Ucqar Zuvand, Rüdakənar, Güllütəpə, Qızılağac, Təklə... kənd məktəblərində təhsil alan, daha yüksək bal toplayan məzunların günahı nədir ki, bu imtiyazlardan faydalana bilmirlər.
2 il öncə Masallı rayonunda Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə Masallı Təhsil Fondu yaradılıb. Fondun əsas hədəfi rayonun 70-saylı seçki dairəsinə daxil olan ümumtəhsil məktəblərində təhsil almış qızların Pedaqoji Universitetlərdə təhsili ilə bağlı onlara dəstək olmaqdır.
Fondun öhdəliyi də çox sadə idi – 300 baldan artıq yığan qızlar ödənişli fakültəyə düşmüşsə, onun təhsillə bağlı ödənişini Fond ödəyir, ödənizsiz təhsil alırsa, ona aylıq əlavə 100 manat təqaüd verilir. Bundan əlavə 2 şəhid övladına Fond hər ay 200 manat təqaüd verir.
Fond verdiyi vədi reallaşdırıb. Belə ki, Fond təsis edilən il və ötən il bu məqsədlə ödənişli təhsil alanlar üçün 100 min manatdan artıq, bu il isə 60 min manat ödənilməsi nəzərdə tutulub.
Bundan əlavə 73 tələbə üçün bu müddətə hər tələbəyə 100 manat verilməklə 200 min manatdan artıq vəsait xərclənib.
Sentyabrın 10-da Heydər Əliyev Mərkəzində Fondunun maliyyələşdirdiyi tələbələrə görüş sərgilənmişdi. Görüşdə icra başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, eləcə də fondun üzvləri, mətbuat işçiləri iştirak edirdi.
Ənənəvi tədbirlər oldu – gül qoymalar, qarşılıqlı təbriklər, təşəkkürlər və sair.
Doğrudan da, . İlin günün bu vaxtında 50-60 tələbəni, eləcə də onların ailərin sevindirmək təqdirəlayiqdir.
Bu addıma görə Məşhur müəllimi qızlar məktəbi yaradan Zeynəlabdin Tağıyevlə, Teymur Bayraməlibəyovla müqayisə edənlərə də haqq qazandırmaq normaldır.
Lakin… M. F. Axundov haqqında deyilən bir fikri xatırlamaq yerinə düşər- M. F. Axundov haqqında ya hər şeyi demək lazımdır, ya da heç nəyi.
Yuxarıda qeyd etdi ki, adı Masallı Fondu olsa da, bu fond ancaq Məşhur Məmmədovun seçildiyi 70 saylı dairənin 11 ərazi dairəsini (Masallı şəhəri daxil) və həmin dairəlirin 20-dən bir az artıq məktəbi əhatə edir.
Bəs digər 70-dən artıq məktəb bundan niyə faydalana bilmir?
Biz bu sualı bir il öncə Məşhur müəllimdən Cənub xəbərtv kanalı üçün müsahibə alanda onun özünə də verdik. Hörmətli millət vəkili bildirdi ki, bu qədər məktəbə, yəni rayondakı məktəblərin 3-də birindən çoxuna mən yardımçı oluram, digər iş adamları, xeyriyyəçilər də digərlərinə yardımçı olsun.
Oldularmı?
Ötən ay Lənkəran-Astara Regional Təhsil idarəsinin rəhbərliyi ilə görüş zamanı Fondun təmsilçisi bildirdi ki, Fondun maliyyə xərclərinin əsas yükü Məşhur müəllimin üstünə düşür, əlavə ancaq bir nəfər 500 manat ödəyib.
Fondun xərcləri isə ilbəil artır. Yəni, hazırda 1,2, 3 kurs tələbələri bu imtiyazdan faydalanırsa, növbəti il bu xərclər yerində qalmaqla daha 50-60 tələbə bu imtiyazdan istifadə etmək hüququ qazanacaq, yəni fondun illik xərci təxminən 1 il üçün 120 min manatdan artıq olacaq.
Görəsən, 71 saylı Masallı kənd DSK=dan deputat seçilən Anar İsgəndərov, digər rayonlarla şərikli deputatlarımız Musa Quliyev, Fəzail İbrahim, Cavanşir Paşazadə niyə bu işə dəstək vermirlər?
Yəqin deyəcəksiniz onlar M. Məmmədov kimi əvvəl sahibkar olmayıb, yaxud övladları sahibkar deyil. Tam doğru. Axı, deputat təkcə pul paylayan deyil, cəmiyyətdə yetərli nüfuzlu olan şəxsdir. Yəni, bu deputatların səsini eşidən 5 iş adamı, xeyriyyəçi yoxdurmu, onların seçildiyi dairədən onlara səs versinlər. Ucqar Zuvand, Rüdakənar, Güllütəpə, Qızılağac, Təklə... kənd məktəblərində təhsil alan, daha yüksək bal toplayan məzunların günahı nədir ki, bu imtiyazlardan faydalana bilmirlər. Hansı ki, ucqardakı təhsil almaq istəyən qızların bu yardımlara daha çox ehtiyacı var.
Rayon rəhbərliyi bu işə dəstək verə bilərmi? Bir fakt deyim. Sabiq icra başçısı vəzifəsi ilə vidalaşmamışdan bir ay öncə sahibkarları rayondakı məşhur otellərdən birinə yığıb, “kommunxoz” adlanan təşkilat üçün “dəsmal açıb” 40 min manat pul topladı (hədəf 180 min idi). Nədən belə bir aksiya təhsil üçün keçirilmir?
Bir də təhsil fondu təkcə tələbə qızlar üçün deyik ki, statistika varmı ki, bu il rayonda neçə imkansız ailənin dərsə gedən uşağına ayaqqabı, çanta, qələm-dəftər almağa pulu yoxdur? Bu səbəbdən neçə uşaq məktəbə gedən yaşıdlarının arxasınca gözüyaşlı baxacaq?
Onu da qeyd edək ki, yeni tələbə adını qazanmış qızlarla görüş nə qədər dəyərli olsa da, şablonlarda xali deyildi.
Yenə də rəsmi, quru, bir-birindən tərif dozası çox olan çıxışlar.
Yaxşı olardı ki, bu tədbirlə bağlı hazırda Məhərrəmlik ayına görə istifadəsiz olan şadlıq zallarının birində, çay süfrəsi ətrafında, yaradıcı gənclərin ifaçılığı ilə, fondun göstəricilərini, tədbirlərini əks ettdirən slaydlar, video çarxların müşayiəti ilə keçirilərdi.
Yaxşı olardı ki, fondun beyin mərkəzi rayonun təhsil bilicilərindən formalaşa, fond təhsilin gözdeşən problemlərini müzakirə edə, qabaqcıl müəllimləri də dəyərləndirə, təcrübələrini yaya, həm də mükafatlandıra bilə.
İnanırıq ki, təkliflərimiz əvvəlkilər kimi qulaqardına vurulmayacaq, belə tədbirlər müasir gəncliyimizin indiki arzuları səviyyəsində təşkil olunacaq.
Eləcə də arzulayırıq ki, Masallı Təhsil Fonduna dəstəkçillər çoxalacaq, onun imtiyazları bütün rayon məktəblərini əhatə edəcək, ya da onun adın dəyişib “Masallı 79 saylı DSK-nın Təhsil Fondu” qoyacaqlar.
Sonda bir daha Məşhur müəllimi bu uğurlu missiyasına görə, qızlarımızı isə tələbə adını qazandığına görə təbrik edirik.
Cenub.az. Zahir Əmənov