Dünya kitab mədəniyyəti və əşyaları sanki burada bir əldə cəm olub. Bu muzeyi gəzərkən dünyanın nə qədər rəngarəng, yeniliklərin ötəri, dəblərin gəldi-gedər olması haqda qənaət formalaşır adamda.
Serbiyada Dünya Yazarlarının 58-ci Belqrad Görüşünün açılış mərasimində ədəbi festivala gələnlər bir-biri ilə tanış olurdular. Mən də Serbiya Kitab və Səyahət Muzeyinin əməkdaşı Tanya Miloseviçlə tanış oldum. Məndən kitabımı istəyən Tanya xanıma serb dilindəki şeir toplumu verəndə dedi ki, bu kitab muzeyimizə hədiyyəniz olsun. Sonra məni həmin muzeyə dəvət elədi. Oktyabr ayının 2-də Kitab və Səyahət Muzeyinə baş çəkdik. Mənimlə bərabər iki şair də – slovakiyalı Qustav Mulin və bolqarıstanlı İva Nikolova da muzeyi görməyə getmişdi.
QHT ideyasından muzeyə
Dördmərtəbəli binada yerləşən Kitab və Səyahət Muzeyinin binasının yaşı 50-dən çoxdur. Bir neçə serb intellektual əvvəlcə vətəndaş cəmiyyəti formalaşdırmaq məqsədi ilə ədəbiyyat mərkəzi yaratmaq ideyasını ortalığa atıblar. Sonradan ideya təyinatını dəyişib və nəticədə bu muzey yaradılıb. Qeyd edim ki, bu, dünyada ilk belə kitab və səyahət institutu hesab olunur.
Bu muzeyin ilk otağında elə kitablar var ki, onların bənzəri yoxdur. Burada düyüdən hazırlanmış kitabdan tutmuş filin çəkdiyi tabloya qədər rast gəlmək mümkündür. Filin rəsm çəkdiyini eşidəndə, düzü, inanmağım gəlmədi, amma dünyanın əcaib-qərib işlərini nəzərə alanda "bu möcüzəyə” mübahisəsiz inandım. İndoneziyada çəkilən bu tablo, əslində, orada adi bir şey sayılır, çünki adıçəkilən ölkədə heyvan təlimçiləri həm də fillərə rəsm çəkmək öyrədirlər. Bu tablonu səyyah-yazar Viktor Oziş İndoneziya səfəri zamanı əldə edərək muzeyə bağışlayıb.
Sirli qapılar və pilləkənlər
Muzeydə Efiopiyadan müxtəlif dərilər, perqamentdən hazırlanan nümunələr, dolama kitablar, qatlama nəşrlər də yer alıb. Xüsusən Livan irsinə aid bu cür qəribə kolleksiyalar olduqca diqqət çəkir. Qeyd edim ki, muzeydə gizli qapılar və pilləkənlər var. Bu sirr açılmasın deyə, ziyarətçilərə qapı və pilləkənlərin şəklini çəkmək qadağandır. Bu sirli qapılar, həqiqətən də, möhtəşəm incəsənət nümunəsidir. Divarda şkaf kimi görünən taxtalar, həm də gizli qapılardır və onların altında xüsusi gizli pilləkənlər yerləşir.
Kirin dövründən qalan əlyazmalar
Digər otaqda fars, alman dilində olan mənbələr, İran ədəbi-tarixi irsindən nümunələr, Kirin dövründən qalan əlyazmalar görmək olar. Eyni zamanda, bu muzeydə çox böyük bir Qurani-Kərim kolleksiyası mövcuddur. Keçmişdən bu günə əksər məşhur serb yazarların irsi burada qorunur, həm indiki nəslin istifadəsinə verilir, həm də gələcək nəsillər üçün saxlanılır. Üstəlik, tez-tez araşdırmaçılar, yazarlar, elmi işçilər burada tədqiqatlar aparırlar. Onlara buradakı mənbələr, əlyazmalar, şəxsi məktublar, əşyalar, kitablardan tədqiqatlarını genişləndirmək, dəqiqləşdirmək üçün istifadə edirlər. Burada müxtəlif serb yazarların fərdi otaqları belə var.
Azərbaycandan gətirilmiş Quran
Muzeydə Azərbaycandan gətirilmiş Qurani-Kərimi görmək çox xoş oldu. Vədələşdik ki, Azərbaycandan onlara kitablar yollayacağam və muzeydə ölkəmizin adını daşıyan bölmə yaradacaqlar. Hindistana aid kitablar bura xüsusi gəmi ilə gətirilib. Mənbələrin gəmi ilə gətirilməsi 6 ay çəkib.
Muzeydə ziyarətçilərin maraqla izlədiyi nəşrlərdən biri də Nobel mükafatçıları Qabriel Qarsiya Markesin, Nəcib Məhfuzun imzalı əsərləridir. Eyni zamanda burada Cənubi Amerikadan gətirilmiş çoxsaylı kitabları da görmək olur.
"Dünya sənin evinin kandarında bitmir”
Afrika bölməsi də öz ekzotikliyi ilə seçilir. Burada maraqlı əşyalar, Napoleon dövrünə aid qızıl möhür, mamont dişi, çoxsaylı rəsm əsərləri, suvenirlər də sərgilənir. Əşyaların böyük qismi muzeyə, müxtəlif ölkələrin Serbiyadakı səfirlikləri tərəfindən hədiyyə edilib. Avtoqraflı kitab həvəskarları, ekzotik əşya azarkeşləri, müxtəlif ölkələrin mədəniyyətləri ilə maraqlananlar bu muzeydə gözəl vaxt keçirə bilərlər. Dünya kitab mədəniyyəti və əşyaları sanki burada bir əldə cəm olub. Bu muzeyi gəzərkən dünyanın nə qədər rəngarəng, yeniliklərin ötəri, dəblərin gəldi-gedər olması haqda qənaət formalaşır adamda. Və başqa ölkələrə səfərlər, bu cür yerləri görmək Moris Meterlinkin fikrinin doğruluğunu daha əyani şəkildə sübut edir: "Dünya – sənin evinin kandarında bitmir”.
Fərid Hüseyn/kaspi.az