Politoloq: “Azərbaycan hökuməti bunda maraqlı deyil”
Azərbaycan 2009-ci il mayından Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edir. “Şərq Tərəfdaşlığı” Proqramı Aİ-yə üzv ölkələrlə, onun Şərq qonşuları - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə, gücləndirilməsinə yönəlmiş birgə siyasi təşəbbüsdür.
Sonradan Belarus bu proqramda iştirakını dayandırsa da, digər beş dövlət iştirakını davam etdirir. Bu ölkələrdən Gürcüstan, Moldova, Ermənistan və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. Ötən ilin dekabrında “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti çərçivəsində Avropa İttifaqına üzv dövlətlər və “Şərq Tərəfdaşlığı” ölkələri regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə sadiq olduqlarını təsdiq etmək, ortaq dəyərlər əsasında gələcək prioritet və planları müəyyənləşdirmək üçün bir araya gəliblər.
Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında çıxışı zamanı Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Aİ ilə sıx əlaqələr qurmağa nail olub: “Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik, bu saziş artıq 90 faiz razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək”.
Bu günlərdə Bakıda keçirilən Avropa Gününə həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qeyd edib ki, Aİ və Azərbaycan fəal əməkdaşlıq edir və rəsmi Bakı bu əməkdaşlığı artırmaq niyyətindədir.
Bəs, görəsən, Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalaması niyə yubanır? Buna mane olan səbəblər nədir: Rusiyanın təzyiqləri, yoxsa fikir ayrılıqları?
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun dediyinə görə, Azərbaycanla Aİ arasında sazişin yubanması əsasən ticarət amili ilə əlaqədardır: “Hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər “Şərq Tərəfdaşlığı” Proqramı üzrə davam edir. Biz bu proqramın şərtlərinə nəzə yetirsək, görərik ki, orada təmsil olunan ölkələrin əksəriyyətində iqtisadiyyatın strukturu fərqlidir. Bu fərqlilik ondan irəli gəlir ki, onlar Avropa İttifaqına daxil olan ölkələr arasında ticarət mübadiləsinin genişlənməsinə çalışırlar. Demək olar ki, hər bir Avropa İttifaqı ölkəsi öz bazarını Avropa məhsulları üçün açıq elan edir”.
“Bu isə öz növbəsində müəyyən rikslər yaradır. Azərbaycan Avropaya əsasən enerji daşıyıcıları ixrac edir. Azərbaycan öz neftini və qazını onsuz da Avropaya sata bilir. Əgər biz Azərbaycan bazarını Avropa İttifaqı ölkələrinin üzünə açsaq, o zaman bizim daxili istehsalımız iflic vəziyyətinə düşəcək. Digər dövlətlərin təcrübəsində dəfələrlə buna şahid olmuşuq”, - deyə həmsöhbətimiz bildirib.Əlavə edib ki, bu gün İsveçrə və Norveç Aİ-nin üzvü deyil: “Ona görə üzvü deyillər ki, hər ikisi kifayət qədər sərvətlərə sahibdir. Əgər onlar İttifaqa üzv olarsa, üzərinə müəyyən öhdəliklər götürmüş olacaqlar. Digər ölkələrə dəstək göstərmək məcburiyyəti qarşısında qalacaqlar. Onlar bəyan edirlər ki, biz onsuz da istədiyimiz Avropa və qeyri-Avropa ölkəsinə dəstək göstəririk, lakin bununla bağlı öhdəlik götürmək niyyətində deyilik”.
“Azərbaycanla da bağlı oxşar vəziyyətdir. Təsəvvür edin ki, Azərbaycan belə bir öhdəlik götürsə, yerli istehlakçılar, məsələn, Gədəbəy kartofunu yox, Polşadan idxal olunan kartofu alacaqlar. Çünki orada qiymətlər bizdən daha ucuzdur. Belə olacağı təqdirdə Gədəbəyin fermerləri işsiz qalacaq. Bu da öz növbəsində məşğulluğun və vergilərin azalmasına gətirib çıxaracaq. Bəzi dövlətlər ona görə Avropa İttifaqına daxil olurlar ki, müəyyən üstünlük və dotasiya əldə etsinlər. Azərbaycanın isə buna ehtiyacı yoxdur. Məhz elə bu səbəbdən də Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması yubanır”, - deyə sabiq nazir söyləyib.
Rusiya amilinin məsələyə təsirindən danışan Zülfüqarov bunun siyasi baxımdan düzgün yanaşma olmadığını deyib: “Sözsüz, Rusiya da arzulayır ki, Azərbaycana və digər ölkələrə öz məhsullarını ixcrac etsin. Bundan kənarda Moskvanın “Şərq Tərəfdaşlığı” Proqramı ilə bağlı hər hansı ciddi narahatlığı yoxdur. Təbii ki, Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanacaq. Bir məqamı da qeyd edim ki, “Şərq Tərəfdaşlığı” ölkələrindən yeganə dövlət Azərbaycandır ki, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Biz ona görə ora üzv olmuruq ki, üzərimizə öhdəlik götürmək istəmirik. Hesab edirəm ki, bu, kifayət qədər düzgün və əsaslandırılmış bir qərardır”.
“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev isə fərqli düşünür. Onun fikrincə, rəsmi Bakı bunda maraqlı deyil və buna görə də sazişin imzalanması yubanır: “Məhz elə bu səbəbdəndir ki, digər dörd ölkə bu sazişi imzalasa da, biz hər vəclə yayınırıq. İllərdir bu məsələ müzakirə olunsa da, reallaşmır. Azərbaycan hökuməti Avropa İttifaqı ilə münasibətlər adı altında imitasiya ilə məşğuldur. Hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmağa çalışır. Ona görə ki, bu quruma üzv olan ölkələr üzərinə müəyyən öhdəliklər götürürlər. Həmin öhdəliklərdən biri də demokratik islahatlarla bağlıdır. Bu, həm iqtisadi, həm siyasi, həm də məhkəmə islahatları ilə əlaqədardır. Bu islahatları aparmaq isə Azərbaycan hökumətinin mənafeyinə cavab vermir”.
“Son dövrlər qəbul edilən qanunlar bir daha göstərir ki, Azərbaycan iqtidarı Qərbə inteqrasiyada maraqlı deyil. Təsəvvür edin ki, “Media haqqında” yeni qanun qəbul edildi və bu, özündən əvvəlkindən də mürtəce qanundur. Vəziyyəti düzəltmək əvəzinə daha da pisləşdirirlər. Ölkədə sərbəst toplaşmaq azadlığı yoxdur, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə maneçiliklər yaradılır”, - deyə müsahibimiz vurğulayıb.
Müəllif: Azər Niftiyev