“Azərbaycan dekorativ tətbiqi sənətləri” kitabına (Rasim Əfəndi. B., 1976) daxil edilən bədii həsir ustası Badam Fərzulla qızı bu kəndin sakinidir
Qızılavar Masallı rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindən 8 km cənubda, Lənkəran-Masallı şose yolunun üstündə yerləşir. Bədəlan, Kolatan, Dəlləkoba və Lürən kəndləri ilə həmsərhəddir.
Qızılavar kəndinin ərazisi 523 hektar, əhalisi 2500 nəfərdir.
Kənddə
1859-cu ildə 605 nəfər (ev 91, kişi 333, qadın 272),
1933-cü ildə 768 nəfər (kişi 375, qadın 393),
1977-ci ildə 1787 nəfər,
1999-cu ildə 2364 nəfər (kişi 1164, qadın 1200),
2009-cu ildə isə 2382 nəfər yaşamışdır.
Qızılavar yerli sakinlər tərəfindən talış dilində Ğızlıvo və ya Ğızləvo adlanır. Qızılavar məhz, Ğızlıvo/Ğızləvonun təhrifə uğramış adıdır. “Var” İran mənşəli söz, komponent olaraq Azərbaycan toponimlərində “yer, məkan” mənasında işlənir. “Var” komponenti Mahmudavar/Mədo (Masallı rayonunda kənd. Mədo kəndin talış dilində olan adıdır)adı istisna olmaqla, talış dilində olan toponimlərdə “vo” şəklində işlənir. “Vo” isə talış dilində “yer, məkan” deyil, “külək” deməkdir. Bu qəbildən olan toponimlərə misal olaraq Şiləvar – Şilvo, Siyavar – Siyovo, Telavar – Teləvo, Qızılavar – Ğızləvo və digərlərini göstərmək olar. Qızılavar/Ğızlıvo toponimində işlənən “qızıl/ğızıl” burada qiymətli metal adı deyil, əlamət bildirir.
Nadir Məmmədovun Qızılavar/Ğızlıvo toponimi ilə bağlı fikrinə istinad olunan “Masallı toponimləri” kitabında yazılır: “Qızılavar açıq yerdə yerləşdiyi üçün oranı daim küləklər tutur, odur ki, talışlar buranı qızıl küləkli yer adlandırmışlar” (Musarza Mirzəyev, Şahrza Ağayev. B., 1992, səh. 18).
Qeyd edək ki, rus dilində tərtib olunmuş Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə dair siyahıyaalınmasında kəndin adı Qızılavarla yanaşı, Qızılabad (Кызылаварь/Кызылабадь) şəklində də yazılmışdır.
Qızılavar qədim tarixə malik yaşayış məntəqələrindən sayılır. Kənd ərazisində qeydə alınmış abidələr Qızılavarın tarixi keçmişindən soraq verir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Qızılavarda 3-ü ölkə əhəmiyyətli arxeoloji və 2-si yerli əhəmiyyətli mədəniyyət abidəsi olmaqla rəsmən 5 abidə qeydə alınmışdır. Arxeoloji abidələr tunc dövrünə (e.ə. IV-II minilliklər) aid Qoçabəytəpə kurqanı (inv: 1606), Qızılavar kurqanları (2 ədəd; inv: 1607) və orta əsrlərə aid Piəseyd (qərarda adı Mirseyid yazılıb) ocağıdır (inv: 1621).
Mədəniyyət abidələri XIX əsrə aid məscid (inv: 4891) və XIX əsrə aid daş qoç fiqurudur (inv: 6264).
Yuxarıda adları qeyd olunmuş tarix və mədəniyyət abidələri və eyni zamanda rəsmən memarlıq abidəsi kimi qeydə alınmayan Peysə məhəlləsindəki məscid haqqında İldırım Şükürzadə və Zahir Əmənovun həmmüəllif olduqları “Masallının tarix və mədəniyyət abidələri” kitabında (B., 2021) geniş məlumat verilmişdir.
Qızılavar kəndi vaxtilə Talış xanlığının Dəştvənd mahalının, Talış əyalətinin və Lənkəran qəzasının əvvəl Ərkivan nahiyyəsinin, sonra isə Boradigah dairəsinin tərkibində olmuşdur.
1930-cu ildən Masallı rayonunun tərkibindədir.
“Əxbərnamə” müəllifinin babası Kərbəlayı Qurban Qızılabad (İndiki Qızılavar) kəndinin sakini olub
Astaranın Butəsər (indiki Pensər/Pensə) kəndində anadan olmuş Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1883-cü ildə 97 yaşında fars dilində qələmə aldığı və Talış xanlığının tarixindən bəhs edən “Əxbarnamə” kitabında əcdadları haqqında məlumat verərkən Qızılavar kəndinin (əsərdə Qızılabad kimi yazılıb) də adını qeyd edərək yazmışdır: “Əvvələn, mənim babalarım Qarabağ elatının Zərgər(li) tayfasından üç qardaş olub Nadir şahın dövründəki qarışıqlıq zamanı, bilmirəm onlara nə hadisə üz vermişdi ki, Qarabağ vilayətini tərk edib Talış vilayətinə gəlmişdilər. Mənim babam Kərbəlayı Qurban Qızılabad kəndində sakin olub, Lisan tayfasından evlənmiş, bir neçə il Qızılabadda yaşamışdır. Ağa Məhəmməd şah Qacar Mir Mustafa xanın üzərinə qoşun göndərdiyi zaman mərhum Kərbəlayı Qurban aclıq və rəhətlik nəticəsində öz ailəsi ilə oradan köçüb Astaranın Kürab mahalında Butəsər kəndinin məşhur Ağa Kərim məhəlləsində sakin olmuşdur” (“Əxbarnamə”. B., 1975, səh. 15-16).
Qızılavar əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Sovet dönəmində kənddə kollektiv təsərrüfat olan kolxoz, daha sonra isə sovxoz fəaliyyət göstərmişdir.
Kolxoz sovet partiya və dövlət xadimi Maksim Litvinovun adını daşımışdır. 1950-ci illərdə Litvinov adına kolxoz qonşu Dəlləkoba kəndindəki M.F.Axundov adına kolxozla birləşdirilmiş və təsərrüfat M.F.Axundov adlandırılmışdır. Çox keçməmiş M.F.Axundov adına kolxoz Bədəlan kəndindəki Əzizbəyov adına kolxozla birləşdirilmiş və təsərrüfat Əzizbəyov adlanmışdır. Qızılavar kəndi 1960-cı illərin ortalarında Əzizbəyov adına kolxozun tərkibindən çıxaraq yenidən M.F.Axundov adına sovxoz kimi fəaliyyət göstərmişdir (1964-cü ildə kolxozlar sovxozlarla əvəz edilmişdir).
Kənddəki təsərrüfat çəltikçilik, çayçılıq, tərəvəzçilik və tütünçülük üzrə ixtisaslaşmışdır. Çəltikçilik 1960-cı illərin ortalarına qədər davam etmiş, tütün isə qısa müddət ərzində əkilmişdir. M.F.Axundov adına sovxoz Masallı rayonunun qabaqcıl təsərrüfatlarından biri olmuşdur.
Sovxozun əmək qabaqcıllarından Sərvər Ağayev və Təzəgül Əliyeva sovet dövrünün ən yüksək mükafatlarından olan Lenin ordeni ilə təltif olunmuşlar. 1990-cı illərin əvvəllərində bir müddət yenidən kənddə çəltik əkilmişdir. 1997-ci ildə ölkədə həyata keçirilən Aqrar islahat nəticəsində kolxoz və sovxozlar, istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq kimi pulsuz olaraq kəndlilərə paylanılmışdır.
Vaxtilə Qızılavarda dulusçuluq inkişaf etmiş və bu peşə ilə əsasən kəndin Kırçoba məhəlləsinin sakinləri məşğul olmuşdur.
Masallıda ilk özəl tibb ocağı bu kənddə yaradılıb
Qızılavar müasir kənddir və şəhərə bənzəyir. Burada sosial obyektlərdən üç mərtəbəli tam orta məktəb, klub, kitabxana, həkim məntəqəsi, poçt, ATS, 2 məscid, rayonda ilk özəl tibb ocağı olan “Tuva” tibb mərkəzi, qaz və benzin doldurma məntəqələri, mağaza-dükanlar, ictimai-iaşə obyektləri, bərbərxana və digərləri vardır.
“Tuva” tibb mərkəzi müstəqilliyimizin ilk illərində yaradılan özəl müəssisədir. Mərkəzdə insanlara yüksək səviyyədə tibbi xidmət göstərilir. “Tuva” tibb mərkəzinin burada yerləşməsi Qızılavarı daha da şöhrətləndirmişdir.
Kənddə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Qızılavar kənd inzibati ərazi dairəsi Qızılavar mərkəz olmaqla Qızılavar və Dəlləkoba kəndlərini əhatə edir.
Qızılavar əvvəl Qızılavar kənd şurasının, Qızılavar kənd sovetliyinin və daha sonra isə Bədəlan kənd sovetliyinin tərkibində olmuşdur. Qızılavar kənd şurası və kənd sovetliyi Qızılavar mərkəz olmaqla Qızılavar, Dəlləkli (Dəlləkoba) və Bala Kolatan kəndlərini əhatə etmişdir.
1954-cü ildə Kolatan kənd sovetliyi (indiki inzibati ərazi dairəsi) yaradılmış və Qızılavar kənd sovetliyinin tərkibində olan Bala Kolatan Kolatan kənd sovetliyinin tərkibinə daxil edilmişdir. Qızılavar Bədəlan kənd sovetliyinin tərkibində olarkən sovetlik Bədəlan mərkəz olmaqla Bədəlan, Aşurlu, Çayqıraq (Ruəkəno), Dəmirçi (Osnəğə), Qızılavar və Dəlləkoba kəndlərini əhatə etmişdir.
Qızılavar bələdiyyəsi 2000-ci ilin yanvar ayında yaradılmışdır. 2010-cu ildə Dəlləkoba bələdiyyəsi ləğv edilərək, Qızılavar bələdiyyəsinə birləşdirilmişdir. Bələdiyyə Qızılavar mərkəz olmaqla Qızılavar və Dəlləkoba kəndlərini əhatə edir.
Masallının ilk qadın müxbiri bu kəndin sakini olub
Qızılavar eyni zamanda öz ziyalıları, əməksevər insanları ilə tanınan kəndlərdən biridir. Kəndin tanınmışlarına misal olaraq tibb elmləri doktoru, professor, II çağırış (2000-2005) Milli Məclisin üzvü olmuş Vəsadət Əzizov, iqtisad elmləri doktoru Seymur Ağayev, Maliyyə Nazirliyində şöbə müdiri işləmiş iqtisad üzrə fəlsəfə doktoru Cəmil Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri işləmiş, filologiya üzrə fəlsəfə doktoru, şərqşünas, tərcüməçi Müqəddəs Payızov, Şimali Kiprin Lefke Avropa Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Ağayev, şairlər Tofiq İlham, Xanəli Tolış, Camal Lələzoə, İsrafil Hüseynov, Taleh Məftun, publisist Şirəli Əliyar, Masallı rayonunun mətbu orqanı olan “Yeni həyat” qəzetinin ilk qadın müxbirlərindən biri olmuş (1930-cu illərdə) Yaqut Rəhmətova, adı “Azərbaycan dekorativ tətbiqi sənətləri” kitabına (Rasim Əfəndi. B., 1976) daxil edilən bədii həsir ustası Badam Fərzulla qızı, İsveçdə yaşayan ictimai fəal Əli Ağayev, Almaniyanın Erfurt şəhərində çalışan həkim-cərrah Vüqar Qənbərzadə və digərlərini göstərmək olar.
Cenub.az İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, AJB-in üzvü