Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Beriyadan sərt təpki alan heykəltəraş – Vuçetiç Stalinin nəhəngliyinə də “şübhə” ilə yanaşıb


O, SSRİ-nin ən tanınmış heykəltəraşlarından biri sayılıb, xüsusilə Stalinin hakimiyyəti illərində daha çox populyarlaşıb.

Bir dəfə Lenin, beş dəfə Stalin mükafatı laureatı, Sosialist Əməyi qəhrəmanı, Xalq rəssamı və digər dövlət mükafatlarına sahib olan Yevgeni Vuçetiçin yaradıcılıq hədəfləri əsasən siyasi və hərbi xadimlər, müharibə mövzusu olsa da, heykəltəraş özünü heç vaxt siyasi proseslərə qatmayıb, çox nadir hallarda cəmiyyətdə baş verən hadisələrə, siyasi olaylara mədəni şəkildə münasibətini bildirib. Və bu “nadir” halların birində Lavrenti Beriya ilə arasında kiçik bir mübahisə yaranıb. SSRİ-də mədəniyyət və incəsənət xadimlərinə təzyiq ediləndə, bəzilərini repressiyaya məruz qoyanda, 1940-cı ildə SSRİ Elmlər Akademiyasında keçirilən iclasda Vuçetiç bu məsələyə mənfi münasibətini bildirib və “NKVD” əməkdaşlarını mədəniyyət və incəsənət xadimlərinə qarşı həssas olmağa çağırıb. Mövcud dövrdə bu cür cəsarətin nə ilə nəticələnə biləcəyi hamıya yaxşı aydın olub. Elə səhəri gün heykəltəraş Lavrenti Beriyanın kabinetinə dəvət olunub. “NKVD” şefinin sərt təpkisi Vuçetiç üçün gözlənilən olub:

“Emalatxana həyatınızı həbsxana həyatı ilə dəyişmək istəmirsinizsə, ətrafınıza diqqətlə baxın və özünüzə aid olan işlə məşğul olun...”

Bu görüşdən sonra Vuçetiç hər an öz həbsini gözləyib. Sonralar özünün söylədiyi kimi, o, Beriyanın diqqətindən yayınıb və təhlükə sovuşub.
Yevgeni Vuçetiç 1908-ci ildə Yekaterinoslavda (Ukrayna, Dnepr) anadan olub. Uşaqlıq illərində ailəsi Rostova köçüb. O, orta təhsilini başa vurduqdan sonra Rostovda rəssamlıq məktəbində təhsil alıb. Daha sonra təhsilini Leninqrad Heykəltəraşlıq, Rəssamlıq və Arxitektura İnstitutunda davam etdirib.
Sovet-alman müharibəsi başlananda Vuçetiç müharibəyə gedib. Ali təhsilli olduğundan ona zabit rütbəsi verilib. Moskva uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra xidmətini şimal cəbhəsində davam etdirib, bir sıra hərbi əməliyyatlarda iştirak edən heykəltəraş 1943-cü ildə döyüşlərdə yaralanaraq ordudan tərxis olunub.

Müharibədən qayıtdıqdan sonra podpolkovnik rütbəsində olan Vuçetiç Frunza adına Mərkəzi Sovet Ordusu Evində baş heykəltəraş vəzifəsinə təyin edilib. 1947-ci ildə SSRİ Rəssamlar Akademiyasının müxbir üzvü seçilib. 1940-cı illərin ortalarından başlayaraq Vuçetiç bir-birinin ardınca uğurlu yaradıcılığını təqdim edərək beş il ardıcıl olaraq, 1946, 1947, 1948, 1949, 1950-ci illərdə Stalin mükafatına layiq görülüb. Onun müəllifi olduğu Stalinqraddakı “Ana vətən çağırır”, Berlindəki “Xilaskar döyüşçü”, Kiyevdəki “Ana Vətən”, Leninin, Orconikidzenin, Frunzenin, Dzejinskinin, Jukovun, Malinovskinin, Çuykovun, Vatutinin digər siyasi və hərbi xadimlərin abidələri sovet heykəltəraşlıq sənətinin ən uğurlu nümunələri kimi qiymətləndirilib.
Yevgeni Vuçetiçə üç dəfə Stalinin abidəsini yaratmaq da qismət olub. Bu abidələrin ən nəhəngi isə (hündürlüyü 24 metr) Stalinqradda ucaldılıb. Məhz bu abidənin açılışından sonra, 1952-ci ildə Stalin Yevgeni Vuçetiçi növbəti dəfə Kremldə qəbul edib. Qəbulda Kliment Voroşilov, Lavrenti Beriya və Vyaçeslav Molotov da iştirak ediblər. Son dərəcə mədəni bir insan olan Vuçetiç bu görüşdə həyəcandanmı, yaxud da qəsdənmi həddini “aşıb”. Stalin heykəltəraşa öz minnətdarlığını bildirib:
Yevgeni Viktoroviç, müəllifi olduğunuz əsərlər sovet vətəndaşları və kommunistlər tərəfindən bəyənilir. Amma belə düşünürəm ki, Stalinqradda mənə ucaltdığınız heykəl əsl Stalindən daha böyük, daha nəhəngdir.

Vuçetiç Stalinin bu təvazökarlığına saniyələr ərzində cavab tapmağa çətinlik çəkib və ağlına ilk gələn fikri söyləyib:
-Bəlkə də elədir, yoldaş Stalin.
Stalin bu cavaba gülsə də, Beriya üzündəki qəzəbi gizlədə bilməyib və söhbətə müdaxilə edib:
-Yoldaş Stalin, fikirlərini dəqiq ifadə etmək üçün yaxşı heykəltəraş olmaq kifayət deyil. Veçutiç demək istəyirdi ki, siz daha nəhəngsiniz, amma əksinə alındı.
Həmin qəbulda Stalin heykəltəraşa “Lenin” ordeni təqdim edib.
Nikita Xruşşovun mədəniyyət və incəsənət nümayəndələri ilə münasibətləri isti olmasa da, Vuçetiçə xoş münasibət bəsləyib. Vuçetiçə xalq rəssamı adını məhz o verib. Baş katib bir sıra xarici ölkələrə səfərlərində nümayəndə heyətinə onun da adını salıb.

Yevgeni Vuçetiç iki ən böyük mükafatını isə Leonid Brejnevin hakimiyyəti illərində alıb. 1967-ci ildə Brejnev heykəltəraşı Sosialist Əməyi qəhrəmanı adına layiq görüb, 1970-ci ildə isə o, Lenin mükafatı laureatı olub.
Heykəltəraş haqqında bir neçə sənədli film çəkilib, haqqında kitab yazılıb, mətbuatda Vuçetiçlə bağlı saysız-hesabsız məqalələr dərc olunub.
Yevgeni Vuçetiç 1974-cü ildə, 65 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10