Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qazaxıstan qambiti: sosial partlayış, yoxsa planlı əməliyyat?


“Putinin iki yolu var...”

Qazaxıstanda baş verən üsyan xırda ocaqlarla davam etsə də əsasən yatırılıb. Prezident Kasım-Jomart Tokayev bu gün elan edib ki, ölkədə konstitusiya quruluşu bərpa edilib. Onun “terrorçu” adlandırdığı şəxslərin müzakirəsiz güllələnməsinə əmr verdiyi barədə açıqlaması isə təəccüb və qəzəb doğurub. 

İndi beynəlxalq təhlil mərkəzləri, ekspertlər orta Asiyanın ən inkişaf etmiş ölkəsində baş vermiş qəfil iğtişaşların səbəblərini müzakirə edirlər. Cəmi 3 gün çəkən “inqilabın” üzərindən sis çətiri çəkilməyə başlayıb. Rusiyanın lideri olduğu KTMT dərhal Qazaxıstana hərbi qüvvələr göndərib, eks-prezident, Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Nursultan Nazarbayevin və yaxın ətrafının Dubayda yerləşdiyi barədə məlumatlar yayılıb, ölkədə kütləvi həbslər aparılır və s.

Təhlilçilər Qazaxıstanda baş verən olaylarla bağlı əsasən bir neçə suala cavab axtarırlar:

İğtişaşlara çevrilən etirazlar spontan başlayıb, yoxsa bu hadisələr xarici qüvvələr tərəfindən planlaşdırılıb?

Elbaşı Nursultan Nazarbayevin və prezident Tokayevin bu hadisələrdə rolu varmı, varsa, nədən ibarətdir? 

KTMT-nin Qazaxıstanda hərbi qüvvələr yerləşdirməsi bu ölkəni Rusiyadan tamamilə asılı hala gətirəcəkmi?

Nəhayət, bu hadisənin postsovet məkanına mümkün təsirləri nədən ibarət ola bilər? Rusiyanın keçmiş SSRİ-ni hansısa formada bərpa planları reallaşa bilərmi?

Siyasi şərhçi Rauf Mirqədirov şərhində bildirib ki, Rusiya postsovet məkanında növbəti təcavüzü və işğal aksiyasını həyata keçirdi. O, əlavə edir ki, Qazaxıstandakı hadisələrin başqa adı yoxdur: “Təsəvvür edin, səhər tezdən Rusiya bəyanat verir ki, baş verən hadisələr Qazaxıstanın daxili işidir, müşahidə edirik, qarışmaq fikrimiz yoxdur. Günorta Tokayev KTMT-yə müraciət edib kömək istəyir, cəmi iki saat ərzində Paşinyan dövlət başçıları ilə məsləhətləşmələr aparır və qısa müddət ərzində Qazaxıstana KTMT-nin hərbi qüvvələrinin göndərilməsi ilə bağlı qərar qəbul olunur. Buna oxşar hadisələr postsovet məkanında dəfələrlə olub, müraciətlər edilib, lakin bu cür operativ qərarlar qəbul olunmayıb. Məsələn, 44 günlük müharibə dövründə Ermənistan iki dəfə KTMT-yə hadisələrə qarışması üçün müraciət etdi. Buna baxmayaraq, dövlət başçıları səviyyəsində bu məsələ, ümumiyyətlə, müzakirə olunmadı. Paşinyana ya xarici işlər naziri, ya Peskov, yaxud təşkilatın nümayəndələri cavab verirdilər. Bu cavablar da standart cümlələrdən ibarət idi. Yəni, “biz hadisələri izləyirik”, KTMT-nin prosesə qoşulmasına əsaslar yoxdur, çünki döyüşlər Azərbaycan ərazisində gedir” və s”. 

Ekspert xatırladır ki, Qazaxıstanda baş verən hadisələr daxildə gedirdi, ölkəyə xarici müdaxilə ilə bağlı hər hansı sübut, məlumat yoxdur: “Hadisənin ilk saatlardan KTMT üzvü olan ölkələrin dövlət başçıları səviyyəsinə çıxarılması, tələsik, heç bir beynəlxalq təşkilatlarla müzakirə edilmədən müdaxilə qərarının qəbul edilməsi onun göstəricisidir ki, qərar çoxdan verilmişdi. Paşinyanın KTMT sədri kimi prosesə qoşulması, təşkilatçılıq etməsi, əlbəttə, onun öz təşəbbüsü deyildi. Bu, birbaşa Putinin göstərişi idi, o da bu göstərişi icra edirdi. Bu, hamıya məlumdur”. 

Mirqədirov vurğulayıb ki, Qazaxıstandakı hadisələrin ssenarisinin Moskvada yazıldığına getdikcə daha çox əmin olur: “Bu, o demək deyil ki, Qazax cəmiyyətinin etiraz potensialı yox idi, əlbəttə, bu potensial çox yüksək idi. Çünki uzun müddət hakimiyyətdə olan avtoritar rejim insanları yorur, təngə gətirir və onu dəyişməyə çalışırlar. Nazarbayev və ailəsi, yaxın ətrafı 30 ildən çox idi hakimiyyətdə idi. Bütün avtoritar rejimlərə xas olan korrupsiya, qohumbazlıq və s. neqativ hallar xalqın gözünün qarşısında baş verirdi. Qazaxıstanda həyat səviyyəsi, orta aylıq əmək haqqı Azərbaycandan yüksək idi, buna baxmayaraq, kiçik qrupun milyardlar qazanması vətəndaşları qıcıqlandırırdı. Əhalinin etiraz potensialı bu və ya başqa şəkildə özünü göstərməli idi”. 

Təhlilçi xatırladır ki, Qazaxıstandakına oxşar situasiya 44 günlük müharibə ərəfəsində Azərbaycanda da yaranmışdı, amma müharibədəki qələbə, ondan doğan müəyyən illüziyalar etirazları arxa plana çəkdi. Nəticədə etirazların publik müstəviyə keçməsinin qarşısı alındı.

Ekspert bildirir ki, Qazaxıstanda belə durum yox idi və hakimiyyət ilk baxışdan özünü komfortda hiss edirdi: “Hadisələrin xronologiyasına diqqət etsək, görərik ki, hadisələr hansısa qüvvə tərəfindən sürətləndirilib. Nə üçün? Əvvəlcə son bir ildə baş verən bəzi hadisələri xatırlatmaq istəyirəm. Rusiyada konstitusiya dəyişiklikləri ərəfəsində prezident Putin postsovet məkanı ilə bağlı bir neçə bəyanatla çıxış etdi. 

Birinci və ən önəmli bəyanatı SSRİ-nin dağılmasını hüquqi cəhətdən qeyri-legitim bir proses kimi dəyərləndirməsi idi. 

İkincisi, o bildirmişdi ki, SSRİ-i dağıldıqdan sonra ittifaqdan çıxan ölkələr Rusiyaya məxsus torpaqları geri qaytarmalıdırlar. Onun göstərdiyi ünvanlardan biri də məhz Qazaxıstan idi. Ümumiyyətlə, Rusiya hesab edir ki, Qazaxıstanın şimal hissəsini ona hədiyyə edib. Bu məsələ gündəmdə həmişə olub. 

Son bir ildə Rusiya mətbuatında Qazaxıstana qarşı çox ciddi ittihamlar səsləndirilirdi. Bu ittihamların böyük hissəsi Qazaxıstanda guya rusdilli əhalinin və rus dilinin sıxışdırılması ilə bağlı idi”. 

Rauf Mirqədirov xatırladır ki, ötən ilin 28 dekabrında Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşü zamanı Putin Nazarbayevlə ayrıca bir görüş keçirib. Təhlilçi əlavə edir ki, bu görüşdən sonra dövlət başçılarının ənənəvi foto çəkdirmək mərasimi oldu və Nazarbayev Putin və Tokayev tərəfindən dəvət olunmasına baxmayaraq, həmin fotosessiyada iştirakdan imtina etdi. Ekspertin sözlərinə görə, yeni il tətili bitməmiş Qazaxıstanda məlum hadisələr baş verdi. “Daha sonra KTMT hadisələrə təcili müdaxilə etməklə bağlı qərar qəbul etdi. Bu qərarın tələskənliyi diqqəti cəlb edir. Çünki ən azı bu qərarın təbliğati, informasiya hazırlığı olmalı idi. Ölkədə isə dinc etirazlar tezliklə qanlı qarşıdurmalara keçir, silahlar peyda olur və s. Xüsusi xidmət orqanlarının fəaliyyətində belə hadisələri qabaqlamaq taktikası var. Onlar hansı hadisənin baş verəcəyini əvvəldən yaxşı bilirlər və onları qabaqlayıb, öz məqsədləri istiqamətinə yönəldirlər. Beləliklə, Rusiya Qazaxıstana öz müdaxiləsini həyata keçirmək üçün əvvəldən imkanlar yaratdı”,- siyasi şərhçi qeyd edib. 

Bəs bundan sonra necə olacaq? Rauf Mirqədirov hesab edir ki, hadisələrin gedişindən asılı olaraq, Rusiyanın müxtəlif planları ola bilər. Onun sözlərinə görə, Moskva üçün daha çox arzuolunan variant ondan ibarətdir ki, Qazaxıstanı tamamilə öz təsir dairəsinə keçirsin: “Çünki bunun Putin hakimiyyəti üçün böyük əhəmiyyəti var, onun hakimiyyətinin dayanıqlığının və təkrar istehsalının yeganə mənbəyi SSRİ imperiyasının bərpa olunmasıdır. Bu, necə mümkün ola bilər? Məsələn, Qazaxıstanı ittifaq dövlətinin tərkibinə daxil edə, orada Rusiyanın yeni hərbi bazalarını qura, şimal bölgəsində rusların muxtariyyatının yaradılmasına, rus dilinin ikinci rəsmi dövlət dili elan edilməsinə nail ola bilər və s. Bu, Putinin ən çox istədiyi variantdır. Məncə, o, bu planın icrasına çalışacaq”.

İkinci varianta gəlincə, təhlilçi bildirdi ki, Qazaxıstanda etirazların geniş vüsət alması nəticəsində Rusiya öz qoşunlarını Qazaxıstandan çıxarmağa məcbur ola bilər: “Bu gün əcaib situasiya yaranıb. Özünü sülhməramlı adlandıran qüvvələrin mandatı, statusu müəyyən edilməyib, bu qüvvələrə komandir təyin edildiyi deyilir, amma onun adı açıqlanmır. Əslində, sülhməramlı əməliyyatın müddəti, tərkibi, ona kimin rəhbərlik edəcəyi əvvəldən məlum olmalıdır. Hazırki gizlilik sülhməramlı anlayışına ziddir. 

Ölkəni tərk etməyə məcbur olduğu halda Rusiya Qazaxıstanın şimalını Krım və ya Donbas kimi ondan qoparmağa çalışacaq. Məlumdur ki, bu hadisələrdən sonra qazax cəmiyyətində Rusiyaya və rusdillilərə qarşı neqativ münasibət formalaşacaq. Onun publik müstəviyə keçirilməsi Rusiya xüsusi xidmət orqanları üçün asan məsələdir. İstənilən vaxt toqquşmalar təşkil edib, şimal zonasını Qazaxıstandan ayırmağa nail ola bilərlər. Beləliklə, yaxın perspektivdə bu iki variantdan biri baş tuta bilər”.

R.Mirqədirov düşünür ki, uzaq perspektivdə Putin siyasətinin məğlubiyyəti qaçılmazıdr. O, Rusiya tarixinin xarici təcavüzlərlə zəngin olduğunu, bir qayda olaraq belə təcavüz aktlarından sonra daxili böhranların, kataklizmlərin ölkəni ağuşuna aldığını xatırladır: “Bu siyasət, nə qədər ki, resurslar var, inkişaf edir, amma onlar tükəndikdə məğlubiyyət qaçılmaz olur. Biz Əfqanıstandan keçmiş SSRİ-nin çıxmasından sonra bu çöküşü görə bildik. Tarixdən başqa misallar da çəkmək olar. Bu, qaçılmaz bir prosesdir və Qazaxıstandakı olaylar da Rusiyanın növbəti böhrana girməsinə səbəb olacaq”.

Siyasi şərhçi Qazaxıstanda yaranmış böhrana Nazarbayev-Tokayev münasibətlərin təsiri haqqında da fikirlərini bölüşüb: “Onların münasibətləri bir daha sübut etdi ki, avtoritar ölkələrdə hakimiyyətin bölüşdürülməsi mümkün deyil. Bu baş verirsə, az sonra bir tərəfin digər tərəfi əzməsi ilə nəticələnir. 2008-ci ildə Rusiyada Putin-Medvedev yerdəyişməsindən sonra Medvedev onun təsirini zəiflətməyə çalışdı, hətta bir müddət Putin-Medvedev qarşıdurması haqqında danışmağa başladılar. O zaman Medvedevin resursları məqsədinə nail olmağa imkan vermədi. Medvedev nə biznes, nə də güc strukturlarına bağlı idi. Qazaxıstan təcrübəsi də göstərdi ki, hakimiyyətin transferi, bölüşdürülməsi mümkün deyil, çünki avtoritar rejimlər mütləq hakimiyyətlərdir. Onlar tam şəkildə ölkəyə nəzarət etməyə çalışırlar, orada bərabərhüquqlu ikinci fiqurun olması mümkün deyil”. 

Mirqədirov xatırladır ki, Putin hakimiyyətdə əbədi qalmaq üçün Qazaxıstan modelinin Rusiyada tətbiqi haqda düşünürdü, yəni Dövlət Şurası yaradıb, real hakimiyyəti əlində cəmləmək və qalan hakimiyyət strukturlarını bölüşdürmək. “Hesab edirəm ki, Qazaxıstan olaylarından sonra o yalnız prezident postunda qalmaq haqqında düşünəcək”,-ekspert əlavə edib. 

Qazaxıstanda baş verənlərin digər postsovet ölkələrinə mümkün təsirinə gəlincə, təhlilçi bildirir ki, avtoritar liderlər özlərini qorxu altında hiss edirlər: “2008-ci ildə Rusiya Gürcüstana təcavüz edərkən Ermənistanın o zamankı prezidenti Sarkisyan bir cümlə işlətmişdi: “Bu hadisələrə qədər Rusiya onsuz da güclü idi, bundan sonra daha güclü olacaq!” Yəni Putin Rusiyasından qorxu artacaq, Putinin sözlərini daha diqqətlə dinləməyə məcbur olacaqlar. Hadisələrdən çıxan nəticələrdən biri də odur ki Putinlə hər hansı razılaşmalar qeyri-mümkündür, o, təcavüz siyasətini dayandırmayacaq. Onunla bir məsələdə razılaşmaq olar ki, bütün postsovet məkanı Rusiyanın ixtiyarına verilsin. Qərb buna hazır deyil, çünki bu, çox böyük faciələrə aparan yol olardı”. 

Bəs postsovet ölkələri liderləri məlum olaylardan özləri üçün hansısa nəticələr çıxara bilərlərmi? R. Mirqədirov deyir ki, heç bir nəticə çıxarmayacaqlar: “Çünki gözü çıxan qardaşdan ibrət götürmək təcrübəsi yoxdur. Onların hamısı elə düşünür ki, daha ağıllı, daha güclüdürlər, Qazaxıstan liderlərinin səhvlərini buraxmayacaqlar və s. Amma tarixdən məlumdur ki, avtoritar rejimlərin sonu bütün hallarda eyni cür olur. Bir gün “ölüm və ya qalım” dilemması qarşısında qalırlar”. 

Ekspert hesab edir ki, böhranları önləmək üçün xoşməramlı islahatlar aparmaq lazımdır: “Korrupsiya sistemindən imtina, əldə olunan sərvətlərin leqallaşdırılması, siyasi, iqtisadi islahatların keçirilməsi vacibdir. Azərbaycanda da bu islahatları aparmaq, problemləri legitim seçki mexanizmləri ilə həll etmək mümkündür. Çünki hakimiyyət müharibədə qalib gəlib. Cəmiyyətə izah etmək də mümkündür ki, avtoritar sistem dövrün tələbi idi, ölkə müharibə vəziyyətində idi və s. Təəssüf ki, hazırda belə xoşməramlı niyyətlər görmürük. Müharibədən daha çox vaxt keçdikdə bu imkanlar da azalır. Daha sonra belə imkanlar olmayacaq. Yalnız qələbənin fonunda bu yolu getmək mümkündür”.

Turqut, pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10