Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Leninin silahdaşı – Lazurkinanın anti-Stalin çıxışı, Molotovun hiddəti, Suslovun laqeydliyi


Sovet dövründə qurultay Kommunist Partiyasının ali orqanı və ən səlahiyyətli toplantısı sayılıb. Ən mötəbər tədbir sayılan qurultaylarda Mərkəzi Komitənin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənilib, partiya, təsərrüfat və mədəni quruculuq məsələləri müzakirə edilib, qərarlar qəbul olunub. Əksər hallarda qurultaydakı uzun-uzadı məruzələr, çıxışlar formal xarakter daşıyıb. Amma bununla yanaşı, bu siyasi tədbirdə maraqlı hadisələr də az olmayıb.

Belə hadisələrdən biri partiyanın 1961-ci ilin oktybarında keçirilən XXII qurultayında baş verib. 77 yaşlı veteran kommunist Dora Lazurkinanın çıxışı sürəkli alqışlarla qarşılanandan sonra Vyaçeslav Molotov çıxış üçün söz almadan ayağa qalxaraq üzünü ona tutub:
- Sən ifritəsən, danışdıqların cəfəngiyyat və nağıldır. Necə oldu ki, qurultaydan bir gün əvvəl sənin gördüyün yuxuda Lenin Stalini söydü?

Maraqlıdır, hansı səbəb təmkinli Molotovu özündən çıxararaq 77 yaşlı inqilabçı kommunist qadını təhqir etməyə məcbur edib?
scale_1200 (1).jpg (61 KB)
Əvvəlcə qeyd edək ki, 1884-cü ildə Çerniqovda anadan olan Dora Lazurkina çox gənc yaşlarından inqilabi hərəkata qoşulub. Hələ XX əsrin əvvəllərində o, bir neçə dəfə siyasi baxışlarına görə həbs edilib. 1904-cü ilin sonlarında növbəti həbslərdən yaxa qurtarmaq üçün Lazurkina Cenevrəyə qaçıb. Leninlə ilk tanışlığı da məhz bu şəhərdə olub. Gənc bolşevikin fəaliyyəti Leninin o qədər xoşuna gəlib ki, Lazurkina 8 ay Ulyanovlarla birlikdə yaşayıb. Lenindən növbəti tapşırıqlarını aldıqdan sonra o, fəaliyyətini Sankt-Peterburqda və Odessada davam etdirib.
Oktybr inqilabından sonra Lazurkina bir sıra dövlət qurumlarında, Leninqrad Partiya Komitəsində, şəhər maarif şöbəsində müxtəlif vəzifələrdə işləyib, ictimai fəallığı ilə fərqlənən xanım siyasətçi qatı leninçi kimi tanınıb. O, 1933-cü ildən Leninqrad şəhər Partiya Komitəsinin mədəniyyət və təbliğat şöbəsinə rəhbərlik edib. Eyni zamanda qiyabi yolla ali pedaqoji təhsil alıb.
Lazurkinanın həyat yoldaşı da Leninqradda tanınmış simalardan biri olub, o, Leninqrad Universitetinin rektoru vəzifəsində çalışıb.
scale_1200 (2).jpg (165 KB)
Cütlüyün siyasi karyeralarında uğurlar qazanıldığı bir vaxtda hər şey birdən-birə dəyişib. Lazurkinanın həyat yoldaşı Mixail 1937-ci ildə repressiyaya məruz qalıb. Antisovet fəaliyyətdə ittiham olunan rektor həbs edilib. Həyat yoldaşının həbsindən bir neçə saat sonra növbə Lazurkinaya da çatıb. Onu tədbirə dəvət etmək adı ilə mədəniyyət evinə çağırıblar və orada həbs ediblər.
Günahsızlığın sübut edilməsinin mümkün olmadığı bir dövrdə Lazurkina vətən xaininin həyat yoldaşı və ona antisovet fəaliyyətində kömək edən bir şəxs kimi 8 il azadlıqdan məhrum edilib. Cəzasının sonunda isə onu 10 il müddətinə sürgünə göndəriblər.

Beləliklə, Dora Lazirkina düz 18 il məhbəs həyatı yaşayıb.
Lazurkina azadlığıa çıxdıqdan sonra siyasi fəaliyyətini yenidən davam etdirib. O, ilk növbədə müvafiq qurumlara müraciət edərək bəraət alıb, fərdi təqaüdlə təmin edilib, veteran kommunist, ictimai fəal kimi qurultaylara nümayəndə seçilib, hətta Nikita Xruşov Kommunist Partiyasının inkişafında göstərdiyi xidmətlərə görə onu “Lenin” ordeni ilə təltif edib.
у1.jpg (118 KB)
Lazurkina partiyanın XXII qurultayına da nümayəndə seçilib. Bu qurultay isə daha çox İosif Stalinin nəşinin mavzoleydən çıxarılması ilə qəbul etdiyi qərarla yadda qalıb.

Qurultayda Lazurkina çıxış edib. O, əvvəlcə Stalin haqqında fikirlərini bölüşüb, qeyd edib ki, həbsxanada cəza çəkəndə də Stalini müdafiə edib. İnqilabçı qadın onu da bildirib ki, 30 il SSRİ-yə rəhbərlik edən bir şəxs haqqında yanlış fikirdə olub və Stalinin nəşinin mavzoleydən çıxarılması təklifini alqışlayıb. O, çıxışını aşağıdakı sözlərlə bitirib:

“Mən dünən gecə yuxuda Leninlə söhbət etdim, məsləhətləşdim. O, canlı bir insan kimi qarşımda dayanmışdı. Vladimir İliç açıq şəkildə narahatlığını və narazılığını bildirdi, dedi ki, partiyamızın adına ləkə gətirən Stalinlə yanaşı uzanmaq mənim üçün xoş deyil...”
ф1.jpg (87 KB)
Maraqlı məqam odur ki, ən ciddi tədbir sayılan partiya qurultayının nümayəndələri Lazurkinanın bu “nağıl” çıxışını sürəkli alqışlarla qarşılayıblar. Alqışlar sona çatdıqdan sonra isə Molotov Lazurkinanı “ifritə” adlandırıb.
Müasirlərindən bəziləri məhbəs həyatında Lazurkinanın psixoloji durumunda problemlər yarandığını bildiriblər. Çünki sonralar da o, sərsəm bəyanatları, çıxışları ilə ətrafdakıları təəccüləndirib.

Xruşovun hakimiyyətindən sonra Lazurkina heç bir tədbirə dəvət almayıb. Mixail Suslovun göstərişi ilə onu bütün ictimai işlərdən uzaqlaşdırıblar. Bundan xəbər tutan Lazurkina ona qarşı olan bu münasibəti cavabsız qoymayıb:

“Brejnevin sinəsinə gündə bir orden taxan Suslovdan mən bundan artıq heç nə gözləmirdim...”
Dora Lazurkina 1974-cü ildə, 89 yaşında vəfat edib. Kütləvi informasiya vasitələri veteran kommunistin vəfatı ilə bağlı bir cümlə də olsun xəbər paylaşmayıb.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10