
Bu sıraya Moskvanın SSRİ-yə daxil olan, rəsmən “müttəfiq respublika” adlanan federsiya subyektlərinə hərbi müdaxilə etməsi faktları daxil deyil. Qazaxıstanın Alma-Ata (1986), Gürcüstanın Tbilisi (1989), Azərbaycanın Bakı (1990), Litvanın Vilnüs (1991) şəhərlərində törədilmiş qırğınlar başqa siyahıya daxildir.
Kremlin xalq etirazlarını, iğtişaşları hərbçilərin əliylə ram etməsinə dair faktlar isə daha çoxdur. Hələ Leninin vaxtından bəri sovet hökuməti hansı şəhərdə (Həştərxandan Novoçerkasska qədər) bir gündən artıq davam edən xalq etirazıyla üzləşibsə, dərhal funksiyası xarici intervensiyaya sipər olmaq olan hərbi qüvvələri qabağa verərək qırğınlar törədib.
Bakı, 1990, 20 yanvar
Ancaq bunlar, necə deyərlər, bir ölkənin daxili işləridir. Dünya birliyi belə kütləvi qırğınları yüngülvari pisləsə də, söhbəti çox uzatmır, cəza sanksiyaları tətbiq etmir.
Başqa bir ölkənin sərhədlərini keçərək, əhalisini silah gücünə sakitləşdirmək isə beynəlxalq aləmdə daha çox təpki doğurur. Bu zaman həmin ölkədən hərbi müdaxilə üçün dəvətin olub-olmaması əhəmiyyət kəsb etmir, qınaq çox olur, amma ona da rus liderləri məhəl qoymurlar.
Əslində Moskva-Kreml o cür “dəvət”ləri zaman-zaman özü təşkil edib, müdaxilə etmək istədiyi dövlətin rəhbərliyindən yalan-doğru hərbi yardım müraciəti almaq ona çətin olmayıb. Ancaq bəzən kotanın kötüyə ilişdiyi vaxtlar da olub.
1981-ci ildə “Solidarnost” təşkilatının Polşada təşkil etdiyi inqilabi hərəkətlənmələr zamanı sovet dövləti çox istəsə də, vaxtilə Rusiyanın Altay diyarında sürgün həyatı yaşamış, doğma atasını bu diyarda “Pravda” qəzetinə büküb dəfn etmiş, sonradan görkəmli hərbçi olmuş Voytsex Yaruzelski özü hərbi çevriliş edərək Polşada xunta rejimi qurub, amma sovet ordusunun Polşaya soxulmasına, daha dəqiqi, bu ölkədə olan sovet hərbi kontingentinin hakimiyyəti götürməsinə imkan verməyib.
Yuxarıda sözü gedən hərbi müdaxilələr içində biri var ki, o biriləri (Budapeşt və Praqa hadisələri) ilə müqayisədə ondan az bəhs edilib.
Stalinin ölümündən dərhal sonra sovet işğalında olan ADR-də düzən pozulub və sovet-rus əsgəri vəziyyətə sərt müdaxilə edib. İyun ayının 9-da başlayan anti-kommunist çıxışlar, sırf iqtisadi səbəblərdən, güzərana görə narazılıqdan doğan etiraz aksiyaları böyüyüb, genişlənib.

Nəhayət, iyunun 17-də Berlində və başqa şəhərlərdə toqquşmalara səbəb olub. Sovet tankları Şərqi Berlinin küçə və meydanlarına çıxıblar. Alman fəhlələr valın o biri üzünü çevriblər və yadelli işğalçılara qarşı da cürətli transparantlar qaldırıblar: “İvan, rədd ol evinə!”, “, İşğalçılar, rədd olun burdan!” və s.
44.JPG (23 KB)
Nümayişçilər sovet əsgərlərinə hücum etməsələr də, tezliklə ilk atəş səsləri eşidilib. Əsgərlər dinc nümayişçiləri gülləbaran etməyə başlayıblar. Sovet dövlətinin ən odioz fiqurlarından biri olan Lavrenti Beriya hiddətli şəkildə Berlinə zəng vurub, şəhərdəki sovet məmurlarının üstünə qışqırıb: “Nəyə görə Semyonovun gülləyə heyfi gəlir?” O, tezliklə və sərt şəkildə vəziyyəti sabitləşdirməyi tələb edib. Ancaq Şərqi Almaniyanın ali komissarı və bu ölkədəki səfiri Vladimir Semyonov və generallar bir az “insaflı” tərpəniblər, Beriyanın əmrinə itaət edərək minlərlə nümayişçini güllələməyiblər.

“Hər iki tərəfdən”... Hər kəsə aydındır ki, təpədən-dırnağa qədər silahlanmış əsgərlə əliyalın nümayişçinin savaşında qurbanlar bərabər ola bilməzdi. Yəqin ki, bunlardan 220-s mülki insan, bir neçəsi isə təsadüfən özününkülərin çovumuş gülləsinə tuş gələn əsgər olub.
Sonra ADR-də fövqəladə vəziyyət elan edilib. Sovet generalları mülki hakimiyyətə əl qoyublar. Şərqi Berlin ikinci dəfə rus-sovet çəkməsinin təpik zərbəsini dadıb.
II dünya müharibəsindən sonra parçalanmış Almaniya
Artıq iyunun 25-də işğal hökuməti Berlin, Maqdeburq, Qall, Potsdam, Gerlits, Dessau, Merzeburq, Bitterfeld, Kotbus, Drezden, Leypsiq, Gera və Yena şəhərlərindən başqa, bütün ADR ərazisində fövqəladə vəziyyət rejiminin ləğv olunduğunu bildirib.
Etiraz nümayişlərinin yatırılmasından sonra sovet ordusu və təhlükəsizlik orqanları cəza maşınını hərəkətə gətiriblər. Həbslər, təqiblər həyata keçirilib. Nümayişlərdə fəallıq göstərən 5 nəfər sovet işğal hökuməti tərəfindən edama məhkum edilib. Daha iki nəfərə ADR hökuməti ölüm cəzası verib. 4 adam işgəncələr nəticəsində təcridxanada ölüb, 4 nəfər istintaq dönəmində intihar edib. 1 nəfər polis məntəqəsində ürəktutmadan ölüb. 5 təhlükəsilik xidməti əməkdaşı həbsxananı müdafiə edərkən həlak olub, 1 alman polismen sovet əsgəri tərəfindən yanlışlıqla güllələnib.
Ümumilikdə bu etiraz aksiyaları və iğtişaşlara görə əvvəlcə 1240 adam “təxribatların iştirakçısı” kimi mühakimə olunub. Sonra bu rəqəm 1526-ya çatıb. Onlardan 3-nə ömürlük həbs cəzası verilib. 13 nəfərə 10-15 il həbs cəzası kəsilib. 99 nəfərin cəzası 5-10 il təcrid edilmə olub. Yerdə qalanlar canlarını 1-5 illik həbs cəzası ilə qurtarıblar.
İyunun 17-də hiddətlənmiş əliyalın almanların sovet hərbçilərinə gücü çatmasa da, öz həmvətənlərindən birini linç ediblər. Bu, Vilhelm Hagedorn adlı məmur olub. O, Ratenovoda dövlət ticarət idarəsində mühafizə rəisi işləyib və bundan əvvəl, 1951-ci ildə içkili halda “300 faşisti və imperializm nökərlərini” şəxsən ifşa etməsiylə öyünüb. İyunun 17-də saat 12-də nümayişçilər Hagedornu mağazanın yaxınlığında görüblər və qovaraq tutublar. Qızğın kütlə onu döyüb-əzişdirib, yerə yıxıb təpikləyib. “Bu iti asmaq lazımdır” deyə təklif verənlər olub. Hagedorn arada süd zavodunda gizlənib, arxasınca gələn təcili yardım maşınına minəndə kütlə onu yenidən yaxalayıb. Etirazçılar təcili yardım maşınını aşırıblar, Hagedornun özünü isə kanala atıblar. Bir neçə gənc onun başına avarla zərbələr endiriblər. Nəhayət, polislər ifşaçı Vilhelmi sudan çıxararaq xəstəxanaya aparıblar, ancaq o, aldığı ağır zərbələrə görə elə həmin gün orada ölüb. Bu hadisəyə görə iki 18 yaşlı gəncə edam cəzası verilib (sonradan dəyişdirilib), bir xeyli iştirakçı isə uzunmüddətli həbs cəzasına məhkum ediliblər.
ADR-də bu ekstremal hadisələr baş verərkən ABŞ prezidenti postunda II dünya müharibəsinin müzəffər generalı Duayt Eyzenhauer olub. Eyzenhauerin administrasiyası ADR-dəki böhranı diqqətlə izləyib, ancaq bu fikrə meyllənib ki, ADR və SSRİ rəhbərliyi böhranın öhdəsindən yaxşı gəlir, vəziyyəti sabitləşdirir və ondan “möhkəmlənmiş halda” çıxacaqlar.
Bir sözlə, 69 il əvvəl də ABŞ rəhbərliyi baş verənlərə görə sadəcə narahat olub, heç bir əməli tədbir görməyib.
Sovet-rus və alman-kommunist təbliğatı 1953-cü ilin iyununda ADR-də baş verənləri “xarici qüvvələrin təxribatı” kimi qələmə verməyə çalışıblar, hücum nəticəsində çoxlu əsgərin öldürüldüyünü açıqlayıblar, dinc nümayişçiləri “quldur” adlandırıblar.
Bu gün Qazaxıstanda baş verənlər köhnə ssenari üzrə gedir. Tarixi məqalələri oxuyanlar üçün burada yeni bir şey yoxdur.

Sadəcə, artıq ölkələri tanklarla, avtomatik tüfənglərlə işğal etmək effektli deyil. Bu cür işğallar çox çəkmir və sonda uğursuzluğa düçar olur.
Xalid KAZIMLI