1951-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) oktyabr inqilabının ildönümü ilə bağlı keçirilən tədbirdə bir nəfər hərbi geyimli şəxs Ural hərbi dairəsinin komandanı Georgi Jukova yaxınlaşaraq əlini ona uzadıb, özünü şəstlə marşala təqdim edir:
- Mən Pyotr Yermakovam, sizinlə şəxsi tanışıqdan məmnun olardım.
Jukov bir neçə saniyə nifrət dolu baxışları ilə onu süzdükdüən sonra əsəbi halda cavab verir:
- Mən cəlladlara əl uzatmıram.
Tədbir iştirakçılarının gözü önündə əli havada pərt vəziyyətdə qalan Yermakov özünü o yerə qoymadan uzaqlaşan Jukovun arxasınca özünü təsdiq etməyə çalışır:
- Siz yəqin ki, məni tanımadınız, Georgi Konstantinoviç...
Əslində isə Jukov onu yaxşı tanıyırmış.
Maraqlıdır, özünü məşhur marşala tanıtmaq istəyən Yermakov kim olub? Jukov onun əlini niyə havada qoyub?
Pyotr Yermakov 1884-cü ildə Yekaterinburqda anadan olub. Beş il oxuduqdan sonra zavodda çilingər köməkçisi, daha sonra isə çilingər işləyib. 1906-cı ildə bolşeviklər partiyasına üzv olub. Gizli partiya dərnəklərinin təşkilində fəallıq göstərib.
Yermakov 1907-ci ildə öz partiya yoldaşının, jandarmla əməkdaşlıqda şübhəli bilinən Nikolay Yerinin qətlində ittiham olunaraq həbs edilib. Bir il aparılan istintaq zamanı onun cinayət əməli sübuta yetirilə bilmədiyindən 1908-ci ildə azadlığa buraxılıb.
1909-cu ildə Yermakov ikinci dəfə inqilabi fəaliyyətinə görə həbs edilib. Onu birbaşa Ural partiya konfransının keçirildiyi yerdə həbs edərək sürgünə göndəriblər. Üç illik sürgün həyatından sonra o, inqilabi fəaliyyətini davam etdirib, Uralda bolşeviklərdən ibarət silahlı dəstələrin təşkil olunmasına rəhbərlik edib. 1918-ci ildə Yekaterinburqun hərbi komissarı təyin olunub.
Yermakovun adı tarixə bu məhdud xidmətləri ilə deyil, başqa bir hadisə ilə düşüb. Belə ki, II Nikolayın ailəsini edam edən beş nəfərdən biri məhz Yermakov olub.
II Nikolay və onun ailə üzvləri 1918-ci ilin iyulun 16-dan 17-ə keçən gecə Yekaterinburqda saxlandıqları mühəndis İpatevin evinin zirzəmisində güllələniblər. Bu haqda əmr gecə saat 2-nin yarısında gəlib. Əmrin icrası imperator ailəsinin saxlanıldığı evin komendantı Yakov Yurovskiyə həvalə edilib. 40 dəqiqə ərzində zirzəmidə 11 nəfər güllələnib: II Nikolay, həyat yoldaşı Aleksandra Fyodorovna, qızları Olqa, Tatyana, Mariya, Anastasiya, oğlu Aleksey və ailənin xidmətçiləri Aloiziy Trupp, Anna Demidova, həkim Yevgeni Botkin, aşpaz İvan Xaritonov.
İmperator birinci atəşdən sonra ölüb. Qızların ölümü isə bir az “ləngiyib”. Belə ki, onların alt paltarları qızıl və daş-qaşla dolu olduğundan əsl zirehli geyimləri xatırladıb. Çar ailəsinin edamında Yermakov xüsusi canfəşanlıq göstərib.
Edam iştirakçılarından biri Aleksandr Strekotin sonralar həmin mənzərəni və Yermakovun fəallığını belə xatırlayıb: “Zirzəmi kiçik idi. 11 nəfərin orada güllənmə səhnəsi dəhşətli bir mənzərə yaratmışdı. Yermakov durmadan atəş açırdı. O, mənim kənarda sakit dayanmağımı görəndə üstümə qışqıraraq əmr verdi:
- Mən bunu bacarmaram – deyib bir az da kənara çəkildim.
Bu məqamda o, əlimdəki süngülü tüfəngi götürüb süngü ilə can verənlərin bədəninə zərbələr endirdi. Zərbələr elə güclü idi ki, süngü bədəndən keçib taxta döşəmədə ilişib qalırdı...”
Çar ailəsinin edamından sonra Yermakov vətəndaş müharibəsinə gedib. Müharibədən sonra o, “CK”-da, daha sonra isə “NKVD”-də işləyib. Sonuncu iş yeri Ural vilayətində cəzaçəkmə müəssisəsində müfəttiş vəzifəsi olub.
Yermakov 1938-ci ildə istefaya göndərilib. İstefada olduğu müddətdə Sverdlovsk şəhərində Müdafiə, Aviasiya və Kimya Mühəndisliyinin Təşviqi Cəmiyyətində (sonralar - “DOSAAF”) hərbi sektora rəhbərlik edib.
Yermakov Sverdlovskda özünü bir nömrəli qəhrəman sayıb. Vilayət və şəhər tədbirlərində rəyasət heyətində əyləşməyə adət edən cəllad aidiyyatı olmayan tədbirlərdə belə Nikolayı necə qətlə yetirdiyini böyük həvəslə danışıb. O, 1951-ci ildə də Jukovla görüşərək qətlin təfərrüatlarını həvəslə danışmaq arzusunda olub. Marşal isə yerli partiya və təsərrüfat fəallarının qarşısında onu cəllad adlandıraraq həvəsini birdəfəlik söndürüb.
Yermakov 1952-ci ildə, 67 yaşında xərçəng xəstəliyindən ölüb. Onu Sverdlovsk şəhər qəbirstanlığında dəfn ediblər. Günü bu günə qədər də Yermakovun başdaşı dəfələrlə təhqirlərə məruz qalıb. Bu başdaşının üzərinə tez-tez qırmızı boya yaxmaqla Nikolayın qatilinin əsl cəllad olduğunu sübut etməyə çalışıblar.
İlham Cəmiloğlu, Musavat.com