İki nəhəng dövlətin qarşı-qarşıya gəlməsi Ukrayna müharibəsini də kölgədə qoya bilər
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Asiya turuna başlayıb. Səfər çərçivəsində Nümayəndə heyəti Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyanı ziyarət edəcək.
Pelosinin Tayvana baş çəkib-çəkməyəcəyi məsələsi Vaşinqtonla Pekini münaqişənin astanasına gətirib. ABŞ rəsmisinin olduğu təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Buna səbəb kimi təyyarənin ya əhatə dairəsindən kənarda olması, ya da artıq eniş etməsi göstərilir. Son məlumatlara görə, təyyarə Sinqapurda yerə enib.
ABŞ parlamentinin sədrinin Asiya-Sakit okean ölkələrinə səfəri rəsmi Pekini qəzəbləndirib və onlar Tayvana enəcəyi təqdirdə təyyarəni vuracağı ilə hədələyiblər. Çin Müdafiə Nazirliyi səfərin baş tutacağı təqdirdə ordunun hərəkətə keçəcəyini, müharibə başlayacağını bəyan edib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ və Çin rəhbərləri Co Bayden və Si Tsinpin arasında telefon danışığı baş tutub. Çin mətbuatının yazdığına görə, Çin lideri amerikalı həmkarına Tayvana qarşı “odla oynamamaq” barədə xəbərdarlıq edib. İki saatdan artıq davam edən danışıqlar zamanı tərəflərin bir-birinə qarşı sərt ritorikadan istifadə etdiyi iddia olunur.
Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda ABŞ və Qərbin Rusiyaya qarşı çovektorlu sanksiyaları, şimal qonşumuza qarşı tarixdə görünməmiş təzyiqlərin ardınca Amerikanın Çinlə də münasibətlərinin gərginləşməsi dünya gündəmini məşğul edən əsas mövzudur. Serbiya ilə Kosova arasında müharibənin başlamasını, Kosova sərhədlərində atəş səslərinin eşidilməsini, Serbiya ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini də ABŞ və Qərbə qarşı koalisiyanın genişləndirilməsi kimi qiymətləndirirlər.
Göründüyü kimi, dünya çalxalanır və Üçüncü Dünya müharibəsi başlamasa da, artıq aparıcı diplomatik oyunçular arasında gərginliklər pik həddə çatıb. Bu isə öz növbəsində dünyanın gələcəyi ilə bağlı narahatlıqları artırmaqla yanaşı, dünyaya nəzarət uğrunda mübarizənin daha kəskin mərhələyə daxil olduğunu söyləməyə əsas yaradır.
Türkiyəli siyasi icmalçı, professor Ferhad Pirinççi AYNA-ya açıqlamasında deyib ki, Çinin Tayvana hərbi müdaxiləsi ilə bağlı narahatlıq Rusiyanın Ukraynaya müdaxiləsindən sonra artıb: “Vaşinqton administrasiyasının AUKUS İttifaqı (ABŞ, Böyük Britaniya və Avstraliya) vasitəsilə Çini bölgədə təcrid etmək strategiyası Pekinlə gərginliyin artacağından xəbər verir. Rəsmi Pekin açıq şəkildə bildirir ki, ABŞ Tayvan məsələsində israr edərsə, Çin ordusu hərəkətə keçəcək. Bu, kifayət qədər ciddi bəyanatdır”.
“Göründüyü kimi, Çin ABŞ-ın Rusiyanın ardınca ona qarşı da sərt addımlarından narahatdır və bununla barışmaq niyyətində deyil. Bir neçə gün öncə ABŞ və Çin liderləri arasında telefon danışığı baş tutdu. Danışıqlar barədə açıqlamalar məhdud olsa da, Çin mətbuatının iddiasına görə, Pekin Vaşinqtona Tayvanla bağlı ciddi xəbərdar edib. Görünən odur ki, bu danışıqlar sakit müstəvidə keçməyib”, - deyə həmsöhbətimiz bildirib.
Tayvanla bağlı münaqişənin tarixindən danışan politoloqun sözlərinə görə, münasibətlərin gərginləşməsi ötən əsrin ortalarına təsadüf edir: “1949-cu ildə Mao Zedunun başçılıq etdiyi Çin Kommunist Partiyası iqtidara yiyələndikdən və Çində İkinci Dünya müharibəsindən sonra başlayan vətəndaş müharibəsində Çin Xalq Respublikasının qurulduğunu elan etdikdən sonra, Çin Millətçi Partiyasının üzvləri Tayvanda məskunlaşaraq müstəqilliklərini elan etdilər. 1912-ci ildə qurulan “Çin Respublikası” hökumətinin adada davam etdiyini iddia etdilər. Pekin administrasiyası isə “Vahid Çin” prinsipini qəbul edir və Tayvanın onun ərazisinin bir hissəsi olduğunu müdafiə edir. Çin Boğaziçi və onun ətrafında hərbi mövcudluğu ilə yanaşı, Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, BMT və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşıdır”.
Pirinççi əlavə edib ki, get-gedə ikiqütblü dünya formalaşmaqdadır və bunun ağır fəsadları olacaq: “Koronavirus pandemiyasından sonra dünyanın aparıcı gücləri arasında münasibətlər gərginləşib. Ukraynaya hərbi təcavüzündən sonra Rusiyaya qarşı yönələn embarqolar, ABŞ ilə Rusiya arasında münasibətlərin düşmənçilik həddinə çatması, Serbiya və Kosova arasında böhran, Tayvanla bağlı Amerika ilə Çin arasında diplomatik qalmaqal bunun bariz nümunəsidir. Hadisələr sürətlə dəyişir və bunun hansı nəticələrə gətirib çıxaracağını söyləmək çətindir. Lakin bir şey dəqiqdir ki, baş verənlər dünyanı heç də yaxşı yerlərə aparmır”.
Rusiyada yaşayan həmyerlimiz, politoloq Teymur Yəhyayev isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, ABŞ və Qərb dünyaya nüfuz etmək məqsədilə müxtəlif ölkələri qarışdırır: “ABŞ və müttəfiq ölkələrin rəhbərləri bəyan edirlər ki, dünyada demokratiyanı müdafiə edir və onun yayılmasına çalışırlar. Bu, tamamilə uydurma və əsassız bir bəyanatdır. Hər kəsə məlumdur ki, Qərb üçün demokratiya öz maraqları sərhədlərində bitir. Biz bunu Əfqanıstanda və digər ölkələrdə aydın şəkildə görmüşük. Amerika və müttəfiqləri demokratiya adı altında dünyaya nüfuz etmək və öz dominantlığını təmin etməyə çalışır”.
“Beş aydan çoxdur ki, Ukraynada müharibə gedir. On minlərlə insan qurbana çevrilib. Qərb isə yalnız silah təchizatı göstərir və müharibənin daha da uzanmasına çalışır. Bu gün də Çinə qarşı müharibə başladırlar”, - deyə müsahibimiz söyləyib.
Onun fikrincə, ABŞ kimi rəqib görürsə, susdurmağa çalışır və dünyada baş verən son hadisələr də məhz bundan qaynaqlanır: “Öz ölkələri üçün heç bir təhlükə yoxdur. Ukraynanı qan çanağına döndəriblər. Hazırda isə Tayvanı qarışdırmağa çalışırlar. Məqsədləri heç də Rusiya və Çini məhv etmək deyil. Onları öz iradələrinə tabe etdirmək istəyirlər. Hesab edirlər ki, hər iki dövləti zəiflətsələr, onlardan istədiklərini ala biləcəklər”.
“Təsəvvür edin ki, bu gün Türkiyə də sürətlə inkişaf edir və dünyanın aparıcı diplomatik oyunçularından biridir. Türkiyə iqtidarına qarşı da təzyiqlərə start veriblər. Rəcəb Tayyib Ərdoğanın Türkiyənin maraqlarına yönəlik barışmaz mövqeyi ilə hesablaşmaq istəmirlər və daxildə narazılıq dalğası yaratmağa cəhd göstərirlər. Bütün bunlar bir daha göstərir ki, ABŞ və Qərbin “dirijor çubuğu” milyonlarla günahsız insanın qurban olması bahasına dünyaya nəzarəti təmin etməyə yönəlib” - deyə Yəhyayev fikrini tamamlayıb.
Müəllif: Azər Niftiyev