Kremlin "xüsusi əməliyyat"ı pisləyənlərə qarşı repressiyası: deputat 7 il həbs aldı, sağlam jurnalist isə dəlixanaya göndərildi
Rusiyada bu ölkənin Ukraynaya qarşı işğalçı müharibəsini pisləyən sadə vətəndaşlarla yanaşı, deputatlar, jurnalistlər də cəzalandırmaqdadır. Müharibə əleyhinə çıxış edən Moskvanın Krasnoselski rayonunun bələdiyyə deputatı Aleksey Qorinov da bu gün cəzalandırılıb. Moskvanın Meşanski Rayon Məhkəməsi deputatı 7 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “Freedom to Aleksey Qorinova” "Telegram" kanalı məlumat yayıb.
Qeyd edək ki, martın 15-də Krasnopresnenski Bələdiyyə Şurasının iclasında deputat Ukraynada uşaqların öldüyü bir vaxtda uşaq rəsmləri müsabiqəsinin keçirilməsini rüsvayçılıq hesab etdiyini açıqlamışdı.
Qorinov həmin iclasda belə çıxış edib: “İndiki dövrdə uşaqların rəsm müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər planı qəbul etməyə ehtiyac yoxdur. Hansı asudə vaxtdan və əyləncədən danışmaq olar? İndi hamımız başqa həyat tərzinə keçmişik, qonşu suveren dövlətin ərazisində təcavüzkar hərbi əməliyyatlar aparılır. Təəssüf ki, bu, təcavüzkar əməliyyat ölkəmiz tərəfindən həyata keçirilir. Zəhmət olmasa deyin, Ukraynada hər gün uşaqların öldüyü dövrdə hansı uşaq rəsm müsabiqəsindən, əyləncədən, Uşaqlar Günü və Qələbə Gününə həsr olunmuş rəqs proqramlarının təşkilindən danışırıq?".
"Ukraynada yüzlərlə uşaq ölüb, uşaqlar yetim qalırlar. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin bütün səyləri yalnız müharibənin dayandırılmasına və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına yönəldilməlidir, belə şənliklərə yox”, - deyə Qorinov söyləmişdi.
Aprelin 27-də deputat Rusiya Federasiyasının və onun vətəndaşlarının maraqlarını, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün Rusiya Silahlı Qüvvələrinin apardığı "xüsusi əməliyyatlar" haqqında yalan məlumatları açıq şəkildə və qəsdən yaymaqda ittiham edilərək həbs olunub. Bu gün - iyulun 8-də Meşanski Rayon Məhkəməsi Qorinovu 4 il dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını cəzaçəkmə müəssisəsində cəza çəkəcək.
İş üzrə ikinci təqsirləndirilən şəxs Krasnoselski rayonunun Deputatlar Şurasının rəhbəri Yelena Kotenoçkinadır. O, Rusiyanı vaxtında tərk etdiyi üçün haqqında qiyabi həbs hökmü verilib.
Xatırladaq ki, Kotenoçkina bələdiyyə deputatının həbsinə səbəb olan çıxışı zamanı Qorinovu dəstəkləmiş və belə demişdi: "Məmurlar özləri üçün qələbə günləri təşkil etdilər və bu, nəyə gətirib çıxardı? Faşist dövlətinin yaranmasına. Mən Rusiyanı nəzərdə tuturam".
Bundan əvvəl Voronej vilayətinin Rayon Şurasının deputatı da Ukraynadakı müharibənin əleyhinə çıxış etdiyinə görə cəzalandırılmışdı.
Rusiyada "xüsusi əməliyyat" adı altında aparılan işğalçı müharibənin pislənməsinə görə daha bir cəza isə insanları "dəli" adı ilə xəstəxanaya yerləşdirməkdir. Belə ki, Ukraynanın Mariupol şəhərinə hücumu tənqid etdiyi üçün saxlanılan rusiyalı jurnalist Mariya Ponomarenko iki gün əvvəl ruhi xəstəxanaya aparılıb. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı “Ağıllı insanlar sülh tərəfdarıdır” paylaşımından sonra xanım jurnalist Kremlin hədəfində idi. İki uşaq anası olan 44 yaşlı M.Ponomarenko iddia edir ki, hakimiyyət müharibəyə qarşı çıxdığı üçün onu susdurmağa çalışıb. Rusiya rəsmiləri isə jurnalisti “Ukraynadakı xüsusi hərbi əməliyyat”la bağlı “saxta” xəbərlər yaymaqda ittiham edirlər.
Mariupol şəhərində yüzlərlə dinc sakinin ölümü ilə nəticələnən teatra hücumdan sonra Ponomarenko “Telegram”da Rusiya hökumətini tənqid edərək, “Minlərlə günahsız insanın ölümünə bilə-bilə susmaq mümkün deyil. Ağıllı insanlar sülh tərəfdarıdır..”, - paylaşımında qeyd etmişdi.
Britaniyanın “Daily Mail” qəzeti jurnalistin Sibirdə “qəddar psixiatriya xəstəxanası"na yerləşdirildiyi barədə məlumat dərc edib. Ponomarenkonun vəkili Sergey Podolski bu iddiaları təsdiqləyib və jurnalistin vəziyyətinin 28 gün ərzində Altay Klinik Psixologiya Xəstəxanasında qiymətləndiriləcəyini bildirib.
Səhhətində heç bir problemi olmayan jurnalistlə bağlı qərar təəccüb doğursa da, ekspertlər bunun sovet dönəmində dissidentlərə verilən cəzalara bənzədiyini vurğulayıblar. Ümumiyyətlə, analitiklər hesab edirlər ki, Rusiyada müharibə əleyhinə olanların sayı milyonlarla deyil. İşğalçılığı pisləyən sadə vətəndaşlar, ziyalılar, vəzifəlilər azdır ki, onların əksəriyyəti də ağır cəzadan qorxduqları üçün səslərini çıxara bilmirlər. Müharibənin ilk günlərində Moskva, Sankt Peterburq kimi orə şəhərlərdə etiraz aksiyaları keçirildi ki, etirazçıların əksəriyyəti Kreml hakimiyyəti tərəfindən həbsxanalara dolduruldu. Mütəxəssislər hesab edirlər ki, bu yöndə repressiyalar müharibə zamanı, hətta müharibədən sonra da davam edəcək.
Müəllif: Turan Abdulla