Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Onlayn nəzir və axundların rəsmiləşməsi – Dini cameədə yeni era


İslamşünas: “Hər sahədə nöqsanlar və boşluqlar mövcuddur, o cümlədən də din sahəsində”

Deputat: “Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinatlar zamanı müəyyən narazılıqlar yarandığını görürdük”

Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq. Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Eyni zamanda, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məscidlərə dini rəhbərlərin təyinatı ilə bağlı səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) verilir.

Bu dəyişiklər nə vəd edir? Hansı zəzurətdən axundların təyinatı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) alınıb DQİDK-ya həvalə edilir? Bununla yanaşı, onlayn nəzir verməklə bağlı məqam heç də birmənalı, hətta ciddi qarşılanmayıb. Nəzir qutusuna pul atmağa vərdiş etmiş insanlar arasında bu adəti daha məqbul hesab edənlər də var, əksini düşünənlər də.

AYNA mənzərəyə aydınlıq gətirməyə çalışıb.



İslamşünas Atif İsmayılovun sözlərinə görə, kimsə ehtiyacı olana birbaşa özü yardım edərkən bütün məsuliyyəti öz üzərinə götürürsə, başqa tərəflərin iştirakı zamanı onlar da məsuliyyət daşımış olur: “Ümumiyyətlə, indiki dövrün tələblərinə uyğun olaraq bütün bank sistemleri üzrə ianə etmək imkanı üçün şərait var. Plastik kartlar üzrə əməliyyat aparmaq mümkündür. Bu da daha düzgün xidmət göstərmək üçün çox geniş şərait yaradır. Bunlar heç birisi dinlə tənzimlənən işlər deyil. Dini baxımdan verilən tövsiyələrə görə, insanların öz qazanclarından kasıblara, imkansız ailələrə, yetim uşaqlara yardım etmələri daha məqsədəuyğundur. Bu zaman məsuliyyət birbaşa həmin yardımı edən insanların öz öhdələrinə düşür. Əgər hər hansı bir qurum və yaxud cəmiyyət bu vəzifəni öhdəsinə götürübsə, mütləq şəkildə özünü böyük məsuliyyət qarşısında qoyur və bu məsələdə ciddi addımlar atmalıdır ki, insanların etimadını qazansın. Bunun üçün ilk növbədə, işini şəffaf görməlidir”.

Həmsöhbətimiz deyib ki, “nəzir qutusu” anlayışı xalqımız üçün artıq uzun illərdir ənənəyə çevrilmiş bir adətdir: “Məscidə, yaxud pirlərə daxil olan zaman nəzir verir, qurbanlar kəsirlər. İndiki halda onlayn yardımda heç bir qəbahət yoxdur, sadəcə orada yığılan nəzirlərin lazımi yerlərə çatdırılmasına həmin qurum məsuliyyət daşıyacaq”.



Dini icma rəhbərlərinin təyinatı ilə bağlı səlahiyyətin Komitəyə verilməsi ilə bağlı sualımızı cavablandıran ilahiyyatçı bildirib ki, bu dəyişiklik DQİDK-nın məsuliyyətini artırır: “Məlum dəyişiklikləri nəzərə alaraq demək olar ki, birmənalı olaraq bu məsələdə qanunvericilik qarşısında hər bir şəxs və qurum məsuliyyət daşıyır. O cümlədən də komitəyə səlahiyyətin verilməsi bir daha onun bu işə qarşı məsuliyyətini artırır. Eyni zamanda bu məsələnin tənzimlənməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin də təşəbbüsü və dəstəyi olmalıdır. Məlum olduğu kimi, burada hər iki qurumun əməkdaşları ilə din xadimlərinin təyinatı və tənzimlənməsi hazırkı dövrdə və bundan sonra da davam etdiriləcək”.

“Bizim dini cameənin istək ve tələbatı ondan ibarətdir ki, təyin edilmiş din xadimləri yüksək elmi, əxlaqi dəyərlərə sahib olsunlar. Bu, əsas şərtlərdəndir. Bunun formalaşması üçün bir qurum yaradılmalı və Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə təyinat üzrə yüksək imtahanların nəticələri əsasında, attestasiya komissiyasının qərarı ilə təsdiq və təyin etməlidir”, - deyə o vurğulayıb.

Nöqsanlardan danışan Hüseynov atılan addımlar və dəyişikliklərdə dini cameənin tələblərinin nəzərə alınmasını daha məqsədəuyğun hesab edir: “Hər sahədə müəyyən qədər nöqsanlar və boşluqlar mövcuddur, o cümlədən də din sahəsində nöqsanlar və boşluqların olması qaçılmazdır. Hər halda bu sahədə atılan bütün addımlar və ya hər hansı bir dəyişiklik edilərkən dini cameənin tələbləri nəzərə alınmaqla həyata keçirilməsi məqsədəuyğundur. Bu gün bir çox dərin savada, eyni zamanda yüksək təcrübəyə malik olan kadrların yetişdirilməsi üçün şərait yaradılmalıdır. Dini biliklərin artırılması üçün İslam universitetlərinin, dini-elmi hövzələrin təsisinə şərait yaradılmalıdır ki, sağlam düşüncəli və yüksək biliyə sahib olan insanlar arasında din xadimləri seçilsinlər. Çünki dinin təsdiqi üçün hər hansı bir şəxsin necə xidmət etməsi ilə kifayətlənmək olmaz. Böyük boşluqlar yarananda kənar yad cərəyanlar baş alıb artmaqda davam edir. Bu da həmin sahədə inkişaf və dəyişikliklərin edilməsini zəruri edir”.



Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov da dəyişikliyi müsbət qarşılayır: “İnsanlar indi həm əvvəlki kimi nağd şəkildə, həm də onlayn formada ianə edə biləcəklər. Bu, dəyişiklik dövrün inkişafı ilə bağlıdır. Artıq insanlar dini qurumlara ianə etmək istəyəndə bunu onlayn formada da edə biləcəklərsə, burada mənfi fikir doğuracaq heç bir məqam yoxdur. Elm, texnologiya inkişaf edir. Kimsə hansısa dini quruma yardım etmək istəyirsə, həmin dini qurumun hüquqi hesabı məlumdursa, niyə bu yardımı onlayn edə bilməsin?! Texnologiya artıq həyatımızın bir parçasıdır. Onun imkanlarından faydalanmaq lazımdır. Eyni zamanda da bu, şəffaflığın təmin olunmasına imkan yaradır. Bu halda daha rahat bəlli olacaq ki, filan hesaba filan yerdən filan qədər vəsait gəldi”.

Qanunun 8-ci maddəsinə dəyişiklikdə nəzərdə tutulmuş məqamla bağlı sualımızı cavablandıran deputat bunu doğru yanaşma hesab etdiyini bildirib: “Qanunun qüvvədə olan variantında məscidlərə dini rəhbərlər Qafqaz Müsəlmanları İdarəsindən təyin olunurdu və müvafiq icra hakimiyyəti orqanı məlumatlandırılırdı. İndiki variantda isə birbaşa məsuliyyət daşıyan komitə var və o komitə tərəfindən dini qurumların rəhbərləri təyin olunur, Qafqaz Müsəlmanları İdarəsi məlumatlandırılır. Bu, düzgün yanaşmadır. Heç də sirr deyil ki, dövlət Qafqaz Müsəlmanları İdarəsinə fəaliyyətində dəstək göstərir. Dini etiqad azadlığı Azərbaycanda vətəndaşların konstitusiya ilə təmin olunmuş azad hüququdur”.

Müsahibimizin sözlərinə görə, burada məqsəd bu istiqamətdə proseslərin daha təkmil formada həyata keçirilməsini təmin etmək üçündür: “Həmin şəxslər üçün 5 ildən bir attestasiya prosesi nəzərdə tutulur. Bu prosesin də Qafqaz Müsəlmanları İdarəsinin müvafiq mütəxəssislərinin iştirakı ilə təşkili nəzərdə tutulur və burada qeyri-adi nəsə yoxdur. Məqsəd bu proseslərin daha təkmil formada həyata keçirilməsidir”.

“Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinat olanda müəyyən qədər narazılıqlar yarandığını görürdük. Həm də bu gün informasiya kommunikasiya dövrüdür. ASAN xidmətin əhatə dairəsi daha da genişlənir. Bu dəyişiklik qüvvəyə minəndən sonra dini qurumların rəhbərlərinin ASAN xidmət tərəfindən təyin edilməsi imkanı yaranacaq. Yəni lazım olan prosedur qaydalar hazırlanandan sonra ASAN xidmətdə məsələ öz həllini tapacaq. Daha da məmnun şəkildə təyinat həyata keçiriləcək. Bütün bunlar şəffaflığın təmin olunması məqsədi güdür”, - deyə Badamov fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10