Laçın Abdulhüseynov: “Canlı efirdə taxtaya vurduğum mismar alt hissədə olan dəmirə dəyib əlimin üstündən çıxdı, amma bunu kimsə hiss etmədi”
Pandemiya şəraiti pəhləvanların da fəaliyyətinə ciddi təsir göstərib. Azərbaycanın məşhur pəhləvanları Laçın və Hüseyn Abdulhüseynov qardaşları kimi. Dünya ölkələrinin yarıdan çoxunu gəzən, rekordları ilə dünya pəhləvanlarına meydan oxuyan, milyonlarla izləyicini təəccübləndirməyi bacaran “Azəri brother” qrupunun üzvləri bu gün demək olar ki, fəaliyyətsizdirlər.
Laçın Abdulhüseynov AYNA-ya müsahibəsində fəaliyyət və fəaliyyətsizliklərindən danışıb:
- Karantin səbəbindən bizim sahədə vəziyyət son dərəcə ağırdır. Pandemiya başlayandan sonra bir çox səfərlərimiz təxirə düşdü. Hətta “Ginnesin rekordlar kitabı” üçün bir rekord nömrəsi nümayiş etdirməli idik - o da qaldı. Bir çox ölkələrdə çıxışlarımız olmalı idi, hamısı saxlanıldı. Buna baxmayaraq, biz məşqlərimizi dayandırmadıq. Hətta bir müddət öncə Ukraynanın televiziyalarından biri bizim yeni qrupumuzla olan nömrələrimizdən sujet hazırlayıb.
- Yeni qrup yaratmısız?
- “Azeri brothers” qrupumuzda bir qədər dəyişiklik olub. Biz komandaya 4 balaca pəhləvan cəlb etmişik. Komandamızın ən kiçik üzvünün 6 yaşı var. Biz onlara həm pəhləvanlıq sənətini öyrədirik, həm də səhnəyə hazırlayırıq.
- Bu gün Azərbaycanın qədim idman növlərindən olan pəhləvanlıq idman növünə maraq varmı?
- Pəhləvanlıq sənəti ölkəmizin tarixini göstərən dəyərli və hörmətli bir sənətdir. Bizim sənət Novruz bayramında yada düşür. Müəyyən tədbirlərə dəvət edilirik. Son illər pəhləvan olmaq istəyən gənclərin sayı çoxalıb. Sosial şəbəkələrdən bizə müraciət edənlər çox olur. Biz də gəncləri dəstəkləyirik. Onlar bizim sənəti yaşadacaqlar.
- Bu sənətə hansı regionun gəncləri daha çox maraqlıdır?
- Quba, Qusar, Ağsu və başqa bölgələrdən də gənclər müraciət edirlər.
- Karantin sizə yeni fəndlər hazırlamağa bir fürsət idi. Yeni hansısa nömrələriniz varmı?
- Çox doğru vurğuladınız. Karantindən əvvəl tədbirlərə, verilişlərə çox dəvətlərimiz olduğu üçün məşqlərə vaxt ayıra bilmirdik. Məşqləri də çəkilişlərdə, istirahət vaxtları edə bilirdik. Bu da kifayət deyildi. Elə olurdu ki, yeni nömrəni çıxış zamanı hazırlamalı olurduq. Amma karantin zamanı çox nömrələr hazırlamışıq. Hazırda onların üzərində məşq edirik. Nömrələr tam hazır olandan sonra artıq çıxışlarımızda istifadə edəcəyik.
- Pəhləvanlar da digər idmançılar kimi zədə alırlar?
- Bəli, elə zədələr olur ki, canlı efirdə, minlərlə izləyicinin gözü qarşısında baş verir. Amma o zədəni heç kim hiss etməyib. Hətta zədəyə görə proqramı dəyişmişik. Amma nömrənin dəyişməsini, zədə aldığımızı bir tamaşaçı belə, hiss etməyib (gülür – T.X.). Məsələn, bir dəfə canlı efirdə taxtaya vurduğum mismar alt hissədə olan dəmirə dəyib əlimin üstündən çıxdı. Amma nömrəni o vəziyyətdə davam etdirdim. Ukraynada çıxış zamanı mismara 67 dəfə başımla zərbə vurmalı oldum ki, nömrəm tamamlansın. Halbuki, bunu dəfələrlə az zərbə ilə yekunlaşdırmalı idim. Ciddi kəllə-beyin travması da ala bilərdim. Buna səbəb o olub ki, səhnəni quranlar səhnələri əzilməsin deyə taxtanın altına yumşaq altlıq qoyublar. Ona görə də mən mismarı taxtaya bir neçə dəfə baş zərbəsi ilə keçirə bilməmişəm. Bizim işin ən çətin tərəflərindən biri də budur.
Onu da qeyd edim ki, bizim səhnələrdə zədə alma səbəbimiz səhnəni quran şəxslərin səhlənkarlığından irəli gəlib. Artıq səhnəni də özümüz qururuq ki, çıxış zamanı ciddi problemlər ilə üzləşməyək. Köməkçi isə yalnız tələbələrimizi götürürük. Yad insan hər zaman çıxış zamanı təhlükəlidir. Çünki ya qorxacaq, ya da məlumatsızlıqdan səhvə yol verəcək. Nəticədə isə bədbəxt hadisə baş verə bilər.
- Dişlər ilə qatar çəkmək fəndi var. Bunun üçün diş kökü güclü olmalıdır, yoxsa bunun da bir fəndi var və hər bir pəhləvan bunu edə bilər?
- Əlbəttə, diş və çənə çox guclu olmalıdir. Bununla yanaşı, ayaq, bel, boyun əzələlərinin də fiziki gücü önəmlidir. Hər pəhləvanın özünəməxsus rekord nömrəsi olur. Qatar çəkməyin də öz texniki yolları var.
- Sizin ən unikal nömrəniz hansıdır?
- Gözümdə iki tok ilə 200 kiloqramlıq avtomobili darta bilirəm. Dünya rekordu 360 kiloqramdır. Göz qapaqlarımla 64 kiloqram yükü qaldıra bilirəm. Dünya rekordu 23 kiloqramdır. Qeyd edim ki, qardaşım və mən doqquzqat dünya rekordçusuyuq. İkimizin də təkrarolunmaz nömrələrimiz var.
- Bu gün pəhlavanlıq sənəti ailə dolandırmaq olur?
- Açığı deyim ki, biz bu sənətə maddiyyəti düşünüb gəlmədik. Hətta elə vaxtlarımız olub ki, dost-tanışdan borc alıb, dostların maddi yardımı ilə sənəti yaşatmışıq. Müəyyən vaxtlarda cüzi də olsa, bəzi qurumlar dəstək olub. Müəyyən yarışlarda qonorar verilib. Azərbaycanda bu sənətə gəlib ailə saxlamaq istəyən ac qalar. Mütləq əlavə iş yerin olmalıdır.
Müəllif: Təranə Xudabaxşiyeva