Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putin Qafqazı gözaltılayıb


Boz çar özü üçün sonuncu dayaq nöqtəsini yaratmağa çalışacaq 

Rusiya prezidenti Vladimir Putin yeni qanun layihəsinin ratifikasiyasını təsdiqləyib. Söhbət Rusiya Federasiyası ilə Cənubi Osetiya “Respublikası” arasında ikili vətəndaşlıq məsələsinin nizamlanması barədə müqavilənin qüvvəyə minməsindən gedir. Putinin təsdiqlədiyi bu sənədlə bütün Cənubi Osetiya vətəndaşları rahatlıqla Rusiya vətəndaşı ola biləcəklər. Ya da əksinə, Rusiya vətəndaşları Cənubi Osetiyanın vətəndaşları ola biləcəklər. Bu cür qanunların qəbul edilməsi nəyə xidmət edir? Burada Kremlin bir neçə marağı var. 

  1. Rusiya özünün yaratdığı qondarma dövlətlərdə demoqrafik və ictimai nəzarət paketini əlində saxlamaq üçün onlara yeni və asan təsir vasitəsi yaradır. Yəni bu dövlətlərə hazır siyasi mövqeləri olan vətəndaşlar verir. Məsələni “demokratik” yolla həll edir. Hansı qanunun qəbul edilməsinə birbaşa təsir mexanizmini yaradır. 
  2. Bu cür qondarma dövlətləri Rusiyaya birləşdirməyə ehtiyac yarananda həmin “vətəndaş”ların səsi ilə məsələni həll edirlər. Proses həm qansız-qadasız olur, həm də dünyada səs-küy yaratmır. Yəni, əslində, bu məsələyə reaksiya vermək lazımdırsa, onu indi etmək lazımdır. 
  3. Ən başlıcası, Kreml bu qanunla əslində özünün peyklərində yeni siyasi diversiya qrupları yaratmaqdadır. Putin yaxşı başa düşür ki, onun üçün gələcəkdə çətin olacaq, təbii ki, hər hansı gələcəyi olsa. Düşünür ki, qarşıda onu daha bir həlledici döyüş gözləyir – Qafqaz uğrunda. Bu mənada, təsdiq edilmiş qanun əslində bizə Moskvanın tamam yeni bir planı haqqında düşünməyə imkan verir. 

Rusiya üçün sonuncu cəbhə 

Rusiya analoji sazişi Qarabağdakı separatçı qurumla da imzalaya bilərmi? Belə bir risk hələ ki, var. Məsələ onda deyil ki, artıq Putinin addımları dünyada heç bir legitimliyə sahib deyil, məsələ həm də ondadır ki, Azərbaycan hələ də bu reallığı qəbul və dərk etdiyini özünün siyasi qərarlarında sezdirə bilmir. Üstəlik, baş verənlərin yeni, həm də köhnə siyasi planın tərkib hissəsi olduğu tamam ortadadır. Putin Avropa cəbhəsində uduzduqca belə düşünür ki, onun üçün ikinci mühüm cəbhə Qafqazdır. Yəni Qafqazı özünün arxa bağçası kimi saxlamaq istəyir. Buna görə də hətta onunla Qazaxıstanda və Ukraynada (burada qeyri-rəsmi) birlikdə görünməkdən çəkinməyən Paşinyana qarşı ciddi etirazlar təşkil edir. Məqsəd, təbii ki, tamamilə geri çəkilməyi önləmək üçün milli sərhədlərdən kənarda yeni dayaq nöqtələri yaratmaqdır. Paşinyanı devirmək mümkün olmasa – görünür ki, olmayacaq – Rusiya separatçı rejimi hansısa yeni qərarlar verməyə və bununla da həm Qərbin nəzarətində davam edən danışıqları pozmağa, həm də İrəvanın Xankəndi üzərində mənəvi-siyasi gücə malik olmadığını göstərməyə çalışacaq. Təbii ki, bütün bunlar Putinin edəcəkləri deyil, ilk növbədə, etmək istədikləridir. Çünki Ukrayna cəbhəsi göstərir ki, Putin bundan sonra daha bir iri və ya orta səviyyəli regional konflikt yaratmağa, oradan sağ çıxmağa elə də şanslı deyil. Əksinə, onun konyukturu getdikcə sıradan çıxmağa doğru gedir. Ancaq istənilən məsələdə risk payı bir faizdirsə, reallaşacağı təqdirdə bu risk yüz faizə çevrilir. Buna görə də Azərbaycan bu məsələlərdə maksimum çevik və demokratik dünya ilə uyum içində davranmalıdır. 

Seynur Həzi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10