Pilotsuz təyyarələrin Rusiyaya tədarükü çox şübhəlidir: İranın "neft oyunu"na qayıtması Tehrana daha çox fayda gətirir
Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin səbəbi formal olaraq Suriyada hərbi münaqişənin nizamlanması ilə bağlı idi. Ona görə formal ki, İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra yayılan bəyanatlar heç bir yeni qərar verilmədiyini göstərdi.
Putinin İrana səfərinin əsl səbəbi tamam başqadır. Bununla Putin daxili auditoriyaya nümayiş etdirməyə çalışır ki, siyasi təcriddə deyil, Rusiyanın kollektiv Qərblə müharibə apardığı bir vaxtda Qərbdən kənardakılar guya bunu dəstəkləyir və əl sıxırlar. Əslində bu, Putindən Qərb üçün, dünya ictimaiyyəti üçün həm də "hələ də böyük regional güclər, xüsusən də Türkiyə lideri əlimi sıxır" mesajıdır.
Görüş yerinə gəlincə, İran təsadüfən seçilməyib. O, Rusiyadan daha əvvəl və uzun müddətdir ki, Qərb tərəfindən ciddi sanksiyalara məruz qalıb. Ona görə də onun, İranın ilk növbədə hərbi-sənaye kompleksinin sərt sanksiyalar təzyiqinə uyğunlaşması istiqamətində müəyyən təcrübəsi var. Bu baxımdan, qeyri-rəsmi danışıqlarda əsas müzakirələrdən biri də Rusiya ordusu üçün İran pilotsuz təyyarələrinin alınmasıdır. ABŞ kəşfiyyatının məlumatına görə, Kreml uzun müddətdir ki, Tehranla bu barədə danışıqlar aparmağa çalışır. Lakin Rusiyanın istəklərinə baxmayaraq, çatdırılma hələ ki, olmayıb. Tehranın yeni sanksiyalarla bağlı narahatlığı və son vaxtlar yenidən gündəmə gəlmiş Qərblə nüvə sazişi üzrə danışıqların bərpası məsələsini nəzərə alsaq, bu, təəccüblü deyil.
İran yaxşı bilir ki, o və Rusiya neft bazarında rəqibdirlər. Rusiya Federasiyası isə Çin və Hindistana böyük endirimlər etməklə İranı ənənəvi bazarlarından sıxışdırır. İran fevralın 24-dək Çinin bir nömrəli neft tədarükçüsü idi. Bu yaxınlarda Rusiya Federasiyası həmin bazarı tutdu. Təbii ki, bu, İran büdcəsi üçün böyük itkidir. Ona görə də Tehran bu vəziyyətdən çıxış yolunu nüvə sazişinin bərpası üçün ABŞ-la danışıqları bərpa etməkdə axtarır: İran neftinin Avropaya və digər ölkələrə tədarükünə qoyulan embarqonu ləğv etmək niyyətindədir.
Nəzərinizə çatdırım ki, 2015-ci ildə, xüsusən də Rusiya Federasiyasının da iştirak etdiyi nüvə sazişi bağlandıqdan sonra İran böyük sürətlə Rusiyanın Avropada ənənəvi bazarlarındakı yerini tutmağa başladı. Xüsusilə Yunanıstanda, İtaliyada. Bu vəziyyət neftin qiymətini aşağı saldı və Rusiya Federasiyasının gəlirlərini kəsdi. İndi Asiyada vəziyyət əksinə inkişaf edir - Rusiya ənənəvi İran bazarlarına dempinq etməklə İran neftini sıxışdırır.
Problemi və maraqların toqquşmasını həll etmək üçün İran da ənənəvi tərəfdaşlarına böyük endirimlər etmək qərarına gəlib. Ona görə də şübhəsiz ki, Tehranda keçirilən görüşdə tərəflər bu mövzuda da danışıqlar aparıblar. Əsasən, İran və Rusiya Federasiyası hər iki tərəfə uyğun olan hansısa qiymətin razılaşdırılmasında maraqlıdır.
Hər halda, İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların canlanması kontekstində İran pilotsuz təyyarələrinin Rusiyaya tədarükü çox şübhəlidir. İranın "neft oyunu"na qayıtması Tehrana daha çox fayda gətirir. Həqiqətən də, 2015-ci ildə sanksiyaların götürülməsindən sonra o, sözün əsl mənasında Qərb və Çin investorları üçün Məkkəyə çevrilmişdi.
Müəllif: Maksim Yali
Tərcümə AYNA-ya məxsusdur
Müəllif: Turan Abdulla