Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Beriyanı “başa salan” alim – 50 yaşında sovet akademiklərinin rəhbəri seçilən Keldış özü istefa verib


Uzun illərin gərgin əməyi, ağır müharibə dövrü, iştirakçısı olduğu atom layihəsindəki zərərli iş şəraiti, laboratoriyalarda keçən yuxusuz bu gecələr onun səhhətində ciddi problemlər yaradıb. Akademik Mstislav Keldışın sağlamlığı təkcə ailə üzvlərini, doğmalarını deyil, Kremli də narahat edib.

Nəhayət, Leonid Brejnev və Aleksey Kosıgin akademikdən razılıq aldıqdan sonra dünya şöhrətli amerikalı kardiocərrah Maykl Debeykini Moskvaya dəvət ediblər. Altı saatdan artıq davam edən əməliyyat uğurlu keçsə də, Keldışın əvvəlki sağlamlıq durumunu tam bərpa etmək mümkün olmayıb. Debeykiyə bu əməliyyata görə ödəniş etmək istəyəndə o, bundan imtina edib: “Alimlər biri-birlərinə kömək etməlidirlər. Akademik Keldışa tibbi xidmət göstərmək isə mənim üçün şərəfli borcdur...”
495_6119.jpg (116 KB)
Mstislav Keldış 1911-ci ildə Riqada anadan olub. Atası dövrün ən tanınmış hərbi inşaatçılarından sayılıb, general rütbəsi daşıyıb. 1919-cu ildə ailə Riqadan İvanovo şəhərinə köçüb. Keldış orta məktəbdə oxuyarkən atasının yolunu davam etdirmək istəyib. Amma 16 yaşında orta məktəbi bitirən Keldışı yaşına görə atasının işlədiyi İnşaat institutuna qəbul etməyiblər. Bu problem ortaya çıxanda Keldışın Moskva Dövlət Universitetini bitirən böyük bacısı Lyudmila ona sənədlərini həmin universitetə verməyi məsləhət görüb. Uşaqlıqdan riyaziyyata böyük maraq göstərən Keldış bacısının tövsiyəsi ilə Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub.
Universiteti bitirdikdən sonra Keldış təyinatla Mərkəzi Aerohidrodinamika İnstitutuna göndərilib. Bu institutda işlədiyi zaman o, həm də elmi iş üzərində işləyib, 1935-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, üç ildən sonra isə doktorluq işini müdafiə edərək elmlər doktoru dərəcəsini alıb.
keldysh.jpg (72 KB)
Müasirlərinin söylədiklərinə görə, Keıdış qapalı, çox az danışan, fikirlərini qısa və konkret izah edən, qarşısındakının kim olmasından asılı olmayaraq düzgün olmadığı halda cəsarətlə cavab verən, bununla yanaşı, çox sadə və xeyirxah bir insan olub.
1930-cu illərdən başlayaraq SSRİ aviasiyasında yaranmış ən böyük problemlərdən biri hərbi təyinatlı təyyarələrin səmada böyük sürət yığdığı zaman titrəyişi, müvazinətini itirməsi olub ki, bu da dəfələrlə qəza ilə nəticələnib. Bu məsələ üzərində Keldış bir müddət elmi araşdırma aparıb və problemin aradan qaldırılması yolunu tapıb. Məhz bu ərəfədə məsələ ilə “NKVD”-yə yeni təyin olunmuş komissar Lavrenti Beriya da ciddi məşğul olub. Beriyaya məruzə edilib ki, bu problem Mərkəzi Aerohidrodinamika İnstitutunun əməkdaşlarının düzgün hesablamalar apara bilmədiklərindən yaranır.
10sb-large.jpg (77 KB)
Beriya bu “donos”dan sonra institutu “düşmən yuvası” adlandırıb. Verilən bu qiymətin də nə ilə nəticələnəcəyi hamıya yaxşı məlum olub. İnstutut əməkdaşları bir-bir Beriyanın “qara xalça”sının üstünə dəvət olunub və növbə Keldışa da çatıb. Beriya səsinin tonunu qaldıraraq ölümə bərabər ittihamlar irəli sürəndə Keldış çox təmkinlə sona qədər dinləyib və çox aşağı səs tonu ilə “narkom”un cavabını verməkdən çəkinməyib:
- Siz səhv edirsiniz, yoldaş komissar...
Bu aşağı səs tonu Beriyanın yuxarı səs tonunu kölgədə qoyub. Beriya tilsimə düşmüş kimi Keldışın bu ifadəsinə “güllələmək”, “sürgünə göndərmək”lə cavab verməyib. Keldış “alov”un söndüyünü görüb yenə də aşağı səs tonu ilə Beriyaya məsələ ilə bağlı tam aydınlıq gətirib və problemin həll olunduğunu başa salıb. Bu və hərbi aviasiyalarla bağlı əldə etdiyi digər nailiyyətlərinə görə Keldış sovet-alman müharibəsi illərində iki dəfə Stalin mükafatına layiq görülüb.
14_1.jpg (101 KB)
Keldışın yüksək ranqlı dövlət məmurları ilə bu cür mübahisəli anları çox olub. Xüsusilə də hərbi sənaye ilə bağlı mübahisələrdə o, təkəbbürlü, yuxarılarla sıx bağlılığı olan Dmitri Ustinovu susdurmağa bacarıb.
1953-cü ildə Keldış SSRİ Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutuna direktor təyin olunub. Eyni zamanda Moskva Dövlət Universitetində mühazirələr oxuyub.
Keldış hesablama və maşın riyaziyyatı sahəsinin inkişafında yaxından iştirak etməklə, atom və kosmik texnika üzrə hesablama məsələlərinin effektiv metodlarını yaratmaqla elmə böyük töhfələr verib. O, kosmos tədqiqatlarının, raket-kosmik sistemlərinin yaradılmasının təşəbbüskarlarından biri olub. Keldış 1950-ci illərin ortalarından süni peyklərin orbitə çıxarılması, gələcəkdə Aya və Günəş sisteminin digər planetlərinə uçuşların nəzəri əsaslarının işlənməsinə rəhbərlik edib.
21_1 (2).jpg (104 KB)
Atom layihəsinin iştirakçıları Keldışın iki il ərzində nüvə partlayıcı qurğunun içərisində nə baş verəcəyini rəqəmlərlə təsvir edərək, dəqiq hesablamaların öhdəsindən necə gəldiyinə təəccübləniblər. Bu titanik elmi əsər sayılıb.
1961-ci ildə Keldış 50 yaşında SSRİ Elmlər Akademiyasının prezidenti seçilib. Onun akademiyaya rəhbərlik dövrü sovet elminin inkişaf dövrü kimi qoymətləndirilib.
1975-ci ildə cərrahi əməliyyatdan sonra Keldış Brejnevlə görüşərək prezident vəzifəsindən istefa vermək istədiyini bildirəndə baş katib məsələyə münasibətini belə bildirib:
- Biz sizə bütün lazımi şəraiti yaradacağıq, siz yarım gün işləməklə də kifayətlənə bilərsiniz. Bizə akademiyanın prezidenti kimi təkcə sizin adınız bəsdir.
Bu akademik üçün böyük etimad sayılsa da, onun səhhəti işləməyə yol verməyib. Keldışın aşağı ətraflarında yaranan damar problemləri onun hərəkət etməyinə mane olub və o, 1975-ci ildə prezident vəzifəsindən istefa verib.
1978-ci ildə Keldışın ölüm xəbəri yayılıb. O, bağ evində özünə məxsus olan “Volqa” avtomobilində hələ qarajdan çıxmamış sükan arxasında vəfat edib. Rəsmi məlumatda onun ürək tutmasından vəfat etdiyi bildirilib. Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi (Kremlin baş həkimi) Yevgeni Çazov sonralar akademikin ölümünün əsl səbəbini belə açıqlayıb:
“Keldış sükan arxasında olanda maşının mühərriki işləyib. İlk baxışdan belə düşünmək olar ki, akademik maşını qarajdan çıxarmaq istəyib. Yaxşı, əgər o, maşını qarajdan çıxarmaq istəyibsə, bəs qarajın qapıları niyə bağlı olub? İkincisi, hadisə yay fəslində baş verib, yəni havaların isit olduğu bir vaxtda. Amma akademikin maşınında bütün şüşələr qaldırılmış vəziyyətdə olub. Keldış maşının salonunu qazla doldurmaqla intihar edib. Bunun əlavə sübutlara ehtiyacı yoxdur...”
загружено.jpg (78 KB)
3 dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı 7 dəfə “Lenin” ordeni alan, Lenin və Stalin mükafatlarının laureatı, dünyanın bir çox ölkələrinin akademiyalarının həqiqi üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru olan 67 yaşlı dünya şöhrətli alim Mstislav Keldışın nəşi yandırılıraq külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10