Azərbaycanda qonşu ölkə liderlərinə mənfi münasibət bəsləyənlərin bəziləri təəssüf ki, heç öz dövlətlərinə də vurğun deyirlər, səhər-axşam ölkənin havasından tutmuş hakimiyyətinə qədər hər şeydən giley edirlər, “yaşamalı ölkə deyil” deyirlər
Rusiya prezidenti Putinə Azərbaycanda olan münasibət əksərən mənfidir ki, bu isə onun personasından daha çox rəhbərlik etdiyi ölkəyə olan ictimai rəylə bağlıdır. Azərbaycan ictimai rəyinin digər qonşulara münasibəti də Türkiyə və Gürcüstan istisna olmaqla əsasən, mənfidir. Yəni mənfi münasibətə səbəb rəhbərlərinin kimin olması deyil, həmin ölkənin tarixən bizə olan münasibətdən qaynaqlanır. Sabah Rusiyada, İranda hakimiyyətə başqa biri gələrsə və ya Paşinyan rədd olub gedərsə, onların yerlərinə keçənlər bizə qucaq açmayacaq ki...
Amma yeri gəldi, onu da deyim ki, bu ölkələrə rəğbəti olmayanların bəziləri təəssüf ki, heç öz ölkələrinə də vurğun deyirlər. Səhər-axşam ölkənin havasından tutmuş hakimiyyətinə qədər hər şeydən giley edirlər, “yaşamalı ölkə deyil” deyirlər. Etiraf edin ki, hər gün belə adamlarla qarşılaşırsız, həm də bir deyil, beş deyil...Peşmansan məsələn, deyəsən ki, “hamı bu ölkədən baş götürüb qaçmaq istəsə, axırımız necə olacaq?” O zaman da adama ya şübhə, ya da çəpəki baxırlar. Deməyim budur ki, ictimai rəy əslində “çiynində” ciddi yük daşısa da, bir çox hallarda onu məsuliyyətini ümumiyyətlə, ya tam anlamır, ya da səmimi deyil.
Rusiya ictimai rəyi haqda da bu mənada qəti fikir söyləmək çətindir. Məsələn, bugünlərdə “İctimai Rəy” Fondu Putinə etimad reytinqini dərc edib. Məlum olur ki, Putinə etimad yenə yüksək olaraq qalır. 78 faiz böyük dəstək reytinqidir və Ukraynada müharibə başlanmasından ötən 5 ayda yüksək qalmaqda davam etməsi əslində, daha çox... milli məsələdir. “Milli məsələni” qısaca izah edim.
Krımın işğalından sonra Rusiyaya ilk sanksiyalar tətbiq olununda redaksiyaya müsahibə üçün hörmətli Vahid Əhmədov gəlmişdi. O zaman deputat deyirdi ki, Rusiya tezliklə ciddi iqtisadi-siyasi böhran yaşayacaq, batacaq və sairə... İqtisadçı deputata İkinci Dünya müharibəsində Leninqradın mühasirəsini xatırlatdım, “ruslar belə çətinliklər görüblər, Qərbin onları çörəklə sınağa çəkməsi mənasız işdir”dedim. O səbəbdən Putinin Ukraynaya yenidən hücumundan sonra tətbiq edilən çoxsaylı sanksiyalara baxmayaraq, reytinqinin niyə hələ də yüksək olmasının səbəbləri üzərində baş sındarmağa dəyməz. Əhəmiyyətin azaltsaq mentalitet, böyütsək, milli məsələdir...
Mümkündür ki, alternativ sorğu mərkəzləri daha fərqli nəticə də ortaya qoya bilər, bəlkə də rusiyalı prezidentin reytinqi bu qədər yüksək də deyil. Üstəlik, Rusiya avtoritar ölkədir, azad media yoxdur, ictimai rəy isə həm də ciddi basqı altındadır.
Bəli, Putinin müharibəsinə etiraz edib gedənlər də var, bu həm də təkcə Alla Puqaçova kimi oxuyub-oynayanlar deyil, digərləri də var, ümumiyyətlə, Rusiyadan həqiqətən də yaxın ölkələrə rusların səssiz köçü davam edir. Onlar nə Putinə, nə onun müharibəsinə, nə də Rusiyanın gələcəyinə inanırlar. Amma o da faktdır ki, Qərb sanksiyalarla ölkə daxilində ciddi parçalanmaya və qarşıdurmaya, son nəticədə isə hakimiyyət dəyişikliyinə (və ya onun laxlamasına) nail ola bilmədi. Yəqin ki, Qərbin Rusiyaya qarşı birləşməsi də cəmiyyətin konsolidasiyasına kömək edir. Rus toplumu da düşünür ki, Qərb bizi bir dövlət olaraq məhv etmək istəyirsə, biz də hakimiyyətin yanında dayanmalıyıq. Nyutonun qanunu budur: təsir, əks təsirə bərabərdir...Ərazilərin itirilməsinə baxmayaraq, Zelenskinin də reytinqinin yüksək olması Rusiyanın təcavüzkar siyasətinə bağlıdır. Ölkə iqtisadi vəziyyət də daxil ağır durumdur, amma ukraynalılar da düşünürlər ki, Rusiya bizim üstümüzə gəlirsə və buna qarşı duran Zelenskidirsə, niyə də onu dəstəkləməyək?
Putin Rusiyada hələ nəyə nail olmaq istəyir, hansı xəyallarla yaşayır, şəxsən mənim üçün tam anlaşılan deyil. Yeni imperiya qurmaq, SSRİ-ni bərpa etmək və sairə nağıldır. Bunu bir Putin deyil, heç üç Putin gəlsə də, edə bilməz...
Avropalılar ruslar kimi idealist deyillər, “qarnımız ac, amma ərazimiz bol olsun” düşünmürlər... |
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da ciddi şəkildə deyib ki, Tehran səfərinə Vladimir Putin deyil, onun oxşarı gedibmiş. Ukraynalı yüksək rütbəli hərbçi əmindir ki, təyyarədən enən siyasətçi Rusiya rəhbərinə oxşamır.
Tanınmış amerikalı diplomat Henri Kissincer isə ciddi adamdır və onun dediklərinə qulaq vermək gərəkir. Almaniyanın "Der Spiegel" nəşrinə verdiyi son müsahibədə diplomatiyanın “Dədə Qorqud”u deyib ki, Moskva tezliklə Ukrayna böhranı ilə bağlı danışıqlara qayıtmağı təklif edəcək. Amma ardınca da xəbərdarlıq edib ki, Vaşinqton və Brüssel Rusiya ilə danışmaqdan imtina etsələr, Avropaya “otuz illik müharibə ilə müqayisə olunan cəhənnəm” gələcək. Kisincer Qərb liderlərinə xəbərdarlıq edib ki, Rusiya ilə danışıqlardan imtina Avropada böyük müharibəyə gətirib çıxara bilər.
Kissincerin fikrincə, ABŞ-ın hazırkı hakimiyyət orqanları ölkənin daxili problemləri ilə məşğul olmaq əvəzinə, müttəfiqləri ilə birlikdə Rusiya və Çin timsalında “dünya hegemonluğu üçün təhlükəni məhv etməyə çalışırlar”. “O (Vladimir Putin. — red.) Berlinlə Rusiya sərhədi arasındakı demək olar ki, bütün ərazinin NATO-ya keçməsi faktını qəbul edə bilməz”, - Kissincer bildirib.
...Avropada vəziyyət isə Kissincerin təsvir etdiyi kimidir. Conson(Böyük Britaniya), Draqi(İtaliya) Ukrayna müharibəsinin ölkələrində yaratdığı sosial problemlərə görə istefaya məcbur olublar. Sırada Şolts ola bilər. Avropalılar ruslar kimi idealist deyillər, “qarnımız ac , amma ərazimiz bol olsun” düşünmürlər. Onlar realistdirlər və o səbəbdən hökumətləri bir-bir taxtdan salırlar. Bu isə artıq milli məsələ deyil, insan kimi yaşamaq istəyidir...
Nazim SABİROĞLU,
Musavat.com