Xarici sərhədlərini də yad ölkənin hərbçiləri qoruyan yoxsul və “izqoy” Ermənistanın ordu nəyinə gərək? Erməni politoloq: “Nə Qərb, nə də Rusiya bizə görə Türkiyə və Azərbaycanla münaqişəyə girməyəcək...”
Bəzi qlobal güclərin əlində oyunca olmağa davam edən kapitulyant Ermənistan başına gələn faciələrdən dərs götürməyə tələsmir. Bunun əksinə o zaman əminlik hasil edəcəyik ki, mazoxist erməni toplumu da, onun iqtidarlı-müxalifətli siyasi kəsimi də, KİV-ləri də bütünlüklə sülh gündəminə köklənsin. Xam xəyallarla yaşamasınlar. Bu isə hələ ki gözə dəymir.
Doğrudur, qonşu ölkədə, ümumən ermənilər arasında ara-sıra rasional elementlərə malik çıxışlar, çağırışlar səslənir. Lakin bu, aparıcı, dominant xarakter daşımır. Gerçək belədir ki, Azərbaycan və Türkiyə ilə barışıq tərəfdarları dərhal, “xain”, “Türkə satılan” elan edilir. Müşahidə edilən həmçinin budur ki, ermənilər özlərinə yazıq görkəmi verməklə indi də Qərb-xristian dünyasının Azərbaycana qarşı real dəstəyini alacaqlarına sadəlövhcəsinə ümid bəsləyirlər...
*****
“Əgər biz belə bir seçim qarşısındayıqsa ki, Qarabağı qurban verək, yoxsa Ermənistanı xilas edək, Qarabağı qurban verməyə məcburuq”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru, politoloq Beniamin Poqosyan yerli mediaya müsahibəsində bildirib.
Poqosyanın iddiasına görə, Ermənistan hərbi şantaj və müharibə ilə hədələnir. “Azərbaycanı qəzəbləndirməmək üçün biz indi hər cür qəti addımlardan qaçırıq. Əgər Ermənistan belə bir seçim qarşısındadırsa ki, Qarabağı qurban verək, ya Ermənistanı xilas edək, biz Qarabağı qurban vermək zorundayıq”, - deyə o vurğulayıb.
Digər erməni politoloq Stepan Danielyan facebook səhifəsində yazır ki, artıq postsovet məkanında komplementarizm dövrü arxada qalıb, Azərbaycan üçün isə “qızıl ulduz saatı” dövrüdür.
“Postsovet məkanında komplementarizm dövrü arxada qalıb. ABŞ və Rusiya arasında dolayı yolla müharibə gedir. İndi ya Rusiyanın yanındasınız, ya da Rusiyanın əleyhinəsiniz. Təbii ki, heç kim seçim etmək istəmir, amma məcburdur. Hazırda nə Qərb, nə də Rusiya Türkiyə-Azərbaycanla münaqişəyə girməyəcək, çünki hər ikisi bundan böyük ziyan görə bilər. Türkiyə fürsətlər sərhədində oynayır, Azərbaycan üçün isə bu, “qızıl ulduz saatı”dır və o, bundan maksimum istifadə edəcək. Ermənistan isə zəif həlqədir və onun hesabına başqaları öz problemlərini həll edir”, - deyə Danielyan qeyd edib.
*****
Əslində Ermənistan böyük siyasətdə “zəif həlqə”dən daha çox, daima bu və digər xarici gücün əlində “maşa” rolunda olub. Növbə ilə. Guya bununla qonşulara qarşı özünün əsassız ərazi iddiasını təmin edəcək, “miatsum” hədəfinə çatacaq. Lakin arzuları imkanları ilə həmişə tərs mütənasib olduğundan, bu cırtdan və iddialı toplum bir qayda olaraq, acınacaqlı nəticələrlə üzləşib. “Birdəfəlik əlcək” kimi istifadə olunaraq tullanıb.
Erməni xalqının hazırkı fəlakətli durumu bunu öz-özlüyündə əyani göstərir. Demək, belə böhrana, ağır vəziyyətə düşməmək üçün məntiqlə ən əvvəl erməni siyasi isteblişmenti, erməni ziyalı və ekspert kəsimi baş verənlərdən dərs götürməli, paslanmış və heç nəyə yaramayan iddia və taktikadan həmişəlik imtina eləməli və bir də “köhnə dırmığın dişləri” üzərinə ayağını basmamalıdır.
Əfsus ki, 44 günlük müharibədən sonra da bunu müşahidə eləmərik. Kapitulyant ölkədə ara-sıra eşidilən bəzi pozitiv notlar istisna olmaqla, müşahidə olunan budur ki, erməni ictimai-siyasi fikri, “miatsum”dan, “Böyük Ermənistan” xülyasından tam imtina eləməyib, daha doğrusu, öz xəstə iddialarını sadəcə, “dincə qoyub”, bir azca fasilə veriblər. Yəni təzədən toparlanıb əvvəlki iddialara qayıtmaq üçün fürsətlər, imkanlar, resurslar axtarışındadırlar. Söhbət ilk növbədə işğalçı ordunun təzədən bərpasından gedir.
Xəstə təfəkkürə diqqət edin: özünü guya ermənilərin ağıllı başlarından sayan politoloq Poqosyan deyir ki, “əgər Ermənistan seçim qarşısındadırsa ki, Qarabağı qurban verək, yoxsa Ermənistanı xilas edək, biz Qarabağı qurban vermək məcburiyyətindəyik”.
Sual: Qarabağ nə vaxtdan sizin olub ki, onu Ermənistan naminə hələ bir qurban da verəsiniz?! Ermənistan qalsa da, yox olsa da, Qarabağdan imtina eləmək zorundasınız! Yəni yenə sağalmayan “Böyük Ermənistan” xəstəliyi...
*****
Nə yaxşı ki, mövcud regional və qlobal şərtlər ermənilərin irili-xırdalı bütün sərsəm arzularının üstündən yağlı xətt çəkir. O sırada yeni ordunun qurulması ən azı yaxın və orta perspektiv uçub istisnadır. Çünki kapitulyant ölkənin minimum səviyyədə özünü bərpası, hərbi güc əldə edib ayağa qalxması üçün yetərli maliyyə potensialı yoxdur, blokada rejimi davam etdikcə gözlənilmir də. Bunsuz isə normal ordu qurmaq, ən müasir, 4-cü, 5-ci nəsil silahlar almaq qeyri-mümkündür.
İrəvanın ən çox güvəndiyi Rusiya da daha öz satellitinə ucuz qiymətə və ya havayı, keyfiyyətli silahlar vermək, ordu qurmaq imkanında deyil, olmayacaq. Rusiyanın başı hələ uzun müddət Ukraynada aldığı və alacağı ağır “yaraları yalamağa”, xeyli dərəcədə sarsılmış hərbi potensialını bərpa eləməyə qarışacaq.
Qısası, zaman əsla ermənilərə işləmir. Bunu anlamaq üçün dərin siyasi savada ehtivaya yoxdur. Erməni xalqının bədbəxtliyi də normal idraka malik siyasi liderin yoxluğundadır. Ki, onu başa salsın ki, xarici sərhədlərini belə başqa dövlətin - Rusiyanın qoruduğu 2 milyonluq, yoxsul və balaca ölkəyə ordu gərək deyil. Polis qüvvələri olsa, yetər. Axı kim ona hücum eləməyə hazırlaşır? Heç kim. Yetər ki, Ermənistan yad torpaqlara göz dikməkdən əl çəksin, qonşu dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın. Qonşuluqda özünü qonşu kimi aparsın, terrorçu dövlət, vəhşi qəbilə kimi yox!
*****
Azərbaycan üçün isə artıq fərq eləməz. İrəvan Bakı ilə 5 məlum prinsip əsasında ya böyük sülh müqaviləsi imzalayacaq, ya da imzalayacaq! Əks təqdirdə, nələr olacağı gərək ki, xain qonşulara məlum olsun. Biz xəbərdarlığmızı eləmişik.
O halda Ermənistan adlı qondarma dövlətin öz taleyi gündəmə gələcək. Onu bu dəfə nəinki Rusiya, Qərb (ABŞ) və Avropa da xilas edə bilməyəcək. Bu, Ermənistan və onun hələ də “yuxudan ayılmayan” xəyalpərvər xalqının öz varlığını saxlamağının ən axırıncı şansıdır. “Hərb, yoxsa sülh” seçimi onundur...
Siyasət şöbəsi,
“Yeni Müsavat”