Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vaxtilə Bakının kriminal bölgəsi Papanin idi, indi Akademiyadır…


Akademiyada “maraqlı” və tragikomik proseslər gedir. Məsələn, maraqlıdır, Ramiz Mehdiyev 84 yaşını AMEA prezidenti kürsüsündə qeyd edə biləcəkmi? 5-ci kolonun ağsaqqalı, “elm məbədinin baş kahini” hazırda elə topa tutulur ki, o, indiki postunda nəinki apreldəki ad gününə və ya Novruza qala bilər, bu həmlə tempində hətta Kiçik Çillədən çıxmaya da bilər…

Mehdiyev və AMEA-nın ünvanına akademik elitanın irad-ittihamları da maraqlıdır: “Akademiya onun ucbatından indi ən kriminal, intriqalarla dolu bir məkana çevrilmişdir”, “Bu vəziyyətin qarşısı alınmasa, az sonra “əlvida Azərbaycan elmi””, “Zoologiya üzrə elə adamı akademik ediblər ki, həmin adamda Zoologiyadan əsər-əlamət özünün Zoologiyanın predmeti olması ilə bağlıdır”, “AMEA-da pambıqla baş kəsir”, “Ramiz Ənvəroviçə qarşı çıxışa onun cinayətinə şərik olan adamlar qoşulub” və s. və i.a.

Çox maraqlıdır, adamı AMEA-nı “ən kriminal məkan”a çevirməkdə ittiham edərək istefaya çağırırlar. Vaxtilə Bakının kriminal səmtləri keçmiş Papanin küçəsi və Quba meydanı (“Kubinka”) sayılardı, indi tanınmış arxeoloq-etnoqraf hesab edir ki, Akademiya o məkanları kölgədə qoyub. Təbii ki, istefa vermək siyasi mədəniyyətdir, onu kriminal məkandan başlamaq belə gözəl təşəbbüsdür. Düzdür, “hörümçək” orfoqrafiya lüğətindən düşdüyü kimi, “istefa” sözü də güman ki, sovet dönəmindən Mehdiyevin leksikonundan silinib. Amma bu işi keçmiş “boz kardinal” üzərində təcrübədən keçirmək – yəni, 5-ci kolonun şimal ayağı demişkən, “prob” eləmək özəlliklə anlamlı, hətta savabdır... 

Daha dahiyanə və ən maraqlı olanı bir akademik-deputatın Mehdiyevlə koronovirus arasında paralellər aparması oldu: “2019-cu ilin sonlarında Ramiz Mehdiyev Akademiyaya prezident təyın edildi. Və az sonra Covid -19 pandemiyasının doğurduğu təcrid ayları gəldi... Və Covid-19-un əsli-kökü, mənşəyi, mahiyyəti sonacan tam bilinmədiyi kimi Akademiyada da nədən ibarət olduğu anlaşılmayan impulsiv, xaotik, pərakəndə, qeyri-peşəkar idarəçilik hökm sürür”. 

84 yaşlı Mehdiyev “mənim gələcəyim var!” deyərək karyerasını vaxtından əvvəl və qəfildən bitirməyə də bilər. Bu zaman təhdid bu işin dadı-duzu ola bilər. Şair-deputat demişkən, “Ramiz Mehdiyev urvatdan düşmədən getməlidir”. Yəni, ya urvat, ya kürsü! Bu, başqa məsələdir ki, kürsüdən sonra urvat da gedir... 

Akademik-deputat isə baş akademiki aşkar şantaj etdi: “Akademiya Rəyasət Heyətinin yığışaraq növbədənkənar iclasında “Get!” qərarı verməsinəcən məsələni çürütməyərək iradə göstərmək, heç də xoş olmayacaq həmin sonluğu qabaqlamaq məsləhətdir. Ramiz müəllim, getmək lazımdır!”

“Get!” – çox xatalı ultimatumdur. Qazaxıstanda “Şal (qoca), get!” dedilər, 82 yaşlı Nazarbayev kəllə-mayallaq getdi. 

Bu, lap maraqlıdır, digər akademik-rektorun akademik-keçmiş deputat həyat yoldaşı at izinin it izinə qarışdığı bü dönəmdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra etməyə başladı. Cəbhə cəbhəyə qarışıb, birinin ön cəbhəsi digərinin arxa mövqeyidir və ya əksinə. Təbii ki, smartfon əsrində “kimin əli kimin cibindədir, bilinmir” ata tezisi köhnəlib, artıq kimin hansı yuvanın quşu olduğunu bilməyən yoxdur... 

Akedemiya ətrafında gedən polemikanı, tezis-iradları belə konstatasiya etmək olar: Akademiya (elm) ölüb, basdıranı yoxdur; Elm ölməyib, can veirir; Akademiya Mehdiyevdən əvvəl ölüb; Akademiya Mehdiyev gələndən sonra ölüb; Akademiya son nəfəsində idi, Mehdiyev onun tabutuna son mismarı vurdu; Akademiyanı yerliçilik öldürdü; Elmi proteksiya batırdı; Akademiya elmin qəbiristanlığıdır; Mehdiyev getsə, Akademiya dirilər və s. 

Son “elmi çəkişmələr” bir daha göstərdi ki, alim olmaq asan, insan olmaq isə çətin işdir. Nanəciblik isə müftədir... Mahiyyətcə, baxışlarına görə fərqlənməyən bu alimlər arasındakı çəkişmələr, intriqalar “siyasi-insani” baxımdan düşündürücüdür. Məşhur filosof və sosial psixoloq Erix Frommun “İnsan ruhu” əsərinin ilk fəsli belə adlanır: “İnsan – canavar, yoxsa qoyundur?”. Neofreydizmin yaradıcısı yazır: “Bəziləri güman edirlər ki, insanlar qoyun, digərləri isə hesab edirlər ki, vəhşi canavardır. Hər iki tərəf öz baxışını dəstəkləyən arqument göstərə bilir. İnsanları qoyun sayanlar bunu qeyd edirlər ki, həmin insanlar başqalarının göstərişlərini asanlıqla yerinə yetirirlər, hətta özlərinə ziyan olsa belə...”

İnsanı “qoyun dərisi geymiş canavar” və ya “canavar dərisi geyinmiş qoyun” sayanlar da var. Tomas Hobbs kimi düşüncə sahibi isə öz müşahidələrindən insanın şər-destruktiv məxluq olması və “homo homini lupus est” (Qədim Roma yazarı Tit Plavtın “Ulaqlar” komediyasındakı məşhur ifadə) – yəni, “insan insanın canavarıdır” qənaətini çıxarmışdı...

Aydındır ki, Mehdiyevin karyerası sona yaxınlaşır. Amma əcaib maraqlıdır, Mehdiyev “get”i eşidib anlayacaq və gedəcək, yoxsa “itqusdu”ya kimi dirənəcək?

Qəzənfər Həmidoğlu





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10