“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri öz ərazilərində hakimiyyətin zorla dəyişdirilməsinə imkan verməyəcək”.
Bunu Rusiya Prezidenti Vladimir Putin bloka üzv dövlətlərin başçılarının videokonfransı zamanı bildirib. O qeyd edib ki, KTMT Qazaxıstanda “rəngli inqilabın” baş verməməsi üçün tədbirlər görüb:
“Biz belə ssenariyə imkan verməyəcəyik. Rəngli inqilablar həyata keçirilməməlidir”.
Rusiya Prezidentinin Qazaxıstandakı vəziyyətdən dağıdıcı daxili və xarici qüvvələr istifadə etdiyini bildirib: “Eyni məqsədləri güdürlər, silaha sarılanlar, dövlətə hücum edənlər, bunlar tamamilə fərqli insanlardır və fərqli məqsədlər güdürlər".
Vladimir Putin bu açıqlaması ilə digər ölkələrə müdaxilə üçün mesaj verir? Qərb bu prosesi kənardan sakit şəkildə izləyəcək?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, Putin bu sözləri ilə digər ölkələrə müdaxilə üçün yeni bəhanə hazırlayır və son günlərdə müzakirə olunan SSRİ-nin qurulması fikri ilə razı deyiləm:
"Çünki Rusiyanın yenidən SSRİ-ni qurması real və gündəm mövzusu deyil. Bu, sadəcə olaraq bəzi siyasətçilərin, ya da işbazların keçmişə olan arzularının ifadəsidir. Reallıq odur ki, SSRİ artıq dağılıb, İttifaqdan çıxan hər bir ölkənin özünün müstəqil qərarı, inkişaf xətti, xarici siyasətinin prioritetləri və istiqamətləri mövcuddur. Hər bir ölkənin qəbul olunmuş konstitusiyası var, hər biri də öz suverenliyini qorumaq qabiliyyətinə malikdir. Eynilə, bu dövlətlərin hər biri müstəqil xarici siyasət yürüdərək digər dövlətlərlə münasibətlərinə, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıqlarına özləri qərar verir. Bu cür gündəm yaratmaq situasiyanı daha da gərginləşdirməklə kimlərinsə marağına hesablanmış cəhdlər və addımlardır”.
Politoloq qeyd edib ki, Qazaxıstana KTMT-ni dövlətin legitim Prezidenti dəvət edib:
“Burada bir məsələni hökmən vurğulamaq lazımdır ki, hər bir dövlətin hüquq-mühafizə, təhlükəsizlik sistemi onun onurğa sümüyüdür. Dövlət təhlükəsizliyinə birinci qarant məhz təhlükəsizlik sisteminin yaradılması olur. Qazaxıstan Prezidenti də dövlət quruluşunun müdafiəsi üçün müraciət etdi və ilk olaraq məhz bu sahədə tam nəzarətə sahib olmalıdır. Bu gün Qazaxıstan Prezidenti Kasım-Comərd Tokayev parlamentin iclasında dedi ki, KTMT qüvvələrinin mərhələli şəkildə çıxarılması yanvarın 13-dən başlayacaq və təxminən 10 gün davam edəcək. KTMT-nin bazasının yaradılmasından, ya da onun qoşunlarının qeyri-müəyyən müddətə qalmasından söhbət getmir. KTMT-nin missiyası bitdi və çıxacaq. Belə olan halda nə rəngli inqilab, nə SSRİ-nin yenidən qurulması, nə başqa dövlətlərə yayılmaq? Ssenari başqa inkişaf xəttinə malik olsaydı, məsələn, Gürcüstan və ya Ukrayna məsələsində, o zaman Qərb bənzər reaksiyalar verə bilərdi. Qərb hələ də sadaladığım kimi əsas görmədiyi üçün bu prosesi sakit şəkildə izlədi və izləyir”.
Həmsöhbətimizin fikrincə, bir dövlətdə baş verən hadisələrin ssenarisini digər dövlətlərin üzərinə köçürmək doğru deyil:
“Azərbaycanı isə digər postsovet ölkələrlə müqayisə etmək yanlış cəhdlərdir. Nəzərə alsaq ki, bu cür cəhdlər ilk dəfə deyil ki, baş verir. "Ərəb baharı" zamanı, "narıncı inqilab"lar zamanı da bunlar olmuşdu. Ölkəmizdə belə uğursuz eksperimentlər üçün heç bir zəmin və situasiya mövcud deyil. Azərbaycanda ictimai-siyasi sabitlik var. Dünya dövlətləri iqtisadi krizisin gətirmiş olduğu çətinlikləri minimallaşdırmaq üçün qlobal qiymət çağırışlarına çevik və effektiv cavab vermək üçün alternativ sosial paketlər planını göz önündə saxlayır. Azərbaycan da çoxsaylı islahatlar paketi həyata keçirir və lazım olan məqamda onların əhatə dairəsinin genişləndirilməsi dövlətimiz üçün istisna deyil”.
Elmir
Cebhe.info