Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kökündən dəyişən situasiya – Bakıda əqrəblər Vaşinqtonu göstərir


Mümkündür ki, yaxın gələcəkdə Əliyevə Vaşinqtondan rəsmi dəvət gələcək

Rusiyanın Ukraynaya təcavüz etdiyi 24 fevral tarixindən sonra Vaşinqtonun  Cənubi Qafqaza, o cümlədən Azərbaycana diqqəti artıb. Baxmayaraq ki, müharibəyə start verilmzədən cəmi 2 gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı ilə “Qarşılıqlı fəaliyyət və müttəfiqlik haqqında bəyannamə” imzalamışdı. Bu sənəd iki ölkə arasında mövcud olan 250-dən artıq müqavilə və razılaşmaların ümumi toplusunu bir daha gözdən keçirməklə əksər sahələrdə qarşılıqlı fəaliyyəti və birgə maraqları əsas tutur.

Müharibənin gedişi Kremlin planlarına uyğun olmadı, Ukraynada ordu və xalqın işğala qarşı birgə dirənişi Qərbi hərəkətə gətirdi. ABŞ və Britaniyanın liderliyi ilə qısa müddətdə formalaşan anti-Rusiya koalisiyası Ukraynaya geniş miqyasda hərbi, siyasi, humanitar dəstək verməyə başladı və paralel olaraq Rusiyaya qarşı ağır iqtisadi sanksiyalara start verdi.

Yaranmış vəziyyət Azərbaycanla yanaşı postsovet məkanının digər ölkələrini də Kremllə məsafəni artırmağa və ehtiyatlı davranışa məcbur etdi. Nəticədə 22 fevralda imzalanmış müttəfiqlik sazişi böyük ölçüdə gündəmdən çıxdı və yalnız bəzi Rusiya rəsmilərinin ritorikasında qaldı. 

ABŞ-ın Azərbaycana diqqətinin artması da müharibənin başlamasından sonra yaranan yeni dövrə təsadüf edir. Bundan bir qədər əvvəl isə Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasına Vaşinqtondan ən yüksək səviyyədə dəstək ifadə olunmuşdu. Bu kontekstdə dekabrın 15-dən başlayaraq Brüsseldə keçirilməsinə start verilən Əliyev-Paşinayn görüşləri seriyasına Ağ Evdən və Dövlət Departamentindən verilən reaksiyaları qeyd etmək olar. 

Ötən 3 ayda Vaşinqton-Bakı münasibətlərinin xronologiyasına diqqət yetirdikdə ən yüksək səviyyədə atılmış addımlar diqqət çəkir. Məktublarda, telefon danışıqlarında və səfərlərdə ön plana çıxarılan mövzular da ümumilikdə mühüm əhəmiyyət malikdir:  

Martın 15-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Bundan başqa regional təhlükəsizlik məsələləri müzakirə edilib, Blinken Ukraynaya humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.

Martın 18-də ABŞ prezidenti Co Baydenin Azərbaycanlı həmkarı İlham Əliyevi Novruz Bayramı münasibəti ilə təbrik edib. Məktubda əsas mesaj bundan ibarət idi:

 “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcək. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

İlham Əliyev C.Baydenin mətubuna yazdığı cavabda isə qeyd olunub: 

“Enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır;

Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir;

Sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq;

ABŞ-dan olan şirkətlərin postmünaqişə dövründə bərpa və yenidənqurma işləriidə iştirakını görməkdən məmnun olardıq.

Aprelin 27-də ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtondan Bakıya səfər edib. Heyətə Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi daxil idi.

Bundan bir gün sonra – aprelin 28-də Dövlət katibi Entoni Blinkenlə İlham Əliyev arasında telefonla danışığı olub. Bu telefon danışığı mayın 6-da Brüsseldə keçirilən Azərbaycan-Ermənistan rəhbərlərinin görüşündən bir neçə gün əvvələ təsadüf edib. 

Telefon söhbətində 44 günlük müharibədən sonrakı vəziyyət, regionda kommunikasiyaların açılması və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər habelə ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparıblar.

Blinken və Əliyev Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi plüralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar.

Dövlət katibi bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını diqqətə çatdırıb.

İki həftə sonra – mayın 11-də Dövlət katibi Entoni Blinken yenidən Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları, bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. 

Entoni Blinken həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Söhbət əsnasında iki ölkə arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.

ABŞ Prezidenti Co Baydenin Azərbaycanlı həmkarına 28 may Müstəqillik Günü təbrikində isə mesajlar daha aydın və konkret sıralama ilə ifadə edilib: 

Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik;

Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir;

Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir; 

ABŞ bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. 

İyunun 1-də ABŞ Prezidenti Co Bayden Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə görə İlham Əliyevə göndərdiyi məktubda Vaşinqtonu Azərbaycanın sadiq tərəfdaşı adlandırıb:

“Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayır.

Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram”. 

İyunun 7-də isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Vaşinqtona səfərə gedib və burada yüksək səviyyəli rəsmilərlə, o cümlədən Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüb. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlər müzakirə olunub.

H.Hacıyevin səfərindən bir həftə sonra ABŞ Dövlət katibinin köməkçisinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə müavini Kara Makdonald iyunun 14-də Bakıda olub. O, vətəndaş cəmiyyəti təmsilçiləri, QHT nümayəndələri, hüquq sahəsində çalışan ekspertlər, müstəqil media və siyasi partiyaların nümayəndələri və həmçinin, Baş Prokurorluğun rəsmiləri ilə görüşüb.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfridin Azərbaycana səfəri də bundan bir gün sonraya təsadüf edib. Dövlət Departamentinin məlumatında bildirilirdi ki,  xanım Donfrid Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün Cənubi Qafqazın 3 ölkəsində olacaq. 

Əsas vurğu isə bundan ibarət idi:

Səfər zamanı doktor Karen Donfrid ABŞ-ın onların suverenliyinə və müstəqilliyinə dəstək verməsini, Azərbaycan, Gürcüstan və Ermənistanın öz yolunu seçmək hüququnu vurğulayacaq. 

Nəhayət iyunun 24-də ABŞ prezidenti Co Bayden Azərbaycanın Vaşinqtondakı səfiri Xəzər İbrahimlə görüşüb. Görüş barədə əlavə informasiya yoxdur və diplomat Tvit-də Co Baydenə minnətdarlıq edib. 

Təqdim olunan xronologiyanın əhatə etdiyi müddətdə Azərbaycan və Rusiya arasında cəmi bir neçə təmas olub. Prezident İlham Əliyev Rusiya günü münasibəti ilə Vladimir Putini təbrik edib, habelə Brüsseldə Paşinyanla keçirilmiş görüş haqda məlumat verib. Xatırladaq ki, Əliyev sözügedən müzakirə haqda daha əvvəli türkiyəli həmkarı R.T.Ərdoğanı məlumatlanıdırb. Qarabağ mövzusu kontekstində Baş nazirin müavini, üçtərəfli işçi qrupunda Azərbaycanın nümayəndəsi Şahin Mustafayevdə iki dəfə Moskvada olub. İyunun 23-24 isə Rusiya Xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edib.  Onun Bakıda keçirdiyi görüşlərdə informasiya təhlükəsziliyinə dair saziş imzalansa da, ikitərəfli münasibətlərə dair diqqətçəkən bəyanatlar müşahidə olunmayıb. 

Sıxlaşan və yüksələn xətt üzrə davam edən ABŞ-Azərbaycan münasibətlərində bir neçə prioritet məsələ var. Yuxarıda təqdim olunan xronologiyada 4 məsələ davamlı olaraq vurğulanıb: 

Azərbaycanda insan haqları və demokratiya, qanunun aliliyi ilə bağlı  problemlərin həlli istiqamətində addımların atılması;

Azərbaycan-Ermənistan münaqişəsinin güc tətbiqi olmadan, ərazi bütövlüyü və Qarabağ ermənilərinin təhlükəszilik hüquqlarının təmin olunması  çərçivəsində həll edilməsi;

Xəzərin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılmasına dəstəyin daha geniş miqyasda davam etdirilməsi;

Aqressivləşən Rusiya təhlükəsinə qarşı Azərbaycanın suverenliyinə açıq, birmənalı dəstəyin verilməsi.  

Rəsmi Bakı bu mövzular içərisində yalnız insan haqları və demokratik inkişaf problemləri ilə bağlı qısa mətnlərə üstünlük verib. Qalan digər mövzularda dialoq imkanlarını genişləndirməyə hazır olduğunu göstərib. Xatırladaq ki, ötən həftə Bakıda keçirilmiş beynəlxalq forumda prezident İlham Əliyev hazırda Azərbaycanın təhlükəsizliyi məsələləri üzərində çalışdığını vurğulamışdı.

Beləliklə, ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması üçün altyapı işləri tamamlanmaq üzrədir. Mümkündür ki, yaxın gələcəkdə Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtona rəsmi səfərə dəvət ediləcək və qeyd olunan 4 istiqamət üzrə ikitərəfli razılaşmalar bəyan ediləcək. 

Xatırladaq ki, Azərbaycan prezidenti 2006-cı ilin aprelin sonunda ABŞ prezidenti Corc Buşun dəvəti ilə Ağ evdə olub. Bundan sonra işgüzar səfərlər olsa da, Ağ Evdən rəsmi dəvət gəlməyib. Ekspertlər bunun səbəbini Azərbaycanda insan haqları, demokratiya sahəsində problemlər, Bakının tədricən Qərbə inteqrasiya xəttindən uzaqlaşaraq regionda mövqelərini gücləndirən Rusiya ilə yaxınlaşmaq kursu seçməsi ilə əlaqələndirirlər. Ötən müddət ərzində hökumət diplomatik və lobbi imkanlarını işə salsa da bu dəvəti əldə etmək mümkün olmayıb. 

Rusiyanın Ukraynaya qarşı təcavüzü regionda situasiyanı kökündən dəyişib. Əgər Ağ Ev ötən ilin dekabrında Azərbaycanı Baydenin elan etdiyi Demokratiya Sammitinə çağırmadısa da, sonrakı aylarda ikitərəfli münasibətlərdə göstərilən fəallıq yaxın gələcəkdə əlaqələrin sammit iştirakçısı olan ölklərələ eyni pilləyə çatdırılacağında ümidlər yaradır. Təbii ki, bu prosesin gedişi daha çox Azərbaycanın aparacağı daxili islahatların miqyasından və Qərbin prinsipial mövqeyindən asılıdır…

Turqut






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10