Bəlli olduğu kimi, Masallıya yeni təyin olunmusunuz. Çoxlu təkliflərlə, gileylərlə, məsləhətlərlə, xahişlərlə qarşılaşırsınız. Əksəriyyəti də vəsait tələb edir.
Mənim də bir təklifim var. Lakin həmin təklifi heç bir vəsait tələb etmədən reallaşdırmaq olar.
Bir az obrazlı desək, ax necə?
Masallı şəhərinin mərkəzindən keçən Viləş çayının Baş körpüsünün sağ və sol tərəflərində bulvar tikmək nəzərdə tutulub. Son 5 ildə bu məqsədlə 200 min manata yaxın pul xərclənsə də, hələ ki, buranın park olması, insanların istirahəti üçün nə oturacaq, nə işıqlandırma sistemi, nə əyləncə obyektləri yoxdur.
Bəs bu işləri ciddi vəsait tələb sərf etmədən necə icra edə bilərik?
1. 26 bağban və fəhlə məsələsi
Hələ 4-5 öncə icra hakimiyyəti başçısının saytında, rayondakı iş yerləri barədə məlumatda göstərilirdi ki, həmin gələcək bulvarda 26 nəfər bağban və fəhlə işləyir. Həmin ərazidə isə 3-4 nəfərdən artıq fəhlə görmək mümkünsüzdür. İndi bu 26 nəfərin 300 manat olmaqla minimum əmək haqqı ilə maaşlarını hesablasaq, aya 8 min 400 manat pul edir. Həmin 8.400 manatı da ilə vursaq, 100 min manatdan artıq məbləğ alınır. Görəsən, həmin 100 min manata (yəni cəmi 1 ilin puluna) orada nələr etmək olar?
2. Maraqlı bir Kremençuk təcrübəsi
Hələ 16 il öncə Ukraynanın Kremençuk şəhərində ezamiyyətdə olarkən bir bağda, üstündə yazılar olan çoxlu oturacaqlar gördük. Yazılanlarin nə olduğunu soruşduqda, dedilər ki, şəhərin merinin təşəbbüsü ilə kimin əzizi vəfat edirsə, həmin şəxs öz vəsaiti hesabına , dünyasını dəyişmiş atasının, anasının, qardaşının... xatirəsinə bir oturacaq düzəltdirib, adın da üstünə yazdırıb, gətirib qoyur bu bağa.
Qısa müddətdə bu bağa o qədər xatirə oturacaqları qoyulur ki, mer məcbur olub 2-ci bağ üçün ərazi ayrır.
Bu sahədə Türkiyə təcrübəsi də var. Yəni istənilən məşhur sənətkar valideynlərinin adı verilməklə məktəb, uşaq bağçası, xəstəxana tikir. Məsələn, adı olur “Sebilcanın atasının xatirəsinə məktəb”.
3. Bəs icra hakimiyyəti nə edə bilər?
Rayon rəhbərliyi də təşəbbüsə qoşulub, elan edir ki, heç kimdən təmənna ummadan burada əyləncə yeri yaratmaq, dondurma, çayxana və buna bənzər obyektlər açmağa icazə verir və hətta ən yaxşı layihə üçün mükafat ayırır.
Təxminən belə.
Xeyriyyə məqsədi ilə alınan oturacaq vasitəsi ilə “oturacaq problemi” həll olunur;
Yalançı bağban və fəhlə ştatları hesabına əldə edilən 100 min manat hesabına işıqlandırma və digər abadlıq məsələləri həll olunur,
icra hakimiyyətinin təmənnasız təşəbbüsi və xeyirxah jesti ilə obyektlər qurulur-
nəticə də gözəl bir istirahət məkanı, Masallı bulvarı yaranır.
Göründüyü kimi, olduqca sadə, pulsuz və səmərəli bir addım.
İnanırıq ki, Masallının yeni icra başçısı , Araz Əhmədov təklifimizə həssaslıqla yanaşacaq və biz yaxın varxtlarda burada gözəl bulvarın şahidi olacağıq.
Qeyd: Əgər təşəbbüsüm reallaşarsa, Valideynlərimin xatirəsinə bir oturacaq da mən hazırlatdıracağam.
Cenub.az Zahir Əmənov