100-dən artıq şeirinə mahnı bəstələnən iqtisadıçı alim;
10-dan artıq ölkədə elmi fəaliyyətinə və şeirlərinə dəyər verilən Masallının dəyərli xanımı;
Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin (keçmiş Baş katibi, hazırda Məşvərət Şurasının üzvü), Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri
Son günlər əksər Rəsmiyəsevərlər iqtisad üzrə elmlər doktoru adını qazanmış Rəsmiyyə Sabir haqqında olduqca xoş sözlərlə dolu statuslar paylaşırlar. Mən də, necə deyərlər, bir jurnalist, onun uğurları ilə fəxr edən, dəyər verən bir həmkəndlisi kimi, eləcə də onu yaxından tanıyan biri kimi Rəsmiyyə xanımı izləyicilərə tam dolğunluğu ilə təqdim etmək istəyirəm.
Vikipediyada “Rəsmiyyə Sabir” yazan kimi qarşına o qədər maraqlı və fərəh doğuran məlumatlar çıxır ki, az qala çaşıb qalır və düşünürsən - hələ ömrün 50 yaş həddini aşmayan bu qadın Elm və Poeziya sahəsində, dəqiq elmləri poeziya ilə bu qədər doğmalaşdırıb, uğuru qazanmağa necə vaxt tapıb?
Həmin göstəriciləri təqdim etmədən öncə Rəsmiyyə Sabirin tanınmış müğənni Azərinin ifasında onun
“Bağışlama bizi, Vətən!” şeiri əsasında hazırlanmış klipi xatırlayaq.
(Redaksiyadan: 10 illər öncə Rəsmiyyə xanımın ürək ağrısı ilə yazdığı, hər misrasında həsrət, yanğı, vətən eşqi olan bu şeirdəki arzular nə yaxşı ki, bu gün qəhrəman oğullarımızın rəşadəti sayəsində arzudan, haraydan reallığa çevrildi). Linki izləməyi unutmayın.
Rəsmiyyə Sabir -
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş Baş katibi, hazırda – Məşvərət Şurasının üzvü
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə doktoru, dosent
Rəsmiyyə Sabir Əşrəf qızı
Masallı rayonunun Ərkivan qəsəbəsində olduqca səmimi, gülərüz, çox sadə, işıqlı insan olan Sabir Əşrəfovun ailəsində dünyaya göz açıb.
Orta təhsilini Ərkivanda, Əlvan Bağırov adına Həsənəküçə tam orta məktəbində alıb.
1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb.
Şair Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır.
2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır.
Yüzdən çox şeirinə mahnı bəstələnib.
2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb.
2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb.
"Həbs olunmuş sükut",
"Rəngsiz göz yaşları",
"Kölgəsiz dar ağacları" (İraq),
“Unutdun məni”,
"Sahilsiz adam” (Türkiyə)
“Sonun başlanğıcı”
“Zindan sevinci”
adlı şeir kitablarının müəllifidir.
Bir neçə teleserialın (“Dəfnə ağacı”, “Uçurum”, “Bir qadın”, “Məhkumlar”) ana mahnısının söz yazarıdır.
Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə -
Türkiyədə keçirilən II Beynəlxalq Füzuli Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında,
Krımda keçirilən Türkcənin VI Beynəlxalq Şeir Festivalında,
III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında,
Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII Qurultaylarında və s.) təmsil edib.
Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək, qazax, qırğız və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar, gürcü dillərinə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb.
2015-ci ildə Özbəkistanda yayılan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla, 2016-cı ildə Kərkük Kültür Mərkəzinin, 2017-ci ildə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə Qazaxıstanın Mədəniyyət nazirinin Fəxri Fərmanları ilə təltif olunub. 2017-ci ildə “Fəzanın cazibəsi” antologiyasının hazırlanmasındakı əməyinə görə Rusiya Yazarlar Birliyinin Arxangelsk Regional Bölməsinin Təşəkkürnaməsini qazanıb. 2018-ci ildə ədəbi sahədəki nailiyyətlərinə görə TÜRKSOY-un “Molla Pənah Vaqif” medalına və Fəxri Fərmanına layiq görülüb. 2020-ci ildə Şahmar Əkbərzadə mükafatına layiq görülüb. Həmin ildə Özbəkistanda keçirilən Beynəlxalq Şeir Müsabiqəsinin qalibi olub. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub.
İqtisad Elmələr doktoru Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır.
2008-ci ildən 2020-ci ilə kimi İnstitutda Elmi katib vəzifəsində çalışmışdır. Hazırda “İnklüziv sosial inkişaf” şöbəsinin müdiridir.
2006-cı ildə "Azərbaycanda əhalinin pensiya təminatı sisteminin formalaşması və təkmilləşdirilməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi,
2009-cu ildə dosent elmi adı almışdır.
“Azərbaycan Respublikasında sosial müdafiə sisteminin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını isə bu günlərdə uğurla müdafiə edərək iqtisad elmləri doktoru adını qazanmışdır.
Elmi fəaliyyəti Beynəlxalq miqyasda
Rəsmiyyə xanım Azərbaycanda və xaricdə rus, ingilis, türk, çin dillərində çap olunmuş 120 elmi əsərin, o cümlədən 9 monoqrafiyanın (2 fərdi və 7 kollektiv), 1 dərs vəsaitinin müəllifidir. Məqalələri SCOPUS və WEB of Science kimi məşhur elmi bazalarda yerləşdirilib.
Azərbaycanda və xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Çin Xalq Respublikası, Türkiyə, Ukrayna, Rusiya, Rumıniya, Macarıstan, Qazaxıstan, Belarus, Bolqarıstan və s.) elmi konfranslarda iştirak və məruzə etmişdir.
14 qrant layihəsinin rəhbəri, kordinatoru, eksperti olmuşdur.
2006-2008-ci illərdə həm də «Gənc Alimlər Şurası»nın sədri kimi fəaliyyət göstərmişdir.
2006-cı ildən Elmi Şuranın üzvüdür. R.Sabirin elmi rəhbərliyi ilə 2 nəfər iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
“Xəbərlər”, “İqtisadi artım və ictimai rifah”, “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnallarının “İqtisad elmləri” üzrə redaksiya heyətinin üzvüdür.
Mükafat və təltifləri
2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır.
2003-cü ildə "Fəxri gənc" mükafatına layiq görülmüşdür.
2004-cü ildə "Həbs olunmuş sükut" adlı kitabı "Dünya Gənc Türk Yazarlar Birliyi" tərəfindən mükafatlandırılıb.
2006-cı ildə elm sahəsindəki nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülmüşdür.
2006-cı ildə KİBATEK və VEKTOR Beynəlxalq Elm Mərkəzinin “İlin Ədəbiyyat Mükafatı”nı alıb.
2014-cü ildə ədəbi nailiyyətlərinə görə
Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb.
2015-ci ildə Özbəkistanda yayınlanan “Kitab dünyası” Qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla layiq görülüb.
2016-cı ildə Kərkük Kültür Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunub.
2018-ci ildə ədəbi sahədəki nailiyyətlərinə görə TÜRKSOY-un “Molla Pənah Vaqif” medalına və Fəxri Fərmanına layiq görülüb.
2020-ci ildə Şahmar Əkbərzadə mükafatına layiq görülüb.
2020-ci ildə Özbəkistanda keçirilən Beynəlxalq Şeir Müsabiqəsinin qalibi olub.
Daha nə deyək?
Göründüyü kimi, Rəsmiyyə xanımın uğurlarını sadalamaq insanı yorur. Bəs bunları əldə etmək? Bu qədər araşdırmalar, şeir kitabları, səyahətlər, elmi konfranslar… Bütün bunları, həm də qadın olaraq əldə etmək üçün bir ömürdə az qala bir neçə ömür yaşamaq tələb edir.
Yəqin ki, Rəsmiyyə xanımın uğurları haqqında yazı sizi bir az yordu. Amma buna baxmayaraq, onun gələcək hədəflərinin də sizin üçün maraqlı olacağını nəzər aldıq. Ona görə, Rəsmiyyə xanımla telefon söhbətimdə ondan bir necə sualımıza cavab istədik:
-Rəsmiyyə xanım, öncə bir daha təbrik edirik. Yəqin ki, nə elmdən, nə poeziyadan yorulmamısınız. Poeziya və Elm ilə eyni vaxtda məşğul olmağınmız nə vaxt sizə mane olur, nə vaxt yardımçı?
-Təbriklər üçün həm Sizə, həm də mənim sevincimi paylaşan bütün insanlara təşəkkür edirəm. Xeyr, yorulmamışam. Əksinə, hər uğur məni daha da həvəsləndirir. Poeziya və elmlə eyni vaxtda məşğul olmağım bəzən çətinlik yaradır. Bax, elə bu gün, xaricdən sifariş almışam. Məşhur elmi bazalardan biri üçün məqalə yazıram. Eyni zamanda da bir teatr tamaşası üçün bir neçə şeir yazmalıyam. İkisini eyni vaxtda icra etmək çətindir. Lakin bunun avantajı da var. Rəqəmlərdən yorulanda poeziyaya keçirəm. Orada dincəlirəm. Poeziya hər şeydən yorulanda dincəldiyim, ruhumun sakitlik tapdığı yerdir.
-Hansı masallılı alim qadınlarla əlaqələriniz var?
-Təəssüf ki, heç kimlə. Çox istərdim ki, masallılı ziyalı qadınlarla əlaqəm sıx olsun. Ümumiyyətlə, masallılı ziyalıların sıx əlaqələrinin olmasını istəyirəm. Belə olarsa, doğma rayonumuza daha çox faydamız dəyər. “Biz birlikdə güclüyük!”
-Ömrünü elmə həsr etməyə hazır olan qadınlarımızı görürüsünüzmü və belələrinə sözünüz?
- Bildiyiniz kimi, elm sahəsində maaş bir sıra sahələrə nisbətən aşağıdır. O səbəbdən də elmə gələn çox olsa da, orada qalan əsl elm adamlarının sayı azdır. Mənim çalışdığım İnstitutun direktoru prof. Nazim Müzəffərlinin bununla bağlı maraqlı bir fikri var: “Elm sahəsində ya fanatiklər qalır, ya da getməyə yeri olmayanlar”. Tam razıyam. Mənim fikrimcə, elmə ömrünü həsr etmək istəyən qadınların sayı azdır. İstəyərdim ki, elm sahəsinə gələnlər onu sevib gəlsinlər. Getməyə yeri olmadıqları və ya prestij üçün deyil...
- Həm elm, həm poeziya sahəsində qarşıdakı hədəfləriniz?
Elm sahəsində hədəfim odur ki, daha dərin tədqiqatlar aparım, gənc tədqiqatçılara yol göstərim, Azərbaycan elminin dünyada tanıtdırılmasında əməyim olsun. Poeziyada isə yeni kitablarım çap olunsun, şeirlərimə yeni, gözəl nəğmələr bəstələnsin. Azərbaycan poeziyasının qüdrətini dünyada göstərə bilim. Arzular çoxdur.
Elmlər doktoru adını qazanamağınız münasibəti ilə aldğığınız və orjinallığı ilə seçilən hansı təbriklər yadınızda qaldı?
Əvvəlcə onu qeyd edim ki, aldığım təbriklərin sayı gözlədiyimdən qat-qat çox oldu. Minlərlə təbrik gəldi. Bu, bizim xalqımızın elmə verdiyi dəyərdən irəli gəlir. Çox sevindim. Hələ də təbriklər gəlməkdədir. Onu da deyim ki, Hindistandan, Avropadan, Türk dünyasının hər yerindən təbriklər aldım. Bəzilərini göz yaşları içində oxudum. Məsələn, hörmətli Sübhan Baqıyevin təbriki (Təbrik edirəm! Allah rəhmət etsin Sabir kişiyə, Fəridə bacıya belə talantlı, fitri istedada malik övlad böyüdüb ərsəyə çatdırdıqlarına görə, hər ikisinin məkanı Cənnət olsun. Daha yüksək zirvələr fəth etməyinizi uca tanridan diləyirəm!) məni çox duyğulandırdı. Mənim bu yerə gəlməyimdə Valideynlərimin rolu çox böyük olub. Atam məni elmdə görmək istəyirdi. İndi ruhlarının şad olduğundan əminəm.
Orjinal təbrik mətnləri də var idi. Ən gözəl təbriklərdən biri Millət vəkili, dəyərli ziyalı, gözəl alim, dərin hörmət bəslədiyim Əli Məsimlidən gəldi. Yaddaşımda iz qoyan təbriklərdən biri də Facebookda Zöhrab Talıbovun təbriki oldu: “Mən də sizin qədər qürurluyam. Bilirsiniz bir mif formalaşdiriblar Azərbaycanda. Cənubda qızlar oxumur.
Oxuyur ....lap əla oxuyur. Öz zəhməti, əziyyəti, yuxusuz gecəri naminə uğur qazanır. Sizə halal olsun, mənim yerlim, mənim elmlər doktorum.
10 il öncə Millət Vəkili olmağı hədəfləmişdiniz? Gələcək üçün yenə belə bir arzunuz varmı?
Bəli, belə bir təcrübəm oldu. Gələcəkdə niyə də yox. Düzünü desəm, millət vəkilliyinə namizəd olmaqla bağlı hələ qərar verməmişəm. Zamanı çatdığında mövcud vəziyyəti dəyərləndirib qərar verəcəyəm. Vətənə, xalqa xidmət etmək şərəfdir!
-Söhbətə sizin bir şeirinizə həsr olunmuş kliplə başladıq. Yazını hansı şeirlər bitirmək istərdiniz?
- Zahir müəllim, Siz əvvəldə mənim “Bağışlama bizi, Vətən!” şeirimi xatırlatdınız. Bu gün müzəffər Ali Baş Komandanımızın, Şəhidlərimizin, Qazilərimizin, Müharibə Veteranlarımızın, Xalqımızın həmrəyliyi sayəsində Qarabağ azaddır. Şuşa işğaldan azad edilən günü bir şeir yazmışdım. Onun bir bəndi ilə bu söhbəti bitirmək istəyirəm.
Qanımızdan qutsal torpağa qatdıq,
Biz qələbə dolu tarix yatratdıq,
Çatdıq evimizə, Şuşaya çatdıq,
Vətən gözün aydın, el, gözün aydın!
Bir də, Zahir müəllim, yaşantılarımı anlatan “Mənim həyatım” şeirinin linkini paylaşmaq istərdim izləyicilərinizlə. Bir ömürə bir neçə ömür sığdırmaq heç də asan olmayıb…
Hazırladı: Zahir Əmənov
Linklər:
Şeirlər
[media=https://www.youtube.com/watchv=Q892E78jS5Y&ab_channel=EminTuran%C4%B0mamo%C4%9Flu]
Mahnılar