Rusiyanın Ukraynaya hərbi təcavüzü artıq üçüncü aydır davam edir. Bu müddətdə onminlərlə insan həyatını itirib, müxtəlif dərəcəli xəsarətlər alıb, şəhərlər dağıdılıb, kəndlər viran qalıb. Və dünya bütün bu baş verənlərdən ekstremal şəraitdə fəaliyyət göstərən media nümayəndələri sayəsində xəbər tutub.
Azərbaycanlı fotoreportjor Əziz Kərimov da Ukraynadakı müharibəni yaxından izləyən, oradan materiallar hazırlayan jurnalistlərdəndir. O, AYNA-ya müsahibəsində öz fəaliyyəti, eləcə də Ukraynada müşahidə etdiyi hadisələrdən danışıb.
- Əziz bəy, ölkənin istedadlı foto-jurnalistlərdən biri kimi illərdir bu sahədəsiniz. Yerli mediada işləmək asandır, yoxsa xarici mediada?
- Xarici medianın standartları və tələbləri yerli mediamızdan çox fərqlənir. Nəzərə alaq ki, Azərbaycanda ümumiyyətlə, foto-redaktor yoxdur. Yerli media foto-jurnalistə yetərincə dəyər vermir. Redaksiyalarda çox vaxt müxbirlərə tapşırılır ki, mobil telefonla şəkil çəksinlər, vəssalam. Amma xarici mediada fotonun hər bir detalına üstünlük verirlər. Əgər jurnalist xəbər hazırlayırsa, onun üçün ayırca fotoqraf təyin edirlər. Həmin fotoqraf da təyinatı üzrə çəkilişlər edir. Bizdə isə belə bir şey yoxdur. Xarici redaktorlarla işləməyin müsbət tərəfi həm də odur ki, redaktorlar hər dəfə çəkilişdən sonra çatışmayan cəhətləri deyirlər. Belə olduqda, istər-istəməz, inkişaf edirsən. Bir şeyi də qeyd edim ki, xarici mediada güclü rəqabət olduğundan media qurumları daha yaxşı xəbər, daha yaxşı foto-video material vermək üçün rəqabət aparırlar. Oxucuları özlərinə cəlb edirlər. Hər dəfə yeni bir xəbər, yeni bir mövzu ortalığa qoyub, oxucuları təəcübləndirməyi bacarırlar. Sizcə, bizdə belə bir şey var? Əlbəttə, yoxdur!
- Uğurlu foto-jurnalist olmaq üçün təhsildən başqa daha hansı xüsusiyyətlərə malik olmaq lazımdır?
- Ümumiyyətlə, fərq etmir - jurnalist, mühəndis, hakim və s. olmağından asılı olmayara,q düşünürəm ki, təcrübə əsasdır. Bir insan futbolçu olmamışdan öncə azarkeş olur, sonra fulbolçu olmağa həvəs yaranır. Bütün sahələrdə belədir. Foto-jurnalist olmaq üçün də nəzəri biliklərdən daha çox təcrübə önəmlidir. Yəni sənin nəzəri biliyin ola bilər, amma təcrübən olmasa, çox çətinlik çəkə bilərsən. Hətta mənim tanıdığım bir çox xarici fotoqraflar var ki, onların nəzəri bilikləri demək olar ki, yoxdur amma kifyət qədər peşəkardırlar. Vəziyyətə uyğun necə davranmaq lazım olduğunu çox gözəl bilirlər. Mən demirəm ki, nəzəri bilik lazım deyil, nəzəri bilik mütləqdir, amma təcrübə ən əsasıdır. Fotoaparatlara gəlincə isə, peşəkar bir insana sıravi kamera versən belə, ondan çox rahatlıqla fotolar çəkə bilər. Yəni peşəkarlıq kamera ilə ölçülmür.
- Foto-jurnalist üçün nə cür məkanlarda reportaj etmək daha çətindir? Bu günə kimi hansı reportajınızda daha çox əziyyət çəkmisiniz?
- Çalışmışam ki, daha çox aktual mövzular çəkim. Yəni sıravi tədbir çəkmək mənlik deyil. Elə yerlərdə çox sıxılıram. Bu günə qədər çəkdiklərimdən də hərəsinin öz çətinliyi var. Bir şeyi də qeyd edim ki, foto-jurnalist üçün çəkilişin asan və çətinliyi olmur. Çəkiliş eynidir, sadəcə mövuz və məkan müxtəlifdir. Bir də düşdüyün məkana görə hərəkət etmək lazımdır. Yəni dəfn mərasimi ola bilər, sən gedib ağalayan adamların portretini çəkmək istəsən, bu, olduqca çətin olacaq. Milli mentalitet söhbətlərini də nəzərə alsaq, işimiz bir az da ağırlaşacaq. Ona görə məkana və vəziyyətə görə hərəkət etmək lazımdır. Mən də bu cür edirəm.
- Cəbhə bölgələrindən foto-reportajlar hazırlamısınız. Necə bir hissdir?
- Ümumiyyətlə, janr baxımından müharibə jurnalistikası ən şiddətlisi, ən çətinidir. Nəzərə alaq ki, burada psixoloji travma çox ağır olur. Hər gün insan ölümü görmək, ağlayan, evi dağılan insanları görmək istər-istəməz jurnalistə təsir edir. Nə qədər soyuqqanlı olsan belə, nə qədər işinə peşəkar yanaşsan belə, müharibə ab-havası jurnalistə də dəyir. Sən işini peşəkar kimi görsən belə, o hadisələr səndən yan keçmir. Az da olsa insana toxunur.
- Bu yaxınlarda Ukraynada olmusunuz, müharibəni izləmisiniz, reportajlar hazırlamısınız. Hansı çətinliklərlə qarşılaşdınız orada?
- Mən dostumla birlikdə getmişdim. Bakıdan çıxanda artıq çətinliklərimiz başlamışdı. Ukraynaya uçuş olmadığından Rumıniya üzərindən getmək məcburiyyətində qaldıq. Artıq Ukrayna ərazisində olanda çətinliyi addım-addım hiss etməyə başlamışdım. Məni harada qalacağımız, nə yeyəcəyimiz, hansı şərtlər altında çalışacağmız narahat edirdi. Amma bütün bunlara baxmayaraq, alternativləri düşünmüşdük, onlardan istifadə etdik. Xarkovda olanda bizdən təxminən 100-200 metr məsayə mərmi düşmüşdü, onun səsi 2 gün qulağımdan getmədi. Həmin vaxt ümumiyyətlə, şəkil çəkə bilmədim. Daha sonra müxtəlif qəsəbələrdə iylənmiş insan cəsədlərinin iyindən heç cür hərəkət etmək olmurdu.
- Dünya mətbuatının Ukraynadan yaydığı xəbərlər doğrudurmu? Yoxsa hər şey deyildiyi kimi deyil?
- Mən deyərdim ki, dünya mətbuatında hələ bir çox xəbərlər yazılmayıb. Bəlkə də, tam təsdiqini tapandan sonra yazılacaq. Amma böyük əksəriyyət xəbərlər yazılır və yazılmaqda davam edir. Bütün dünyanın aparıcı media qurumları hazırda Ukraynada çalışır. Hətta sənədli filimlər belə, çəkilir. Hazırda gördüklərimiz aysberqin görünən üzüdür. Suyun altında nələrin olduğunu görmürük. Amma inanıram ki, həmin yazılar və görüntülər də ortaya çıxacaq. Məsələn, rus əsgərlərinin ukraynalı qadınları zorlaması, işgəncələrlə öldürülməsi və s. kimi söhbətlər dolaşmaqdadır. Ümid edirəm, bu kimi reallıqlar üzə çıxacaq.
- Müharibədə hansısa travmalar aldınızmı?
- Bir insanın evində və ya şəxsi ailəsində sosial problemləri varsa, özünün psixoloji problemləri varsa, belə insanlar ümumiyyətlə, müharibə zonasına getməməlidir. Çünki orada gördükləri onların problemlərinin üzərinə bir az da problem gətirəcək. Bu da həmin insanın sağlamlığına ciddi təsir göstərə bilər. Adətən belə problemləri olmayan insanlar müharibə zonasına gedirlər. Müharibə dövründə psixoloji travma almaq olur. Məndə də az da olsa, psixoloji travma oldu. O da bundan əmələ gəldi ki, hərbi təlimlərdə real ölülər yox, maketlər üzərində ölülər göstərirdilər. Deyirdilər ki, orqanlar belə çıxa bilər. Hətta İkinci Qarabağ müharibəsində bu qədər dəhşətli mənzərə, meyitlər görməmişdik. Amma Ukraynada ölüləri görmək, cəsəd qoxusunu hiss etmək adi hala çevrilmişdi. Bomba partlayışları, insan fəryadları… Bütün bunlar insanın psixologiyasına ciddi təsir edir. Amma bir jurnalist olaraq özümə təlqin edirdim ki, mən buraya material hazırlamağa gəlmişəm. Azərbaycana geri dönəndən sonra psixoloqun yardımı ilə travmanı aradan qaldırdıq. Qeyd edim ki, müharibə zonasında jurnalistlər müəyyən müddətdə işləyə bilirlər. Çünki bir müddətdən sonra insanda qorxu hissi ölməyə başlayır. Bu da insanın təhlükə üzərinə getməsinə, dolayısıyla ölüm üzərinə getməsinə və həyatını itirməsinə səbəb ola bilir.
- Nə kimi dəhşətli hadisələrin şahidi oldunuz?
- Müharibədə iştirak etdiyim gündən son günə kimi ard-arda həyəcan siqnalları verilirdi. Bilmirsən ki, atılan raketlər və bombalar hara düşəcək, kim öləcək, kim qalacaq. Yolla getdiyin zaman hər an nəsə baş verə bilirdi. Çox diqqətli olmaq lazım idi. Hər an hər kəsi xoşagəlməz surpriz gözləyə bilər. Məsələn, mən getdiyim yerlərdə yanan maşınların içində qalaraq yanan cəsədlərin kəskin qoxuları gəlirdi. Dözülməz qoxu idi. Amma bilinmirdi ki, cəsədlər hansı maşınlardadır. Bir dəfə maşının birinin içinə girdim. Orada yanan qalıqlar gördüm. Adam olduğuna əmin olmaq üçün ayağımla həmin yanan qalığı tərpətdim. Bu zaman kəskin cəsəd qoxusu məni vurdu. Bu hadisədən sonra uzun müddət özümə gələ bilmədim.
Yolla gedəndə küçələrə səpələnən meyitlərlə, qan gölləri ilə qarşılaşırsan. Gecə qaranlıqda sığınacaqda həyəcan siqnalının sədaları altında gecələyirsən. Sığınacaqda olan insanların həyat hekayələri adama ciddi təsir edir. Orada bir yaşlı qadın var idi. Deyirdi ki, qızı ölüb. Basdırmağa yeri olmayıb, evin qabağında qəbir qazıb və qızını basdırıb. Yaşlı və gücsüz olan qadın qəbri dayaz qazdığından qızının ayaqları belə çöldə qalıb. Ancaq bədənini torpağa basdırmış olub. Bir qadın çox əzabla tikdirdiyi evinin bir bomba ilə məhv edilməsindən danışardı. Rus əsgərlərinin ukraynalılara etdiyi vəhşilikləri eşidirsən, adi vətəndaşların, eləcə də hər iki tərəfdən əsgərlərin cəsədlərini görürsən… Bundan dəhşətli nə ola bilər ki?!