Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dağ altında şəhər – Putinin ən etibarlı bunkeri Uralda, Yamantau dağındadır


Hələ əsrlər öncə hökmdarlar müharibələr zamanı ehtimal edəcəkləri çətin və çıxılmaz vəziyyəti düşünürək təhlükəsizlikləri üçün gizli sığınacaqlar yaradıblar. Bu ənənə zaman-zaman daha da inkişad edib, müasir dövrümüzdə də dövlət başçılarının bunkerləri üçün kifayət qədər böyük məbləğlər ayrılır və bu məsələ ciddi nəzarət altında saxlanılır.

Sovet dövründə SSRİ rəhbərlərinin bir neçə bunkeri mövcud olub. 1960-cı illərin əvvəllərində isə daha əlçatmaz olan yeni bir bunkerin inşası ilə bağlı planlar üzə çıxıb. Mərkəzi Komitə yekdilliklə bu dağların dərinliyində bunker yaratmaq planının gerçəkləşməsi üçün qərar qəbul edib.

Dağın içsində şəhəri xatırladan bunkerin inşası tam məxfi həyata keçirilib, şərti adı isə “Qrot” (mağara) adlandırılıb. Bunker cənubi Uralın ən yüksək nöqtəsində, Yamantau (tatarca - "Yaman dağ") dağının içərisində tikilib. Anoloji olaraq Amerikada da ABŞ prezidenti üçün Reyven Rok dağının altında “Site R” adlı oxşar bunker mövcuddur və bu sığıncaq cəmi 3 min nəfər üçün nəzərdə tutulub.
8361138_original.jpg (132 KB)
Uraldakı bunkerin “məxfi hərbi obyekt” adı altında tikintisi 1960-cı illərdə planlaşdırılsa da, inşasına 1970-ci illərin sonlarında başlanılıb. Tikintini SSRİ Müdafiə Nazirliyinin 30 nömrəli tikinti idarəsi aparıb. Olduqca böyük həcmli tikinti sovet dövründə tam başa çatdırılmayıb. SSRİ-nin süqutundan sonra işlər, demək olar ki, dayandırılıb.
Yamantau bunkeri haqqında ilk dəfə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumatda bildirilib ki, qapalı hərbi obyekt adı altında inşa edilən tikinti Rusiya Federasiyası prezidentinin bunkeri olacaq. Amerikalılar öz məlumatlarında bunkerin nəhəngliyini xüsusilə vurğulayaraq qeyd ediblər ki, sığınacaq 60 min nəfər üçün nəzərdə tutulub, amma zərurət yaranacağı halda 300 min nəfərin yerləşdirilməsi də mümkündür.
de-1200x900.jpg (121 KB)
2000-ci ildə bunkerin tikintisinə sürətlə start verilib. Ərazidə elə bir mühafizə sistemi yaradılıb ki, nə turistlər, nə də jurnalistlər Yamantau dağına yaxın düşə bilməyiblər. Məhz həmin ərəfələrdə Vladimir Putin bunkerə yaxın ərazidə yerləşən, dağ-xazək kurortu kimi tanınan Abzokovaya tez-tez səfər edib. Müşahidəçilərin qənaətinə görə, Putin bu əraziyə heç də xizək sürməyə deyil, bunkerdə gedən işlərə birbaşa nəzarət etmək üçün gedib.
2002-ci ildə Yamantau bunkerinin tikintisi sona çatıb. Sızan məlumatlara görə, bunker eyni vaxtda atılacaq 5 nüvə silahına tab gətirəcək qədər möhkəm və davamlıdır.
Bunkerin içərisinə dəmiyolu xətti və avtomobil yolu çəkilib. Bunkerin içərisindəki tunellərin uzunluğu isə 500 kilometrə çatır. Dağ altında salınan şəhərdə eyni vaxtda 300 min nəfərin yerləşdirilməsi mümkündür ki, altı ay ərzində onlar çölə çıxmadan tam təminatla yaşaya bilərlər.
images.jpg (43 KB)
Yamantau bunkeri normal yaşayış üçün bütün zəruri kommunikasiyalarla, su xətti, elektrik enerjisi, rabitə, havalandırma sistemi ilə təmin edilib. Hələ sovet dövründə həmin bunkerin inşasında iştirak edən, adını açıqlamayan mühəndis bildirib ki, dağ altındakı şəhərdə hətta heyvan saxlamaq, meyvə və tərəvəz yetişdirmək də mümkündür.
Bunker üçün ərazinin məhz bu məkanda seçilməsi də təsadüfi olmayıb. ABŞ və NATO qüvvələri üçün bu ərazini hədəfə çevirməyin çətin olacağını hesablayan mütəxəssislər prezidentin burada daha etibarlı mühafizə olunacağına tam əmin olublar.
Lazım olan halda, zərurət yaranacağı təqdirdə bunkerə tez yetişmək üçün Yamantau dağının üzərində helikopter meydançası da salınıb.
vladimirputin_202202030907000.jpg (89 KB)
Hazırda bu ərazi son dərəcə ciddi şəkildə mühafizə olunur. Dağ altında olan şəhər haqqında bütün məlumatlar məxfi saxlanılır. O cümlədən Yamantauya yaxın yerlərdə belə foto və video çəkilişlərə qadağa qoyulub.
Eyni zamanda bu ərazi dövlət qoruğu statusunda olduğu üçün burada heç bir kənd təsərrüfatı və tikinti işlərinin aparılması da qanunla qadağan olunub. Hətta yerli sakinlərin bu ərazidən hansısa bir məqsədlə istifadələrinə qəti şəkildə icazə verilmir.
Ətraf kəndlərdə və qəsəbələrdə yaşayanlar Yamantau bunkerini möcüzə adlandırırlar. Elə bunkerə “Qrot” adını da ilk olaraq onlar veriblər.
pohod-na-yamantau-logo.jpg (84 KB)
Təhlükəsizlik mütəxəssislərinin qənaətinə görə, Rusiya prezidentinə məxsus Yamantau bunkeri dünyanın ən nəhəng və ən təhlükəsiz sığınacağı sayılır.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10