Cenub.az ailəsi ilə Xarkovdan didərgin düşən masallılı Baxışov Səməd Əlizaman oğlunun didərginliyinin yol qeydlərini təqdim edir:
Baxışov Səməd Əlizaman, O, yazıçı publisist Əlizaman Baxışın oğludur. Səməd 1991-1993-cü illərdə Bakı şəhərində kimya-biologiya təmayüllü gimnaziyada, 1993-2001-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. 2001-2002-ci illərdə Tərtər rayonu ərazisində, cəbhə bölgəsində hərbi xidmət etmişdir. Xidmətdən sonra bir müddət tibb sahəsində çalışmış və 2003-cü ildən ailə vəziyyətilə əlaqədar Ukraynanın Xarkov şəhərində yaşamışdır. Əvvəlcə kiçik bizneslə məşğul olmuş, getdikcə fəaliyyət sahəsini genişləndirmişdir. Lakin 2022-ci il 24 fevral da Rusiyanın fitnəkar məqsədlərini həyata keçirməsilə başlanın işğalçı müharibə B.Səmədin və onun kimi minlərlə insanların rahat həyatını pozmuş, yaşadıqları və artıq onlar üçün doğmalaşmış şəhərdən didərgin düşmələrinə səbəb olmuşdur. Bu yazımızda müharibənin törətdiyi belə acıların nümunəsi olaraq Səməd Baxışovun yol qeydlərini sizə təqdim edirik.
Xarkov- bu gün xarabazara dönən
gözəl, unudulmaz şəhərim
Sonradan anladım ki, bunlar həyata yaşamaq üçün gəliblər.
20 il əvvəl Ukraynanın Xarkov şəhərinə gələndə öz doğma Bakımızdan gözəl şəhər tanımırdım, görməmişdim. Əslində mən bu şəhərə hərbi xidmətdən sonra bir qədər dincəlmək üçün gəlmişdim. Lakin Şəhər ilk gündən məni öz sehrinə elə saldı ki, bir də ayılanda artıq ailəm, iki uşağım da burda mənimlə birgə məskunlaşmışdı.
Bu şəhərdə yaşamaq çox rahatdır. Burada insanlar sadə, mehriban, səmimidirlər. İlk baxışdan bir qədər laqeyd kimi görünsələr də, bu da onların müəyyən etik qaydalara riayət etmələrinə görədir – yəni kim nə edirsə, bu, onun öz işidir, müdaxilə eləmək olmaz! İnsanlar hərəkətlərində, davranışlarında azaddırlar! Xüsusilə Sovet quruluşunun dağılması ilə əldə edilmiş müstəqillik buradakı insanların daxili aləmlərinə çox tez sirayət eləmişdi ki, bu işdə məncə, ölkənin Avropanın bir addımlığında olmasının təsiri danılmazdır.
Sözün həqiqi mənasında bu ölkədə yaşayanlar toxnəfis və şükürlü insanlardır. İlk günlərdə onların bəzi hərəkətləri mənə qəribə gəlirdi. Sonradan anladım ki, bunlar həyata sevə-sevə yaşamaq üçün gəliblər. Daim yeyib-işməklərini, gəzib istirahət etməyi, şənlənməyi ön plana çəkirlər. Yaxşı istirahət üçün həmişə bir “bəhanə” tapırdılar – hər gün işdən sonra ya ad günü, ya müxtəlif təntənələr, dini mərasimlər, nişan, toy, təqvim bayramları “kəşf” edir, hər bir fürsətdən məharətlə yararlanıb şənlik qururlar, dərd və kədərləri olsa da, bunu ətrafındakı insanlara bulaşdırmaq istəmirlər.
II Dünya müharibəsində Xarkov da alman façistləri tərəfindən dağıdılmışdı. Ancaq indi bu, qətiyyən hiss olunmur. Çox sayda hündür mərtəbəli binalar, həddən artıq geniş küçə, park və meydanlar, müxtəlif inzibati binalar, müasir mehmanxanalar Avropa şəhərləri ilə müqayisədə heç də geri qalmaz.
Xarkov şəhəri, xoşbəxt günlərin “Səadət körpüsü”
Xarkov şəhəri, xoşbəxt günlərdə şəhər parkı
Xarkov şəhərin, xoşbəxt günlərin parkı
Sanırdım, dünyanın xoşbəxti bizim dünyada.
Beləliklə, şəhər məni elə ram etdi ki, gələcək həyatımı bu şəhərlə bağlamaq, davam etdirmək qərarını verdim. Kiçik bizneslə işə başladım. Əslində Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdim, qət etdim ki, elə qalıb burada işləyərəm. Bəzi səbəblərdən bu, mümkün olmadı. Biznesdə işim yaxşı alındı. Evlənəndən sonra da işlərimiz yaxşı gedirdi. Tezliklə ailəmizin tələbatını ödəmək üçün hər şeyə nail olduq – maşın, ev, hətta son zamanlarda yeni bir ev də almışdıq! Böyük oğlum 2021-ci ildə Xarkovun ən tanınmış universitetlərindən birinə yüksək balla daxil olmuşdu.Sanırdım ki, xoşbəxtik, bizə daha nə lazım idi.
Lakin bir neçə gün içində həyatımız, yaratdığımız o xoşbəxtliklə dolu kiçik dünyamız alt-üst oldu..
Xarkov şəhəri, II Dünya Müharibəsində həlak olanlara abidə.
DƏHŞƏTLİ MÜHARİBƏ, FAŞİST MÜDAXİLƏSİ
Lakin vuruşlar kəskinləşdikcə bunun adi münaqişə yox, əməlli-başlı müharibə olduğu məlum oldu.
Hər şey bir anda baş verdi. Adama qəribə gəlirdi, doğrudanmı, əsl müharibə olacaqdı. Rusiyanın 2008-ci ildə Krımı ilhaq eləməsini də, 2014-cü ildə Donetsk, Luqansk və Donbası işğal eləməsini də müvəqqəti bir hal kimi qəbul eləyirdik və yaxın zamanlarda bunun Ukraynanın xeyrinə həll ediləcəyinə inanırdıq. Fevralı 24-də başlanan müdaxiləni də müvəqqəti bir hal kimi qəbul eləmişdik. Lakin vuruşlar kəskinləşdikcə bunun adi münaqişə yox, əməlli-başlı müharibə olduğu məlum oldu. Kəndlər, şəhər və qəsəbələr bir-birinin ardınca xarabazara çevrildikcə, yaşayış binalarının, müxtəlif inzibati binaların, hətta xəstəxanaların, uşaq evlərinin, məktəblərin bombalanması, raket atəşləri ilə darmadağın edilməsi, dinc əhalinin tələfatı bunun əsl müharibə olmasından xəbər verirdi. İnsanlar manaqişə zonalarından köçürülməyə başladı, bütün dünya ölkələri ukraynalılara qucaq açdılar.
Rusiya hakimiyyətinin bu alçaq niyyətləri bütün dövlətlər, dünyanın müxtəlif beynəlxalq təşkilatları tərfindən qətiyyətlə pislənsə də, bir çox sanksiyalar qoyulsa da, heç bir təsiri olmadı. Gündən-günə artan şiddətli döyüşlərdə Ukrayna ordusu böyük rəşadət göstərirdi. Rus ordusunun hücumlarının qarşısı qətiyyətlə alınsa da, vəhşləşmiş və daha da quduzlaşmış Rusiya hakimiyyət dairələrindəki faşistlər daha dəhşətli, hətta qadağan olunmuş silahlardan da istifadə edərək böyük tələfatlar törədirdilər. Gördüyüm dəhşətli ölümlər, qətlamlar, talanlar... hələdə qorxulu yuxu kimi gözüm önündən çəkilmir. Uşaqların gözündəki ölüm qorxusu isə çox dəhşətli idi.
Mən və bütün ailəmiz Ukrayna ordusunun inamlı müqavimətinə və göstərdikləri qəhrəmanlıqlarına tam inanırdıq. Ona görə də söz qoymuşduq ki, Xarkovu tərk etməyəcəyik. Belə ki, düz iki ay təyyarələrdən atılan bombaların gurultusuna, top və raketlərin od saçan mərmilərinin yaratdığı dəhşətlərə tab gətirdik. Kiçik oğlumun 8 yaşı var. Əvvəllər o da vətənpərvərlik əhval-ruhiyyəsində idi, hətta bir neçə dəfə Xarkovdan çıxmaq haqqında söhbət salanda uşaqların hər ikisi buna qarşı çıxmışdılar. Neçə dəfə təkidlə həyat yoldaşıma və uşaqlara getmələri barədə müraciət etsəm də, onlar razı olmadılar. Çünki bilirdilər ki, onları yola salan kimi gedib orduya yazılacaqdım.
Axı niyə belə olamlıydı?
Nəhayət, müharibənin 60-cı günü atılan raketlər qonşu binanı yerlə bir elədi, şəhəri gün həyətimizdəki xəstəxananı dağıtdı. Görünən bu idi ki, artıq mərmilərin bizim başımıza düşməsinə çox az bir zaman qalıb. Bunu hamımız aydın görürdük. Yubanmaq olmazdı.
Doğrudur, hər şeyi – min cür əziyyətlə əldə elədiyimiz nəyimiz vardısa, hamısını birdəfəlik atıb getmək çox çətindir. Axı niyə belə olamlıydı? XXI əsrdə, dünyada qloballaşmanın baş verdiyi, insanların daha yaxşı yaşamaq üçün göstərdikləri çabaların, axtarışların getdiyi bir zamanda belə müharibələrin, dağıntıların, fəlakətlərin törədilməsi bunu edənlərin nə qədər çirkin niyyətli, faşist xislətli olmalarından xəbər verirdi.
Ukraynanın son illərdə sürətlə inkişaf eləməsi, insanların həyat səviyyəsinin yaxşılaşması, dövlətin bir-birinin ardınca sosial istiqamətli qərarlar qəbul eləməsi, ölkədə müsbətə doğru böyük dəyişikliklərin baş verməsi bədnam qonşuları yəqin çox narahat eləmişdi.
Xarkov şəhəri, işğal zamanı benzindoldurma məntəqəsi.
Lakin dözmək məcburiyyətində idik.
Xarkovdan – artıq bizim üçün doğmalaşmış şəhərdən çıxmaq heç birimizin ürəyincə olmasa da, bəzi hadisələr fikrimizi dəyişməyə məcbur etdii.
Beləliklə, Xarkovdan çıxmaq məcburiyyətində qaldıq. Yol üçün vacib əşyaları və sənədlərimizi götürüb dəmiryol vağzalına gəldik. Şəhərdən şıxmaq üçün ən yaxşı nəqliyyat vasitəsi qatar idi. Şəxsi maşınla və avtobuslarla da çıxmaq mümükün idi. Lakin bu məsələdə artıq bizim təcrübəmiz vardı, daha doğrusu, bizdən əvvəl köçüb gedənlərdən hər şeyi öyrənmişdik.
Hər yerdə olduğu kimi burada da bəzi əclaf adamlar var idi və minik maşınlarına və avtobuslara hücumlar edirdilər. Qatarda bunu eləmək asan deyildi. Ona görə ən yaxşısı qatarla getmək idi. Belə bir zamandı qatarla getmək çox ağır və üzücü olacaqdı. Lakin dözmək məcburiyyətində idik.
22 apreldə Xarkovdan çıxdıq, 18 saat yol gedəndən sonra Lvov şəhərinə çatdıq. Vağzalda bizi könüllülər qarşıladılar. Qaçqınlar üçün ayrılmış məntəqələrdən birinə apardılar. Qeydiyyatdan keçib dincəlmək üçün ayrılmış otaqlarla təmin elədilər. Doğrusu, müharibənin belə ağır zamanında burada belə gözəl şəraitin təşkili adamı məmnun edirdi. Hamı öz işinə çox məsuliyyətlə yanaşırdı. Hər addımda qayğı və diqqət hiss olunurdu. İki gün burada qaldıq, bəzi sənədləşmə işləri getdi.
Biz ölkəni rəsmi qanunlara uyğun tərk eləmək istəyirdik. Böyük oğlum tələbə olduğu üçün xaricdə dərslərinə davam eləmək üçün xüsusi sənədlər tərtib olunmalı idi. Yoldaşımla mən vergi ödəyicisi kimi büdcədən bəzi imtiyazlar almaq imkanımız var idi. Bütün bunlar sənədləşdirilməli idi.
Orada öyrəndik ki, hər bir ölkədə qaçqınların qəbulu və qeydiyyatı müxtəlifdir.
Nəhayət, 25 apreldə Lvovdan çıxıb Polşa-Ukrayna sərhəddinə yollandıq. Sərhəddə qədər iki yerdə postlar qurulmuşdu. Sənədlərimizi yoxlayıb irəli getmək üçün icazə verdilər. Sərhəd-keçid məntəqəsində işləri elə səliqəli qurmuşdular ki, lazımı yoxlamalardan sürətlə keçib Polşa torpağına qədəm qoyduq.
O üzə keçən kimi Polşalı könüllülər bizi qarşıladılar. Kimin hara, hansı ölkəyə gedəcəyi ilə maraqlandılar və təyinatı üzrə qurulmuş çadırlarda yerləşdirdilər. Polşa dili Ukrayna dilinə çox yaxın olduğu üçün onlarla tez anlaşa bilirdik. Orada öyrəndik ki, hər bir ölkədə qaçqınların qəbulu və qeydiyyatı müxtəlifdir. Onlar bizə bunları izah etdilər və bizim üçün münasib olan ölkənin İtaliya olduğunu müəyyən elədik. Burada əsas məsələ mənim qeydiyyatıma aid idi. Mən Ukraynada daimi qeydiyyatda deyildim, yaşamaq hüququ almışdım. İtaliya yeganə ölkə idi ki, mənim kimi daimi qeydiyyatda olmayanlara da sığınacaq verirdi. Ən çox da buna görə biz İtaliyanı seçdik.
QARŞIDA İTALİYA - MİLAN ŞƏHƏRİDİR
Bir çox stansiyalarda qatarı Ukrayna bayraqları ilə qarşılayırdılar.
Qaydaya görə hər istiqamətə gedən qatar dolan kimi yola düşür. Burada həmin istiqamətə iki qatar gedəcəkdi. Biri xeyriyyə məqsədilə, pulsuz aparırdı, burada həm sıxlıq idi, həm də heç bir əlavə təminat yox idi. Bir də ən əzablısı o idi ki, qatar dolmamış hərəkət eləmirdi, bir neçə gün çadırlarda gecələməli idin. Digər qatara gediş haqqının yarısını ödəməliydin. Amma burada həm sakitlik idi, həm də o biri qatar kimi dolmağı gözləmirdi. Xüsusi cədvəl üzrə hərəkət edirdi. Biz ikinci qatarı seçdik.
Yol getdikcə Avropanın baharı gözümüz önündəydi. Yolboyu ucsuz-bucaqsız yaşıllıqlar göz oxşayırdı. Hər yerdə Ukraynaya isti münasibəti hiss eləyirdik. Qatar stansiyalarda dayanan kimi adamlar öz dillərində Ukraynaya məhəbbət ifadə edən şüarlar səsləndirir, Rusiyanı, müharibəni lənətləyirdilər. Bir çox stansiyalarda qatarı Ukrayna bayraqları ilə qarşılayırdılar. Bu səhnələr bizə qürur verirdi. Ukraynanın qələbəsinə inamı artırırdı.
bizi vağzalda artıq könüllülər gözləyirdilər
Qatar Polşa ərazisindən çıxıb Çexiya torpağına qədəm qoydu. Avstriyanı, Sloveniyanı keçib İtaliyaya daxil olduq. 26 apreldə artıq qatar Milan şəhərindən keçirdi və bizi vağzalda könüllülər gözləyirdilər. Yüksək səviyyədə qarşılandıq. Könüllülər Bizmlə Ukrayna dilində danışırdılar. Buna təəcüblənəndə bildirdilər ki, onlara bir neçə dil öyrədiblər – həm rus, həm də Ukrayna dili daxil olmaqla. Xüsusi ayrılmış avtobuslara oturub yola düşdük və bir neçə saatdan sonra gecələməli olacağımız binaya çatdıq. Bu, mehmanxana tipli istirahət mərkəzlərindən biri idi. Hər çür şəraiti olan bu mehmanxana çox xoşumuza gəldi.
Səhəri gün yenidən sənədləşmə işlərinə başlandı. Burada da iki cür qeydiyyat aparılırdı – biri işləmək istəyənlər üçün ayrı sənədləşmə edirdilər, digəri isə sadəcə yaşamaq üçün sığınacaq təminatı almaq istəyənlər üçün. Biz imkan olsa, işləmək istədiyimizi bildirdik, dedilər ki, çalışarıq, sizə uyğun iş tapaq!
Milanla ilk tanışlığımız zamanı
şəhərin gözəlliyinə heyran olduq
Milanla ilk tanışlığımız zamanı şəhərin gözəlliyinə heyran olduq! Burada qədim binalar, geniş küçələr, unikal üslubda tikilmiş kilsələr diqqət çəkirdi.
Şəhəri gəzmək imkanımlız hələlik olmadığına baxmayaraq, bizə yaxın olan bəzi binaların şəkillərini çəkə bildik! Onu deyim ki, bu şəhərin də əhalisi Ukrayna xalqına böyük rəğbət göstərir. Rusları lənətləyirdilər. Bir neçə yerdə rus bayrağının aşağa endirildiyini, Ukrayna bayrağının isə ən uca yerdə asıldığını görəndə bir daha qürurlandıq! Biz inanırıq ki, bu qeyri-bərabər döyüşdə Ukrayna ordusu qalib çıxacaq və didərgin düşən xalq öz evlərinə qayıdıb Ukraynanı yenidə quracaqlar, həm də daha gözəl, daha bənzərsiz!!!!!!!!
Beləliklə, birinci dəfə Azərbaycanı, ikinci dəfə 2-ci Vətən sandığımız Ukraynanı tərk etdik. İtaliya bizə 3-cü Vətən olacaqmı?
Yxın zamanlarda italiya ilə doğmalaşsaq da Ukraynaya qayıtmaq ümidindəyik.
Milan şəhərində Ukrayna konsulluğu.
Cenub.az, Səməd Baxışov,
Ukrayna Xarkov – İtaliya Milan.