Hərbi patrullarla kiçik bir mübahisə əvvəlcə onun karyerasına, daha sonra isə həyatına son qoyub. Yuri Qaqarindən, German Titovdan sonra kosmosa uçuşa hazırlaşan Qriqori Nelyubov sonda özünü qatarın altına atıb...
1931-ci ildə Krımda anadan olan Nelyubovun uşaqlıq illəri Zaporojyedə keçib. O, bu şəhərdə orta məktəbi bitirdikdən sonra Eysk Ali Hərbi Aviasiya İnstitutunda (Krasnodar diyarı) ali təhsil alıb. Zabit kimi hərbi xidmətinə Kerçdə başlayan Nelyubov 1960-cı ildə Moskvaya dəvət olunub. Kosmonavtların seçim komissiyasında o, ilk iyirmiliyə düşüb. Qeyd edək ki, iştirakçıların sayı üç min nəfərdən artıq olub. Beləliklə, Qriqori Nelyubov 1960-cı ildə kosmonavtlar dəstəsinə qəbul edilib.
Kosmosoa uçuşla bağlı tam hazırlıq kursları bitdikdən sonra kosmosu ilk fəth edəcək üç nəfər müəyyənləşib: Yuri Qaqarin, German Titov, Qriqori Nelyubov. Hər üçünün hazırlıq səviyyəsi və fiziki göstəriciləri eyni olub.
Onların arasında seçim etmək isə Nikita Xruşovun ixtiyarına verilib. Məlum olduğu kimi, sovet lideri Qaqarini seçib. Bəzi versiyalara görə, Xruşov ad və soyadlara baxanda digər iki kosmonavtın üzərindən dərhal xətt çəkib. Belə ki, “German” adı və “Nelyubov” soyadı baş katibi qane etməyib.
İlk şansını itirən Nelyubov ikinci olacağına ümid edib. Amma 1961-ci ilin avqust ayında onu yenə də yerdə “saxlayıb”lar, kosmosa German Titovu göndəriblər.
Nelyubov Qaqarindən və Titovdan fərqli olaraq çox səsli-küylü, barışmadığı məsələlərlə bağlı dəstə rəhbərliyinə fikrini açıq bildirən şəxs olub. Elə kosmosa ikinci uçuşdan sonra da, o narazılığını gizlətməyib. Hətta o, Xruşovun ünvanına da “kompliment” söyləyib: “Mən Nelyubov yox, Lyubimov olsaydım, Xruşov məni kosmosa birinci göndərirdi...”
Bəlkə də Nelyubov çılğın xarakteri ilə etirazını başqa formalarda da çatdıra bilərdi. Amma ona üçüncü olacağnı rəsmi bildirəndə Nelyubov sakitləşib.
Üçüncülük şansından isə Nelyubov özü özünü məhrum edib.
27 mart 1963-cü ildə Nelyubov təsadüf nəticəsində Moskva ətrafındakı Çkalov dəmiryolu stansiyasında kosmonavtlar Anikeyev və Filatovla görüşüb. Həmkarlar stansiyanın kiçik yeməkxanasında nahar etmək qərarına gəliblər. Nelyubov mülki geyimdə, Anikeyev və Filatov isə hərbi formada olublar. Dostların məclisi uzun çəkib, dolub-boşalan qədəhlər kosmonavtları daha da “mehribanlaşdırıb”. Arada onların ağlına elə süfrə arxasında qol gücü yarışı keçirmək də düşüb. Onlar xidmətçidən öz stollarına əlavə bir stolun qoyulmasını da istəyiblər.
“Yarış” səs-küylə və mübahisələrlə müşayiət olunub və ətrafdakılar üçün narahatlıq yaradıb. Bu məqamda hərbi patrullar onlara yaxınlaşıb. Anikeyev və Filatov üzrxahlıq etsələr də, Nelyubov patrullara qarşı kobudluq edib. Sonluq hər üç kosmonavtın yerli hərbi komendaturaya aparılması ilə bitib. Onlardan izahat alındıqdan sonra sərbəst buraxıblar. Amma bununla məsələ bitməyib. Hər üçü haqqında kosmonavtlar dəstəsinə məktub göndərilib. Məktubda kosmonavtların patrullardan üzr istəməyəcəyi halda, onların məsələsinin hüquqi müstəviyə çxarılacağı, qanunla cəzalandırılacaqları qeyd olunub. Qaqarin və Titov Nelyubova kömək etməyə çalışıblar, patrullardan üzr istəyərək məsələni bağlamağı məsləhət görülüblər. Nelyubov isə səsinin tonunu qaldıraraq “üçüncü kosmonavt hansısa bir hərbi patruldan heç vaxt üzr istəməyəcək” deyə dostlarının məsləhətinə məhəl qoymayıb.
Məsələ böyüyüb, hadisə yuxarı dairələrə qədər gedib çatıb, partiya iclasında müzakirə aparılıb. Ancaq bunların heç biri Nelyubova təsir etməyib. Son qərarla hər üç kosmonavt kosmonavtlar dəstəsindən kənarlaşdırılıb.
Üçüncülük şansını itirən Nelyubovu Uzaq Şərq hərbi dairəsinin hərbi hava qüvvələrinə pilot göndəriblər. Baş verən hadisələrlə barışmayan Nelyubov Moskvadan uzaqlarda, gözdən kənarda içkiyə qurşanıb. Könhə dostları, kosmonavtlar onu bu yoldan çəkindirməyə cəhd ediblər. Nelyubov özü də analayıb ki, düzgün yolda deyil. O, 1966-cı ilin ilk günlərində Moskvaya gedib, Sergey Korolyovla şəxsən görüşüb, yenidən kosmonavtlar dəstəsinə qayıtmaq istədiyini bildirib. Bu görüşdən 5-10 gün sonra, yanvarın 14-də Korolyovun vəfat etməsi Nelyubovun bütün ümidlərini qırıb. Bu hadisədən sonra o, içkiyə daha çox qurşanıb.
1966-cı ilin fevralın 18-də 3 nömrəli kosmonavt, 31 yaşlı Qriqori Nelyubov yaşadığı qəsəbənin ətrafından keçən dəmiryolu xəttində özünü qatarın altına ataraq özünü öldürüb.
Sovet dövründə ölümündən sonra Nelyubov heç vaxt xatırlanmayıb. Heç bir mətbu orqan onun haqqında bir cümlə də belə yazmayıb. Yalnız SSRİ-nin süqutundan sonra birinci ola biləcək kosmonavt haqqında qəzetlərdə məqalələr dərc olunub. 2007-ci ildə isə onun haqqında “O, birinci ola bilərdi – kosmonavt Nelyubovun dramı” adlı film çəkilib.
İlham Cəmiloğlu, Musavat.com