Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mariupol dəhşətləri azərbaycanlı jurnalistin gözü ilə


Azərbaycanlı hərbi jurnalist Ayxan Hacıbəyli Rusiya qoşunlarının ölkəyə soxulmasından xəbər tutan kimi Ukraynaya gedib.

O, bir neçə il Mariupolda yaşayıb və şəhərin faciəsinə biganə qala bilməyib. 

İndi o, mülki şəxslərə kömək edir və Ukrayna mətbuatı üçün reportajlar yazır. 

Bu yaxınlarda onun köməyi ilə azərbaycanlı tələbə Hüseyn Abdullayev rus əsirliyindən xilas edilib. 

Ayxan Hacıbəyli müsahibəsində kadırovçularla aparılan danışıqlardan və Mariupolda baş verən dəhşətlərin  təfərrüatlarından danışıb: 

– Çoxdan Mariupoldasınız?

– 2012-ci ildə Mariupol Dövlət Universitetinin politologiya  fakültəsinə daxil olmuşam və Ukraynaya köçmüşəm. 2014-cü ildən hərbi jurnalist kimi fəaliyyət göstərirəm. "Azov ictimai televiziyası” internet kanalının redaktorlarından biri olmuşam. İndi aspirantam, amma pandemiya ilə əlaqədar dərslər onlayn keçirildiyi üçün Bakıya qayıtmışdım (Ayxan Hacıbəyli Basta saytının və Turan agentliyinin əməkdaşıdır – Basta ). 

– Yəni rus qoşunlarının işğalı barədə Azərbaycanda olarkən xəbər tutmusunuz? 

– Bəli və bundan  dərhal sonra Ukraynaya getmək qərarına gəldim. Fevralın 24-də Moldovaya bilet almışdım, lakin o vaxt ölkə artıq öz hava məkanını bağlamışdı, ona görə də Rumıniyaya viza üçün müraciət etməli oldum və oradan Kiyevə getdim. Sonra Zaporojyeyə getdim. Vaxtımın çoxunu Ukraynanın Donetsk vilayətinin yaxınlığında keçirirəm. Başqa cür edə bilməzdim, çünki Mariupol mənim doğma şəhərim olub, burada  mənə əziz olan insanlar var. 

– Genişmiqyaslı müharibənin başlaya biləcəyini gözləyirdinizmi? 

– Düzünü desəm, mən buna çoxdan psixoloji olaraq  hazır idim.  Unutmayaq ki, müharibə səkkiz ildir davam edir. 2014-cü ildən bəri hər gün üç-dörd Ukrayna əsgəri ölür. Yadımdadır ki, hələ o vaxt Mariupolda bizə özünümüdafiə mövzusunda mühazirələr oxunurdu. Mütəxəssislər işğal zamanı yaşayış məntəqəsinin necə qorunacağını, rabitə və həyat üçün şəraitin olmadığı halda necə hərəkət etməli olduqlarını oyrədirdilər. Rus ordusunun Ukraynaya girəcəyini gözləyirdim, amma şəhərin bu cür yerlə-yeksan ediləcəyini təsəvvür edə bilməzdim. 

– İndi Mariupolda azərbaycanlılar çoxdur? 

– 2019-cu ilə qədər Ukraynada mənim qurucusu olduğum  "Donetsk vilayətinin azərbaycanlı gəncləri” təşkilatı fəaliyyət göstərirdi. Onun mövcud olduğu müddətdə mən Mariupol azərbaycanlılarının siyahıya alınmasını aparmışam. Onları ata adı ilə "oğlu” və "qızı” yazılması ilə müəyyən etmişdik. 

O vaxt onların sayı 2159 nəfər idi. Amma bilin ki, Ukrayna vətəndaşları olan bir çox azərbaycanlı pasportlarında məsələn, "İbrahimoğlu” yox, "İbrahimoviç” yazır. Ona görə də azərbaycanlıların həqiqi sayının dəfələrlə çox olduğunu güman etmək olar. Müharibə başlayanda soydaşlarımızın Mariupoldan çıxmaq istəmədiyini nəzərə alsaq, çox güman ki, hazırda orada iki minə yaxın azərbaycanlı olduğuğunu təxmin edə bilərik. Onların taleyi haqqında heç nə bilmirik.

Mariupolda qalan qohumlarını axtaran azərbaycanlı ailələrdən hər gün mesajlar alıram. Onlar haqqında az da olsa məlumat tapmağa çalışıram. Mən bilirəm ki, bəziləri Rusiya Silahlı Qüvvələrinin işğal etdiyi digər ərazilərə, məsələn, Krıma aparılıb, kimsə ölüb. Məsələn, Mərkəzi Bazarın direktoru, Mariupol Şəhər Şurasının deputatı azərbaycan əsilli Zurab Qətəmovun başını kəsiblər. Hazırda şəhərdə əsl dəhşət baş verir.

Mən Mariupoldan olan qaçqınlara yardım edirəm: dərman və yemək paylayıram, ev tapıram, evakuasiya prosesini həyata keçirirəm. Nəzərə alsaq ki, şəhərdə tanınmış adam idim, çoxları məndən kömək istəyir və mən onlara "yox” deyə bilmərəm. Məsələn, hazırda Ukraynanın işğal olunmuş Novoazovsk kəndində Türkmənistandan olan 17 tələbə var, onları evə göndərmək üçün oradan çıxarmağa çalışıram. 

– Hüseyn Abdullayevin rus əsirliyindən xilas edilməsinə də köməklik etmisiniz… 

– Bəli. Kadırovçulara əsir düşəndə ən yaxın dostum Elvir Əsədov mənə zəng etdi. Dedi ki, dostu yoxa çıxıb, sonra Hüseynin atası mənə yazdı. Ukraynadakı müxtəlif təşkilatlara, Azərbaycan diasporlarına zəng etməyə başladım. Və Elvirin qardaşı İsa Əsədov Azərbaycanın Rusiyadakı səfirliyinə getdi, oradan dəstək almadıq. Hüseynin Berdyanskdakı istintaq təcridxanasında olması faktını Ukrayna sosial xidmətlərindən öyrəndim. Azərbaycan diasporunda yaranmış vəziyyətə reaksiya verən yeganə nüfuzlu şəxslər Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və onun müavini Murad Cəfərov olub. Onlar Azərbaycanın Xarici İşlər Nazirliyinə və Ukraynadakı səfirliyimizin nümayəndələrinə zəng etdilər. 

– Kadırovçularla danışıqlar necə oldu? 

– Mən Hüseynə müxtəlif nömrələrdən zəng etdim. Eyni zamanda Elvir də dəfələrlə zəng edib. İlk dəfə zəngə cavab veriləndə telefona kimin cavab verdiyini anlamadığım üçün kifayət qədər kobud danışdım. Fikirləşdim ki, Hüseynin smartfonunu talançılar oğurlayıblar. Sonra onların Kadırovun adamları olduğunu anlayım və tonu dəyişdim… Dedilər ki, Hüseyn onların əsirliyindədir. Qeyd edim ki, özümü tam təqdim etmədim, sadəcə tələbə və  Hüseynin dostu olduğumu dedim. 

– Sizinlə bir neçə nəfər danışıb? 

– Zənglərə 4  müxtəlif adam cavab verib: çeçen rəis, çox güman ki, bir rus hərbçisi, tam ləhcəsiz danışan birisi və bir rus dilində çətinliklə danışan şəxs (bəlkə də qafqazlı). Dərhal hər biri ilə dil tapdıq. Məsələn, onlardan biri avtoritet anlayışları qəbul edir, ona görə onunla kriminal jarqonla danışdım. Çeçen isə çox dindardır, çünki hər ikinci sözdən sonra "İnşallah” və ya "Əlhəmdulillah” deyirdi, ona görə də onunla İslamdan danışdıq. Bu alçaqlara nəzakətlə müraciət etməli olurduq, çünki Hüseynin həyatı onların əlində idi.

 – Azərbaycan vətəndaşı olan şəxsi, özü də tələbəni əsir götürmələrini necə izah edirdilər? 

– Bütün sənədləri, o cümlədən tələbə bileti yanında olsa da, onlar Hüseynin əsgər olduğunu iddia edirdilər. Elvir çeçenə dedi: "Mən peyğəmbərə and içə bilərəm ki, oğlan tələbədir, amma sən də onun əsgər olduğuna and içə bilərsənmi?” Bu sözdən sonra Kadırovçu dərhal telefonu qapatdı. O, hər dəfə söz tapa bilməyəndə bunu edirdi. Məsələn, soruşduq ki, siz müsəlmansınız, niyə Mariupolda məscidləri bombalayırsız? O, cavab əvəzinə əvvəlcə sükut edib, sonra isə telefonu qapatmışdı. 

– Tələbənin valideynləri ilə əlaqə saxlayırdınız… 

– …Hə, Hüseynin atası ilə gündə üç dəfə danışırdım. Mən həmişə oğlanın valideynlərinə deyirdim ki, hər şey yaxşı olacaq. Amma sonra əsirlikdə vurulanlardan xəbər tutdum və sözləri dəyişməli oldum: "İnşallah, hər şey yaxşı olacaq”. 

– Onun azadlığa çıxacağı barədə sizə nə vaxt məlumat verildi? 

– Aprelin 12-də saat 00:30-da Elvirə bir kadırovlu zəng vursa da, telefonu götürə bilməyib. Sonra özüm zəng etdim (ilk dəfə öz nömrəmdən) və yenə dedim ki, Hüseynin tələbəsi və dostuyam. Çeçen müqəddəs Ramazan ayı münasibəti ilə Hüseyni azad edəcəyini bildirdi. Mən dərhal oğlanın valideynlərinə xəbər verdim. 

Hüseynlə Zaporojyedə görüşdük və ürəyində problem olduğu üçün xəstəxanaya apardıq. Onun ciddi psixoloji yardıma da ehtiyacı var. O, Mariupol soyqırımından keçib və əsirlikdə 25 günlük işgəncədən sağ çıxıb. Mən özüm də  bu müddət ərzində saçımın ağardığını fərq etdim. Düşündüm ki, dözüş gtirirəm, amma belə olmadı. Hüseynə "Karitas Mariupol” Xeyriyyə Fondundan olan dostlarım hər cür kömək etdilər. Hikmət Cavadov onun üçün Bakıya bilet alıb. Ukraynadakı səfirliyimizin nümayəndələri isə yalnız onun azadlığa çıxmasından sonra fəaliyyətə başlayıblar. Hüseynə 100 avro veriblər. 

– Mariupolda baş verənləri soyqırım adlandırırsınız… 

– Başqa necə adlandıraq? Aprelin 14-də dəfn edilmiş Mariupol sakinlərinin sayı beş min nəfəri ötüb. Bu, dağıntılar altında ölənləri nəzərə almadan olan rəqəmdir. Həmin gündən şəhər daha da intensiv şəkildə bombalanır. İndi düşünürəm ki, ölənlərin sayı 20 mini keçib. Bunun artıq bütün sübutları var. Google xəritəsini aça bilərsiniz və orada bir dənə də olsun salamat ev qalmadığını görə bilərsiniz. Mariupol tamamilə məhv edildi. 1944-cü ildə Varşava bu cür dağıdılıb (1939-1944-cü illərdə faşistlərin işğalı zamanı Varşavanın mərkəzi demək olar ki, tamamilə dağıdılıb – red.). 

İndi şəhərdə nə rabitə var, nə qaz, nə işıq, bir sözlə, yaşayış üçün heç bir şərait yoxdur. Yerli əhalinin taleyini yalnız humanitar yardım alanda və ya təxliyə ediləndə bilmək olar. İşğal olunmuş şəhərlərin sakinlərinə humanitar yardımdan danışırlar, kadırovçular yeşiklərdən ciyər çıxararaq ukraynalıları yedizdirdiklərini göstərirlər. Əslində isə hər şeyi özlərinə götürürlər. 

– Mariupoldakı yaxınlarınızdan danışdınız… 

– Onların yarısı artıq ölüb, digərləri isə əsirlikdədir… Mən hələ çoxları haqqında heç nə bilmirəm. Bu müddət ərzində mən özüm müntəzəm atəşdən gizlənə bildim, yanımda bombalar partladı, amma bu, Mariupol sakinlərinin yaşadıqları ilə müqayisədə xırda məsələlərdi. Şəxsən tanıdığım adamlar var ki, ölən uşağı dəfn etmək üçün, onun parçalarını toplayıblar… Sonra onlar şəhərdən evakuasiya edilərək rus keçid məntəqəsindən keçdilər və bəxtləri gətirsə, qatillərin gülümsəyərək dediyi bu sözləri eşitdilər: "İşiniz xeyirli olsun, sizə uğurlu yollar”. 

Bir gün eyni universitetdə oxuduğumuz bir tanışım yemək bişirmək üçün Mariupoldakı evinin yanında ocaq qalayıb. Anası və nənəsi ondan təxminən 20 metr aralıda dayanaraq prosesi izləyiblər. Təsəvvür edin, oğlana baxırlar – və düz gözlərinin qabağında onun üstünə bomba düşür… Ölən uşağın qanı və ət parçaları anasının başından aşağı tökülür. 

– Bu nə dəhşətdir… 

– Onun ailəsi Mariupoldan təxliyə olunub. Mən onlarla danışdım. Faciəni mənə mərhumun əmisi oğlu danışıb. Anası və nənəsi isə oğlanın itkin düşdüyünü iddia edir. Deyirlər ki, mərmi başqa bir şəxsə dəyib və onların oğlu/nəvəsi çox qorxduğu üçün qaçıb. Qadınlar tam dəli olmamaq üçün özünü aldatmaqla məşğul olurlar… Və belə hekayələr kifayət qədərdir. Ən pisi odur ki, mən ölənlərin çoxunu tanıyıram. Onlarla bir masada oturmuşam… Təsəvvür edirsiz, Ukrayna qalib gələndən sonra da mən onları heç görməyəcəyəm. Hər dəfə bir yoldaşımın ölüm xəbərini eşidəndə ah çəkirəm: "Nə pis oldu”. Amma  kədərlənməyə heç vaxt da yoxdur. 

– Mariupolda vəziyyət hər gün pisləşir…

– Bildiyimə görə, Rusiya ordusunun Ukraynada yerləşən on hərbi hissəsindən dördü Mariupolda yerləşir. Onların tərəfində artıq 22 mindən çox hərbçi həlak olub ki, onlardan 9-u generaldır. Bu, bütün komandanlığa rüsvayçılıqdır. Təsəvvür edin, on il davam edən Əfqanıstan müharibəsində rəsmi məlumatlara görə, 15 min rus əsgəri və təxminən 4-5 general həlak olub.

Bir qayda olaraq, Rusiyanın Mariupoldakı keçid məntəqələrində rus əsgərləri deyil, buryatlar, çeçenlər, ermənilər dayanıb. Ermənistan xüsusi təyinatlıları Vinoqradovka kəndində döyüş əməliyyatlarında iştirak edir. Bu fakt ermənilərə işləyən bədnam Semyon Peqovun rəhbərlik etdiyi War Gonzo layihəsinin süjetində sübuta yetib. Görüntülərdə erməni bayraqları olan hərbi geyimdəki əsgərlər açıq-aydın əksini tapıb, jurnalist hətta onlarla danışıb. 

– Amma mariupollular təslim olmur… 

– Və rus hərbçiləri, görünür, buna görə qəzəblənirlər. Mariupol sakinləri təslim olmurlar, çünki onların stimulu var, öz ərazilərindədirlər. Bir çox ukraynalı hərbi pilotlar  öz həyatlarını riskə qoyaraq könüllü olaraq şəhərə doğru ucub, və müdafiəçilərə  humanitar yardım atıb atıblar. 

Mariupol hadisələri "300 spartalı” filminin süjetindən heç də az faciəvi deyil. Hətta şəhərə kimyəvi silahlar da atılıb. Ötən gecə orada beş tonluq bomba partlayıb. Partlayış səsi 100 kilometr aralıda eşidilib. Nüvə bombası istisna olmaqla, Rusiya ordusu Mariupol sakinlərinə qarşı mümkün olan hər şeyi işə salıb. Üstılik orada nə qədər talan, zorlama faktları qeydə alınıb… Rus əsgərləri mənim hər bir tanışımın evinə soxulub, təbii ki, mümkün olan hər şeyi oğurlayıblar.

- Hardandır onlarda bu qədər nifrət? 

– Onlar təkcə başqalarına nifrət etmirlər, həm də özlərinə nifrət edirlər. Müharibə bunun bariz nümunəsidir. Rusiya tipik feodal dövlətidir. Ukraynada vuruşan  Rusiya hərbçiləri ömür boyu uduzan, normal həyat görməmiş insanlardır. İndi onlara silah və səlahiyyət verilib, üstəlik cəzasızlıq hissi. Bundan əlavə, onları hər saat əmrləri dəyişdirən dəhşətli yarıtmaz zabitlər idarə edir. 

– Bəs Rusiya mətbuatının apardığı təbliğatı necə qiymətləndirirsiniz? 

– Bu heyrətamizdir. Bu təbliğata inanmaq üçün nə qədər gerizəkalı olmalısan?! Ona inanmaq özünə hörmətsizlikdir. 

– Ukraynada çoxmu xarici jurnalistlər var? 

– Bəli, çoxdur. Düzünü desəm, ukraynalı jurnalistlər əsasən döyüş bölgəsinə göndərilir. Bəzi xarici müxbirlər burada olmalarını adi ezamiyyət  kimi qəbul edirlər. Təəssüf ki, tanışlarım, həmkarlarım arasında artıq çoxları həlak olub. Burada Azərbaycandan da müxbirlər var. 

- Sizcə, bu müharibə hər iki ölkə üçün necə başa çatacaq? 

– Bilirsiniz, biz xoşbəxt bir dövrdə yaşayırıq. Biz onun şahidi olacayıq ki, insanlar Putinin (Rusiya prezidenti Vladimir Putin – müəllif) nəhəng bir ölkəni bərbad günə qoyduğunu deyəcəklər.  İnanın, bu tezliklə baş verəcək. Əsas məsələ, bu gözəl günləri görmək üçün sağ qalmaqdır. Rusiya artıq məğlub olub, Ukrayna qalib gələnə qədər gözləmək qalır. Və bu, təkcə Ukraynanın deyil, bütün dünyanın qələbəsi olacaq. 

Leyla Eminova/media.Az
Tərcümə: Mustafa Hacıbəyli





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10