Arif Əliyev: “Kreml başçısı elə bir yola qədəm qoyub ki, artıq geri addım atması mümkün deyil”
Zərdüşt Əlizadə: “Putin kifayət qədər yaşlanıb və səhhətində problemlər var”
Son dövrlər Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan məlumatların sayı durmadan artır. Qərb mətbuatı vaxtaşırı olaraq Putinin ağır xəstə olması barədə xəbərlər tirajlayır. Prezident seçkilərinə hələ iki il qalsa da, qəbul olunan bəzi qanunlar, eks-prezidentlərin və onların ailə üzvlərinin toxunulmazlıq, eks-prezidentlərə Federal Məclisin ömürlük üzvü olmaq hüquqlarının verilməsi Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb.
Bu arada, hətta onun varisi olacaq şəxslərin də adları çəkilməyə başlayıb. İddialara görə, Vladimir Putin ilin sonuna qədər Prezident postunu Rusiyanın Baş naziri Mixail Mişustinə ötürəcək.
Məlumat üçün bildirək ki, Mişustin əslən Belarusdandır. Uzun müddət təhlükəsizlik orqanlarında çalışıb və Rusiya Federal Vergi Xidmətinin (FVX) rəisi postunu tutub. İki ildən artıqdır ki, Rusiya hökumətinə başçılıq edir.
Qeyd edək ki, Putinin özü də Prezident postuna Baş nazir vəzifəsindən gəlib. Ötən əsrin sonuncu günü – 31 dekabr 1999-cu ildə xalqa bayram təbriki zamanı Rusiya Prezidenti Boris Yeltsin gözlənilmədən istefa verib və Prezident səlahiyyətlərinin icrasını Baş nazir Vladimir Putinə həvalə edib. Bununla da Putin faktiki olaraq Rusiyanın rəhbərliyinə gətirilib.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, ABŞ və Avropanın Moskvaya qarşı tarixdə görünməmiş çoxvektorlu sanksiyaları fonunda Putinin istefaya gedəcəyi ilə bağlı xəbərləri ictimai rəyi çaşdırmaq cəhdi kimi qiymətləndirənlər də var.
Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev AYNA-ya açıqlamasında söyləyib ki, Putinin istefaya gedəcəyi ilə bağlı xəbərlər Qərbin işinə yarayır: “Məlumdur ki, Qərbin Moskvaya qarşı təzyiqləri əslində Rusiya ictimaiyyətinə deyil, Putin və komandasına qarşı yönəlib. ABŞ və Avropada belə hesab edirlər ki, Putin bütün bəşəriyyət üçün təhdiddir. Bu səbəbdən onunla haqq-hesabı çürütməyə çalışırlar. Embarqolar da daxildə oliqarxları və rus xalqını ayağa qaldırmağa hesablanıb. Düzdür, mövcud şəraitdə Putin və komandası daxili narazılıqları nəzarət altında saxlaya bilir. Həm iqtisadi resurslar hesabına devalvasiyanın qarşısını alırlar, həm də respressiyalar yolu ilə daxili xofu saxlayırlar. Lakin bu, uzun müddət belə davam etməyəcək”.
“O ki qaldı Putinin istefa verməsi ilə bağlı xəbərlərə, bunlar, böyük ehtimalla şayiədir. Çünki Putin artıq elə bir yola çıxıb ki, buradan geriyə qayıdışı mümkün deyil. İstefa verməsi və hakimiyyəti öz adamına ötürməsi bundan sonra heç mümkün də deyil”, - deyə həmsöhbətimiz bildirib.
Əliyevin sözlərinə görə, Putin əsas diqqətini daxili narazılıqları zərərsizləşdirməyə yönəldib: “Rusiyaya qarşı sanksiyalar paketi sürətlə yenilənir. Siyasi, iqtisadi təzyiqlər tükənmir. Dünyada ona qarşı böyük bir koalisiya qurulub. Müəyyən dövrlərdə Qərbin fikir ayrılıqları olsa da, Kremlə münasibətdə barışmaz mövqe nümayiş etdirilir. Təbii ki, Rusiya böyük ölkədir və Moskva müəyyən imkanlar hesabına öz mövcudluğunu qoruya bilir. Lakin embarqolar və təzyiqlər genişləndikcə təlatümlərin qarşısını ala bilməyəcəklər. Rusiyada iqtisadi vəziyyət kəskinləşdikcə əhali ayağa qalxacaq və Putin rejiminə öz etirazını bildirəcək. Putin üçün çətin günlər də məhz bundan sonra başlayacaq. Rusiya Prezidentinin istefaya gedəcəyi barədə xəbərlər Qərbin psixoloji təzyiq alətlərindən biridir və bundan sonra da bu texnologiyadan istifadə ediləcək”.
Politoloq Zərdüşt Əlizadə də AYNA-ya şərhində söyləyib ki, Putin əbədi deyil və olmayacaq: “Putin kifayət qədər yaşlanıb və görünən odur ki, səhhətində müəyyən problemlər mövcuddur. Heç kim dünyanı tutub getmədiyi kimi, Putin də dünyanı tutub getməyəcək. Lakin onun belə bir həssas məqamda istefaya gedəcəyi və öz yerini Mişustinə və ya digər şəxsə ötürəcəyi inandırıcı deyil. Bu, onun üçün intihar olardı”.
“Hesab edirəm ki, bunlar şayiədən başqa bir şey deyil. Rəsmi mənbələr də bunu təsdiq etmir. Heç təzyiq elementi kimi işə yaramır. Bu cür məlumatların Qərb kəşfiyyat orqanları tərəfindən dövriyyəyə buraxılması da az inandırıcıdır. Yəqin ki, Qərb mətbuatı diqqət çəkmək üçün belə xəbərlər tirajlayır və buna əhəmiyyət vermək lazım deyil”, - deyə müsahibimiz vurğulayıb.
Əlizadə ABŞ və Qərbin Ukraynaya dəstəyini də yetərli saymır: “Ukrayna nəhəng bir düşmənlə üz-üzə dayanıb. Qərb Ukraynaya silahlar və daha ciddi dəstək verməsə, nəticə Ukrayna üçün ürəkaçan olmayacaq. Artıq müəyyən geriçəkilmələr baş verir. Düzdür, Qərbin son addımları hansı məqsədlərə xidmət edir, bu barədə qəti söz demək mümkün deyil. Rusiya Ukraynanı işğal etməyə çalışır və bütün hallarda Qərb onu durdurmalıdır. Əgər bu hal baş verməsə, Qərb regiona təsirini tamamilə itirəcək. Görünən odur ki, ciddi dəstək yoxdur və Ukrayna ordusu ciddi çətinliklərə məruz qalıb. Bu isə öz növbəsində Kremlin mənafeyinə uyğundur”.
Müəllif: Azər Niftiyev