Xalq artisti, xanəndə, aktrisa Həqiqət Rzayeva haqqında maraqlı faktları təqdim edirik.
Həqiqət Rzayeva 1907-ci il mayın 20-də Lənkəranın Darquba kəndində anadan olub. O, körpə ikən atası Əli kişi vəfat edir. Gur, məlahətli səsi, gözəl avazı ilə bütün Lənkəranda həvəskar xanəndə kimi tanınan Əli Əliyevin səsi onun qızına ötürülür. Atasının sağlığında da kasıb yaşayan ailəsinin vəziyyəti ailə başçısının vəfatından sonra daha da ağırlaşır. Üç uşaq - iki oğlan və bir qız anaları Zinyət xanımın ümidinə qalır. Ana dərzilik etməklə balalarını güclə dolandırır. Bir müddət sonra Zinyət xanım Kərim adlı bir kişi ilə ailə qurur. Bu evlilikdən Əntiqə adlı qız övladı doğulur.
***
Anası Zinyət xanımın ən böyü arzusu qızını savadlı görmək idi. Ancaq maddi ehtiyac və mühafizəkar mühit böyük əngələ çevrilmişdi. Gənc müəllimə Məryəm Bayraməlibəyovanın Lənkəranda 1918-ci ildə təşkil etdiyi birinci qız məktəbi bu arzunu gerçəkləşdirir. Zinyət xanım on bir yaşlı Həqiqəti Məryəm xanımın yanına aparıb deyir: “Allah eşqinə, qızıma da yazı-pozu öyrədin, bəlkə o, ağ günə çıxdı”. Bir neçə il sonra ailə Bakıya köçür.
Əsl adı Süsən olsa da, o, sonradan özünə Həqiqət adını götürür. Gənc Həqiqətdə opera və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Səhnəyə çıxdığından ailəsindən gizlədir. Edvə elə bilirlər ki, o, gecə kursunda dərs deyir. Həqiqət anasından, atalığından, özündən yaşca böyük qardaşlarından çəkinir, hər gün evdən çadrayla çıxırdı. Teatra çatanda isə çadranı başından açaraq içəri girir, məşqlərdə, tamaşalarda iştirak edir.
***
Onun “Damğa” satirik teatrındakı fəaliyyəti teatr xadimlərinin nəzərindən yayınmır. 1917-ci ildə bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına bağlanır.
Deyilənə görə çox sadə qadın olub. Bəzək-düzəyi, rəngarəng libasları o qədər də sevməyib. Səhnəyə hər zaman qara məxməri libaslarla çıxar, qoluna isə ancaq saat taxarmış. Ondan bu sadəliyini xəbər alanda, digər aktrisalar kimi daş-qaşa meyl etməməsinin səbəbini soruşanda deyərmiş ki, mənim daş-qaşım, brilyantlarım balalarımdı.
***
1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi, Leyli, Əsli, Telli, Əsli, Şahsənəm kimi əsas səhnə obrazları yaradıb.
***
Həqiqət Rzayevanın kinoda çox az filmdə çəkilib. Tamaşaçılar onu daha çox "Ögey ana" filmində balaca İsmayılın nənəsi - Qəmər xala obrazı ilə xatırlayırlar.
***
Həqiqət Rzayeva 1927-ci ildə rejissor Hüseyn Rzayevlə ailə qurur. 1928-ci ildə ilk övladları Həsən, 1930-cu ildə oğlanları Azər, ondan on il sonra isə qızları Sədaqət dünyaya gəlir.
Qızı Sədaqət Rzayeva anası haqqında xatirələrində deyir: “Atamla anam bir-birini çox gözəl başa düşürdülər, mehriban idilər. Ailənin kiçiyi olduğumdan atamla anam qastrol səfərlərinə gedəndə həmişə məni də özləri ilə aparardılar. Anamın səhnə çıxışlarına əsasən səhnə arxasında qulaq asardım. Bir dəfə anam hansısa rayonda açıq səhnədə çıxış edirdi. Birdən görür ki, səhnədə bir əqrəb onun ayağına tərəf sürünür. Onu müşayiət edən musiqiçilər özlərini itirirlər. Ancaq anam onların əksinə gülümsəyərək oxuyur və ayağının bütün ağırlığını əqrəbin üzərinə qoyur, bununla da konserti başa vurur. O, çox cürətli, cəsarətli, mərd qadın idi. Bizim Buzovnada bir bağımız var idi. Orda anamın ilan öldürməyinin şahidi olmuşam”.
1939-cu ildə Moskvada Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyü keçirilir. "Arşın mal alan" operası da göstərilir. Tamaşada belə bir səssiz səhnə var: Telli səhnəyə çıxır, paltarının geniş ətəyini bir tərəfdən belinə keçirib. Suyu çox çətinliklə səhəngə doldurub yavaş-yavaş səhnəni tərk edir. Moskvanın tanınmış tənqidçiləri, sənət adamları "Arşın mal alan"dan yazanda bu səhnəni xüsusi qeyd ediblər.
Sonralar Üzeyir Hacıbəyli Həqiqət Rzayevaya danışıb ki, "Arşın mal alan"da Tellinin lal səhnəsinə baxan Sovet hökumətinin rəhbəri Stalin də deyib: "Bax, budur aktrisa!".
***
1953-cü ildə Həqiqət Rzayeva sənətdən getməyə qərar verir. Opera Teatrının direktoru Məhərrəm Haşımov "Həqiqət xanım, bəlkə keçib ikinci partiyaları, Leylinin anasını, Məcnunun anasını oynayasınız" deyəndə onun cavabı belə oldu: "Yox, mən özüm səhnədən gedirəm". Və işdən getmək barədə ərizə verir. Onun opera teatrındakı sonuncu rolu “Şah İsmayıl” operasındakı Ərəbzəngi rolu olur. Deyilənlərə görə opera tarixinin ən gözəl tamaşalarından biri məhz bu son tamaşa olub.
Oğlu Azər Rzayevin xatirələrindən: "Yəqin, başa düşürdü ki, bu yaşda səhnənin nə Ərəbzəngisi ola bilər, nə Əslisi, nə də Leylisi. İstəmədi ki, məcnunu olduğu teatrda ona "get, get, sən o Leyli deyilsən" desinlər. Əslində, o, Leylinin anasını, Məcnunun anasını oynamışdı. Ancaq onda səhnəyə yeni gəlmişdi, təcrübəsi, şöhrəti yox idi”.
***
Opera Teatrında Həqiqət xanım Leyli obrazı ilə çox böyük məşhuruq qazanıb. Onun tərəf müqabili Hüseynqulu Sarabski olub. Həqiqət xanım Leyli rolunu ifa edən zaman onun son dəfə səhnədə ayaq üstə ölməsinə razı olmur. Bu barədə onun Üzeyir Hacıbəyovla mübahisələri düşür. O, Üzeyir bəyə təklif edir ki, Leyli xəstələnib yorğan-döşəkdə, asta segah oxuyaraq can verməlidir. Üzeyir bəy əvvəlcə onunla razılaşmasa da, Həqiqət xanımın inandırıcı ifasını görəndən sonra mizanlarda dəyişililk etməyə qərar verir. Bu günə qədər həmin səhnə Həqiqət Rzayevanın təklif etdiyi mizanla təqdim olunur.
Həqiqət Rzayevanın ən yaxın dostlarından biri “Leyli və Məcnun” operasında tərəf müqabili olduğu Hüseynqulu Sarabski olub. Hüseynqulu Sarabski ömrünün son illərini xərçəng xəstəliyindən əziyyət çəkib. Onun yaxşı nəfəs alması üçün boğazından deşik açılıb. Səsi çıxmadığından pıçıltı ilə danışan aktyor bir gün Həqiqət xanımın evinə zəng vurub onu yanına çağırır. Həqiqət Rzayeva həyat yoldaşı ilə onlara gedir. Görür ki, Qurban Pirimov tarını kökləyib əyləşib. Hüseynqulu Həqiqət xanımdan xahiş edir ki, Leyli və Məcnun operasının dördüncü partiyasını oxusun. Həqiqət xanım tarın müşayiəti ilə oxumağa başlayır. Hüseynqulu Sarabski oxuya bilmədiyi yerlər çatanda ağlamağa başlayır və birdən əli ilə boğazındakı deşiyi tutub deyir: “Get, ey Leyli, ey Pərizad”. Bundan sonra dözə bilməyən Həqiqət xanım hönkürərək otaqdan çıxıb qaçır. Elə həmin an da Hüseynqulu Sarabski dünyasını dəyişir.
***
Həqiqət Rzayeva 1936-cı ildə İspaniyada olan vətəndaş müharibəsindən sonra orda olan ana və uşaqlara kömək məqsədi ilə yaradılan fonda bütün zinyət əşyalarını göndərib. Həmin il “Komunist” qəzetinə müsahibə verən xanəndə öz sənət dostlarını da bu cür addım atmağa səsləyib.
Səməd Vurğun Həqiqət Rzayevaya iki qəzəl həsr edib. Onlardan biri “Aləmin seyrinə gəl, gör, nə gözəl fitrəti var”, digəri isə “Ey könül, min namə yaz, bir gülzarın eşqinə” misrası ilə başlanan qəzəllərdir. Səməd Vurğun bu qəzəlləri cəbhə səfərindən qayıdandan sonra Həqiqət xanıma göndərir. Qəzəllərin əvvəlinə isə belə yazır: "Bu qəzəlləri əziz bacım Həqiqət xanıma bağışlayıram." Bu qəzəllərin əlyazması bu günə qədər Səməd Vurğunun ev muzeyində saxlanılır.
***
Həqiqət Rzayevanın Ərəbzəngi obrazı opera tarixində xüsusi yerə sahibdir. “Şah İsmayıl” operası olan zaman Həqiqət xanımın oğlanların hər ikisi teatrda olardılar. Oğlu Azər həmin illəri belə xatırlayır: “Yeddi, səkkiz yaşımız vardı. “Şah İsmayıl” operasında şahın Ərəbzəngini, yəni anamızı yerə yıxması mənim və qardaşımın xoşuna gəlməzdi. Ərəbzənginin basılmasını anamızın şəxsi məğlubiyyəti kimi qəbul edərdik. 36-cı ildə tamaşa gedən zaman anam qrim otağında qrimlənəndə gördük qardaşım Həsən yoxdur. Anam mənə dedi ki, get, qardaşını tap. Elə bu zaman baxdıq ki, Şah İsmayıl rolunu ifa edən Hüseynağa Hacıbababəyov əlinin qanı axa-axa, qəzəblə anamın üstünə gəlib deyir: “Həqiqət, sənin oğlun xuliqandı. Gör, əlimi neyləndi”. Sən demə hər tamaşada Ərəbzəngini yerə yıxan şahdan qisas almaq üçün Həsən qılıncla aktyorun əlini yaralayıbmış.
"Ögey ana" filminə onu rejissor Həbib İsmayılov dəvət etdi. Həmin filmdəki Qəmər xala Həqiqət Rzayevanın kino sənətində ən məşhur rolu oldu. Oğlu Azər Rzayev xatirələrində yazır ki, istedad öz yerində, amma Qəmər xala rolunun bu qədər uğurlu alınmasının bir səbəbi də vardı: Qəmər xala surəti xasiyyətindəki bütün sərtliyi, mülayimliyi ilə sanki Həqiqət Rzayevanın özüydü. O da son dərəcədə ötkəm, ciddi, mərd qadınıydı”.
***
1966-cı ildə vəfalı həyat yoldaşı Hüseyn Rzayev 60 yaşına çatmamış vəfat etdi. Üç il sonra Həqiqət Rzayeva kor bağırsağından əməliyyat olunur. Əməliyyatdan sonra isə cəmi 3 gün yaşayır. Deyilənə görə aktrisa zamanında həkimə müraciət etmədiyi üçün həkimlər onun həyatını xilas edə bilmirlər. 1969-cu il avqustun 2-də Həqiqət Rzayeva vəfat edir./kulis az