30 dekabr artıq dünyada mövcud olmayan bir dövlətin yaranma günüdür. 99 il əvvəl, 1922-ci ilin məhz bu günündə Rusiya, Ukrayna, Belarusiya və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları arasında SSRİ-nin yaradılması haqqında saziş imzalanıb.
Mövcud olduğu 69 il ərzində SSRİ bir çox hadisələrlə yadda qalıb. Zaman-zaman bu ölkənin reallıqları ilə yanaşı, miflər də yaradılıb.
Reallıqlar nədən ibarətdir?
Sıfırdan qurulan ölkə cəmi 27 il keçdikdən sonra atom silahına sahib olub. 29 avqust 1949-cu ildə sovet nüvə alimləri ilk atom bombasını sınaqdan keçirməklə dünya ictimaiyyətni heyrətləndirib. Xüsusilə, Amerika Birləşmiş Ştatları bu tezliklə SSRİ-nin nüvə silahına sahib olmasına təəccüblənib.
Sovet fizikəri 1954-cü ildə dünyada növbəti bir uğurları ilə tarixə düşüblər. Belə ki, dünyada ilk AES (atom elektrik stansiyası) 1954-cü ildə SSRİ-də inşa edilib.
SSRİ-nin sürətli inkişaf reallıqlarından biri də kosmonavtika ilə bağlı olub ki, 12 aprel 1961-ci ildə Yuri Qaqarin kosmosu ilk dəfə fəth edərək dünyada bir ilkə imza atıb.
Ümumiyyətlə, SSRİ-də elmin inkişafı üçün bütün dövrlərdə sovet liderləri bu sahəyə xüsusi diqqət ayırıblar. Yəqin elə bunun nəticəsidir ki, 70 il ərzində SSRİ-dən 12 nəfər Nobel mükafatının laureatı olub.
Sovet dövrünün təhsili haqqında da kifayət qədər müsbət rəqəmlərə rast gəlmək olar. Ölkə rəhbərliyi təhsil ocaqlarının fəaliyyəti üçün büdcədən vəsaitin ayrılmasına heç vaxt “xəsislik” etməyib. SSRİ-də 81 ali təhsil ocağı fəaliyyət göstərib ki, bu digər ölkələrlə müqayisədə daha böyük rəqəm olub.
Bu kimi faktları səhiyyə, mədəniyyət və incəsənət, sosial sfera, idman və digər sahələrdə də görmək olar.
70 il ərzində SSRİ üç dəfə müharibəyə qatılıb və üç müharibədə də qələbə qazanıb. II dünya müharibəsində SSRİ böyük itkilərə məruz qalsa da, bu müharibədən sonra dünyanın güc dövlətinə çevrilib.
Amma bütün bu real rəqəmlərlə yanaşı SSRİ-də ağılasığmaz dərəcədə miflər də yaradılıb. Xüsusilə də sovet liderləri haqqında.
Leninin çiynində şalban daşıması, Stalinin uzun illər yalnız bir şinel geyinməsi, Xruşovun sıravi vətəndaşlar kimi sadə həyat tərzi, Brejnevin yazdığı “əsər”lərdən aldığı qonorarla dolanması, Andropovun son dərəcə ədalətli olması, Çernenkonun əsl kommunist imici, Qorbaçovun və həyat yoldaşının aşkarlığı və bu kimi digər faktların heç birinin həqiqətə uyğun olmadığı sonradan məlum olub.
Əslində “qırmızı” liderlər qərb liderlərindən daha zəngin yaşayıblar. Leninin geyimləri və içkiləri daş atdığı kapitalist ölkələrindən gəlib. 3-5 qəpik dövlət əmkalını mənimsəyənləri güllələtdirən Stalinin gündəlik xərclərinə hər gün dövlət büdcəsindən mövcud dövrün pulu ilə 3 min rubl ayrılıb. 1980-ci ildə kommunizmin tam qurulacağını, hamının bərabər olacağını söyləyən Xruşov hakimiyyətə gəldikdən sonra əlavə olaraq iki mənzilə və üç bağ evinə sahib olub. Brejnev hədiyyələrini saxlamaq üçün Moskvanın Kutuzov prospektindəki 280 kvadmetlik mənzilinə xususi mühafizə ayırıb. Andropovun oğlu İqor Andropov atasının hesabına səfir göndərilib, daha sonra Xarici İşlər Nazirliyində yüksək vəzifəyə təyinat alıb. Vəfatından sonra Çernenkonun kabinetindəki seyfindən bağlamalarla pullar çıxıb. Qorbaçovun həyat yoldaşı zinət əşyaşlarına olan ehtirasını gizlədə bilməyib. O cümlədən yüksək ranqlı dövlət məmurlarının da zəngin həyatları sonradan hamıya məlum olub. Bəli, miflərin arxasındakı əsl həqiqətlər bu cür olub.
Belə qənaətə gəlmək olar ki, SSRİ 70 il ərzində sovet ideologiyasının və bu ideologiyaya qarşı çıxanlarla mübarizə aparan DTK-nın hesabına “yaşayıb”. Ölkədə DTK rejimi hökm sürüb. Heç bir sahənin alternativi olmayıb. Vahid proqramlar, mütləq öhdəlik planları, hər məsələnin öz senzurası, qadağalar, məhdudiyyətlər ölkənin 293 milyon vətəndaşını dar və məhdud çərçivədə saxlayıb. Bu çərçivədən kənara çıxanların aqibəti isə tarixdən hamıya yaxşı məlumdur. Milyonlarla insanın həbs olunması, güllələnməsi, sürgünə göndərilməsi SSRİ tarixinin qara səhifələridir. Sözsüz ki, belə bir cəmiyyətin uzunömürlü olması mümkün deyildi, hətta ikinci Stalin peyda olsaydı belə...
Beləliklə, 30 dekabr 1922-ci ildə yaranan SSRİ 25 dekabr 1991-ci ildə sonuncu gününü yaşayıb. SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov istefası ilə bağlı televiziya ilə xalqa müraciət etdikdən sonra saat 19.38 dəqiqədə Kreml üzərindəki SSRİ-nin bayrağı endirilib. 26 dekabr 1991-cı ildə isə SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə əlaqədar SSRİ-nin mövcudluğuna xitam verilməsi barədə bəyannamə qəbul edib.
İlham Cəmiloğlu, Musavat.com