Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qərarsızlıq ili


11 yanvar bəyanatının ili çıxdı: nə kommunikasiyalar, nə sərhədlə bağlı konkret razılaşma var, Paşinyan isə həvəslənib...

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci ilin yanvarın 11-də Moskvada imza atdıqları birgə bəyanatın qəbulundan 1 il keçdi. İlboyu bütün görüşlərdə, müzakirə olunan bu bəyanatda nələr yazılmışdı və ötən müddətdə onun icrası həyata keçirilibmi? 

Moskva bəyanatında yazılıb:

2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Prezident V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək.
Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Ümumiləşdirsək, bəyanatın mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq, imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. 

Daha sonra noyabrın 26-da Soçidə qəbul olunmuş növbəti üçtərəfli bəyanatda bu razılaşma və 10 noyabr bəyanatı əsas baza kimi göstərilərək, onların icrası istiqamətində konkret fəaliyyət planının həyata keçirilməsi ilə bağlı yekdil fikir sələndirilmişdi. Brüsseldə Avropa İttifaqının moderatorluğu ilə təşkil olunan Əliyev-Paşinyan görüşü isə 10 noyabr, 11 yanvar, 26 noyabrda imzalanmış bəyanatlara yer alan bəndlərə istinad olunmaqla münasibətlərin normallaşdırılması ilə bağlı ümumi mövqe ifadə edilmişdi. 



Politoloq Elxan Şahinoğlu bildirir ki, ötən bir ildə bəyanatın yalnız işçi qrupun yaradılması bəndi yerinə yetirilib. Onun sözlərinə görə, altqruplar barədə məlumat yoxdur, martın 1-ə qədər də heç bir sənəd hazırlanmadı. “Doğrudur, Nikol Paşinyan bir il içərisində kommunikasiya xətlərinin açılması məsələsini erməni cəmiyyətinə qəbul etdirib, ancaq işlər ləng gedir. Moskva 11 yanvar bəyanatının həyata keçirilməsini sürətləndirmək üçün İrəvana təzyiq etmir. Əksinə, Moskvada 11 yanvarda bəyanat qəbul olunarkən, Kremlin nəzarətindəki “Sputnik” agentliyinin Ermənistandakı ofisi Moskva görüşü barədə məqalə paylaşmaq əvəzinə, Nikol Paşinyanın mövqelərini zəiflətmək üçün “Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dolar zərər vurub” və “Ermənistan Sünikdə nə qədər torpaq itirdi” yazılarını yayımlayırdı”, – ekspert vurğulayıb. 

Politoloq xatırladır ki, Kreml ötən ilin bu vaxtı Rusiyadakı tanınmış ermənilər Ara Abramyan və informasiya ruporu Marqarita Simonyan kimilər vasitəsilə Nikol Paşinyana təzyiq edirdi. O, hesab edir ki, Paşinyan bir il sonra Rusiya ilə birgə hərbçilərini Qazaxıstana göndərdikdən sonra Kremlin ağalığını tam olaraq qəbul edib: “Ona görə də Kremlin bundan sonra kommunikasiyaların açılması məsələsində Paşinyana təzyiq edəcəyi gözlənilmir”. 

E.Şahinoğlu Paşinyanın KTMT liderlərinin yanvarın 10-da onlayn müzakirəsində Qazaxıstandakı hadisələrlə İkinci Qarabağ müharibəsi arasında paralellik aparmasını misal çəkir: “Paşinyan dedi ki, Qazaxıstanda olduğu kimi, Dağlıq Qarabağda 44 günlük müharibədə də kənardan terrorçular gətirilmişdi. “Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz- üzə qala bilər”. Bununla Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərdi”. 

Ekspert qeyd edir ki, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ona müdaxiləsi İrəvanı həvəsləndirib: “Təsadüfi deyil ki, Paşinyan “Qazaxıstanla Azərbaycan arasında paralellər apararkən”, erməni saytları dezinformasiya yayaraq, guya Azərbaycan hərbçilərinin Qarabağda dinc sakinləri atəşə tutduğunu yazırdı. Dezinformasiyanın məqsədi aydındır. Ermənistan hakimiyyəti Qazaxıstandakı “xidmət”inin əvəzində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onların da “dərdinə” şərik çıxmasını istəyir”. 



Politoloq Fərhad Məmmədov bildirib ki, ötən bir il ərzində 11 yanvar bəyanatının əsas məğzi olan məsələlər hələ də həll olunmayıb. Ekspert qeyd edir ki, kommunikasiyaların açılması ilə bağlı hökumətlərarası komissiyalar yaradıldı, amma bu qurum bəyanatda göstərildiyi tarixlərə qədər öz işini yekunlaşdıra bilmədi: “Bunun da səbəbi Ermənistandakı daxili siyasi böhran idi. Daha sonra Ermənistanın mövqeyində müəyyən təxribatçı meyllər oldu. İl ərzində bu transformasiyaları da müşahidə etdik: əvvəlcə Ermənistan Naxçıvana dərmiryolunun açılmasına qarşı idi, sonradan razılaşdı, daha sonra avtomobil yolunun açılmasını istəmirdi, amma indi prinsipcə razıdır. Hazırda bu yolun marşrutu müəyyən olunmalıdır”. 

F.Məmmədov əlavə edir ki, Soçidə keçirilən üçtərəfli danışıqlarda müəyyən bir konkretlik olmalı idi. Onun sözlərinə görə, bu günə qədər hökumətlərarası komissiyalar bu məsələ ilə bağlı konkret qərara gəlməyib. “Amma Ermənistan tərəfindən eşidirik ki, artıq dəmir yolunun marşrutu müəyyən olunub, onun smetası da formalaşıb, hətta bu layihənin bir hissəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcəyinə eyham vurub. Lakin ilin sonunda əsasən Rusiyada keçirilən danışıqlarda formalaşan müsbət mühitə baxmayaraq, nə kommunikasiyaların açılması, nə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib. Bu da öz növbəsində həssas dövrün uzanmasına gətirib çıxarır. Ona görə həssas adlandırıram ki, qərarların olmadığı təqdirdə provakasiyaların olması, üçüncü tərəfin bu prosesə qoşulmasına şərait yaranır. Qərar qəbul edilərsə, vəziyyət aydınlaşar”, – politoloq vurğulayıb.

E.Eldaroğlu   





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10