Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Qızılağacın qədim hamamından xəbər var – doğrudanmı, bu hamam əsaslı təmir olunacaq?


Tanınmış şair-həkim-bəstəkar Şahin Musaoğlunun müraciəti

 8 noyabr 2022-ci ildə Masallıda Zəfər Günü bayramı münasibəti ilə təşkil olunmuş   konsert ərəfəsdə Rayon İcra hakimiyyətinin Başçısı Araz Əhmədov tədbirə qonaq gəlmiş bir qrup masallılı ədəbiyyat və incəsənət xadimini- Şahin Musaoğlu, Rəsmiyyə Sabiri, Adil Baxışlını ölgəmizdəki millət vəkillərini, digər rəhbər işçiləri, mətbuat nümayəndəsi  kimi cenub.az rəhbərliyini qəbul etdi. Söhbət  zamanı çox maraqlı fikirlər səsləndi. 

Əslən Masallının Qızılağac kəndindən olan  mən -şair-həkim-bəstəkar Şahin Musaoğlu icra başçısı ilə söhbət zamanı boya-başa çatdığım Qızılağac kəndindəki qədim hamamın-tarixi abidənin bərbadlığını önə çəkdi və təklif etdi ki, Qızılağac kənd ağsaqqallarına, ziyalılarına, iş adamlarına   həmin abidənin əsaslı təmir olunması təşəbbüsünü irəli sürürdü. İlkin layihələşdirmə-smeta  işlərini, o cümlədən ilk yardımı öz üzərimə götürürəm.

Təklif hamı tərəfindən məmnunluqla qarşılandı. İlk olaraq Millət vəkili Məşhur Məmmədov da təklifi dəstəkləyərək  həmin hamamın təmir-bərpa işlərinə yardımçı olacağını bildirdi.

Şahin Musa oğlu- Fürsətdən istifadə edib digər qızılağaclılara - xeyriyyəçi Hacı Mehman Əbilova, xeyriyyəçi Hacı Vərqa Həsənova, xeyriyyəçi Hacı Rafil Həsənova, xeyriyyəçi Hacı Yusif Məmmədova, qısası bütün Qızılağacsevərlərə - müraciət edirəm- kəndimizin ən qədim abidəsinin bərpa və təmirinə dəstək olaq. İnanırıq ki, dəyərli dostum, cenub.az saytının rəhbəri bu sahədə bizə dəstək olacaq və prosesi daim gündəmdə saxlayaqcaq”.

İzləyicilər üçün maraqlı olacağını nəzərə alıb  İldırım Şükürzadə və Zahir Əmənovun müəllifliyi ilə çıxan “Masallı. Tarix və mədəniyyət abidələri” kitabında həmin hamamla bağlı parçanı sizə təqdim edirik:


                                                                    QIZILAĞAC HAMAMI

     Masallı rayonunun memarlıq abidələrindən biri Qızılağac hamamıdır. Hamam Qızılağac kəndinin mərkəzində, məscidin yaxınlığında yerləşir. XIX əsrin sonlarında kənd sakini  xeyriyyəçi Hacı Məmməd tərəfindən tikilmişdir. Şərq memarlıq üslubunda tikilmiş hamamın irili-xırdalı bir neçə günbəzi vardır.

     Molla Kərbəlayi Nüsrət Qızılağaclı hamam haqqında yazır: “İçərisində çoxlu sayda kiçik hücrələr, çimmək üçün fərdi və ümumi salonlar var. Qüsul etmək və sair fərdi xidmətlər üçün hücrələr, xəlvətxanalar ümumi salonda da mövcuddur. Hamam çox gözəl qızma ardıcıllığına malikdir. Kürəxana yerdən 3 metr, hamamın çimilən yeri isə 2 metr dərinlikdə idi. Kürəxananın içərisinə odun yığılır və sonra yandırılırdı. Yanan odunun tüstüsü çimilən yerin altındakı boşluğu dövr edibbayıra çıxarırdı. Hətta ayaq qoyulan yer o qədər isti olardı ki, ayaq qoymaq olmazdı.Odun yanıb qurtardıqdan sonra kürəxananın ağzı kərpiclə hörülərdi ki, istilik bayıra çıxmasın. 

Bunun hesabına kürəxanada olan istilik suyu və hamamı bir neçə gün isti saxlayardı. 1960-cı ildən sonra hamam mazutla qızdırılmışdır. Hamamı su ilə öz quyusu təmin edərdi” (Qızılağac və qızılağaclılar. B., 2006, səh. 147-148).

     Qızılağac hamamı ötən əsrin 90-cı illərinə qədər fəaliyyət göstərmiş, onun xidmətindən həmçinin qonşu Eminli, Qasımlı, Qədirli, Qarğalıq, Viləş, Yeddioymaq və digər kəndlərin sakinləri də istifadə etmişlər. Bu gün fərdi hamamlar fəaliyyət göstərdiyindən ictimai hamamlara o qədər də ehtiyac duyulmur.

    Məlumat üçün qeyd edək ki, Qızılağac kəndində 1937-ci ilə qədər “Kərbəlayi Nəsrullah” adlı hamam da fəaliyyət göstərmişdir. Hamam indiki Mədəniyyət evinin giriş qapısının yaxınlığında yerləşmişdir. Kərbəlayi Nəsrullah sürgün edildiyindən, hamam bağlanmış və çox keçməmiş uçub-dağılmışdır.

    “Kərbəlayi Nəsrullah” hamamı sahəsinə görə Hacı Məmməd hamamından balaca olduğundan “Kiçik hamam”, Hacı Məmməd hamamı isə “Böyük hamam” adlandırılmışdır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Qızılağac hamamı 4882 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.

    Qeyd edək ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş məlum Qərarına əsasən Masallı rayonunda memarlıq abidəsi kimi Qızılağac hamamından başqa daha 5 hamam qeydə alınmışdır. Bu hamamlar müvafiq olaraq Masallı şəhəri (2; XIX əsrə aid; invertar sayı 4845, 4867), Boradigah qəsəbəsi (2;  XIX əsr; inv: 4868,4869) və Mahmudavar kəndində (1; XIX əsr; inv: 4903.  Hamam söküldüyündən ardıq mövcud deyildir) qeydə alınmışdır.

Cenub.az. Qızqayıt İsrafilzadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10