Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əqidəli casus – MKİ-nin direktoru Dalles: “Kaş Moskvada Abel kimi 2-3 kəşfiyyatçımız olaydı”


60 il öncə bu gün, 8 fevral 1962-ci ildə ABŞ və SSRİ arasında aparılan üç illik danışıqlardan sonra sovet kəşfiyyatçısı Rudolf Abelin (əsl adı Vilyam Fişer) Moskvaya təhvil verilməsi məsələsi üzrə razılıq əldə olunub. Amerika Rudolf Abelin SSRİ üçün nə qədər qiymətli kadr olduğunu bilərək qarşı tərəfə daha ağır şərtlər qoyub. Belə ki, amerikalılar sovet kəşfiyyatçısının əvəzinə SSRİ-dən üç ABŞ vətəndaşını tələb ediblər.

Rudolf Abel sovet kəşfiyyatının simvolu sayılıb. Onun Yaroslavlda anadan olan atası alman əsilli, anası isə milliyətcə rus olub. Hələ 1901-ci ildə inqilabi fəaliyyətinə görə atası Rusyadan sürgün olunanada ailə bir müddət İngiltərədə məskunlaşıb. Rudolf Abel də 1903-cü ildə İngiltərədə anadan olub.
Londonda universiteti bitirdikdən sonra Rudolf Abel SSRİ-yə köçüb. Kominterndə tərcüməçi işinə düzəlib. Eyni zamanda o, təhsilini Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunda davam etdirib.
1927-ci ildən 1938-ci ilə qədər Rudolf Abel ordunun Baş Kəşfiyyat İdarəsinin (rusca – QPU) xarici kəşfiyyat şöbəsində xidmət edib. Lavrenti Beriya “NKVD”-yə komissar müavini təyin edildikdən sonra Abel xidmətdən azad edilib. Onun işi Beriyanı qane etməyib. Dəfələrlə kəşfiyyat işinə qayıtmaq istəyi ilə bağlı müraciətlər etsə də, onun müraciətlərinə müsbət cavab verilməyib. Yalnız sovet-alman müharibəsi başlandıqdan sonra “NKVD”-də Abelin fəaliyyətinə ehtiyac duyulub və o, yenidən bu qurumda xidmətə başlayıb.
965955.jpg (76 KB)
Abelin əsas fəaliyyət istiqaməti partizan dəstələri ilə birgə düşmənin arxa cəbhəsində tapşırıqları yerinə yetirməkdən ibarət olub. Müharibə illərində o, keçirdiyi uğurlu əməliyyatlara fərqlənib.
1948-ci ildə Abel rəssam qismində ABŞ-a göndərilib. Mükəmməl agentura şəbəkəsi yaradan Abel Amerikada əsasən bu ölkənin hərbi potensialı haqqında məxfi məlumatları öyrənib SSRİ-yə ötürməklə məşğul olub. Moskvada Abelin ABŞ-dakı fəaliyyəti olduqca yüksək qiymətləndirilib. Hətta onun əldə etdiyi və ötürdüyü informasiyalar bir çox sovet kəşfiyyatçıları üçün inanılmaz görünüb. Amma Abel öz işini o dərəcədə zərgər dəqiqliyi ilə qurub ki, 9 il ərzində, 1957-ci ilə qədər onun işi zərrə qədər şübhə doğurmayıb.
c11bc568c6bf4f8a97754c4028876f5e.jpeg (40 KB)
Uzun illər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən Allen Dalles sonralar yazdığı “Kəşfiyyat incəsənəti” kitabında Abel haqqında fikirlərini belə bölüşüb:
“Abelin gördüyü işlər heç vaxt pul qarşılığında olmayıb, o pula işləməyib, öz əqidəsinə görə fəaliyyət göstərib, kommunist əqidəsi onun üçün hər şeydən üstün olub və o, öz hədəfinə çatıb. Çox arzu edərdim ki, Amerikanın da Moskvada iki-üç nəfər Abel kimi kəşfiyyatçısı olaydı...”
Abel 1957-ci ildə Nyu-Yorkda “Latam” mehmanxanasında FTB əməkdaşları tərəfindən saxlanılıb. Bəzi versiyalara görə, onun saxlanılmasında ABŞ-da fəaliyyət göstərən digər sovet kəşfiyyatçılarının əli olub. İstintaq zamanı o, ona qarşı sürülən ittihamların heç birini qəbul etməyib. Eyni zamanda istintaq ərəfəsində Abel vəkili vasitəsi ilə Moskvaya bir cümləlik mesaj da göndərib:
“Mən heç kimi satmayacağam, fəaliyyətimlə bağlı heç bir əməlimi etiraf etməyəcəyəm, buna tam arxayın ola bilrsiniz...”
1.jpg (87 KB)
Rudolf Abel heç nəyi etiraf etməsə də Amerika məhkəməsi onun haqqında ağır hökm çıxarıb, sovet kəşfiyyatçısı 30 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını Atalanta türməsində çəkib.
Abelin həbsindən sonra DTK onun azadlığa çıxması üçün bütün variantları nəzərdən keçirib. Amma heç bir nəticə hasil olmayıb. Nəhayət, Abelin SSRİ-yə təhvil verilməsi iki ölkənin rəsmiləri arasında müzakirə mövzusuna çevrilib. Bu müzakirələr üç il, 1959-cu ildən 1962-ci ilə qədər davam edib.
Amerika Abelin əvəzinə SSRİ-də saxlanılan üç nəfər ABŞ vətəndaşını tələb edib. Onlardan biri təyyarəçi Harri Pauers olub. Belə ki, 1960-cı ildə Sverdovlovsk istiqamətində sərhədi keçərək SSRİ ərazisinə daxil olan ABŞ-ın kəşfiyyatçı təyyarəsi vurulanda təyyarəçi Harri Pauers sağ qalıb və o, SSRİ-də mühakimə olunaraq 10 il azadlıqdan məhrum edilib. İkinci tələb olunan şəxs amerikalı kəşfiyyatçı Federik Prayor olub ki, o da Moskvada ifşa olunaraq 8 il azadlıqdan məhrum edilib. Moskvada kəşfiyyat fəaliyyətinə görə saxlanılan Marvin Makinen isə ABŞ-ın tələb etdiyi üçüncü şəxs olub. Moskva Vaşinqtonun şərtlərini qəbul edib. 1962-ci ilin fevralın 8-də tərəflər razılığa gəlib, fevralın 10-da isə qarşılıqlı razılaşmanın icrası başlanıb.
3fcb260ce870862e0e6e55c81926186e_1549901840-b.jpg (105 KB)
Dəyişdirmə prosesi Berlində, Qərbi Almaniya ilə Şərqi Almaniyanı ayıran Qliniker körpüsündə baş tutub. Məhz bu prosesdən sonra həmin körpü qeyri-rəsmi olaraq “casus körpüsü” adlandırılıb. Proses insidentsiz ötüşüb.
Abel SSRİ-yə qayıtdıqdan sonra dövlət təhlükəsizliyi orqanlarında xidmətini davam etdirib. O, 1971-ci ildə, 69 yaşında xərçəng xəstəliyindən vəfat edib. Rudolf Abel Moskvada Yeni Don qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10