Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) “Barselona” klubuna dəvət alan 12 yaşlı lerikli balası haqqında olduqca maraqlı məlumatlar


5 yaşında karate üzrə Azərbaycan çempionu olub, kiçik yaşlarından İspaniyada, Malqa klubunda “İlin futbolçusu” olub,  12 yaşında isə İspaniyanın Milli komandasına dəvət alıb

Bir xoş xəbərin izi ilə

Son günlər əslən Lerikdən olan, hazırda İspaniyada yaşayan Turan Qasımov haqqında maraqlı məlumatlar paylaşılır. Necə deyərlər, xəbərin izinə düşüb, Turanın İspaniyada yaşayan atası ilə əlaqə qurduq. Turanın atası Cəmşid Qasımov, bizə adı artıq çox yerdə heyranlıqla çəkilən oğlunun qısa, lakin qürur dolu anlarla zəngin olan həyat yolu haqqında maraqlı və dolğun  bilgilər verdi.

İspaniyanın millisinə dəvətli, 12 yaşlı Turanının atası - Cəmşid Qasımovun İspaniyadan  telefonla cenub.az-a bildirdikiləri:
-Azərbaycanın Lerik rayonunun  Zenon kəndində anadan olmuşam, uşaqlıq və gənclik illərimi orada yaşamışam. Orta məktəbi də orda bitirmişəm.  Sonra  Azərbaycan  Dövlət Xarici Dillər Universitetinin Fransız dili fakultəsinə daxil olmuşam. Universiteti bitirəndən sonra Türkiyə Respublikasına getmişəm. Bir müddət orada turizim sahəsində işləmişəm. Sonra yenə Azərbaycana qayıdıb, burada həm işləmiş, həm də ailə həyatı qurmuşam. 

Oğlum Turan 2010 təvəllüdlüdür və 12 yaşı var. Turandan kiçik, 10 yaşlı Fidan adlı qızım isə rəssam olmaq arzusundadır. Sonbeşiyimiz, 7  yaşlı Sənandır ki, o da güləşlə məşğuldur. Həyat yoldaşım isə fizika-riyaziyyat müəllimidir. 

Turan 5 yaşında karate üzrə yaşıdları arasında Avropa çempion oldu

2016 - cı ilə qədər mən Bakıda müxtəlif şirkətlərdə, sonda isə  poliyakların   “Polfarma” şirkətində çalışmışam. Daha sonra   İspaniyaya köçmüşəm.

İspaniyaya köçməyimin səbəbi  bu ölkənin tarixinə, mədəniyyətinə, insanlarına böyük sevgim idi.  Sumqayıtda poliyaklarla işlədiyim dönəmlərdə Avropanın çox ölkələrini gəzirdim, amma sonda İspaniyada yaşamağa qərar verdim. Azərbaycan dilindən başqa İspan, İngilis, Rus,  Fransız, Türk dillərini mükəmməl bilirəm.

 Onu da qeyd edim ki, Azərbaycanda ailə qurduqdan sonra  Sumqayıt şəhərində yaşamışam. İlk övladım  Turan da 4 yaşından Sumqayıtda karate məşqlərinə gedib. Çox çevik, enerjili, coşqun uşaq idi. Evə, eşiyə, həm də özünə sığmırdı. O qədər enerjili idi ki,  otaqda əlinə keçəni vurub dağıdır, sanki  evi “sökürdü”.



 Enerjisini daha faydalı işlərə sərf etsin deyə, onu  karate kursuna qoyduq. Turan böyük coşqu ilə  karate ilə məşqul olmağa başladı. Karate ona çox şey öyrətdi - sürətli düşünmək, olduqca cəld  qərar vermək, çevik hərəkətlər etmək.

 İdmana çox erkən başladığı üçün uğurları da tez gəldi.  5 yaşında Azərbaycan çempionatında  qalib olub qızıl medal qazandı.  

Ondan sonra biz  İspaniyaya köçməli olduq. Turan burda da karate məşqlərinə getməyi davam etdirdi. Onun karate məşqlərinə getdiyi yerin yanında Malaqanın Kampı vardı ki,  uşaqlar orada müxtəlif idman   növləri üzrə məşq edirdi. Biz Turanın marağını nəzərə alıb onu həmin Kampa apardıq  O,  Kampda  karatenİ futbolla dəyişməyə qərar verdi.  Təkidlə bildirdi ki, futbolçu olacağam.
Marağını nəzərə aldıq. İlkin seçmələrdə onun oyununu bəyəndilər. 

     Bir il adi qaydada keçdi. Yəni,  sadəcə məşqlərə gedir və futbolu öyrənirdi, hər hansı komandada oynamırdı. Sonra o, məhşur futbolçu İsko Alkaranın müəllimi olmuş məşqçinin diqqətini  çəkdi və bu peşəkar onun  oyununu bəyəndi və beləcə, Turanın yüksəlişi başladı.   Malaqada C – D-dən  üzü yuxarı  yavaş – yavaş  irəliləməyə başladı. Bütün komandalardan ucada  komanda B, komanda A var idi. 

Bir də var Pereferente. Bu söz  ispanca üstünlük vermək, yəni gələcəyi daha ulduz görünən, parlaq görünən oyunçuların qrupu deməkdir.
  İki il bundan qabaq Turan  Pereferenteyə girdi. Və Pereferente qrupunda    çox gözəl oynadı, hətta “ İlin oyunçusu” seçildi,  daha  sonra bu mövsümdə olduqca möhtəşəm oynadı və laliqada  bütün klibların diqqətini özünə çəkdi. 

Hal – hazırda  özüm  İspaniyada bir neçə  - Rus, Fransız, İngilis, Türk və İspan dillərini bildiyim üçün  yenə də Turizim sektorunda sıravi işçi kimi  işləyirəm.

Əvvəllər 4 il Malaqada yaşadım. indi  isə bir ildən bir az çoxdu ki, Xetapi şəhərinə köçmüşük.  Səbəbi də  Turanın  daha böyük uğurları,  onun daha böyük kluba getmək istəyi oldu. Belə ki, dünyaca  məşhur “Barselona”,  “Atletik Madrid” kimi klublardan Turana  təkliflər  gəldi. Biz isə hər şeyi mərhələlər üzrə keçməyi düşündük və buna görə də onun üçün  ötən yaydan Xetapi klubunu  seçməyi qərar verdik. Turan   bu mövsümdə yenə  möhtəşəm oyun göstərdi.  Yarımmüdafiəçi olsa da, 19 oyunda 11 qol, 16 məhsuldar ötürmə etdi. 



 Hədəfimiz  bəllidir, daha böyük kulubların oyunçuları sırasında olmaq. 

Çalışırıq bu yolda imkanlarımızı, uğurlarımız düzgün, real qiymətləndirək, hədəflərimizə doğru daha ağıllı, daha düşünülmüş addımlar ataq. 

Onu da xatırladım  ki, 12 yaşlı futbolçu oğlum futbolda çox nadir və əhəmiyyətli bir keyfiyyətə  birinə də malikdir. Belə ki, o, solaxaydır. Yəni vurduğu zərbələr rəqib üçün gözlənilməz olur. Amma solaxay olsa da, sağ ayağı ilə də yaxşı oynayır. Futbolda cəldlik, bir anda qərar qəbul etmək üçün bəzən 1 saniyə belə gərəkli olur. Məhz belə cəld və düzgün qərar qəbul etmək Turanın əsas keyfiyyətlərindəndir. Onun sürətli qaçışı, ara ötürmələrdəki məharəti Turana daha böyük uğurlar gətirir. Onu da deyim ki, Turan dərs əlaçısıdır. Qiymətləri burada ən yüksək dərəcə sayılan 9-10 balla dəyərləndirilir. Riyaziyyatda isə daha güclüdür. Turan 12 yaşı olmasına baxmayaraq İngilis, Fransız, Rus dillərini, təbii ki, yaşadığı ölkənin -  İspaniyanın dilini mükəmməl bilir.  5 nəfərlik ailəmizdə isə hər birimiz bir neçə dil bilsək də evdə doğma Azərbaycan dilimizdə danışırıq.

Hərdən görürəm komentlərdə yazırlar ki, İspaniyada  futbolçu olmağa nə var e, gəlsin,  Azərbaycanda ulduz olsun. Deyim ki, İspaniyada rəqabət Turan yaşında uşaqlar üçün  25 – 30 min  nəfər  arasında gedir, Azərbaycanda  isə 100 – 200 nəfər  arasında. Turan da 250  min nəfər yaşıdları içərisindən seçilən 25 nəfərin sırasına düşə bildi.  Yəni, rəqabət olduqca güclüdür.  Onu da xatırladım ki,  o rəqabətin içində Turan Malaqada da,  burda da yeqanə xaricdən gələn, digərləri isə  yerli uşaqlar idi. Necə deyərlər, Turan burada yeganə “legionerdir” 
Bu gün onun fərdi məşqçi  vardır ki, bu şəxs, hazırda “Paris Jermen”-nin  hücumçusu Xuan  Zafra  Qutlerezdir ki, o, oğlumun   həm texniki, həm də psixoloji hazırlığı,  eləcə də hərtərəfli dünyagörüşü tərbiyəsi ilə məşğuldur.
Ən fərəhlisi isə Turanın İspaniyanın  Milli komandasına dəvət olunmasıdır.  Hələlik İspaniyanın Milli komandasının altı yaş qrupunda oynuyacaq. Gələcəkdə,  5 – 6 ildən sonra isə  daha böyük uğurları hədəfləyirik. 



Sonda onu da bildirim ki, harada yaşamağımdan asılı olmayaraq doğma yurda çox bağlıyam. Bütün ruhumla Lerik balasıyam. Onu da xatırladım ki, köküm Azərbaycanın çox ünlü din xadimə Şeyx Molla Qələmlə bağlıdır. Onun böyük oğlu Əhmədin oğluyam. Kənddə böyümüşəm, Lerikliləri çox yaxşı tanıyıram,  oranı çox sevirəm. Vaxtımız olanda da Lerikə gedirik. Qismət olarsa,  bu yay keçdi, gələn yayda inşallah yenə gələcəyik Lerikə. 

Siz də sağ olun ki, xaricdə olan azərbaycanlıların uğurlarını belə araşdırır, bizi-bizə tanıdırsınız.

Yazını cenub. az üçün hazırladı: Zahir Əmənov

Xüsusi qeyd: Yazının hazırlanmasında bizə yaxından kömək etmiş Dirçəliş  və Tərəqqi   partiyasının sədr müavini , saytımızın Lerik müxbiri Mais Hüseynə təşəkkürümüzü bildiririk.

Onu da qeyd edək ki,  bu nəslin dəyərli nümayəndəsi,  Şeyx Qələm Axund haqqında geniş yazını yaxın günlərdə sizə təqdim edəcəyik.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10