Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukrayna parçalanır: şərqi Putinin, qərbi Baydenin... - əsl hədəflər açıqlandı


Bəzi təhlilçilərin fikrincə, bombalanan bu ölkə 1945-ci il Almaniyasının taleyini yaşaya bilər; Kreml başçısı ona təklif edilən bir hissə ilə razılaşa bilərmi

Bəzi təhlilçilərin fikrincə, Ukrayna müharibəsi bu ölkənin parçalanması ilə yekunlaşacaq. Hətta buna tarixdən misal gətirərək 1945-ci il Almaniyası göstərilir. Eynilə Ukraynanın da şərqinin Rusiya, qərbinin mərkəzi hökumətin (həmçinin strateji olaraq ABŞ və Qərbin) nəzarətində qalacağı fərziyələri səslənir. Nəticədə ölkə bölünəcək, ruslar Donbası tamamilə götürüb Krıma quru yol açacaqlar.

Lakin Ukraynanın itirdiyi ərazilərə baxmayaraq, avrointeqrasiyası sürətlənəcək, Avropa Birliyinə üzv qəbul olunacaq, NATO-nun şərqə doğru genişlənmək planı isə sual olaraq qalacaq. “Yeni Müsavat” qeyd edir ki, bu versiyalar, proqnozlar irəli sürüldüyü bir zamanda hələ də döyüşlər davam edir, rus ordusu Kiyevə həmlələr edir, paytaxtı mühasirəyə almaq üçün hücumları gücləndirir, amma Ukrayna tərəfi də müqavimət göstərməkdə davam edir.

Ukraynanın parçalanmasını istisna edən ekspertlər isə bu fikirlə razılaşmayaraq qeyd edirlər ki, ABŞ və NATO-nun dəstəyi sona qədər davam edəcək, rus qoşunlarının Kiyevi götürüb Zelenskini devirməsinə imkan verilməyəcək, bu, kollektiv Qərb üçün intihara bərabər məğlubiyyət olar. Ancaq paket-paket gələn sanksiyaların tətbiqini məhz ölkənin parçalanmasına Rusiya lideri Putini razı salmaq üçün edildiyi mülahizələrini irəli sürənlər var.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “Sky News Arabia” telekanalına müsahibəsində deyib ki, Rusiyanın Ukraynanı demilitarizasiya etmək üçün keçirdiyi xüsusi əməliyyatın məqsədi Ukraynanı hissələrə bölmək deyil, öz təhlükəsizliyinə təminat verməkdir.

“Biz öz məqsədlərimizə nail olmaq istəyirik, bunlardan birincisi Ukraynanın demilitarizasiyasıdır. Biz Ukraynanın neytral statusu ilə bağlı konstitusiya zəmanəti istəyirik. Rusiyanın Ukraynanı parçalamaq məqsədi yoxdur”, - Peskov vurğulayıb. Bəs bu nə dərəcədə mümkündür? Putin Ukraynanın hamısına deyil, ona təklif edilən hissəsi ilə razılaşa bilərmi? Bu slavyan dövlətini Suriya, İraq, Liviya kimi ərəb ölkələrinin aqibəti gözləyə bilərmi?

Toğrul İsmayıl: "Ailəm, əzizlərim məni itirəcəklərindən çox qorxublar"

Toğrul İsmayıl: “Burada hər kəs uduzur, qalib tərəf yoxdur”

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Ukraynanın nəzəri olaraq ikiyə də, hətta üçə də bölünəcəyi ehtimalını səsləndirmək mümkündür. Onun fikrincə, nəticə etibarı ilə bu son halı olacaqmı - əsas sual budur. T.İsmayıl hesab edir ki, versiyalar çoxdur, amma bölünməsi olmaya da bilər: “Ən vacib məsələ bunu Ukrayna xalqının və dünya ictimaiyyətinin necə qəbul edəcəyidir. İndi çox çıxılmaz bir vəziyyətdir. BMT Təhlükəsizlik Şurasının parçalanmanı qəbul etməsi ehtimalı sıfıra bərabərdir. Sadəcə, bu proses heç xoş olmayan bir nəticəyə gedir. Mənə elə gəlir ki, bu müharibənin qalibi olmayacaq”.

Professorun sözlərinə görə, Rusiya müharibəni başlamaqla çox ciddi bir xəta etdi: “İnsan faciələri, humanitar fəlakət, ölənlər, dağıntılar... Habelə, Ukrayna dövləti zəifləyəcək, iqtisadiyyatı çökəcək, onunla paralel Rusiya iqtisadiyyatı ciddi zərbə yedi, bundan sonra toparlanması üçün zaman lazım olacaq. Eyni zamanda Türkiyə, Qazaxıstan, qonşu ölkələrin iqtisadi həyatına təsir etməyə başlayır. Misal üçün, Türkiyə Ukraynadan taxıl alır, yəni bu savaş hamıya təsir edəcək. Ona görə qalib yoxdur və proses NATO-nun şərqə tərəf genişlənməsi kontekstindən çıxıb, indi məsələ Rusiya rəhbərliyinin öz prestijini qorumaq istəyidir”.

T.İsmayıl kimin geri çəkiləcəyi ilə bağlı düşünür ki, hücum edən Rusiya ordusudur, udsa da, uduzsa da haqsız olacaq: “Yaxşı nəticə gözlənilmir. Burada hər kəs uduzur, qalib tərəf yoxdur. Görünən odur ki, Zelenski də hakimiyyətdən getməyəcək və Rusiya hər gün daha dərin bataqlığa sürüklənəcək. Hətta bütün Ukraynanı işğal etsin, dünya qəbul etmədikdən sonra nə edəcəklər? Üstəlik, Kreml üçün əlavə yükdür. O ərazilərə nəzarət etməyi Rusiya iqtisadiyyatı qaldıra biləcəkmi?”

Rusiyanın Ukraynada neonasistləri zərərsizləşdirdiyi haqda rəsmi Moskvanın verdiyi açıqlamaları abstrakt yanaşma adlandıran həmsöhbətimiz hesab edir ki, bütün qüvvələr rus ordusuna qarşı döyüşür: “Kimdir millətçi, neonasist? Zelenskiyə faşist rejimi deyirlər. Sadə reallıq budur ki, hamı imkanı daxilində rusa qarşı döyüşür, ayrıca millətçilər döyüşmür. Dünyanın hər yerində millətçi, solçu, islamçı ola bilər. Rusiyanın özündə də skinxedlər var, ilk növbədə onları təmizləsinlər. Orada hansı faşist partiyası var? Hitler Almaniyasında faşist hakimiyyətin olduğunu bilirdik, Ukraynada isə seçkili yolla gəlmiş iqtidardır. ”Bir qrup millətçi" adını qoruyub istənilən ölkəyə girə bilərsiniz. Amma Rusiya hakimiyyəti nə etdiklərinə dair konkret səbəb ortaya qoymur, hamısı bəhanədir. Təbii ki, beynəlxalq hüquq hər dövlətə antiterror əməliyyatı aparmağa imkan verir, amma bunu edəndə həmin ölkənin mərkəzi hakimiyyətinin razılığı olmalıdır. Burada belə hal görmürük, üstəlik, belə problem varsa da, Ukraynanın daxili məsələsidir".

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, rusların Ukraynada hərbi baxımdan istəklərinə tam nail olacağı böyük ölçüdə inandırıcı deyil və əldə ediləcək istənilən nəticə də “Pirr qələbəsi”ndən başqa bir şey olmayacaq: “Lakin bu prosesin sonunda Kiyevin Moskvanın şərtləri ilə masaya əyləşib-əyləşməyəcəyi hələ də sual altındadır. Çünki Rusiyanın işğal hücumunu dayandıracaq qüvvə hələ də görünmür, hətta Rusiyaya ağır zərbələr vuran sanksiyalar belə. Putini dayandıra biləcək amil zamandır, vaxt rusların əleyhinə işləyir”.

Təhlilçi hesab edir ki, minimal hədəf Krıma quru yol açmaq, Donbasın “sərhədlərinə” çıxmaq və Qara dənizə çıxışı bağlamaqdır: “Krıma quru yolunun açıldığı, Donbasın ”sərhədlərinə" çıxdıqları, Mariupolu mühasirəyə aldıqları xəbərləri var. Kiyev uğrunda döyüşlər Ukrayna ordusunun qüvvələrinin bölünməsinə və işğalçıların cənubda əl-qolunun açılmasına və Moskvanın minimal hədəfinə nail olmasına şərait yaradır. Maksimal hədəf Kiyev də daxil olmaqla, Dneprin şərq hissəsini işğal etməkdir. Hücumun gedişatı buna nail olacaqları ehtimalını azaldır. Burada Ukraynanın nə qədər dözmək, Rusiyanın nə qədər müharibə aparmaq gücü həlledici olacaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10