“Həmin gün mənə zəng edib dedilər ki, onun meyitini tapıblar. Yolun kənarında, başqasının həyətində... Başına güllə dəyib"
Xarkov vilayətində genişmiqyaslı hücum zamanı Ukrayna ordusu 400-dən çox yaşayış məntəqəsini, o cümlədən Balakliya, İzyum, Kupyansk, Vovçansk və s. şəhərləri rus işğalçılarından azad edib. Onların sakinləri UNİAN-a altı aydır işğal altında necə yaşadıqlarını, qohumlarının itkilərini, işgəncə düşərgələrində nələrdək keçdiklərini və Ukrayna Silahlı Qüvvələrinin gözlənilmədən gəlişindən danışıblar. AYNA Xarkov sakinlərinin həyat hekayəsini istinadla təqdim edir:
İzyum şəhərinin 61 yaşlı sakini Olena Qrebenyuk İzyum Şəhər Rayon Məhkəməsində işləyirmiş. Onun 60 yaşlı əri, Moskvadan olan Vladimir Şirin isə ağac üzərində oyma ustası olub. Cütlük 22 il birlikdə yaşayıb, lakin xoşbəxtlikləri Rusiya tərəfindən məhv edilib. Genişmiqyaslı işğalın başlanğıcından bəri ər və arvad birlikdə ağır atəşlərdən və hava hücumlarından sağ çıxıblar, bir zirzəmidən digərinə keçiblər, başlarının üstündə bir dam, yemək, təcrübələrini və qorxularını tamamilə yad adamlarla bölüşüblər.
"Fevralın 28-nə qədər şəhərdə mağazalar hələ də açıq idi, lakin insanlar orada olan hər şeyi sadəcə süpürdülər", - deyə xanım Olena xatırlayır.
Ailə bir neçə dəfə təxliyyə olunmağa çalışıb. İlk cəhd boşa çıxıb və az qala onların həyatı bahasına başa gəlirmiş. Ehtiyac olan əşyaları toplayan xanım Olena və cənab Volodimir evakuasiya üçün yola düşüblər, lakin mərmi atışları onları zirzəmiyə qayıtmağa məcbur edib.
"Saat 9 radələrində biz beşinci mərtəbədən düşdük, futbol meydançasına enməyə başladıq. Onlar da bizə atəş açmağa başladılar. Yəqin ki, məni və ərimi gördülər və kasetli raket atıldı. Kişi məni tutdu, biz yerə yıxıldıq, dağıntılar oldu, amma Allaha şükür, bizə dəymədi”, - deyə xanım Olena bildirib.
İzyum sakininin qeyd etdiyi kimi, zirzəmisində qaldıqları hündürmərtəbəli bina uçub. Çox adam ölüb.
Olena İzyumdakı o dəhşətli günlərdən başqa hadisələri də xatırlayır. Belə ki, işğalçılar onun yaxınlarını (uşaqlı bacısını və yaşlı anasını) müşayiət edən və sonra işə qayıdan tanıdığı kişini güllələyiblər. Yaralını xilas etmək mümkün olmayıb, çünki ruslar yaxınlaşmağa imkan verməyib, yaxınlaşanlara atəş açıb. Kişi qanaxmadan ölüb.
Həmin günlərdə ailə yolda maneələrlə yanaşı, insanlıq təzahürləri ilə də qarşılaşıb. Gizləndikləri sığınacaqda orada gizlənən 200-ə yaxın insanı yeməklə təmin edən yerli iş adamı olub. Adam sadəcə olaraq müharibədən əvvəl satdığı ərzaqları insanlara pulsuz paylayıb.
““Jıquli”nin sürücüsü də biganə qalmadı, 7 nəfəri maşınına mindirərək təhlükəsiz yerə apardı”, - deyər Olena xanım.
Həmin avtomobildə təxliyə edilənlərdən biri də Almaniyaya qızı və nəvəsinin yanına gedən xanım Olena olub. Cənab Volodimir isə ölkəsindən, şəhərindən çıxmaq istəməyib, evə baxmağa qalıb.
“Sonra ərimlə heç bir əlaqəm yox idi. Ara-sıra qonşu Elena Qrebenyuka zəng vurub şəhərdə baş verənlərdən, ərimdən və şəhərimizdəki çağırılmamış “qonaqlardan” danışırdım. Ərimin telefonunu götürüblər, noutbukunu evdən çıxarıblar. İstədiklərini çamadana qoyublar. Hətta çəngəl-qaşıq da götürüblər. Gülməlidir... Ərim sağ qalıb, ona toxunmayıblar”, - deyir xanım Olena.
Lakin işğalçılarla sonrakı görüşlərdən birinin daha ağır nəticələri olub: cənab Volodimir, arvadının dediyinə görə, başından və kürəyindən güllə ilə vurulub...
Olena Qrebenyuk iyun ayında tanışı vasitəsilə ərinə pul köçürmək istəyib, amma evdən səs gəlməyib. Qonşular bir həftə cənab Volodimiri görmədiklərini deyiblər.
“Həmin gün mənə zəng edib dedilər ki, onun meyitini tapıblar. Sözün düzü, bizim evdən yolun kənarında, başqasının həyətində... Başına güllə dəyib", - mərhumun həyat yoldaşı deyir.
Onun sözlərinə görə, qonşular ərinin alt paltarında olduğunu, bədəninin uzun müddət istidə qaldığını və meyitdə parçalanma proseslərinin başladığını deyiblər.
Olena xanım ərinin hansısa cinayətin şahidi olduğunu və ya müharibə ilə bağlı fikirlərini bildirdiyini ehtimal edir: "O, çox güclü adam idi, Əfqanıstanda döyüşüb, bir vaxtlar boks üzrə Rusiya çempionu olub. Nəyə görə? Niyə onu öldürdülər?!”.
Balakliyada yaşayan Nadiya və Mikola Lavrikovun evi ilə üzbəüz meşəlikdir. İşğalçılar orada öz sığınacaqlarını tikib səngərlər qazıbdılar. Tez-tez partlayışlar və hava hücumları olub.
"Biz atəş xəttində idik, gecə-gündüz atəş açılırdı. Bu, tamamilə dəhşətlidir. Sadəcə gedəcək yerimiz və pulumuz yox idi. Getmək üçün hardasa mənzil kirayələmək lazımdır ki, bunun üçün imkanımız yox idi. İki təqaüdçüdə pul nə gəzir?!", - Nadiya xanım deyir.
Qadın yaxşı yerimədiyini, demək olar ki, hər an evdə olduğunu və işğalçıları pəncərədən gördüyünü deyir: “Onlardan çox qorxurdum, vurulmamaq üçün gizlənirdim”.
66 yaşlı cənab Mikola da çox diqqət çəkməyib. Lakin buna baxmayaraq, işğalçılar ailəyə baş çəkiblər.
“Ruslar... 10 nəfər üç maşında, silahla, maska taxaraq gəldilər”, - deyə həyat yoldaşı xatırlayır.
Onun sözlərinə görə, yerli sakinlərdən biri anonim məktub yazıb ki, ukraynalı əsgərlər Lavrik ailəsinə baş çəkir: “Evdə oğlumun balıq ovuna gedərkən geyindiyi kamuflyaj forması tapdılar. Dedilər ki, bu, hərbi geyimdir”.
Cənab Mikolaya onlarla getməli olduğunu deyiblər. Qadın ərini aparmamağı, əsa ilə güclə yeriyə bildiyinə fikir verilməsini xahiş edib. Ona deyiblər ki, əri sabah qayıdacaq. Amma qayıtmayıb.
Evdən təkcə qadının əri yox, həm də şəxsi əşyaları - nəvələrinin videolara baxdığı planşet və köhnə işləməyən telefonlar götürülüb: "Hətta dəftəri də götürdülər. Bir aydan sonra 67 yaşım tamam olacaq. Yaddaşım yaxşı deyil. Hər şeyi ora yazırdım ki, yadımda qalsın. Amma həmin dəftəri götürdülər və qaytarmadılar”.
Mikola 22 gün əsirlikdə qalıb. Ona işgəncə verilməyib: "Onu döyməyiblər, çünki o, sakitcə bir yerdə otururmuş. Onu heç vaxt dindirməyə çağırmayıblar".
Bununla belə, əsirlər az qidalanıblar. Gündə yalnız bir neçə qaşıq qidaya bənzəyən bir şey verilib. Üç həftəlik əsirlikdə cənab Mikola on kiloqram çəki itirib. O bildirib ki, kamerada 6-10 nəfər qalırmışlar. Yaşlılar rəflərdə uzanmışdı, qalanları soyuq döşəmədə yatırdı.
“Gənclərin bədəninə elektrik cərəyanı verirdilər, dəyənəklərlə döyürdülər, ayaqları göyərirdi...” – cənab Lavrik xatırlayır.
Belə şəraitdə yaşlı adam ağır xəstələnib: “Ürəyimdən və təzyiqimdən narahat idim. Dəfələrlə həkim çağırıb dərman verdilər. Bizi Luqanskdan olan oğlanlar qorudu, bizimlə yaxşı rəftar etdilər. Luqansk əsgərləri də bizimlə oturdular. Ruslar bəzən onları da döyürdülər. Yəqin ki, nəyəsə görə luqansklı əsgərlər cəzalandırılırdılar”.
Əsirləri bayıra çıxaranda başlarına torbalar taxırmışlar: “Əsirlər bir-birinin ardınca, bir-birinin çiynindən tutaraq gedirdilər... Hətta tualetə belə gedirdik. Yəni insanlar küçədə baş verənləri ümumiyyətlə görməyiblər”.
İndi həyat yoldaşı ilə birlikdə Mikola bütün bunları dəhşətli bir yuxu kimi xatırlayır.
Balaklianın Ukrayna hərbçiləri tərəfindən işğaldan azad edilməsi cütlük üçün gözlənilməz və sevincli olub.
"O qədər üşümüşəm ki, görəsən, ruslar yenə bizə gələcəklər. Kişi isə içəri girib dedi: “Bizimkilər gəldi”. Pəncərəni açdım, arxaya döndülər. Mən onlara əl yellədim, onlar mənə əl yellədilər. Gəldilər, kişi onları besedkaya apardı, başladılar söhbət etməyə”, - Nadiya xanım Ukrayna hərbçiləri ilə görüşdükləri günü belə xatırlayır.
Mikola müəllim belə bir sürprizə çox sevindiklərini, işğal zamanı baş verən hər şeyi bizimkilərə danışdıqlarını deyir: "Ruslar sərxoş halda maşın sürdülər, özlərini rahat hiss edirdilər”.
Olqa Balitska yaşlı valideynləri və iki uşağı ilə birlikdə İzyumdandır. Müharibə başlayandan sonra ailə qısa müddət şəhərdə qalmasından, orada taxta zirzəmidə soyuq gecələrdən, mərmilərdən, qonşu evlərdən birinə mərmi düşməsi nəticəsində atanın yaralanmasından danışır. İşıqsız, rabitəsiz, qazsız insanlar o cəhənnəmdən tez qurtarmaq üçün odda yemək bişirərkən dəqiqələri hesablayırdılar. Getmək mümkün idi, amma... işğal olunmuş əraziyə.
Altı ay ailə Xarkov vilayətinin İvançukivka kəndində qalıblar. Olqa xanım deyir ki, ruslar kəndi dövrə vurub evlərə baxış keçirib, kənd camaatı ilə tanış olub, uşaqlar qorxmasınlar deyə quru yemək veriblər.
“Kənddə insanlar pulsuz yemək verilməsinə tez öyrəşdilər, dolandılar, ruslara baş əydilər”, - deyə qadın bildirib.
Onun sözlərinə görə, bəzi insanlar uşaqlarını “Z” işarəsi olan avtomobillərə mindirirmiş. Olqa xanım təqribən bu mənzərəni belə təsvir edir: "Uşaqlara dedilər: "Gedin onlardan - yəni ki, bizdən – soruşun, gedəcəklər?".
Ruslar tankları sürürdülər, dayanıb deyirdilər: "Nəsə istəyirsənsə, arxamızca qaç". Tank işə düşür, sürür, uşaqlar da onun dalınca qaçır, sonra onlara konfet verilir...”.
Olqa xanım xüsusilə 14 yaşlı qızına görə çox qorxduğu üçün iki uşağını gizlədib.
İşğalçılar yerli sakinlərə humanitar yardım paylayır, həftədə üç dəfə çörək verirdilər. Qadının dediyinə görə, İvançukivka kəndində əvvəlcə yemək üçün rusların yanına qaçan kifayət qədər adam var idi, indi isə Ukrayna əsgərlərinin yanına gedirlər. Amma elə ailələr də olub ki, ancaq yaşamaq üçün yemək götürüb.
“Uşağım ağlayırdı ki, yeməyəcəyəm”,- deyən Olqa xanım ailənin sağ qalması üçün bunu etməyə məcbur olduğunu bildirib: “Axı bizim ərazinin işğalda nə qədər qalacağı məlum deyildi. Bununla belə, bizim mal-qaramız, bağımız olduğu üçün acından ölmürdük”.
Olqa xanımın dediyinə görə, kənddə ruslar mağazanı qarət edib, dağıdıblar: “Ruslar özlərini çox rahat hiss edirdilər. Onların özlərinə necə araq, şərab, pivə aldıqlarını gördüm. Onların dolları, rus rublu, qrivnası var idi. Onların hər şeyi var idi, heç nəyə ehtiyacı yox idi. Sərxoş halda maşın sürürdülər, heç kim heç nədən narahat deyildi”.
İşğalçılar təkcə dükanları deyil, kəndliləri də qarət edir, özlərini sərbəst aparırmışlar. Avqustun ortalarında ruslar Olqa xanımın valideynlərinin evinə basqın ediblər: "Avqustun 14-dən 15-nə keçən gecə sərxoş rus əsgərləri - şortikli və silahla hasarın üstünə çıxdılar, pəncərəni döydülər. Valideynlərim çölə çıxdılar və onlar dedilər: "Biz ət istəyirik". Əsgərlər toyuq verilməsə, valideynlərim üçün pis olacağını deyiblər, hədələməyə başlayıblar. İşğalçılar bir neçə toyuq, ördək götürüblər, gedəndə ünvanı xatırladıqlarını, yenə gələcəklərini deyiblər”.
Altı ay rus əsirliyində, işğalı altında yaşayan hər kəs Ukraynanın nəzarəti altında olan ərazidədir, lakin son altı ayda yaşadıqları qorxu, göz yaşları və kədər bütün həyatlarında iz buraxıb.
Müəllif: Turan Abdulla