və ya əgər belə bir rəsmi qərar, əmr varsa...
May ayının son günlərində bir neçə tələbəmlə (BDU-nun Jurnalistika fakültəsinin) təkcə 20-ci yüzilliyin əvvəllərində deyil, elə bu gün də, sabah da qələmi, sözü, vətənpərvərliyi, millətsevərliyi ilə daim yaşar olan Üzeyir Hacıbəylinin və Hüseyn Cavidin ev muzeyini ziyarət etdik. Xəyal məni tələbəlik illərimə apardı.
Üzeyir bəyin ev muzeyinə ilk dəfə 1984-cü ildə BDU-nun Jurnalistika fakültəsinin I kursunda oxuyarkən bir neçə tələbə yoldaşım və görkəmli mətbuatşünas alim Qulam Məmmədli ilə gəlmişdim. Bundan sonra dəfələrlə Üzeyir bəyin ev muzeyində oldum, məqalələr hazırladım. Bu işdə hər dəfə muzeyin o zamankı direktoru Ramazan Xəlilovdan çox böyük dəstək gördüm. Ramazan müəllimin muzeydə hər şeyə qayğı ilə, sevgi ilə yanaşması bu gün də xatirimdədir. Maraqlıdır, nə vaxt getsəm, Ramazan müəllimi orada görürdüm. Ona doğma olan bu oçağı sanki kimsəyə etibar etmirdi. Hətta dəfələrlə onun muzeydə təmir işləri ilə məşğul olduğunun da şahidi oldum.
Bilgisi olmayan bəzi oxucularım üçün bildirmək istərdim ki, Üzeyir bəyin öz övladı olmasa da, imkansız, kimsəsiz qohumlarının, dostlarının övladlarını elə öz övladı kimi böyüdüb. Ramazan müəllim də uzaq qohumu olub (bu faktı dəfələrlə Qulam Məmmədlidən və Üzeyir bəyin sevimli tələbəsi olan bəstəkar Şəfiqə xanımdan eşitmişəm) və kicik yaşından bu ocaqda böyüyüb. Üzeyir bəy, Məleykə xanım onun təlim-tərbiyəsinə xüsusi qayğı ilə yanaşıblar, böyüdüblər, oxudublar. Ramazan müəllim də ömrünün sonuna kimi bu ocağa sadiq qalıb.
...Tələbələrimi və məni Üzeyir bəyin evində muzeyin əməkdaşlarından bir qız qarşıladı. Bildirdim ki, muzeyi ziyarət etmək istəyirik. Qız “rəhbərliyə xəbər verim”, - deyərək uzaqlaşdı. Bir neçə dəqiqədən sonra bəstəboy bir xanım bizə yaxınlaşaraq özünü təqdim etdi:
- Muzeyin şöbə müdiri Gülnarə Ələsgərova.
Gülnarə xanım gəlişimizin səbəbini bildikdən sonra, bir az çəkinə-çəkinə divardan asılmış bir kağız parçasını göstərərək dedi: “Rəhbərliyin göstərişidir, muzeylə tanışılq ödənişlidir. Zəhmət olmasa, ödənişi edin, tanış olun”.
Doğrusunu deyim ki, Gülnarə xanımın göstərdiyi o kağız parçasında nə bir imza, nə də möhür gördüm. Buna baxmayaraq, tələbələrimin və özümün ödənişini edib muzeyə daxil olduq. Gülnarə xanım iki saata yaxın bizi muzeylə tanış etdi.
Üzeyir bəyin ev muzeyindən çıxıb böyük filosof şair, romantik ədəbi məktəbin görkəmli nümayəndəsi, türkçü, turançı Hüseyn Cavidin M.Füzuli adına Əlyazmalar İnstitutunun binasında yerləşən ev muzeyinə gəldik.
Bu muzeyə də ilk dəfə tələbəlik illərində və “Ədalət” qəzetində müxbir işləyən zaman dəfələrlə gəlmişəm və müzeyin rəhbəri, Hüseyn Cavidin qızı Turan xanımla görüşmüşəm, məqalə hazırlamışam. H.Cavidin ev muzeyində də muzeyə baxışın ödənişli olduğunu bildirdilər. Amma Üzeyir bəyin ev muzeyindən fərqli olaraq burada heç bir kağız göstərilmədi, yenə ödənişi etdim, muzeyə daxil olduq.
Hörmətli oxucum! Əvvəla onu qeyd edim ki, tələbələrim Ü.Hacıbəylinin və H.Cavidin ev muzeyini ziyarət etməmişdən bir neçə gün əvvəl, Azərbaycan nəsrinin ən yüksək nümunələrini yaradan, ömrü boyu öz əqidəsinə sadiq qalan dahi Cəlil Məmmədquluzadənin və uşaq ədəbiyyatımızın gözəl nümunələrini yaradan Abdulla Şaiqin ev muzeylərində olublar. Onlardan heç bir ödəniş istənilməyib. Əksinə tələbə jurnalistləri hər iki muzeydə çox böyük hörmətlə qarşılayıblar. (Elə özüm də bir necə ay bundan əvvəl beş tələbəmlə C.Məmmədquluzadənin və N.Nərimanovun ev muzeyini ziyarət etmişdik və heç bir ödəniş tələb edilmədi).
Onda belə bir təzad meydana çıxır: əgər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin belə bir qərarı, əmri varsa, yəqin bütün muzeylərə şamildir. Yox əgər yoxdursa...
Mənə elə gəlir ki, muzeylər tələbələr və şagirdlər üçün ödənişsiz olmalıdır (Çünki belə bir təcrübə əvvəllər də olub). Bir də ki, yaxşı olardı, bu qərar, əmr əgər varsa, muzeyin girişində asılsın.
Bu məsələyə aydınlıq gətirmək üçün dəfələrlə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə zəng etsəm də, dəstəyi qaldıran olmadı. Elə məqaləni gec yazmağıma səbəb də bu fakt oldu ki, bəlkə, bir informasiya əldə edə bildim. Amma təəssüf...
Sonda dahi Üzeyir bəyin “Yeni iqbal” qəzetinin 8 sentyabr 1915-ci il tarixli sayında yazdığı sözləri xatırladım: “Cibişdan üçün çalışma, millət üçün çalış”.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist,
Xüsusi olaraq AYNA üçün
Müəllif: Ayna.az