq keçmişi”, mülkləri və s. ilə bağlı məlumatlar da yox səviyyəsindədir.
Deyirlər, Allah adamıdır, əsil Hacıdır. Özü də dəfələrlə bəyan edib ki, (özüm də şəxsən eşitmişəm) heç kimdən pul almamışam, almayacağam da.
(Amma o da sirr deyil ki, rayonda rüşvət yuvası kimi tanınan məkanlarda elə aldıqlarını alırlar).
Bəzi dünyagörmüş şəxslər isə güman edir ki, bu iş davamlı ola bilməz. Çünki elə işlər var ki, əlavə qazanc olmasa, həmin işləri reallaşdırmaq mümkünsüzdür. Olar bilər ki, rüşvətin forması dəyişsin. Bundan əvvəl də icra başçıları olub ki, 3 ay, 5 ay paklıq siyasəyi yeridib, sonra isə tam əks möfqe tutub. Yaşayarıq, görərik.
Əvvəlki icra Başçısı Şahin Məmmədovdan yeni başçıya nə qalıb?
Belə düşünənlər də var ki, əvvəlki icra Başçısı Şahin Məmmədov özündən sonrakılar üçün elə pis miras qoyub ki, elə onları təkrar etməmək, babat icra başçısı olmağa bəs edir.
Məsələn. Şəxsən mənim özümün müxtəlif yazılarda və ölkənin aparıcı internet kanallarda tənqid etdiyimiz məqamlara nəzər salaq-
1. Yazırdıq ki, Ş. Məmmədov əhali qarşısında çıxışlarında, xüsusən öz işçilərinə, hətta YAP rayon təşkilatının sədrinə münasibətdə çox kobuddur. Tez tez onları aşağılayır, bəzən təhqir edir, vaxtaşırı qarğış etməkdən də çəkinmir. İşçiləri şənbə və bazar günləri də ciddi səbəb olmadan işlədir.
Şükürlər, hələ ki Araz müəllimin dilindən nə qarğış, nə söyüş eşidən olmayıb. İşçiləri də şənbə günü günortaya qədər işlədir, bazar günü onların istirahətinə mane olmur.
2. Yazırdıq ki, İcra hakimiyyəti kimi rəsmi orqanın qarşısında at, keçi, maral... fiqurları düzmək gülüncdür. Şükür ki, indi onlar da yığışdırılıb.
3. Yazırdıq ki, Rayonda heç bir nüfuzu olmayan şəxslər vəzifəyə gətirilir, onlara hədsiz səlahiyyət verilir. Araz müəllim qısa müddətdə belələrini – 1-ci müavin Məmmədhüseyn Hüseynovu, şəhərin “meri” Əbülfəz Nuriyevi, onun müavini, 10-a yaxın kənd ərazi nümayəndəsini və müavini vəzifələrindən azad etdirdi. Bu prosesin davam edəcəyi gözlənilir. (Xatırladaq ki, Araz müəllimlə eyni vaxtda Lerik rayonuna icra başçısı təyin edilən Əkbər Abbasov 4 ayda cəmi 1 nəfəri – “kommunxozun” müdirini işdən çıxarıb, onun yerinə də adam tapmır).
Onu da xatırladaq ki, Araz Əhmədov da bir neçə aydır ki, işdən azad etdiyi yüksək çinli şəxslərin postuna kadr tapmır. (1-ci müavin, 2 şöbə müdiri, şəhəri nümayəndəsi, müavini, bir neçə ərazi nümayənmdəsinin kreslosu boşdur və sair)
5. Bir neçə mənbədən aldığımız məlumata görə “kommunxoz” adlanan təşkilatda “ölü canlar" ın sayı əsaslı şəkildə azalıb, Mərkəzi Xəstəxanada “pensiya oyunlarına” –saxtakarlıqlara son vermək üçün ciddi tədbirlər görülür.
(Yaxşı işlər siyahısına son 3 ayda şəhərin mərkəzində çoxlu küçənin abadlaşmasını, H. Əliyev adın parkda əsaslı təmir və abadlıq işlərinin aparılmasını, . şəhər mərkəzindəki sahibsiz it sürülərinin yığışdırılmasını da əlavə etmək olar)
5. Icra başçısı Araz Əhmədov əvvəlki başçıdan fərqli olaraqmüstəqil düşüncəli insanları izlətdirmir- kim kiminlə çay içdi, kim kiminlə görüşdü kimi gülüln addımlar atmır, nə bilim trol dəstələri saxlamır və sair. Araz Əhmədov Şahin Məmmədov kimi kişinin əvəzini onun qadın qohumlarından çıxmır, qisasçılıq etmir və sair.
4 aya yaxındır ki, Araz Əhmədov Masallıya icra başçısı təyin edilib. Əksəriyyət kimi, elə mən özüm də general-mayor Araz Əhmədovun fəaliyyətinə böyük ümidlə baxıram.
Masallı rayonunun 70 yaşlı bir sakini kimi mənim də bütün tənqidlərdən, gileylərdən uzaq, heç bir şəxsi və qrup maraqları güdmədən bir sıra təkliflərim, arzularım, müşahidələrim var.
Həmin müşahidələrimi və təkliflərimi icra başçısının və izləyicilərin diqqətinə çatdırıram. (Sizin də əlavələriniz olsa, çox şad olaram).
1. İstərdim ki, icra başçısının fəaliyyətində tam şəffaflıq və aşkarlıq olsun. İcra hakimiyyətinin hər gün, ən geci hər həftə verdiyi sərəncamlar (Kimlər vəzifəyə təyin edildi, kimlər və nəyə görə azad edildi, kimə həyətyanı torpaq, dükan, bazar yeri verildi və sair) onların saytında yerləşdirilsin. Həmin saytda şablon, informasiya yükü az, dağınıq, alayarımçıq xəbərlərdənsə daha dolğun, video görüntülü, həmin tədbirin əsil ruhunu əks etdirən reportajlar, bu tədbirlər haqqında qısa, ümumi xülasə yox, iştirakçıların dəyərli çıxışlarını, təkliflərini əks etdirən daha canlı materiallar olsun.
2. Bütün sakinlərin fikirlərini öyrənmək üçün ardıcıl rəy sorğuları, ideya müsabiqələri keçirilsin, ən yaxşı ideya sahibləri mükafatlandırılsın.
3. Əksər insanların kitabdan, eləcə də kitabxanalardan uzaq düşdüyü vaxtda, xüsusi maşınlarda “səyyar kitabxanalar” təşkil olunsun.
4. Hamı narkomaniyanın “çiçəklənməsindən” danışır. Narkotikləri tutmaqla, (bəzən şərləməklə), asıb-kəsməklə iş bitmir ki. Bəlkə narkomanlığın daha çox yayıldığı kəndlərdə detallı araşdırma aparaq, görək konkret bir kənddə neçə narkoman var? Onların neçəsi azyaşlı, neçəsi qadın, neçə işsizdir? Ortada Litva nümunəsi var. Belə ki, burada narkomaniyadan qayıdan gənclər üçün xüsusi kafelər açırlar ki, bu xəstəliyə tutulanlar buna baxıb nümunə götürsünlər ki, sağlam həyata qayıtsalar, onlar da belə yerlərdə işləyə bilərlər. Təəssüf ki, bizdə əksinədir. Narkomanlığa görə həbs olunan gənc, cəzasını çəkdikdən sonra iş tapa bilmir, yenidən bu azara tutulur. Nəzərə alsaq ki, hər dustağı bir gün türmədə saxlanması 18 manata, ayı 540 manata başa gəlir, elə həmin narkomanı bu pulla müalicə etmək daha faydalı olar.
5. Dilənçilərə baxIşlarımızı da dəyişməliyik. Təsəvvür edək ki, bir gün şəhər mərkəzində kütləvi reyd keçirilsə, ən azı rayondakı bütün dilənçilər saxlanılıb bir yerə toplanılar. Onları normal bir məscidə, ya yeməkxanaya gətirib yedizdirilir. Daha sonra həmin dilənçilərin maddi durumu araşdırılır. Yəni, hansı gəlirləri, hansı əmlakları... var. Bəlli olsa ki, normal qazancı var, ona xəbərdarlıq edilir, təkrar belə əməl edərsə, cəzalandırılır. Yaxud əksinə, doğrudan da həmin şəxs ağır durumdadırsa, onun üçün ünvanlı yardım, ya məşğulluq mərkəzindən iş, himayəçi təşkil olunur.
6. İcra başçısı bizdə olan məlumata görə hər qəbul günü 70-80 nəfəri qəbul edir. Heç olmasa, bu qəbullardan biri ayda 2 dəfə internet üzərindən canlı keçirilsin ki, xalq bilsin, şikayətlər necə həll olunur. Buna hər hansı, vəsait də lazım deyil.
7. Bələdiyyələr icra hakimiyyətinə tabe olmasa da, onlar haqqında Qanuna uyğun heesabatları hər 6 aydan bir detallı şəkildə feyzbuk üzərindən təşkil olunsa, xalq bilər ki, bu qurumlar nə ilə məşğuldur. Eyni irad İcra hakimiyyətində fəaliyyəti demək olar hiss olunmayan Şuralara da aiddir.
8. Bizi hər bir işdə aşkarlıq xilas edə bilər. Məsələn, 500-1000 manatdan artıq işıq və qaz borcu olanların siyahısı çap olunsun. Bilinər ki, hansı imkanlılar enerji borclarını ödəmir.
9. Hər cümə günü ən azı Şəhər Cümə məsçidində ehsan verilsin. (Hansı ki, bəzilərini bəyənmədiyi Avropa ölkələrində bu ənənə çoxdan var)
10.. Az qala hər hər iclada dekorasiya kimi əyləşən, sifətlərini görməkdən insanları bezdiyi eyni düşüncəli “işarələnmiş” insanlarla 5 dəfə görüşəndə, heç olmasa 3 ayda bir dəfə də müstəqil və fərqli düşüncəli insanlarla, QHT rəhbərləri ilə də görüşlər keçirilsin. (Kəndlərdə görüşlər zamanı belə müstəqil düşünənləri tədbirə çağırmaq da yadda çıxmasın).
11 Hər tədbirdə hüquq mühafizə orqanları rəhbərlərinin icra başçısının sağ-solunda oturması da qəribə suallar doğurur. Nədən təhsil, səhiyyə, mədəniyyət müəssislərinin rəhbərləri bu diqqətə layiq olmur?
12. Xaricdə təhsil alan (attestatla Türkiyə məktəblərinə qəbul olunanlar istisna olmaqla) masallılı gənclərlə, eləcə də xarixdıki masallılı iş adamları ilə ənazından internet üzərindən görüşlər keçirilsin.
13. Niyə Masallı şəhərinin özündə Xeyriyyə Cəmiyyəti yoxdur.
14. nİYƏ Masallıdakı bağ və parklarda ASAN radio qurğuları quraşdırılmır.
15. Bu yaxınlarda səsləndirdiyim (Viləş çayının sağ-sol sahilində) “Hər kəs dünyadan köçmüş valideyninin xatirəsinə bir oturacaq qoysun (Adı eyni ölçüdəki lövhədə yazılmaqla) təklifi reallaşmır?
(Digərlərini də yadıma düşdükcə şərh bölməsində yazacağam).
Xüsusi qeyd: Kimlərsə yazıda tənqidi fikirlərin olmasını bizə irad tutmaq istəsə, onlar bu fikirləri yazının FB-də paylaşılan rəy bğlümünə yaza bolərlər
Cenub.az. Zahir Əmənov