Əslində kitab yazmağı onun ağlına Çernenko salmışdı. Amma kitab yazmağa halmı vardı Brejnevdə? Və həm də bacarıq. Təcili bir dəstə yazıçı və jurnalisti səfərbər etmişdilər. Qısa zamanda trilogiya ərsəyə gəlmişdi: “Kiçik torpaq”, “Dirçəliş” və “Xam torpaqlar”.
Sovet dövrünün məşhur lətiflərindəndi. Bu kitablara görə, Lenin mükafatı və həm də fantastik məbləğdə, 180 min rubl qonorar alandan sonra Brejnev Çernenkodan soruşur:
- Konstantin Ustinoviç, doğurdanmı bu kitablar belə dəyərlidir?
- Əlbəttə, Leonid İliç
- Onda gərək mən də oxuyum.
Hə, Brejnev üçün xüsusi yazıçılar qrupu yaratmışdılar. Vitali İqnatenko, Aleksandr Murzin, Arkadi Saxnin, Anatali Aqronovski və digərləri. Sovetlər dağılandan sonra məlum olmuşdu trilogiyaya daxil olan, “Xam torpaqlar”ı sən demə, Murzin, “Kiçik torpaq”ı publisist Saxnin, “Dirçəliş”i isə Aqronovski yazıbmış . Və təsəvvür edin, bütün bunlara görə, onlara bir qəpik də qonorar və ya hansısa hədiyyə verilməyib.
Keçən əsrin 70-80-ci illərində baş verənləri Sərvaz Hüseynoğlu və Hüseynbala Mirələmov qovğasına görə xatırladım. Hə, “Ədəbiyyat” qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlu qəfil bildirdi ki, “Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanını mən yazmışam” . Sən demə, kitabın yazılması ilə bağlı H.Mirələmovla S.Hüseynoğlu arasında ilkin razılaşma olub. Razılaşmaya əsasən, H.Mirələmov S.Hüseynoğluna 5000 manat pul verib. Məbləğin qalan hissəsi isə əsər hazır olduqdan sonra ödənilməli imiş. Amma “Ənvər Paşa” çap olunub yayıldıqdan sonra H.Mirələmov qalan pulu verməyib. Sərvaz bəy də, əsəbiləşib məlum açıqlamanı yayıb.
Bir müddət əvvəl də Mirələmovun sifarişlə başqalarına əsər yazdırması barədə xəbər yayılmışdı. Deyilənə görə, yazıçı Nurəddin Adiloğlu “Taxt və tabut” romanını H.Mirələmovun sifarişi ilə yazıbmış. Bu kitab da tarixi mövzudadır: Şah İsmayılla Yavuz Sultan Səlim münasibətinə həsr olunub. Amma vəd edilən məbləği ala bilmədiyi üçün Adiloğlu onu öz adına çap etdirib.
Brejnev və Mirələmov müqayisəsi bəlkə də sizə qüsurlu görünə bilər. Amma fakt budur ki, ortada iddialar var. Düzdür, Mirələmov Hüseynoğlunun iddiasına dərhal cavab verdi. “Bu yaşıma qədər çox yalan və böhtanlara şahid olmuşam, amma bu qədər həyasızcasına danışılan bir yalan hələ eşitməmişdim! Əvvəla, Sərvaz Hüseynoğlunu heç şəxsən tanımıram, heç vaxt bir kəlmə də kəsməmişik. İkincisi, insan necə ağır bir psixi pozuntudan əziyyət çəkməlidir ki, tanınmış bir yazıçının əsərinə belə iddia irəli sürsün”.
Amma bu heç nəyi dəyişmir. Ortada Sərvaz bəyin ondan 5 min manat alması faktı var. Axı bu pulu onun qara qaşına və ya gözünə aşiq olub verməyib Hüseynbala müəllim? Sərvaz bəy həm də bəxtli adamdı . Pulu verməyə də bilərdi. Murzinə, Saxninə heç 5 qəpik də verilməyib.
Bəs, başqasının yerinə yazmaq qəbahətdirmi?
Çox uzağa getmədik, üz tutduq qonşu Kulis-ə. Yazıçı və şair dostlarımıza.
Samirə Əşrəf:
- Yox, heç vaxt. Başqası üçün bir cümlə də yaza bilmərəm. Çünki hər mətn, insandan onun enerjisini, bazasındakı bilikləri alıb aparır. Bu bazanı, müşahidə qabiliyyətini, təcrübəni qazanmaq üçün illərimi, günlərimi sərf etmişəm. Ortaya roman qoymaq lazımdırsa, bunu öz adım üçün edərəm.
Vüqar Babazadə:
- Məbləğ çoxdursa və mənim mətnimə müdaxilə olunmayacaqsa, məmnuniyyətlə, yazardım. İndiki şəraitdə az məbləğə də yazaram. Bu, onsuz da, heç nəyi dəyişdirmir. Mənim üçün sənətin əsas meyarı puldur. Hərdən düşünürəm ki, məmur olsaydım, özüm əziyyət çəkməzdim, pulumu verib, başqalarına yazdırardım.
Ayxan Ayvaz:
- Başqalarının əvəzinə əsər yazan adama ədəbiyyata “ədəbi zənci” deyirlər. Tarixən “ədəbi zənci”lər həmişə olub və olacaq. “Ədəbi zənci” üçün sənət, mətnin ucalığı kimi anlayışlar yaddır. O, mexanikidir, robot kimi verilən tapşırığı icra etməkdən ibarətdir. Mənə gələndə isə, başqası üçün kitab yazarammı? Yazaram. Mövcud vəziyyətdə bunu eləmək bir içim su kimi asandır. Səbəbi də çox sadədir: çünki sənin imzanla çap olunan ədəbi əsərə qonorar verən yoxdur. Sən öz imzanla – tarixə hesablanmış nəsə yazırsan və bunu çap edirsən. Əvəzində nə baş verir? Bir-iki adamın “bəy tərifi”ndən başqa heç nə əldə etmirsən. Başqasının əvəzində yazanda isə bunun maddi tərəfinin olduğunu görürsən. O yazılan əsərin onsuz da yüksək sənət aləmində yer tutmayacağını da əminliklə bilirsən. Sənə əsər yazdıran şəxsin özü də bunu bilir. Və hər iki tərəf bundan razı qalırsa, burda nə problem var ki? Əgər öz imzanla yazdığın əsərdən beş qəpik qazana bilirsənsə, bəli, başqasının adına kitab yazmaq doğru çıxmaz. Əksi isə normaldır. Yəni, yaz, kef elə. Bircə o Hüseynbala Mirələmovun romanını yazdığını iddia edən zəhmətkeş kimi rəngini bildirmə, özünü faş etmə. Vəssalam”.
Hə, vəssalam!/lent.az