Rusiya yenidən nüvə təhdidini gündəmə gətirdi: "Bizim üçün həmin məhkəmə şousunu kim aparacaq?"
Rusiya hərbi-siyasi rəhbərliyinin Ukraynada törətdiyi cinayətlərə baxacaq xüsusi beynəlxalq tribunal bu il fəaliyyətə başlayacaq. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Andrey Smirnov “Forbes”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda bir neçə yol müzakirə olunur.
"Tribunal işə başlamazdan əvvəl işi mükəmməl qurmaq lazımdır. Ukrayna Prokurorluğunun nümayəndə heyəti tribunalın yerini, hansı ölkələrin ona daxil olacağını və kimə həvalə edəcəyini razılaşdırır. Beynəlxalq tribunal Avropada yerləşəcək. Əvvəlcə ofisin Kiyevdə olacağı nəzərdə tutulurdu. Mülki Məhkəmə hətta bunun üçün könüllü olaraq bina da vermişdi. Binanın Rusiya səfirliyi ilə üzbəüz yerləşməsi simvolikdir", - Smirnov deyib.
Ukrayna Prezident Ofisinin rəsmisi qeyd edib ki, qərar elə olmalıdır ki, sivil dünyanın bütün ölkələrində bu quruma etimad mütləq olsun: “Tribunalın zərərçəkmiş ölkənin ərazisində yerləşməsi birmənalı qarşılana bilərdi”.
Tribunala qoşulacaq ölkələrin sayı hələlik məlum deyil. Avropa Parlamenti artıq xüsusi beynəlxalq tribunalın yaradılmasının zəruriliyini qəbul edib və bunun üçün texniki və maliyyə dəstəyi göstərməyə çağırıb.
Xüsusi beynəlxalq tribunal məsələsinə Rusiyadan reaksiya verilib. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev "Telegram"dakı paylaşımında deyib ki, ən böyük nüvə potensialına malik olan ölkənin cəzalandırılması ideyası özlüyündə absurddur: "Bu, potensial olaraq bəşəriyyətin varlığını təhdid edir. Mən Rusiyanın hərəkətlərinin qondarma təhqiqatı üçün tribunallar və ya məhkəmələr yaratmaq cəhdlərini axmaqlıq adlandırıram".
"Bu təkliflər təkcə hüquqi cəhətdən etibarsız deyil, həm də ən böyük nüvə potensialına malik olan ölkənin cəzalandırılması ideyası özlüyündə absurddur və potensial olaraq bəşəriyyətin varlığını təhdid edir”, - Medvedev deyib.
Medvedev İkinci Dünya müharibəsindən sonra ABŞ-ın apardığı hərbi əməliyyatları və müharibələri xatırladaraq qeyd edib: “Vyetnam, Koreya, Yuqoslaviya, İraq, Kuba, Əfqanıstan və Suriya bu cür işğalların nə qədər fəlakətli nəticələrinin olduğunu yaxşı bilirlər. Siyahı uzundur və daim yenilənir. "Global Research"də dərc olunan araşdırmaya görə, Amerika İkinci Dünya müharibəsi bitdikdən sonra 37 ölkədə 20 milyondan çox insanı öldürüb. Fikir verin - 20 milyondan çox! Bu məqalənin müəllifi Ceyms A Lukas ədalətli sual verir: ABŞ digər ölkələrdə nə qədər “11 sentyabr” nümayiş etdirib? Cavab on minə yaxındır. Beləliklə, bizim üçün həmin məhkəmə şousunu kim aparacaq? Cəzalandırılmadan insanları öldürən, hərbi cinayətlər törədənlər, lakin onların maliyyələşdirdiyi beynəlxalq strukturlarda əsl qınaqla qarşılaşmayanlar? Onların müstəsnalığına və cəzasızlığına bu qədər inananlar? Başqalarını mühakimə etmək hüququna sahib olduqlarına inananlar? Bütün bunlar Rusiya ilə işləməyəcək”.
İndiyədək ölkə rəhbərləri barədə beynəlxalq tribunallar qurulub. Belə ki, İkinci Dünya müharibəsindən sonra Nünberq və Tokioda tribunallar, yaxın dövrdə xüsusi məhkəmələr olub. Bosniya, Kamboca, Ruandada törədilən hərbi cinayətlərə görə aparıcı liderlər mühakimə ediliblər.
Yuqoslaviyanın keçmiş lideri Slobodan Miloşeviç 1990-cı illərin əvvəllərində ölkədə qanlı münaqişələri qızışdırmağa görə Haaqada BMT tribunalına çıxarılıb. Amma məhkəmə hökm çıxarmamış öz kamerasında vəfat edib. Onun Bosniya serbi olan müttəfiqi Radovan Karaciç, Bosniya serblərinin komandiri General Ratko Mladiç mühakimə olunublar, hazırda ömürlük həbs cəzası çəkirlər.
Liberiyanın keçmiş Prezidenti Çarlz Teylor qonşu Siera Leonedə vəhşilikləri himayə etdiyi üçün 50 illik həbsə məhkum edilib. Çadın keçmiş diktatoru, ötən il vəfat etmiş Hisen Habr bəşəriyyətə qarşı cinayətlərə görə Afrika məhkəməsində mühakimə olunmuş ilk keçmiş dövlət başçısı olub, ömürlük həbsə məhkum edilib.
Müəllif: Turan Abdulla