Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının ruhani dünyası





“Mədəniyyət tarixində dinin yerini danmaq tarixin özünü danmaq deməkdir”.

Şeyxülislam Hacı Allahşükür Paşazadə


İslam təkcə dini ayinlər toplusu deyil, həm də cəmiyyətin həyat tərzindən, məişət qaydalarından, adətlərindən və münasibətlərindən ibarətdir. Müqəddəs Qurani-Şərif insanın mənəviyyatını cilalayan, onu şər əməllərdən çəkindirən örnəklərlə doludur. Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Masallıda da məscidlər ibadət yeri olmaqla yanaşı, savad öyrədən yer, bilik yayan məktəb kimi fəaliyyət göstərmişdir. Şərqin böyük dini-elmi mərkəzlərində təhsil alan yüksək rütbəli din xadimlərimiz, axundlar və şeyxlər burada əhalinin müxtəlif təbəqələrinə savad öyrədirdilər.

Maraqlısı budur ki, xaricdə təhsil alıb Masallıya dönən ruhanilərin əksəriyyəti Azərbaycanda təşəkkül tapan ictimai-pedaqoji hərəkatın nümayəndələri olmuşlar. ADR-in süqutundan sonra məscidlər, mədrəsələr, ziyarətgahlar yeni hökümətin sitəminə ürcah oldu. Ruhanilər bolşeviklər tərəfindən təqib olunaraq müxtəlif cəza tədbirlərinə məruz qaldılar. Çoxu Sibirə sürgün edildi. İctimaiyyətin əsas toplanış yeri sayılan məscidlərin fəaliyyəti dayandırıldı.

1929-cu ildə ərəb əlifbasının latın, 1939-cu ildə kril qrafikası ilə əvəz olunması təkcə dinə vurulan zərbə deyildi, əslində bu, yüz illərboyu ərəb əlifbası ilə yazılan tarixi və mədəni dəyərlərdən xalqı məhrum etmək idi. Repressiya illərində ərəb qrafikası ilə yazılan kitablara ögey münasibət keçmişdən üzü bəri yaranan mənəvi əsasları sarsıtdı. Təqibə, şantaja məruz qalmasına baxmayaraq, ruhani alimlər, din xadimləri əhali arasında böyük nüfuza malik idilər. Savadsızlığın tüğyan elədiyi dövrlərdə Masallı ruhaniləri həm mirzəlik etmiş, həm də əhali məktub və ərizələrini onlara yazdırmışdır. Axundlar, şeyxlər, qazilər cəmiyyət arasında baş verən mübahisələrin həllində böyük və əhəmiyyətli rol oynayıblar.

Şəriət qanunlarını mükəmməl bilən şərəfəli Axund Fəttah axund (1806-1886) Lənkəran mahalının qazisi kimi fəaliyyət göstərmiş, insanlar arasında barış və sülh yaradan fiqh alimlərindən biri olmuşdur.


Masallıda doğulub boya-başa çatan din xadimləri arasında müctəhid rütbəsinə yüksələn və müctəhidlik hüququ verilən neçə-neçə adlı-sanlı üləmalar olub. Şərq ölkələrində və Qərb dünyasında mötəbər müctəhidlər kimi tanınan alvadılı Şeyx Hacı Həsən axund Hatəmi, ərkivanlı Ayətullah Şeyx Fazil Lənkərani (ata), yelağaclı Şeyx Abdulhüseyn Axund, əhmədli Şeyx Mehdi Axund, seybətinli Şeyx Əsədullah Axund, boradigahlı Qara Axund və başqalarının adlarını bu gün həmyerliləri dini məclislərdə və mərasimlərdə fəxrlə çəkirlər.

1989-cu il iyulun 16-da Masallı şəhər cümə məscidi yenidən xalqın ixtiyarına verildi. Məscidin açılışında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iştirak etdi. Qonaqpərvər Masallı camaatı Şeyxülislamı və onunla birlikdə məscidin açılışına gəlmiş Ruhani İdarəsinin görkəmli nümayəndələrini ehtiramla qarşıladılar.

Qeyd edək ki, Şeyxülisalam ilk dini təhsil aldığı Masallıya bundan sonra da dəfələrlə gəlmiş, rayonun dindarları və ictimaiyyəti ilə görüşlərdə iştirak etmiş, onlara “Qurani-Şərif”in yeni nəşrlərini hədiyyə etmişdir. Otuzuncu illərin kütləvi cəza tədbirlərinə məruz qalmış Masallı ruhanilərinin aqibətindən bəhs edən “Əsrin sönməz şamları” adlı kitabın ön sözündə Hacı Allahşükür Paşazadə yazır: “Məslək və əqidə uğrunda qurban gedən şəhidləri (onları şəhid adlandırmaq caizdir) arayıb-axtarmaq, bioqrafiyalarını aydınlatmaq, talelərini araşdırmaq elmi və tarixi baxımdan böyük önəm daşıyır. Eyni zamanda, bu işin mənəvi savabı çox əhəmiyyətlidir. Bu mənada, bu ağır əməyi boynuna çəkən hər bir tədqiqatçı ikiqat hörmətə layiqdir. Çünki həm xalqın tarixini araşdırmış, həm də repressiya şəhidlərinin ruhunu şad eləmişdir”.

Masallıda yaşayan ruhanilər Allahın və onun rəsulu Məhəmməd peyğəmbərin (s) dinini yüksək tutaraq istər çar, istər şura höküməti zamanında islami dəyərlərini əsrlərin sınağından şərəflə çıxara bildilər. XIX əsr və XX əsrin 20-ci illərinədək Masallıdan 80 nəfərdən çox ruhani alim Şərqin böyük elm mərkəzlərində - İraqın Bağdad, Nəcəf, İranın Qum, Tehran, Zəncan, Ərdəbil şəhərlərində ilahiyyat və dünyəvi (məntiq, fəlsəfə, nücum, təbabət və s.) ali təhsil alaraq vətənə qayıtmış, biliklərini xalqın savadlanması və maariflənməsinə sərf etmişlər. Ağır repressiya illərində onların bəziləri Sibirə, Uzaq Şərqə, Qazaxstana sürgün olunmuş, bir çoxları isə təqiblər ucbatından mühacirət həyatı yaşamış, ömürlərini qürbətdə başa vuraraq haqq dünyasına qovuşmuşlar.

Müctəhid Şeyx Həsən Şükür oğlu Hatəmi (bəzi mənbələrdə Alvadi və Lənkərani göstərilir) 1850-ci ildə Təzə Alvadı kəndində anadan olmuş, İraqın Nəcəf şəhərində ali ruhani təhsili almışdır. Bağdadın elm ocaqlarında ilahiyyatdan, xüsusilə fiqh alimi olduğundan müsəlman hüququndan dərs demişdir. Dövrünün üç böyük alimindən biri kimi Şərqdə şöhrət qazanan müctəhid Şeyx Həsən axundun əsərlərindən İngiltərənin Kral Akademiyasında, Peterburq Universitetinin şərqşünaslıq fakültəsində dərslik kimi istifadə olunmuşdur. 1942-ci ildə 92 yaşında Nəcəf şəhərində vəfat etmişdir. Orada da dəfn olunmuşdur. Oğlu Müctəba Hatəminin məzarı Qum şəhərində Həzrəti Məsumənin ziyarətgahındadır.

Müctəhid Şeyx Fazil Hacı Bəşir oğlu Qafqazi 1892-ci ildə Ərkivan kəndində anadan olmuşdur. Lənkəranı və Qafqazi təxəllüsü ilə Şərq dünyasında dövrünün məşhur alimlərindən biri kimi tanınan Şeyx Fazil 22 yaşında Ərdəbildə Ağa Seyyid Məhmud Ərdəbilidən dərs alıb. Bundan sonra Zəncan elmi hövzəsinə gedib, 3 il də burada təhsilini davam etdirib vətənə qayıdır. Azərbaycan Sovet hakimiyyəti tərəfindən işğal edildikdən sonra Ərkivan kəndindən İrana mühacirət edib. Təxminən, 1930-çu illərdə öz təhsilini təkmilləşdirmək məqsədi ilə Qum şəhərinə gəlib. Fazil Qafqazi bu şəhərdə qalmağı qərara alıb üsul və fiqh dərslərini ali səviyyədə Ayətullah Hairi Yəzdidən əxz edib.

Sonra Qum Elmiyyə Hövzəsinin böyük ustadlarından biri olub. Şeyx Fazil şiə dünyasının ən böyük müctəhidləri olan Ayətullah Bürucerdi və İmam Xomeyni ilə yaxın dost olmuşdur. Ayətullah Bürucerdi Qum şəhərində həzrət Məsumənin (ə) məqbərəsi yanında Məscidi-əzəmi tikdirdikdən sonra günorta namazlarına imamlıq etməyi ona tapşırmışdı. O həm də Ayətullah Bürucerdinin istifta (şəri suallara cavab) şurasının üzvü olmuşdur. 1972-ci ildə Qum şəhərində dünyasını dəyişmiş. Şeyx Əbdülkərim qəbiristanlığında torpağa tapşırılmışdır.

Oğlu Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani (1931-2007). İranın müqəddəs Qum şəhərində dünyaya göz açmışdır. İbtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub. Burada 6 il oxuyub bir çox elmlərə nail olduqdan sonra böyük islam alimlərindən olan Ayətullah Bürucerdi, İmam Xomeyni və Əllamə Təbətəbainin dərslərində iştirak edib.

İmam Xomeyninin başladığı şah Pəhləvi rejiminə qarşı inqilabda Ayətullah Lənkərani öz yaxın dostu Mustafa Xomeyni ilə birlikdə iştirak edib və mübarizəyə qoşulub. Dəfələrlə şah məmurları tərəfindən zindanlara salınıb, sürgün edilib və bir neçə il Yəzd şəhərində sürgün həyatı yaşayıb. İmam Xomeyni İslam inqilabının qələbəsindən sonra Qum elmi hövzəsinin idarəsini Ayətullah Məhəmməd Fazil Lənkəraniyə tapşırmışdı. O, hövzənin Müdərrislər Şurasına başçılıq edirdi. İmam Xomeyninin və Ayətullah Ərəkinin vəfatından sonra Qum Elmiyyə Hövzəsinin Müdərrislər Yığıncağı (“Camieyi müdərrisan”) tərəfindən Ayətullah Şeyx Fazil Lənkərani islam ümmətinə rəsmi olaraq mərcəyi-təqlidi, müctəhid seçilmişdir. 76 yaşında İranın Qum şəhərində dünyasını dəyişib. 7-ci İmam Museyi-Kazımın (ə) qızı Həzrəti Məsumənin (s.ə.) məqbərəsində hərəmində dəfn edilib.

Müctəhid Şeyx Hacı Əbdülhüseyn Axund Mirzə İbrahim oğlu Behbudi (Lənkərani) 1910-ci ildə Yelağac kəndində anadan olmuş, dövrünün fəzilətli alimlərindən hesab olunan dayısı Şeyx Əlidən Quran və təcvid elmini öyrənmişdir. 18 yaşında ikən (1927-ci ildə) kommunist rejiminin din və islam əleyhinə yönəldilən siyasətinin nəticəsində İrana mühacirət edib və Ərdəbil şəhərində «Molla İbrahim» mədrəsəsində təhsil almışdır. Hələ tələbə olarkən Ərdəbildə «Cavanlar cəmiyyəti» təşkil edib.

1938-ci ildə Rzaxan hökuməti tərəfindən ruhanilərin libaslarının çıxarılması haqqında əmr verilib. Şeyx Əbdülhüseyn və başqa azərbaycanlı tələbələr İran vətəndaşı olmadıqlarına və İran qanunlarına etiraz etdiklərinə görə həbs olunaraq Semnan şəhərinə sürgün olunmuşlar. Və burada Semnan şəhərinin Sadiqxan mədrəsəsində müddərislik (müəllimlik) edib. Ələvi (seyyidə) bir qadınla ailə qurub, onun evində qalıb. 1940-cı ildə hökumət məmurları onu İranın Zəncan şəhərinə sürgün etdiriblər. 1943-cü ildə Zəncanda hökumət Azərbaycan demokrat partiyasının əlinə keçəndə Şeyx sürgündən azad olunub.

Şeyx Əbdülhüseyn gizli şəkildə öz ailəsi ilə birlikdə Qum şəhərinə gəlib. Ayətullah Hacı Şeyx Əbdülhüseyn Lənkərani fiqh elmi üzrə müctəhidlik rütbəsinə layiq görülmüşdür. 1979-cu ildə şahın devrilməsində hərakatın fəallarından və İmam Xomeyninin ən yaxın silahdaşlarından biri kimi tanınmışdır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Masallıya gəlib, ata-baba ocağı Yelağacda olmuşdur. O, bu gün islam dünyasında çoxlu elmi xidməti olan ictimai və mədəni-maarif məsələlərində yaxından iştirak edən görkəmli bir alim kimi tanınır.

Şeyx Əsədullah Axund Əhəd oğlu 1871-ci ildə Seybətin kəndində dünyaya gəlmişdir. Gənc yaşlarında Ərdəbildə ərəb-fars dillərini mükəmməl öyrəndikdən sonra İraqın Nəcəf şəhərində ali ruhani təhsil almışdır. (Şeyxin yaxınlarının dediyinə görə o hətta Tehran şəhərindəki darülfünunda da təhsil almışdır) 1920-c ildən Masallıda şəriət qanunlarının vacib əməllərindən dərslər verib. 30-cu illərin ortalarında şeyxin evini müsadirə ediblər. Özü həbs olunaraq Daşkənd həbsxanasına göndərilib. 1941-ci ildə azadlığa çıxandan sonra 10 il Cəlilabadın Qarakazımlı kəndində yaşayıb. 1956-cı ildə 85 yaşında vəfat edib. Məzarı Masallı şəhər qəbiristanlığındadır. Şeyxin keşməkeşli ömür yolundan “Ruhani dünyası” kitabında ətraflı bəhs olunur.

Şeyx Fərəculla Axund – Təqribən 1871-72-ci illərdə Cənubi Azərbaycanın Qocabəyli mahalında anadan olub. Bu mahal Ərdəbil yaxınlığında, Təbriz yoluna və Araz çayına yaxın ərazidə yerləşir. Nəcəf şəhərində ali dini təhsil alandan sonra əvvəlcə doğma Qocabəyliyə gəlmiş, sonra dini xidmətlərini davam etdirmək üçün Masallının Öncəqala kəndində məskunlaşmışdır.

Onu Öncəqalada dini sahədə mükəmməl biliklərə sahib olan şəxs kimi hörmətlə qəbul ediblər. O, burada Tağılı tayfasından olan nüfuzlu bir şəxsin – Kərbəlayi Rəfinin bacısı Xanımağa qızla ailə həyatı qurmuşdur. Çox çəkmir ki, axundun təşəbbüsü ilə kənddə məscid tikilib. Ərdəbil mahalından köçüb Öncəqalaya gələn Molla Mücrüm Xıl kəndinə köçəndən sonra Şeyx Fərəculla axund kəndin sakinlərinə və ətraf kəndlərdən gələnlərə dini təhsil vermişdir. O, təkcə adamlara dini təhsil verdiyinə görə deyil, nəcibliyi, xeyirxahlığı ilə ağsaqqal kimi camaat arasında nüfuz qazanmışdı.

Müxtəlif tayfalar arasında yaranan münaqişələrə şeyxin sayəsində sülh və barışıqla son qoyulmuşdur. Təqribən, 1911- ci ildə vəfat etdiyi bildirilir. (Nəvəsi biologiya elmləri doktoru, professor Ədalət Fərəcov bu gün xaricdə tanınmış görkəmli Azərbaycan alimlərindən biri, son 15 ildə Xətai Bələdiyyəsinə sədrlik edib)

Molla Daxıl Axund Muxtar oğlu –1876-cı ildə Masallıda anadan olmuş, əvvəlcə İranın Zəncan, sonra İraqın Nəcəf şəhərində mükəmməl ali dini təhsil almışdır. Molla Daxıl axundun Masallı cümə məscidində oxuduğu moizələr təkcə ilahiyyat və dini ehkamlar haqqında deyildi.
Ədəb və mərifət qaydaları, əxlaq, milli mənafe mövzusundakı söhbətlərinə görə onu qonşu rayonlara da dəvət edərmişlər. 1937-ci ildə 61 yaşlı axund yalançı şahidlərin ifadəsi ilə kolxozçulararasında əksinqilabi təbliğat apardığına və vergi ödəməkdən boyun qaçırdığına görə “xalq düşməni” kimi həbsə alınmış və bir neçə aydan sonra güllələnmişdir. 1950-ci ildə Azərbaycan SSR Ali Məhkəməsi Kollegiyasının qərarı ilə Molla Daxıl axund Muxtar oğlu bəraət almışdır.

Hacı axund – Molla Məmmədqulu Abdulla oğlu- 1876-cı ildə Digah kəndində anadan olmuş, Nəcəfül-Əşrəfdə 15 il ali ruhani təhsili almışdır. Şərəfəli Mirzə İsmayıl, səmidxanlı Mirzə Nəzirməmməd, digahlı Qurban və başqaları Hacı Axunddan ilahiyyat və dünyəvi elmlər üzrə təhsil alıblar. Onların çoxu Masallıda ilk maarifçi müəllim kimi yetişmiş, ibtidai və orta məktəblərdə pedaqoji fəaliyyət göstərmişlər. 1937-ci ildə axundu dövlət əleyhinə təbliğat aparan şəxs kimi həbs ediblər. Deyilənə görə, Bayıl həbsxanasından paromla sürgünə göndərilib. 1950-ci ildə bəraət verilən Hacı axundun ölüm xəbəri ailə üzvlərinə 1965-ci ildə (ölümündən 25 il sonra) gəlib çatıb. Elə həmin ildə evində yas mərasimi keçirilib, ruhuna ehsanlar verilmişdir.

Molla Qulamhüseyn Axund Kərim oğlu-1878-ci ildə Ərkivanda anadan olmuşdur. Ömrünün 27 ilini dini təhsil almağa sərf etmişdir. 1916-ci ildə Nəcəfdə ali ruhani dərəcəsi alandan sonra vətənə qayıtmış, Ərkivan və İsgəndərlidə axundluq etmişdir. Repressiya illərində Yardımlıya pənah aparan axundu 1938-ci ildə NKVD əməkdaşları həbsə alıb Bayıl həbsxanasına göndəriblər. Vətəndaşlıq hüququndan məhrum olunaraq sürgünə göndərilib. Axırıncı məktubu Vladivastokdan gələn axundun, təqribən, 1946-cı ildə sürgündə dünyasını dəyişdiyi ehtimal olunur. Ölümündən sonra 1957-ci ildə axunda bəraət verilmişdir.

Haşiyə: Belə faktları çox sadalamaq olar. Din xadimləri həbs olunduqdan sonra hara aparılması, hansı şəraitdə öldürülməsi və ya vəfat etməsi müəmmalı şəkildə gizli saxlanılırdı. Boradigahda yaşayan Molla Məsiha və Molla İsmayıl axundu (Qara axund) Lənkəranda gəmiyə mindirib Bayıl limanında düşürdüblər.

Molla İsmayıl axund Güləhmədli-1892-ci ildə Hişkədərə kəndində anadan olub, sonralar Boradigaha köçmüşdü. Uzun müddət Nəcəfdə oxuyub, müctəhid rütbəsi almışdı. Çox-çox sonralar Molla Məsiha Talıb oğlunun ölüm xəbəri Kuybişev vilayətinin Novoselsk qəsəbəsindən, Molla İsmayıl axundun sorağı 1941-ci ildə Qazaxıstandan gəlmişdir... Boradigahlı Axund Şeyx Məhəmmədin rus əsgərləri tərəfindən qətlə yetirilməsi yaşlı adamların yadındadır. (Nurməmməd Ağa, “Boradigahım mənim”.Bakı. 1997-ci il).

Yeri gəlmişkən, “tuthatut” zamanı ruhanilər arasında həbs olunmadan, sürgünə göndərilmədən amansız təqiblərdən həyəcana, mənəvi işgəncələrə dözməyib bağrı çatlayan, qəfildən ürəyi dayananlar da az deyildi. Şərəfəli Molla Dəyyan Axund Hacı Şirəli oğlu 34 yaşında, sığdaşlı Molla Rəcəb Axund 66 yaşında, qızılağaclı Şeyx Əsəd Axund Şeyx Fətullah oğlu Bahadırlı 1937-ci ildə 44 yaşında, yeddioymaqlı Şeyx İbad Axund həmin ildə 55 yaşında, səmidxanlı Molla İsrafil Axund 65 yaşında məhz belə mənəvi terrorun qurbanları olublar.

... 30-cu illərin cəza tədbirləri təkcə elm adamlarını, din xadimlərini sürgünə göndərməklə, güllələməklə və ya doğma yurdundan qürbət diyarlara didərgin salmaqla bitmirdi. O vaxtlar NKVD tərəfindən yaradılan və himayə olunan “Allahsızlar cəmiyyəti” məscidləri söküb-dağıdır, tarixi məbədləri, müqəddəs ocaqları yerlə yeksan edirdi.

Masallı ruhaniləri arasında dövrünün ictimai hadisələri ilə maraqlanan, dini moizələr oxumaqla bərəbar, bədii yaradıcılıqla məşğul olanlar da var idi.

Belələrindən Xılda yaşayan Molla Mücrümü, Həsənlidə yaşayan Molla Abbas Fədaini misal göstərmək olar. Yaddaşlarda onların qələmə aldıqları dini mərsiyələrlə yanaşı, neçə-neçə tərbiyəvi qəzəllər, qəsidələr, lirik və satirik şeirlər qalıb.

Molla Mücrim – Hacı Mirzə Məhəmməd Hacı Əli oğlu 1830-cu ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Pilaçay kəndində dünyaya gəlmişdir. Ruhani təhsilini Tehranda və Nəcəfdə alandan sonra, təqribən, 25 yaşında (1855-56-cı illərdə) Masallının Öncəqala kəndinə köçmüşdür. İlk dəfə burada məktəb açmışdır. Molla Mücrimün həyat yoldaşı Xıl kəndindən idi. Ona görə xıllılar onu müəllim kimi öz kəndlərinə dəvət ediblər.

El arasında xıllı Molla Mücrim kimi tanınan Hacı Mirzə Məhəmməd Lənkəranda Mirzə İsmayıl Qasirin başçılıq etdiyi “Fövcül – füsaha” («Gözəl danışanlar dəstəsi») ədəbi məclisinin ən istedadlı üzvlərindən biri olmuşdur. “Mücrim” (günahkar) təxəllüsü ilə farsca və ərəbcə şeirlər yazmışdır. 1915-ci ildə Xıl kəndində vəfat etmişdir. Tələbəsi Şirəli Talıb oğlunun verdiyi məlumata görə, Mücrimin yüzlərcə qəsidə, münacat, mərsiyələrdən ibarət şeirləri, nəsrlə qələmə aldığı qısa hekayələrindən ibarət “Divan”ı 1925-ci ildə Astarxanbazarın (indiki Cəlilabadın) Köyüzbulaq kəndində yaşayan oğlu Məmmədbağır tərəfindən ədəbiyyatşünas Salman Mümtaza verilmişdir.

“Ya Rəbb, bizi sən şahi – şəhidanə bağışla,
Lütf eylə, Xudayə, bizi Quranə bağışla!”

“Kim edib, sövda sənin tək Kərbalada ya Hüseyn,
Baş verib ümmət alan ruzi qəzada, ya Hüseyn!..”

mətləli nohələri məhərrəmlik mərasimində oxunur.

Molla Abbas Fədai ötən əsr Həsənli kəndində yaşayıb, eldə, obada Usta Abbas kimi də tanınıb. Qələmə aldığı 400-ə yaxın nohə, mərsiyələri bu gün məscidlərimizdə “Fədai” təxəllüsü ilə səslənir. Mizələrində uşağın tərbiyəsində anaya daha çox üstünlük verirdi:

Tərbiyəli anadan övlad alsa tərbiyə,
Xeyir-bərəkət tapar, qadir olar hər şeyə...


Fədai ədəbsiz adamları, söyüş söyənləri həmişə məclisdə kəskin tənqid edərdi:
O, “Söyüş” qəsidəsi haqqında yazır:

Nə pisdir söyüşün cinayətləri,
Artırar günbəgün ədavətləri.
Söyüşün axırı budur aşikar,
İmandan, hörmətdən düşərsən kənar.


Molla Abbas Fədainin təbiət, vətən haqqında şeirləri ötən əsrin əllinci illərində “Yeni həyat” qəzetində dərc olunmuşdur(“Masallı” qəzeti, iyun 1999-cu il).

Mir İslam Seybətinlini (1865-1947) çoxları xanəndə kimi tanıyır. İranın Zəncan, İraqın Nəcəf şəhərlərində mədrəsə və ali ruhani təhsili almışdı. Bəlağətli və məlahətli səsi ona xalq arasında qəsidəçi dərviş adı qazandırmışdı. Allahı, peyğəmbəri, əhli-beyti vəsf etməkdən usanmazmış. Deyilənlərə görə, çox vaxt özünün yazdığı qəzəlləri, qəsidələri, mərsiyələri ifa edərmiş. Qoca vaxtında minbər yanında uca səslə oxuduğu:

Ya Hüseyn, qıl bir nəzər bu dəhridə əfrarə bax,
Milləti-islamda qalxan bu ahu-zarə bax!


mətləli mərsiyəsi indi də dillərdə əzbərdir.

Məşhədi Abasət Nəsirzadə Azərbaycanda “Rövnəq” təxəllüsü ilə dərviş-rövzəxan kimi tanınmışdı. Bakı, Həməşərə (Cəlilabad), Masallı məclislərində qəsidə deyərmiş. Əslən Gəyəçöl kəndindəndir.Dərin hafizəyə malikmiş. Söylədiyi bir çox qəsidələrin, rövzələrin, payi-minbərlərin müəllifi idi.

Mirzə Xəlil Dadaş (Məşədi Xəlil Museyib oğlu Abdullayev) Qızılağac kəndində anadan olmuşdur (1919- 1993) Molla Museyib və babası Kərbəlayi Abdulla dövrün tanınmış adamları olmuşlar. Gözləri görməsə də Xəlil Dadaş zamanəsinin nadir istedada malik dərvişi kimi hüzür məclislərində, təziyə marasimlərində mərsiyə, mədhiyyə, qissə, qəsidə, rövzə deməklə ad-san qazanmışdı. Məzarı Masallı qəbiristanlığındadır. Nəvələri Moskvada və ABŞ – da alim kimi fəaliyyət göstərirlər

Şeyx Hacı Məhəmməd Şeyx Qüdrət oğlu İbrahimi Ərkivanda dünyaya gəlib. Atası ilə bərabər repressiya illərinin acısını dadıb. Hər ikisi ömürlərinin ahıl çağında Cəlilabadda vəfat edib. Öz moizələrini əsasən, məclisdə verilən suallar üzərində quran Şeyx Məhəmmədin bədahətən şeir deməyi də vardı. Siqaretin zərərli cəhətlərindən bəhs edərkən deyirdi:




Xəzani kül olur, məhsulu tüstü,
Sanki ləzzət verir hər yemək üstdən...


Əziz Pünhan imzası ilə şeirlər, qəzəllər, qəsidələr, rübailər, mürəbbelər, müxəmməslər, müstəzadlar, bir sözlə, klassik ədəbi janrların əksər bəhrlərində yazan Hacı Mirəziz Mirəsgər oğlu Seyidzadə Molla Mücrim, Abbas Fədai və digər qələm sahiblərinin yolunu davam etdirirdi. Əziz Pünhan 1949-cu ildə Türkoba kəndində anadan olmuşdur. 1968-1974-cü illərdə Buxara şəhərində Mirərəb mədrəsəsində dini təhsil almışdı. 2014-cü ildə dünyasını dəyişən Mirəziz Seyidzadə Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri, Azərbaycan Yazıçılar birliyinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru, “Kəlam” jurnalının baş redaktoru idi.

Adı ürəklərə işıq salanlar: Masallı tarix boyu özünün Əhli-beytə olan məhəbbət və sədaqəti ilə məşhur olmuşdur. XX əsrdə Masallıda Mirsəmid ağa, Hacı Mirməhəmməd ağa (Xırmandalı), Mirhəsən ağa (Qızılağac) Seyid Rza ağa, Seyid Sadıq ağa (Ərkivan), Mirtağı ağa (Bədalan), Mirheydər ağa Mirqabil oğlu (Xıl), Mirheydər ağa (Bambaşı) və başqa tanınmış seyidlər olub. Masallının ziyalı nəsli onların ömür yollarını öz ədəbi-bədii yaradıcılığında, publisistik məqalələrində və kitablarında həmişə işıqlandırıb.

Seyid Mirhəsən ağa – (1868- İsfahan- 1955- Qızılağac) Şəcərəsi yeddinci imam Museyi Kazımdan zinətlənən Mirhəsən Mirabdulla oğlu öz adını əməli-salehliyi və səxavətilə könüllərə nəqş etmiş müqəddəs seyidlərindən idi. Ağır müharibə və aclıq illərində Mirhəsən ağa yüzlərlə əsgər və başçısını itirmiş ailələrə yardım edib, həyan durub, ocağına gətirilən nəzir-niyazı fəqir-füqaraya paylamağı barədə söz-söhbətlər bu gün də yaşlı nəslin dilindən düşmür.

Seyid Miri Seyid Musa oğlu 1927-ci ildə Mahmudavar kəndində kasıb ailədə anadan olmuşdur. Hallallığı, mərhəməti, əliaçıqlığı ilə ad-san qazanmışdı. Yetimlərə həmişə əl tutardı. Ocağında yığılan nəzir-niyazı qəpiyinəcən imkansızlara paylayardı. Ateizmin tüğyan elədiyi bir vaxtda orta əsrlərin yadigarı olan, baxımsızlıqdan uçulub – dağılan Baba Seyidağa məqbərəsini yenidən tikdirmiş, məqbərəyə gedən yolu təmir etdirərək körpü saldırmışdı.

Mahmudavar məscidinin bütövlükdə inşa olunmasının ilk təşəbbüskarı olmuşdur. Azərbaycan ərazisində olan bütün müqəddəs yerləri ziyarət edən Seyid Mirinin ən böyük arzusu Məkkə, Mədinə, Nəcəf, Kərbəla və Məhşəd şəhərlərindəki ziyarətgahlara getmək idi. Lakin yollar açılıb işlər sahmana düşəndə vaxsız ölüm buna imkan vermədi. (Musarza Mirzəyev, “Çağırış” qəzeti, 1 dekabr 1993-cü il)

Hacı Mirheydər ağa Mirşəmsulla oğlu 1931-ci ildə Bambaşı kəhdində anadan olmuşdur. Taleyinə Tanrının nur payından düşən, ocağı cəddinə pənah gətirənlərin qəlbinə işıq salan mötəbər seyidlərdən biri kimi tanınmışdı. 2000-ci ildə qəfil ölümü Masallını sarsıtdı. Masallının Böyük Xocavar kəndində dünyaya gəlmiş mərhum şair Qiyas Həmid 1998-c ildə Ağanın ömür yolundan bəhs edən maraqlı kitab qələmə almışdı. Mirheydər ağa sağlığında həmişə deyərdi: “Mənə inananlara da, inanmayanlara da Allah kömək olsun”

Mirtağı ağa Mir Nağı oğlu 1901-ci ildə Bədalan kəndinin Aşurlu məhəlləsində anadan olmuşdu. Böyük mərhəmət və kəramət sahibi idi. Seyid Mir Tağı ağa 1975-ci ildə haqqın dərgahına qovuşub.



Boradigahlı şair-publisist Nurməmməd Ağanın ona həsr etdiyi “Ağa Mir Tağı – Nur ocağı” (Bakı, 1999-cu il) kitabından: “Deyirlər, zənbil, sən bil!” Ancaq ağanın zənbilindəkiləri təkcə özü yox, hamı bilərdi. Xalqdan gizli heç nəyi yox idi. Axşama kimi zənbilindəkiləri kasıb-küsuba, əlsiz-ayaqsızlara elə paylayardı ki, bəzən evinə bomboş zənbil və bir də əl ağacı ilə qayıdardı...

Ağanın dünyada nəyi vardı ki,
Cəddi, əl ağacı, bir də zənbili.
Hərdən qıyya çəkib qışqırardı ki,
Başına toplasın obanı, eli.
Eldən yığdığını bölərdi elə,
Paylaya-paylaya gözü doyardı.
Göydən zənbil ilə düşənlər belə,
Onun zənbilinə nəzir qoyardı.
Gəlimli-gedimli dünya kimiydi,
Hərdən boşalardı, hərdən dolardı.
Geniş qəlbi kimi, ürəyi kimi,
Ağanın yekə bir zənbili vardı”


Seyid Sadıq ağa (1929-2000) Ərkivanda Seyid Rza ibn Mirbəşir ağanın ailəsində dünyaya göz açmışdı. Davranışında, qeyri – adi sözündə-söhbətində Bəhlul-Danəndə cəsarətini, Molla Nəsrəddin ruhunu yaşadaraq zəmanəsinin görkəmli şəxsiyyəti, böyük kəramət sahibi kimi Azərbaycanda və ölkə hüdudlarından kənarda tanınmışdı. Haqqında çoxlu kitablar, şeirlər, qəzəllər yazılmış, sənədli filmlər çəkilmişdir. Ziyarətgaha çevrilən məzarının üzərində əzəmətli məqbərə ucaldılıb.



Masallıda bu gün dini məclislərdəki və mərasimlərdəki islam nurunu qəlblərinə toplayan, ustalarından aldıqları bilikləri gənc ruhanilərə öyrədən din xadimləri çoxdur. Onları bəzən respublikanın ən ucqar guşələrinə dəvət edir, dini söhbətlərinə zövqlə qulaq asırlar. Belə görkəmli din xadimlərindən biri də Masallı rayonunun baş axundu Hacı Mirqiyas Hüseynlidir.

Axund Hacı Mirqiyas Mirxas oğlu 1944-cü ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. İlk dini təhsilini ensiklopedik biliyə malik ruhanidən – Molla Hüseyn Axunddan alıb. Lerikli Molla Qələm, çaxırlı Şeyx Rəhmət axund ona ustadlıq ediblər. 1963-cü ildən Masallının Çaxırlı kəndində yaşayır. Ömrünün 20 ildən çoxunu dini bilikləri öyrənməyə sərf edib. Hazırda Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi,
Masallının baş axundu kimi fəaliyyət göstərir. Dəfələrlə Məkkə, Kərbəla, Məşhəd ziyarətlərində olmuşdur. Şəcərəsi İmam Hüseyn əlehissəlamdan zinətlənən Hacı Mirqiyas axund Cənub bölgəsində 37-ci illərin repressiyasına məruz qalan, sürgündə dünyasını dəyişən ruhanilər haqqında zəngin biliyə malikdir.

Onun təşəbbüsü və iştiraki ilə belə din xadimləri haqqında “Əsrin sönməz şamları” (Bakı-1999) kitabı işıq üzü görmüşdür.

Son söz yerinə: Öyüd – örnək timsallı, xalq arasında böyük nüfuza malik belə şəxsiyyətlərin həyatını, əməllərini təkcə bir rayon mühit ilə məhdudlaşdırmaq olmaz! Çünki yuxarıda adları çəkilən örnəklər həm milli, həm müsəlman, həm də bəşər mühiti üçün fəxarət və xeyirxahlıq nümunəsi kimi çox tərbiyəvi əhəmiyyətə malikdir. Məncə, mənəviyyat ekologiyasının korlandığı indiki zamanda xalqın rəğbət bəslədiyi bu şəxsiyyətlərin barəsində çox yazılmalı, televiziya verlişləri hazırlanmalıdır. Müqəddəslər xatırlanmadıqca, ekranda-efirdə cansıxıcı şoumenlər meydan sulayır. Nə böyük bilirlər, nə kiçik.

Nurəddin ƏDİLOĞLU,
yazıçı - publisist.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10