Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Doğrudanmı 201 deputatımız olacaq? Yaxud MSK-da yoxlamalar və “sandıq” hazırlığı​ - nə baş verir?


Ekspert: “Boş qalan dairələrdə seçkilərin və ya referendumun keçiriləcəyi barədə dəqiq fikir söyləmək olmaz”

Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 18 milyon 469 min 693 manat ayrılıb. Bu vəsaitin 5 milyon 798 min 583 manatı 2022-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsinə xərclənəcək.

Seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb. Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılacaq. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Artıq seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Qeyd edək ki, iddialara görə, ölkədə referendum keçirilməsi planlaşdırılır. Bildirilir ki, referenduma Milli Məclisin tərkibi genişləndirilərək, 201 mandatlı parlament yaradılması, deputat seçkilərinin proporsional və majoritar qaydada (qarışıq sistem) üzrə keçirilməsi, Nazirlər Kabinetinin ləğv edilməsi və onun bütün səlahiyyətlərinin vitse-prezident institutuna həvalə edilməsinin çıxarılması nəzərdə tutulur. O cümlədən yerli icra hakimiyyətlərinin ləğv olunması, onların Prezidentin sərəncamı əsasında yaradılmış 14 iqtisadi zona ilə əvəzlənməsi də mümkündür. Referendumda bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və inzibati qurumların səlahiyyətlərinin bir hissəsinin seçkili qurumlara qaytarılması variantı da xalqın müzakirəsinə çıxarıla bilər.

Maraqlıdır ki, buna paralel olaraq Hesablama Palatası da MSK-da maliyyə yoxlamalarına başlayb.

Hazırlıqlar nə ilə bağlıdır, referendum, yoxsa boş deputat yerlərinə təkrar seçkilərmi olacaq?

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı

Parlamentdə təmsil olunan bütün müxalifət partiyalarının Mərkəzi Seçki Komissiyasında əvəzedici təmsilçisi, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, hər il yanvar ayında aparılan vahid seçicilərin siyahıya alınması prosesi sırf Seçki Məcəlləsinin tələbidir. Bu siyahıyaalma hər il həyata keçirilir. Seçkilərin keçirilməsi barədə qərarı isə MSK yox, ölkə Prezidenti verir. Bu gün üçün belə bir qərar yoxdur. Ona görə də boş qalan dairələrdə seçkilərin və ya referendumun keçiriləcəyi barədə indi dəqiq fikir söyləmək olmaz: “İndilikdə, sadəcə, ehtimallar, təkliflər irəli sürmək olar. Bizim partiya uzun müddətdir ki, parlamentdə proporsional seçki sisteminin bərpa olunması təşəbbüsü ilə çıxış edir, ölkənin parlament üsul-idarəsinə keçirilməsini təklif edir. Hətta bununla bağlı qanun layihəsi hazırlayaraq parlamentdə təqdim edib. Bu gün Azərbaycan Qafqazda yeganə ölkədir ki, proporsional seçki sistemi mövcud deyil, parlamentdə müxalifət fraksiyası fəaliyyət göstərmir, parlament yalnız majoritar seçki sistemi ilə formalaşır. Proporsional seçki sisteminin olmaması ölkədə siyasi partiyaların fəaliyyətinə də çox ciddi təsir edir. Gənc nəslin partiyalara marağını azaldır, siyasi fəaliyyətlə məşğul olmamasına təsir edir. Siyasi partiyalar ölkənin demokratikləşməsində, mülki cəmiyyətin formalaşmasında, inkişafında və dövlət-milli maraqlarının qorunmasında əhəmiyyətli rol oynayır. Bu gün onlarla partiyanın mövqeyini görürük ki, onlar da proporsional seçki sisteminin olmasının vacibliyini bildirirlər, bəyanatlar verirlər. Odur ki, ölkədə referendum keçirərək, bu sistemi bərpa etmək olar. Düşünürəm ki, bu vacib bir məsələdir. O ki qaldı dediyiniz, referendum məsələsinə, Milli Məclisin tərkibinin genişləndirilərək, 201 mandatlı parlament yaradılması, deputat seçkilərinin proporsional və majoritar qaydada (qarışıq sistem) üzrə keçirilməsi, Nazirlər Kabinetinin ləğv edilməsi və onun bütün səlahiyyətlərinin vitse-prezident institutuna həvalə edilməsinin nəzərdə tutulmasına, bütün bunlar yalnız xalqın iradəsi ilə, referendum yolu ilə ola bilər. O cümlədən yerli icra hakimiyyətlərinin ləğv olunması, onların Prezidentin sərəncamı əsasında yaradılmış 14 iqtisadi zona ilə əvəzlənməsi də mümkündür. Referendumda bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və inzibati qurumların səlahiyyətlərinin bir hissəsinin seçkili qurumlara qaytarılması variantı da xalqın müzakirəsinə çıxarıla bilər”.

Hesablama Palatasının MSK-da maliyyə yoxlamalarına başlanması məsələsinə gəlincə, həmsöhbətimiz dedi ki, bu cür yoxlamaların hər il aparılması da qanunun tələbidir.

Qeyd edək ki, Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən, seçicilərin daimi siyahısı isə hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər (bu halda məhkəmənin qərarı seçici siyahısına əlavə edilir). Səsvermə günü bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq səsvermə vəsiqəsi ilə səs verən seçicilərin səsvermə vəsiqəsi seçicilər siyahısına əlavə edilir. Səsvermə günü seçici siyahılarına heç bir əlavə və dəyişiklik edilə bilməz. Seçici siyahıları mətbuatda dərc edilə bilməz. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilir. Bu halda seçicilərin yaşadıqları ünvanlar göstərilməməlidir.

Aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.

Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10