“Qədim Həmat tarixdə”
kitabından nələr oxuduq?
Bölgəmizin hələ uzaq tarixini demirik, son 100 illikləri belə tam araşdırılmayıb. Kiminin Talış, kiminin Lənkəran xanlığı, sonralar Lənkəran qəzası adlandırdığı, sovet dövründə 6 rayona bölündüyü bu bölgə haqqında xeyli araşdırılmamış məqamlar, hətta bir-birini təkzib edən tarixi kitablar var. Bunların hələlik bir qisminə aydınlıq gətirmək üçün dəyərli tarixçi-tədqiqatçı İldırım Şükürzadənin cenub.az saytının xahişi ilə hazırladığı araşdırma yazının sizə təqdim edirik.
TALIŞ XANLIĞI - XVIII əsrin ortaları Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ olmuşdur
Bu dövrdə Azərbaycan müstəqil və yarımmüstəqil feodal dövlətlər olan
xanlıqlar,
camaatlıq,
sultanlıqlar və
məlikliklərə
parçalanmışdır.
Burada 20 xanlıq, 1 camaatlıq, 5 sultanlıq və 5 məliklik mövcud idi.
Bu günkü coğrafi mövqeyinə görə xanlıqların 12-i şimalda, 8-i isə cənub torpaqlarında yerləşirdi.
Həmin Xanlıqlardan biri də Talış xanlığı olmuşdur.
Xanlıq Azərbaycanın şərqində yerləşmişdir.
Talış xanlığı
şərqdən Xəzər dənizi,
qərbdən Ərdəbil,
şimal-qərbdən Qaradağ,
cənubdan Gilan,
şimaldan Salyan, Cavad (sonradan Salyan xanlığı Şirvan (Şamaxı) xanlığına birləşdirilmiş, Cavad xanlığı isə Şirvan (Şamaxı) və Qarabağ xanlıqları arasında bölüşdürülmüşdür) xanlıqları ilə həmsərhəd idi.
Xanlığın mərkəzləri
Xanlığın mərkəzi əvvəl Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Talış xanları sülaləsinin banisi səfəvilər sülaləsindən olan əslən ərdəbilli Seyid Abbas, xanlığın banisi isə Cəmaləddin xandır (1747-1786). Cəmaləddin xan qara olduğundan daha çox Qara xan kimi tanınmışdır.
79 yaşlı Talış xanlığı
Talış xanlığı 1747-1826-cı illərdə mövcud olmuşdur.
Xanlıqlar xan tərəfindən idarə olunur və inzibati cəhətdən mahallara bölünürdü. Tarixi mənbələrdə Talış xanlığının gah 6, gah 10, gah da 11 mahaldan ibarət olması faktlarına rast gəlirik.
Eyni zamanda mahalların adlarında da fərqlilik vardır.
Xanlıq haqqında əsas mənbə fars dilində yazılmış “Cavahirnameyi-Lənkəran” (Səidəli Kazımbəyoğlu, 1869) və “Əxbarnamə” (Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882-1883) əsərləridir.
“Cavahirnameyi-Lənkəran” əsəri 2005-ci ildə Səfər Şirinovun tərcüməsi və Hacı Etibar Əhədovun redaktorluğu ilə “Səidiyyə” adı altında çap olunmuşdur.
“Səidiyyə” kitabında xanlığın mahallarının sayı 11 – Astara, Çayiçi Lənkəran, Dırığ (Derığ), Dəştvənd, Əsalim, Qorqanrud, Muğan, Uluf, Ucarud, Vilgic və Zuvand (səh.28), “Əxbarnamə”də isə 10 – Astara, Alar, Adınabazar, Çayiçi, Drığ, Ərkivan, Xanbili, Lənkəran, Səfidəşt və Zuvand (B.,2009, səh.158) qeyd olunur.
Maraqlıdır ki, “Səidiyyə”də Çayiçi Lənkəran bir mahal kimi verildiyi halda, “Əxbarnamə”də onlar ayrı-ayrı mahallar kimi qeyd edilmişlər. Digər tərəfdən Dəştvənd-Ərkivan, Ucarud-Səfidəşt fərqli mahallar deyildir.
Dəştvənd - Ərkivan
Mənbələrdə Dəştvənd mahalı bəzən Ərkivan adlandırılır.
Mirzə Əhməd Mirzə Xudaverdi oğlu yazır: “Bu sətirlərin yazıldığı 1882-ci ildə böyük rus imperatorunun jurnalında Səfidəşt adı altında qeyd edilmiş o mahalın əsil adı Ucarud mahalıdır” (“Əxbarnamə”. B.,2009, səh.26). Lakin 1828-ci ildə tərtib edilmiş Talış xəritəsində Ucarud və Səfidəşt iki müstəqil mahal göstərilmişdir.
“Əxbarnamə”də Səfidəşt, Alar və Adınabazar müstəqil mahal kimi təqdim edildikləri halda, “Səidiyyə”də Səfidəşt, Alar və Adınabazar Ucarud mahalının tərkib hissələri kimi qeyd olunmuşlar.
Göründüyü kimi, “Səidiyyə” və “Əxbarnamə” əsərlərində Talış xanlığından bəhs edilsə də, bu kitablarda xanlığın mahallarının sayı və onların adları uyğun gəlmir.
“Cavahirnameyi-Lənkəran” (“Səidiyyə”) əsərində adları qeyd edilmiş mahalların sərhədləri aşağıdakı şəkildə verilmişdir.
- ASTARA. Mahal şimaldan Çayiçi Lənkəran, şimal-qərbdən isə Zuvand, cənubdan Qorqanrud mahalları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd olmuşdur.
Astara mahalı indiki Astara rayonunun ərazisini əhatə etmişdir. Bu gün Lənkəran və Lerik rayonlarının tərkibində olan Alazəpin, Biləsər (Lənkəran), Tüli və Coni (Lerik) kəndləri əvvəllər Astara mahalının tərkibində olmuşlar.
- CAYİÇİ LƏNKƏRAN. Mahal 22 kənddən ibarət olub, Lənkəran şəhərinin ətrafında yerləşmişdir. Mahalın belə adlandırılmasının səbəbi Lənkəran (Vazəru) çayının bu mahalın içində olması ilə bağlıdır.
Çayiçi Lənkəran mahalı şimaldan Uluf, cənubdan Astara, qərbdən Dırığ və Zuvand mahalları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd olmuşdur.
“Qədim Həmat tarixdə”
kitabından oxuyuruq:
“Çayiçi Lənkəran mahalının içində həm də qədim bir mahal olub. Həmin mahalın adı Xanbili mahalı olmuşdur. Xanbili mahalı Çayiçi Lənkəran mahalının dəniz kənarı ərazisi olmuşdur. O, xanlıq dövründə ayrıca bir mahal idi” (V.Mirzəzodə, R.Xansıvo.B.,2015, səh.62-63).
Qeyd edim ki, “Səidiyyə” kitabında Xanbilinin adına mahal kimi rast gəlinmədiyi halda, “Əxbarnamə”də Lənkəran, Xanbili və Çayiçi müstəqil mahallar kimi qeyd edilmişdir.
Çayiçi Lənkəran mahalı indiki Lənkəran rayonunun Gərmətük (1971-ci ildən qəsəbə), Bəlləbur, Şürük, Kosalar, Şiləvar,Şıxəkəran, Xolmili, Mamusta, Siyavar, Kərgəlan, Şağlakücə, Qurunba, Rvo, Şovu,Digah, Darquba (Darğaoba), Velədi, Aşağı Nüvədi (1971-ci ildən qəsəbə), Yuxarı Nüvədi və d. kəndlərini əhatə etmişdir. Bu gün Lerik rayonunun tərkibində olan Hamarat və Bradi kəndləri də Çayiçi Lənkəran mahalının tərkibində olmuşdlar.
- DIRIĞ (DERIĞ). Xanlığın dağlıq hissəsinin mərkəzi mahalı idi. Dırığ (Derığ) cənubdan Zuvand, şimal-qərbdən Ucarud, şimal-şərqdən Dəştvənd, şərqdən Uluf və Çayiçi Lənkəran mahalları ilə həmsərhəd olmuşdur. Mahalın tərkibinə Lerik (2008-ci ildən şəhərdir), Barzavu, Bızəy (Büzeyir), Cəngəmiran, Camaşair, Mondigah, Orand, Şingədulan, Gürdəsər, Lüəkon (Lüləkəran), Nüvədi, Noda, Vistən, Sori, Savekon (Sifəkəran), Zenoni və digər kəndlər daxil idi. Mahal indiki Lerik rayonunun ərazisində yerləşir.
- DƏŞTVƏND. Mahal mənbələrdə bəzən Ərkivan da adlandırılır. Dəştvənd mahalı Bədəlandan (Masallı r.-da kənd) Göytəpəyə qədər olan əraziləri əhatə etmişdir. Dəştvənd mahalı şərqdən Xəzər dənizi, qərbdən Ucarud, şimaldan Muğan, cənubdan Uluf və Dırığ mahalları ilə həmsərhəd olmuşdur.
Tarix üzrə fəlsəfə doktoru Elmar Məmmədovun 2005-ci ildə tərtib etdiyi xəritədə Dəştvənd mahalının cənubdan Uluf və Dırığ mahalları, şimaldan Cavad və Salyan xanlıqları, qərbdən Səfidəşt mahalı, şimal-qərbdən Ucarud mahalı, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd olduğu göstərilmişdir.
- ƏSALİM. Xəzər dənizinin sahilində yerləşmişdir. Mahal şərqdən Xəzər dənizi, qərbdə Ərdəbil xanlığının Xalxal mahalı, şimaldan Qorqanrud mahalı, cənubdan isə Gilan xanlığı ilə həmsərhəd idi. Gülüstan sülh müqaviləsindən (1813) sonra İran ərazisində qalmışdır.
- QORQANRUD. Xanlığın cənub mahallarından biri idi. Mahal şərqdən Xəzər dənizi, qərbdən Ərdəbil xanlığı, cənubdan Əsalim, şimaldan Astara, şimal-qərbdən isə Vilgic mahalları ilə həmsərhəd olmuşdur. Mahal öz adını eyni adlı çayın adından götürmüşdür. Keçmiş Qorqanrud mahalı hazırda İranın Talış şəhristanına daxil olan nahiyyələrdən biridir.
- MUĞAN. Adından da göründüyü kimi mahal xanlığın Muğan ərazisini, indiki Cəlilabad rayonu və Biləsuvar rayonunun ərazisinin müəyyən hissəsini əhatə etmişdir. Mahal cənubdan Dəştvənd mahalı, şimaldan Cavad, daha sonra isə Şirvan xanlığı, şərqdən Xəzər dənizi, qərbdən isə Ucarud mahalı ilə həmsərhəd olmuşdur. Tarix üzrə fəlsəfə doktoru Elmar Məmmədovun tərtib etdiyi xəritədə Muğan mahal kimi göstərilməyib, onun ərazisi Səfidəşt və Dəştvənd mahallarının tərkibində verilmişdir.
- ULUF. Lənkəran şəhərinin qədim sərhədi olan Ləkər körpüsündən (Girdəni kəndi) başlayaraq Bədəlan kəndinə (Masallı r.) qədər uzanmışdır. Mahal şərqdən Xəzər dənizi, qərbdən Dırığ (Derığ), cənubdan Çayiçi Lənkəran, şimaldan isə Dəştvənd mahalları ilə həmsərhəd olmuşdur. İndiki Lənkəran və Masallı rayonlarının bir sıra yaşayış məntəqələri Girdəni, Havzava, Veravul, Vilvan, Cil, Separadi, Mahmudavar, Boradigah, Miyanku, Bədəlan və d. Uluf mahalının tərkibində olmuşlar. Ümumilikdə Uluf mahalı 12 kəndən ibarət olmuşdur.
- UCARUD. Xanlığın şimal-qərb hissəsində Balharud (Bolqarçay) çayının cənub-şərqində, hazırkı Burovar silsilə dağlarının şimalında yerləşmişdir. Mahal qərbdən Ərdəbil xanlığı, şərqdən Dəştvənd, cənubdan Dırığ, şimaldan isə Muğan mahalları ilə həmsərhəd olmuşdur. Mahal indiki Yardımlı rayonunu və Cəlilabad rayonunun bir hissəsini əhatə etmiş, digər hissəsi isə İran ərazisində Ərdəbil şəhristanının Germi rayonuna daxil olan beş nahiyədən birini təşkil edir.
- VİLGİC. İran ilə sərhəd olan dağlıq ərazidə yerləşmişdir. Mahal şimaldan Zuvand mahalı, cənub və qərbdən Ərdəbil xanlığı, şərqdən isə Astara mahalı ilə həmsərhəd olmuşdur.
Gülüstan sülh müqaviləsindən (1813) sonra mahalın bir hissəsi İranın, digəri isə Azərbaycanın tərkibində qalmışdır.
- ZUVAND. Xanlıqda dağlıq mahal olmuşdur. O, xanlığın cənubunda yerləşmişdir. Mahal şimaldan Dırığ (Derığ), cənubdan Vilgic, şərqdən Çayiçi Lənkəran mahalları , qərbdən isə Ərdəbil xanlığı ilə həmsərhəd olmuşdur. Zuvand mahalının tərkibində həm də balaca mahal statuslu Piran mahalı (mikroregion) olmuşdur. Piran regionunun bir neçə kəndi, məsələn, Hamarat, Bradi Çayiçi Lənkəran mahalına tabe edilmişdir. Piran mahalının mərkəzi Veri kəndi sayılırdı. Zuvand mahalına Andurma, Anzoli, Veri, Çayrud, Rvarud, Küsəkəran, Siyov, Dico, Dizdipok, Tikəband, Xəlifənoni, Zardoni və digər kəndlər daxil olmuşdur. Keçmiş Zuvand mahalı hal-hazırda Lerik rayonunun ərazisinə daxil olaraq İran İslam Respublikası ilə həmsərhəddir.
Mahallar özlüyündə şəhər və kəndlərə bölünürdülər.
Xanlığın idarəetmə sistemi aşağıdakı şəkildə qurulmuşdur.
Xanlıq xan,
mahallar naiblər,
şəhərlər kələntər və qalabəyi,
kəndlər isə yüzbaşı və
kəndxudalar tərəfindən idarə oluurdu.
Xanlığın idarəetmə sistemində çalışanlar maaş almırdılar. Onların xidməti xəzinə üçün toplanan vergi hesabına ödənilirdi.
İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi
Redaktə etdi: Zahir Əmənov
Bir daha İldırım müəllimə gözəl araşdırmaya görə təşəkkür edirik.
Ədəbiyyat:
- ASE. IX cild, B.,1986
- Azərbaycan tarixi . I cild, B.,1994
- Azərbaycan tarixi. 9 (dərslik). B.,2005
- Azərbaycan tarixi. 8 (dərslik). B.,2015
- Səidəli Kazımbəyoğlu. “Səidiyyə”. B.,2005
- Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. “Əxbarnamə”. B.,2009
- B.Hüseynbalaoğlu, M.Talışlı. Lənkəran. B., 1990
- M.Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat. B.,2017
- V. Mirzəzodə, R.Xansıvo. Qədim Həmat tarixdə. B.,2015
- Ə. Mirzəzadə. Tarix və Zaman. B.,2017